Kulis.az “Sözün Güneyi” layihəsindən Türkan Urmulunun şeirlərini təqdim edir.
Türkan Urmulu 1985-ci ildə Güney Azərbaycanın qədim mədəniyyət mərkəzi olan olan Urmuda anadan olub. Hüquq üzrə bakalavr təhsilini Urmuda tamamladıqdan sonra Türkiyəyə gedib və Ankara Universitetində beynəlxalq hüquq üzrə masterlik qazanıb.
2005-ci ildə “Yaz” nəşriyyatı tərəfindən “Gördüm” adlı ilk şeir kitabı nəşr edilib.
2011-ci ildə “Özgə toz” adlı ikinci şeir kitabı Bakıda “Qanun” nəşriyyatında işıq üzü görüb.
1.
Son baharın son yarpaqları
Donacaq yenə dünya
Məndən daha gözəlini sevdiyini düşünəndə
Dodağımda donan gülüş kimi!
İsti çaylar qəhvələr...
Ədalət qavramını daha dərin düşünməyə çalışacam
Kimsə kimsədən üstün deyil filan...
Orman yasaları,
Rəqabətin gücü,
ütülənmiş ətəklərin
Parlaq qalstuklara yenilməsi...
siyasi xəbərləri izləməyə davam.
Titrəyəcək
Üşüyəcək
Donacaq yenə dünya
Məndən daha ağıllısını sevdiyini düşünəndə
dodaqlarımda donan gülüş kimi!
İyerarxik sevgimi?!
Yox mən belə işlərə gələn deyiləm
Şam işıqları, isti şərablar...
İlk baharın ilk çiçəklərinə qədər möhlət,
Nə bundan daha gözəl
Nə də ağıllı olmağa çalışan deyiləm.
İsti gülüşlər...
2.
Yağış da queer yağdı bu axşam
Sənin üçün açdığım mahnımı
Yoxsa maşının şüşəsinə çalan damla səsləri?
İslaq buludlarla
Parlayan axşam günəşi
Bu bənzərsiz sarılma
Bu harmoniya hekayəsi...
Ağlı başında bir bahar həngaməsi!
Tanrım
Məncə sən də queersən,
Yerlərdə ağ-qara yox
Göylərdə göyqurşağı
Tanrım
Sən çox gözəlsən!
3.
Yüküm ürəyimdə yenə
Köçürəm evdən-evə
Şəhərdən şəhərə
Ölkədən ölkəyə
yox
Qitədən qitəyə...
Dar gəlir dünya
Evlərdən qitələrə
Hər yer qürbət
Bu fəsil xəzan
haralıyam mən
Hardadır insan
Köçürəm dəbdən-dəbə
Dildən-dilə
daddan-dada
özümdən özümə yox
özgədən-özgəyə
yaddan-yada
başlanır azadlıq savaşı
Arzudan-arzuya
kökdən-budağa
həm Urmulu həm də qadın
gəlin başmağımın dabanı
mətbəximin qazanından tutmuş
susuz şəhərimin qanlı sərhədlərinə qədər
dirəniş, dirəniş, dirəniş qoxumalıdır bu köçmələr
köçəcəyəm hələlik
bilirəm bir gün bitəcək
büsbütün bu çökmələr...
4.
Qürbətdə vətən sevgilim
Həsrət qaldığım xəzinələr xəritəsi
Gözlərinin baxdığı yollardan getməliyəm
Axtarıb özlüyü tapmaq
Bəlkə də təkrar doğulmaq üçün!
Qürbətdə sevgi vətənim
Adın gələndə üürur
Adın gələndə güvən
Adın gələndə titrəyir ürəyim
Böyüyür pəncərə
Adınla birgə ucalır, ucalır, ucalır kimliyim.
Ürəyi Xəzərim
Köksündə lalələr əkməyim gəlir
Köksünə baş qoyub birgəliyi,
bütövlüyü dinləməyim.
Qürbətdən də, vətəndən də, sevgidən də ümid payım
Qoy sarılım deyim sənə
Bütün xəyal, diləklərim
Söykənibdir sanki sənə
vaz keçilməz bütün ilkin istəklərim.
5.
Yarım ay
Yarım qalmış şeirlər
Yarıda solan mövsümlər
Yarımçıq xəyallar
Yarı yolda bitən dostluqlar...
Halbuki mən çox da yarım yox
Anam deyir, mən həyatın ən dolu vaxtında anadan olmuşam
Hələ insanlarının yağışa həsrət qalmadığı
Hələ duzlu gölün suyla dolub-daşdığı vaxtlarda
Anam deyir, mən hələ çoxlarının o yerlərdən qaçmağa tələsmədiyi
Hələ birilərinin o qaçanları qınamadığı vaxtlarda
O şəhərdə bir bahar səhərində
Hər şeyin və ümidlərin ən dolu vaxtında anadan olmuşam!
Anam ancaq bədirlənmiş aydan danışar
Anam ümid dolu olanları xatırlar
Anam ağacları çox sevər
Anam atama hər il ağac əkdirər...