Füzuli İstanbulda olubmu?

Füzuli İstanbulda olubmu?
7 dekabr 2012
# 17:31

Yüzü yüz söz deyə, yenə də Füzulinin bütün ömrünü harda keçirdiyi, Ərəb İraqından çıxıb başqa məmləkətlərə, Kərbəladan, Bağdaddan savayı da hansısa böyük şəhərə gedib-getmədiyi, Boğazdakı Ümm-üd-Dünya adlanan şəhərdə – İstanbulda olub-olmadığı haqda ən dəqiq məlumatı elə Füzulidən almaq mümkündür. Ən doğru-dürüst yol, bu mövzuda ən səhih qaynaq onun özünün yazdıqları ola bilər. Necə ki, Türkcə bağladığı divanının dibaçəsində yazıb:

“Ümmiddir ki, ərbabi-fəsahət və əshabi-bəlağət müşahidə və mütaliə qıldıqda, mənşə və məvlidim İraqi-Ərəb olub, təmami-ömrdə qeyr məmləkətlərə səyahət qılmadığımdan vaqif olduqda bu illəti mucibi-süquti-etibar bilməyələr. Və məhəllü məqamimə görə rütbeyi-istedadimə həqarət ilə nəzər qılmayalar...”

Söz yox, o dövrə xas, indiyə nisbətdə köhnəlmiş bəzi dil faktları, leksik, qrammatik fərqliliklər varsa da, sitatın məğzi – Füzulinin ifadə etdiyi mətləb rahat anlaşılır. Xülasəsi isə belədir: - Ümidvaram ki, şeirlərimi oxuyan tələbkar söz-məna sərrafları mənim - əslən, təvəllüd yerimə görə - Ərəb İraqından olduğumu, ömrü boyu başqa məmləkətlərə səfər etmədiyimi biləndə bunu dəyərsizlik göstəricisi saymayacaqlar, yerimi-yurdumu əsas götürüb, istedadıma, səviyyəmə həqarətlə baxmayacaqlar...

Qəbul edib razılaşmaqdan özgə bir yol qalmır: Zamanın sərt sınaqları, üzləşdiyi min dürlü keşməkeşlər şairimizi hər nə cür sıxıb-sıxışdırsa da, bəzən lap cana doydurub, boğaza yığsa da, Füzuli müasiri olan yüzlərlə həmkarının tutduğu yolla getməyib, Osmanlı Paytaxtına – Boğazdaki o əfsanəvi şəhərə səfər etməyib.

Bəlkə elə bir niyyəti olub, cəhd göstərib, nə səbəbdənsə alınmayıb, kim bilir. Amma indi bunlar hamısı dəlil-sübutsuz, gerçəkləşməyən, heç vaxt da doğrulmayacaq zəif ehtimallardır. İstəsəydi, gedərdi. Könlü olsaydı, bir yolunu tapardı. Getməyibsə, deməli, istəməyib. Qalıbsa, deməli, belə vacib bilib. Bunun tərsini düşünüb-uydurmaqla yüz yozum almaq olar. Ancaq nə fayda ki, bütün bunlar təzədən nəyisə dəyişəsi, Füzulini İraqdan İstanbula aparası, “boğazının ucbatından” Boğaz ətrafına sığınmış qələmdaşlarının cərgəsinə qoşası deyil.

* * *

Füzuli “Rum zərifləri”nə - Sultana yaxın olan, Boğazdakı Sarayın birbaşa xidmətində dayanan həmkarlarına da insaf gözüylə baxıb, səviyyələrinə, zövqlərinə layiqli qiymət verib:

“Bir neçə zərifi-xütteyi-Rum,

Rumi ki dedin, qəziyyə məlum.

Yəni ki, qamu dəqaiq əhli,

Hər məsələdə həqaiq əhli.

Həm elm fənində nüktədanlar,

Həm söz rəvişində dürfəşanlar...”

Onların daha münasib, rahat şəraitdə yaşamalarını (yarıciddi-yarıkinayəli) həsəd hissiylə qələmə alıb ki, qitələrindən biri bu məhz mövzudadır:

“Şükr edin, ey Rumun zərifləri

Ki, fələk verdi böylə kam sizə.

Bizlərin yox sizinlə nisbətimiz,

Bizdən əla verib məqam sizə”.

Bir beytində isə (yenə də eyhamla) “kəndini gəlişdirməyin” yolunu bu cür nişan verir özünə:

“Füzuli, istər isən izdiyadi-rütbeyi-cah,

Diyari-Rum gözət, tərki-xaki-Bağdad et!”

Hələ öz məskəniylə “Rum zərifləri”nin məkanın incə bir tərzdə qarşı-qarşıya qoyduğu beyti də var:

“Füzuli, eylədi ahəngi-eyşxaneyi-Rum,

Əsiri-möhnəti-Bağdad gördüyün könlüm”.

Ancaq bu misraların arxasından hər məqamda eşidilən bir əsas mesaj, hər yerdən boy göstərən bir ümumi məğz-məna var: Gözəl insanlar, əziz həmkarlar, siz işinizdə olun, nəyiniz varsa, Allah özünüzə qismət eləsin, amma oralar mənlik deyil. Əvvəla:

“Ey Füzuli, məskənim çün Kərbəladır, şerimin

Hörməti hər yanda vardır, xəlq onun müştaqıdır...,

Sadə topraqdırsa, lakin Kərbəla torpağıdır”;

ikincisi:

“Edəməm tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir...!”;

Üçüncüsü də:

“...Zira etibari-vətən istedadi-zatə təsir etməz və topraqda yatmaq ilə tiladən cila getməz!”

