Həyat kəpənək ömrü kimi – Güneydən şeirlər

Həyat kəpənək ömrü kimi – Güneydən şeirlər
29 avqust 2022
# 17:00

Kulis.az “Sözün güneyi” layihəsindən Məryəm Qurbanzadənin şeirlərini təqdim edir.

Qeyd edək ki, Məryəm Qurbanzadə 1981-ci ildə Maki şəhərində dünyaya göz açıb. “Çiyinlərimdə sərçələr su içir" adlı şeirlər kitabı yaxın günlərdə çap olunacaq.

***

Ürəyimdə
anasını itirmiş bir uşaq çırpınır.
Ürəyimdə
yaşam suya gedir.
Ürəyimdə…
Boş ver bunları, tanrım,
sadəcə bir soru;
Savaşın aşını qarışdıranları
sənmi yaratdın?!

***

Ey Tanrım,
gəl.
Bu dünyanı
Bir-bir yığışdıraq.
Əl səndən,
ətək məndən…

***

Bir selfi foto çəkdim özümdən,
yalqız dəyiləm,
dünya
arxamdadır.

***

Səni bilmirəm, amma
mənim yalqızlıqlarımın ömrü,
adresi yanlış.
Bir məktub kimi
Ömrü yollarda keçir.

***

Yalqızlığım
Nara bənzəyir.
Dənələdikcə
qan çıxır içindən.

***

Birisi bəxt evinə gedir,
birisi bəxt evindən gedir.
Birisi bəxtə bağlıdır evi,
birisi bağlı bəxtə evindən gedir.
Birisi...
Birisi...
Birisi...
Birisi getməlidir zatən.

***

Qulağımda çınlayan Sərçələrin pıııııırrrr səsiylə,
Üstündəki qarı silkələyir,
Ağac.

***

Gəl
qucağımda yorğunluğunu al.
Ah...
Kimsəsiz Sərçə.

***

Saçlarıma qonmuş kəpənəyi
uçurmayım deyə,
Kəpənək
oluram...

***

Ölmüş kəpənəyin
Qanadındakı dəlikdən
Anasına baxan
Uşaq!

***

Sol cibində
qanayan əsgərin məktubunu
külək
apardı...

***

Tomurcuqları sovrulan
ərik ağacının köksündə
yağış damlası!

***

Təpədən dırnağa
qürbət qoxuyur bu şeir.
Gəl
qucaqla məni,
həyat
Kəpənək ömrü kimi
bir günəşlikdir sadəcə.

***

Qırmızı işıqda,
gül satan qızcığazın,
qaranlıq gələcəyinə,
yaşıl işıq yandırdı
şəhər...

***

Haykosəl bir şeir yazdım ancaq,
Sevgilisinin dalısıca su tökən qızın
gülüşündəki hüzün
silkələdi sözcüklərimi...


# 3525 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #