Kulis “Dünya kinosu-120” layihəsində professor Aydın Dadaşovun “Yadlara sığınan mələk” məqaləsini təqdim edir.
Müharibədən sonra Amerika dramaturgiyasında da formalaşan postmodernizmin parlaq nümayəndələrindən biri Uilyams Tennisinin (1911-1983) yalnız demokratik mühitdə üzə çıxa bilən fərdi üslubunun bədii imkanları dünyəvi ədəbi proses üçün örnək oldu. Müəllifin «Yay və tüstü» pyesində on yaşlı Conun dilindən səslənən «Anam ölən məqamda məni onun otağına girməyə məcbur etdilər. O, mənim əlimi tutub buraxmaq istəmirdi. Mən qışqırıb onu vurdum... O, mənim anama bənzəmirdi. Eybəcər və saralmış sifəti vardı, üstəlik ondan pis qoxu da gəlirdi! Mən onu vurdum ki, əlimi buraxsın. O zaman məni balaca şeytan adlandırdılar» (Тенниси У. Желание и чернокожий масажист. М.1993. с. 284.) sözləri əsəri nekrofiliyaya istiqamətləndirsə də, həyatda əsəb depressiyalarına məruz qalmış, ruhi xəstəxanalara düşmüş müəllif «Əksər əsərlərimin motivində ölüm dursa da, mənim əsas mövzum tənhalıqdır» (s.25) yazmaqla qloballaşan dünyanın əsas probleminin bədii şərhini əsərlərində göstərə bilir.
1905-ci ildə yazdığı, ilk adı «Poker gecəsi» olan «İstək tramvayı» pyesinin əvvəlində qana bulaşmış torba ilə ət dükanından çıxan, zülmə tabe olub şəri qəbul edən Stenli əsərin finalında keçmişin ülvi xatirələrilə yaşayıb real gerçəkliyin mənəviyyatsızlığından yaranan «meymun insanlar»ın amansızlığından məhv olsa da, hər dəfə mübarizəyə qalxmağa özündə güc tapmaq istəyən baldızı Blanşı dəlixanaya göndərir. Valideynlərinə və yaxınlarına ölüm yatağında qulluq etməyə vadar olmuş Blanşın yalnız yas mərasimlərinə təşrif gətirməklə kifayətlənmiş kiçik bacısı Stenliyə xitabındakı: «Yas mərasimi heç nədir... ancaq ölüm!... Can verənlər xırıldayır, nəfəsləri kəsilə-kəsilə əzab çəkirlər. Və ağlayaraq «məni əldən vermə, qoy yaşayım» deyib imdad diləyirlər» (Тенниси У. Трамвай Желании. М.1992. s. 169.) kəlmələri keçmişlə gələcəyin üzərindən qara xətt çəkib yalnız indiki zamanın mövcud müşküllərinin həllinə çağıran postmodernizmin kredosunu önə çəkir. Sevgilisi Alan həlak olduqdan sonra əldən-ələ keçməsilə mənəvi boşluğunu doldurmağa cəhd edən müəllimə Blanşın görüşdüyü 17 yaşlı oğlanın «bu şəxs müəllim adını rüsvay edir!» (s.251) müraciətilə məktəb direktoruna şikayət etdikdən sonra işini də itirən qadının bacısının yanında sığınacaq tapsa da, onun əri və dostları tərəfindən zorakılığa məruz qalması qohumlar mühitinin amansızlığını təqdim edir. Adının mənası fransızca «bəyaz», soyadı Dyubua yəni «meşə» olan, solğunluğu qəbul etməyib yalnız dünyanın ən parlaq rənglərini sevən, «insanlığa inam!» ideyasını önə çəkən Blanş əsərdə müəllif ideyasını yaşadan mərkəzi fiqura dönür. Ən böhranlı anlarda belə ümidi itirməməyə çağıran, doğmalaşan kişi ilə qadın arasında qaranlıq otaqda baş verənləri sirr kimi qorumağa səsləyən Blanşın xəyalında yaratdığı zəngin adaxlını gözlədiyi halda ruhi xəstəxanadan onu aparmağa gəlmiş həkimə qısılması dramatizmin zirvəsini yaradır. Blanşın doğmalarından qaçıb qısıldığı yad həkimə titrəyə-titrəyə söylədiyi: «Sizin kim olmağınız vacib deyil; mən bütün həyatım boyu qarşıma çıxanın xeyirxahlığından asılı olmuşam» (s. 274) sözlərindən doğan psixologizm hər addımda əzilsə də mində bir kəsin qoruduğu mənəviyyatın təntənəsini yaradır.