(Ölkəsinin nüfuzu, hörməti adamın istedadına təsir eləməz və toz-torpağın altında qalmaqla qızıl gözdən-dəyərdən düşməz).

* * *

Saraydan iraqda - İraqda qalsa da, Füzuli Sultan Süleyman dövrünün şairi kimi öhdəsinə düşəni, hər cəhətdən, ali səviyyədə yerinə yetirdi. Doğulub-yaşadığı məkan Səfəvi Sarayına bağlılıqdan çıxıb Osmanlı Səltənətinin nəzarətinə keçəndən, əsasən də Sultan Süleyman fateh kimi Bağdada gələndən, ortaya ünsiyyət düşəndən sonra Cahan Padşahının adına, onun möhtərəm paşalarının, valilərinin şəninə çox əsərlər yazdı. Elə qəsidələr yaratdı ki, hər misrası Söz xəzinəsiinin bir incisi! Elə bir dastan (“Leyli-Məcnun”) bağladı ki, öz silsiləsinin Əlası, Birincisi! Üstəlik, ayrı-ayrı şeirlərində də hökmdarı öyən misralar inşad edib, Sultanın xatirini şad etdi!

O nadir əsərlərin məzmununu araşdıranda Füzulinin mərtəbəsini daha da ucaldan çox parlaq bir keyfiyyət diqqəti çəkir: Sultana da, onun əyan-əşrəfinə də ünvanladığı öygülərin həm səbəbləri, həm məqsədləri sırasında şairin şəxsindən qatbaqat artıq, ümumun mənafeyinə - ictimai maraqlara xidmət edən əməllər, fəaliyyətlər dayanır. Məsələn, müxtəsər olaraq, bunlar: İraq şəhərlərinin dirçəldilməsi, yaşayış yerlərinə su (İraq kimi yerdə) çəkilməsi, yolların abadlaşdırılması, küçələrin (dövrünə görə) işıqlandırılması, dini-mədəni ocaqlara diqqətlə, əhalinin güzəranına qayğıyla yanaşılması... Ən əsası da, ədalətin, haqq-hüququn təmin edilməsi!

Əslində Sultan Süleyman da uzun-uzun qanunlar yazdırmaqdan (Mesopotomiyanın – İkiçayarasının qədim padşahı Hammurapi kimi) çox, səltənətində ədalətə, hüquqa həssaslığı səbəbindən Qanuni ünvanı qazanmışdı. Füzuli də bunu fürsət məqamı bilir, hökmdarın ədalətli idarəçiliyini mədh edib, Sultanda bu keyfiyyətin daha da yüksəlməsinə stimul yaratmaq üçün qələm çalırdı. Hər dəfə də görünməmiş istedadla, müstəsna bədii gözəlliklər yaratmaqla! “Bağiban, Sultani-Adil dövrüdür”, “Sultani-muradbəxşü Adil”, “Zatilə binayi-Ədl qaim”, “Müzəffər daima Sultan Süleyman Xani-Adildir...”, “İtaət əhlinə göstərdiyi Ədl ilə ehsandır”, “Kəmali-Ədl ilə ta mülkə Osman oğlu sultandır”, “Ədalət ilə bu aləmdə bulmusan şöhrət” yazırdı Füzuli Qanuni Süleymandan söz açanda. Bu şahbeyt də öz yerində:

Meyvə ol Sultani-adildir nihali-dövlətə,

Sabiqən gəlmiş səlatini-fələkmiqdar gül!

“O ədalətli Sultan bu Dövlət ağacının meyvəsidir. Əvvəlki “fələkmiqdar” (göyün doqquz qatına işarədir) sultanlar həmin “ağac”ın çiçəkləriydi”. Şair bu möcüzəvi bədii “fənd”lə həm Osmanlının 10-cu sultanı sayılan Qanuni Süleymanı mədh edib (yenə də Adil adlandırmaqla), həm də hökmdarın əcdadlarının “ruhunu incitmədən”, onları da ucalıqda asimanın qatlarıyla qiyaslayıb.

* * *

Sultanı Süleyman, neçə illərdi, gah hökmünü yerüzündə daha geniş yaymaq üçün Möhtəşəm (Avropada), Qanuni (Asiya ilə Afrikada) adıyla yeni-yeni fəthlər gerçəkləşdirir, gah da Muhibbi təxəllüsüylə şeirlər düzüb-qoşurdu. Hər iki - həm maddi, həm mənəvi – aləmə hakim olmaq həvəsi üzündən durub-dincəlmək bilmirdi.

“Sülüman! Sülüman!” nidalarıyla hərəmxananı lərzəyə gətirən Xürrəmin onu gündə-günaşırı əldən-dildən salması da (İnsafı kəsilməsin “Möhtəşəm Yüzil”çilərin: “ – Destuuurrr! Sultan Süleyman Han Hazretleriii!..” Elə bil adamlara səslənmirlər: ya at qovurlar, ya da öküz haylayırlar...) Sultanın planlarını pozmur, əksinə, bəzi rəylərə görə, hətta “kişiyə özəl moral” verirdi.

Belə baxanda, Dar-üs-Səadədə işlər pis getmirdi, bircə o səs olmasaydı: Füzulinin Dar-üs-Səlam kimi vəsf etdiyi Bağdad civarında alınmayıb havada qalmış salamının İstanbuldakı əks-sədası olan o səs...

# 3508 dəfə oxunub

Müəllifin son yazıları

# # #