Yaxın bir dost Afaq Məsudun “Kulis.az” saytında yayımlanan “Sərçələr” hekayəsini oxumağımı məsləhət gördü. Bu hekayə mənimçün ona görə maraqlı olmalıydı ki, hardasa, qəhrəmanın yerində özümü görməliydim.
Hekayə çox xoşuma gəldi. Təkcə ona görə yox ki, hekayənin qəhrəmanlarından biri yazıçı qadındı, mən də ədəbiyyatla məşğulam, uşaqlarım var. Onların gözündən “Sərçələr” hekayəsinin balaca qəhrəmanının gördüyü kimi görünə bilərəm. Əslində heç o cür də görünmürəm onların nəzərində.
Təəssüf ki, o cür görünmürəm. Gecəmi-gündüzümə qatıb, gedib-gəlib klaviatura arxasında oturub yazı yazmadım. Məişət buna imkan vermədi. Uşaqlara sevgim yazıya sevgimi üstələdi.
Bir dəfə müsahibələrdən birində demişdim ki, uşaqlarım körpə olanda yazmağa daha çox zamanım olurdu. Çünki günün çox vaxtını ya yatır, ya da cizgi filminə baxırdılar. İndi isə mən onları pişik balasını daşıyan kimi ora-bura daşıyıram. Gah məktəbə, gah əlavə hazırlıqlara, gah musiqi, gah rəsm dərslərinə. Həftə sonları idmana. Evdə də bütün günü o, dərs soruşur, bu dərs soruşur. Əlimdən gəldiyi qədər kömək eləməyə, dəstək olmağa çalışıram. Üstəlik, bapbalaca evimiz elə səs-küylü olur ki, maşallah, o səs-küydə yazı yazmaq hər adamın işi deyil. Hardan baxıramsa, baxım, Afaq Məsudun qəhrəmanının yerində görə bilmirəm özümü. Amma görmək istərdim, yalan da demirəm.
Hətta məişət işlərinə başım qarışanda qaynanam nəvələrinin dilindən zarafatla deyirdi: “Ana, işin-gücün bucağa, məni götür qucağa!”
Mən də ömrüm boyu işimi-gücümü bucağa süpürmüşəm, uşağımı qucağıma götürmüşəm. Başqa cür bacarmamışam. Təxminən bir il əvvəl Vaqif Mustafayevlə görüşəsi olduq, rəhbəri olduğu kanalda işləmək təklifi eləyəndə, işləməkdən boyun qaçırdım. Səbəbini soruşan adama nə desəm yaxşıdı?
-Yaxşı ana olmaq istəyirəm!
Vaqif müəllim ömründə belə cavabı gözləmirdi. Məncə, o, uzun zaman məni unutmadı.
Afaq Məsudun hekayəsinin qəhrəmanında olan yazmaq sevdası, stimulu məni uzun illərdir ki, tərk eləyib. Yazıçının qəhrəmanı iki yol ayrıcında qalmış, ədəbiyyatı seçmiş qadındı. Oxucuya elə gəlir ki, o qadının ürəyi daşdır, övlad sevgisi yoxdur.
Hekayəni oxuyub bitirəndən sonra 2003-cü ildə Bakıda kinofestivallardan birində izlədiyim bir Fransız filmini xatırladım. Baş qəhrəmanı Jerar Depardye olan “Atanı oxu!” filminin qəhrəmanı kəndlərdən birində yaşayan, yazıb-yaradan yazıçıdır. Evinə zəng edib deyirlər ki, kişi Nobel mükafatı ilə mükafatlandırılıb, zəhmət çəkib gəlib mükafatını alsın.
Əlbəttə, xəbər ailəsi üçün də, özü üçün də olduqca sevindiricidir. Lakin hər şey göründüyü kimi sadə deyil.
Nobel elə-belə başa gəlməyib. Uzun illərin zəhmətinin, əziyyətinin, məhrumiyyətlərinin, qurbanlarının bahasına başa gəlib. Bu müddətdə yazıçı gecəsini-gündüzünə qatıb yazıb. Ailəsini, uşaqlarını həmişə arxa plana atıb, hətta onlarla kobud davranıb. Atasının sevgisindən, ilgisindən məhrum olan balaca oğlu bir gün atasının üzərində beş il zəhmət çəkdiyi əlyazmalarını korlayır, onların üstünə mürəkkəb tökür. (“Sərçələr” hekayəsinin qəhrəmanı balaca qızcığaz da anasının pəncərəsinin qabağında yemlədiyi, sevdiyi sərçələrdən birini tutub başını bədənindən ayırır, qisasını xırda məxluqdan alır. Həm də anasının beynini, ruhunu bunca məşğul eləyən şeydən. Anası sərçələr haqqında nəsə yazırdı. Əslində anası həm də bizim oxumuş olduğumuz hekayəni yazmırdımı?)
Yazıçı ata üçün olduqca dəhşətli zərbədir. Körpə oğlunu vannaya basıb boğmağa çalışır. Arvadı uşağı güclə kişinin əlindən alır. Ata-oğul münasibətləri bununla da bitir.
Amma indi, ata uğura qovuşandan sonra oğul hesablaşmaq istəyir. Atası uşaqlıqda ona necə kobud davranmışdısa, əlinə az qala girov sifətində keçən atası ilə elə də davranır.
Ata həyatının etirafını eləyir, seçim eləməliymiş. Ya ədəbiyyat, ya da onlar. O da ədəbiyyatı seçmişdi, əlbəttə. Afaq xanımın “Sərçələr” hekayəsinin qəhrəmanı kimi.
“Sərçələr” hekayəsinin sonundakı tarix diqqətimdən qaça bilməzdi. Tarix 1990-cı ili göstərirdi. Haqqında danışdığım film isə 2002-ci ildə ekranlara çıxıb. Ancaq əlbəttə ki, fransızların çəkdiyi film Afaq Məsudun hekayəsindən məşhurdur. Hətta hekayə ilə filmin məşhurluğu müqayisəyə gəlmir. Baxmayaraq ki, hekayə filmdən geri qalmır.
Rasim Qaracanın Azərbaycan ədəbiyyatı ilə bağlı yaddaşımda ilişib qalan bir fikrini xatırlayıram. Düzdü, Rasim bəy o fikri ayrı kontekstdə işlətmişdi. Amma mən nəzərdə tutduğum mənada da irəli sürülə bilər.
Rasim bəy deyirdi ki, Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatından, dünyadan tamamən təcrid olunmuş vəziyyətdədir. Sanki hər tərəfi su ilə əhatə olunmuş unudulmuş bir adada yazıb-yaradır Azərbaycan yazıçıları. Nə yazırıqsa, yazaq, necə çabalayırıqsa, çabalayaq, quru ilə heç cür əlaqə qura bilmirik.
Görəsən həmişə belə olacaqmı? Bu barədə düşünmək olduqca kədərlidir.