Müəllifin «İstək tramvayı»ndan (1946-1947) sonra ən yaxşı əsəri saydığı, özünün şəxsi psixoloji problemlərini əks etdirən «Çığırtı» pyesinin qadın qəhrəmanının «Küçəyə, küçəyə, küçəyə! Gedək kimisə çağıraq!» (s. 483) harayı bədbəxtliyə düçar olanın imdadına yalnız ətrafdakıların çata biləcəyini qabardaraq hamını tənhalıq bəlasının girdabından çıxa bilməyən qapalı həyata alışan adamlarla ünsiyyətə çağırır. Freydin psixoanaliz təlimini öz yaradıcılığında ustalıqla əks etdirən, qəhrəmanların psixoloji portreti fonunda insanın daxili azadlığını önə çəkən Tennisi instiktlərlə yaşayan, patoloji varlıqlardan xali olmayan cəmiyyətin sosial-psixoloji problemlərini qabardır.
İstanbuldan olan yunan əsilli Amerika rejissoru, K.S.Stanislavskinin sistemini, məktəbini dərindən bilən Elia Kazanın quruluş verdiyi «İstək tramvayı» filmində (ssenari müəllifləri Uilyams Tennisi, Oskar Sol. 1951) parlaq aktyor ifaları, mühitin portreti ilə yanaşı, filmin ideyasının açılışına xidmət göstərən əlavələrlə yadda qaldı. Filmdə cavanlıq təravətini, maviliyi aşkarlandıqda intihar edən sevgilisini, valideynlərinin borcunu ödəmək üçün satdığı evini, məvacibi ilə yığdığı cüzi varidatını itirsə də, bu dünyadan istədiklərini almaq ümidini itirməyən zərif Blanş Dyubuanın (Vivien Li) Yeni Orleanda kasıb həyat sürənlərin yaşadığı rayondakı kiçik bacısı, öz ərinin müti quluna çevrilən Stellanın (Kim Xanter) evinə gəlişi təklif olunan vəziyyəti yaradır. Mənəvi dəyərləri qoruyan Blanşın himayəsində qalmaq üçün gəldiyi, yaşamaq uğrunda dəridən-qabıqdan çıxan kobud yeznəsi Stenli Kovalski (Marlon Brando) ilə ziddiyyəti fabula mexanizmini qabardır.
Keçmiş ingilis dili müəllimi olsa da dolanmaq üçün özünə bacardığı iş, yaxud yaşamağını təmin edəcək himayədar ər tapmayan Blanşın qarşılaşdığı sadəlövh Mitçə (Karl Molden) keçmişi barədə nağıllar uydurması əsas ziddiyyətə işləyən süjet yaradır. Stenlinin dostunun Blanşın pozulmuş keçmişi, yuvarlandığı yüngül həyat tərzi barədə danışdığı Mitçin evlənmək niyyətindən vaz keçməsi təklif olan vəziyyəti dəyişir. Bu dünyada istəklərinin reallaşmayacağını duyan Blanşın havalanması, ona şübhə ilə yanaşan, yuxarıdan aşağı baxan ətrafdakı etinasızlarda günah hissi yaratmaqla ziddiyyəti gücləndirir. Belə ki, havalanmaqla prinsiplərini itirən Blanşın evsizlikdən, aclıqdan müvəqqəti xilası ekran hadisələrini də pyesin mənsub olduğu psixoloji dram janrı müstəvisində davam etdirir. Ömrü boyu rastlaşdığı ilk kəsin xeyirxahlığına möhtac qalıb hədər keçən həyatını ruhi xəstəxanada başa vuracaq zərif Blanşın gözəlliyini itirməklə məhvə məhkumluğu, psixoloji portretinin gücü ilə tamaşaçı qavrayışında dərin iz buraxır. Film boyu günəş işığının düşmədiyi yarımqaranlıq məkanda göstərilməklə ümumi planda qəşəng görünsə də, ümidsizliyə yuvarlanıb sınma məqamında güclənən işıqda sifətinin, boynunun qırışları üzə çıxan Blanşın ekranda birdən-birə qocalan psixoloji portreti janr təyinatının vizual həllini verir.
Finalda artıq özünümüdafiə qabiliyyətini itirən Blanşın ruhi xəstəxanadan gələnlərə tabeçiliyi, “İstək” tramvayı ilə gəlib doğmalarına sığınan Blanşın “Məzarlıq” istiqamətinə gedənə göndərilməsi özünün obrazlı həllini tapır. Böyük bacısının bu fəlakətindən sonra körpəsini də götürüb bu məhbəsəbənzər evdən gedən Stellanı haraylayan Stenlinin fəryadı məğlubiyyətin həyəcan təbilinə çevrilir. Uilyams Tennisinin avtobioqrafik saymaqla eyni mövzunu daha da mükəmməlləşdirdiyi «Çığırtı» pyesindəki yadların haraylanması yaxınlarla, qohumlarla münasibətin yox, ictimai fikrin sağlamlaşdırılması kimi ideya filmdə yüksək bədii həllini tapır. Filmin bəstəkarı Aleks Nortun ekrana gətirdiyi caz musiqisi yüksək gərginliyin – ritmin əldə olunmasında müstəsna rol oynayır.
Blanş Dyubua rolunun ifaçısı Londondakı Kral Akademiyasının dram sənəti bölməsinin məzunu, otuzuncu illərin ortalarından səhnədə, ekranda parlaq rollar qazanmış, o cümlədən «Küləylə sovrulanlar»da (rej.V.Fleminq. 1939) Skarlet, «O Hara», «Vaterloo körpüsü»ndə (rej.A.Korda. 1940) Mayra, «Sezar və Kleopatra»da Kleopatra (rej.J. Dyuvivye.1946.) oynamış Vivien Li personajının çətin, çoxçalarlı psixoloji məqamlarını ustalıqla yarada bildi.
Zahirən, sağlam, güclü görünüb özü barədə “Palçıq kimi sadəyəm” deyən Stenlinin dözümsüzlük göstərib Blanşa yırtıcı nifrəti ilə maqnitofonu pəncərədən atması isə mühitin amansızlığını vizual təcəssüm etdirməklə zorakılığın simvolunu yaradır. Güclünün lüzumsuz qalibiyyətini, zəifi məhv etmək israrını dar düşüncəli hambal erkəkliyi ilə amerikansayağı göstərən Stenlinin minilliklərin dəyərlərinin yan keçdiyi fizioloji heyvərəliyi Nyu-York Dram sənəti məktəbinin məzunu Marlon Brandonun ifasında uğurlu ekran həllini tapdı. Və bütün günü işləyib, axşamlar dostları ilə içib poker oynayan, heyvani ehtirasını arvadı ilə soyudan və digər həyat tərzini qəbul etməyən Stenli rolunun dramatizmi qabartdığı bu ilk uğurlu filmində aktyorun sənətkarlığı tam təsdiqləndi .
Əslində özü doğuşdan əvvəl gərgin hamiləlik dövrü yaşasa da on ildən artıq görmədiyi bacısı Blanşı, it sədaqəti göstərsə də vaxtaşırı onu döyən əri Stenlidən, dedi-qodulardan, gərəksiz xəyalpərvərlikdən qorumaq istəyən, təhsil, tərbiyə görmüş Stella rolundakı Kim Hanter bacısının gəlişi ilə sakit həyatı pozulan bəsit təfəkkürlü günahsız qurbanı göstərə bilir. Blanşın xilas olmaq naminə son saman çöpü kimi yapışdığı Mitç rolundakı Karl Molden ötəri məqsədlərlə yaşamaqla məhəbbət məfhumuna yaxınlaşmayıb sadəcə zahiri mehribanlıq göstərə bilən xırda adamın daxili monoloqunun fasiləsizliyini təmin edir.
Uilyams Tennisinin məhz fərqli adamlara amansız yanaşan mühitin ən gərgin məqamlarını gözönü hadisələr və mükəmməl dialoqlarla təsvir etdiyi «İstək tramvayı» kimi məşhur pyesinin uğurlu ekran həllinin Venesiya kinofestivalında “Qizil Şir” mükafatına (1951), bir neçə «Oskar»a, “Qızıl qlobus”a (1952) layiq görülməklə ekran sənətinin klassikasına çevrilməsi təbii idi.