Bəhram Osmanovu niyə bağışlamıram

Bəhram Osmanovu niyə bağışlamıram
3 noyabr 2015
# 11:23

Əməl etməyə çalışdığım bir neçə prinsipim var. Məsələn:

- Telekanallardan gələn dəvətlərdən imtina edirəm. Bu, televiziyanın indiki durumuna etirazımdır.

- Bir qayda olaraq dəbdəbəli, cah-calallı interyeri ilə gözümü narahat edən kafe və restoranlara dəvətləri qəbul etmirəm.

- Toylara, ad günlərinə, nişanlara getmirəm.

- Bahalı telefonlardan istifadə eləmirəm. Ən ucuz telefonları işlədirəm.

Siyahını uzatmadan yazımın mövzusu olan digər prinsipə keçirəm: teatr rejissoru Bəhram Osmanovun tamaşalarına getmirəm.

Dünən saytlardan birində onun bir il əvvəl verdiyi müsahibəsini görəndə yadıma düşdü.

Bunun üçün iki ciddi səbəbim var. Birincisi: Neçə il öncə, “525”də işləyəndə, B.Osmanovla müsahibəyə getmişdim. Sual vermişdim ki, niyə rejissorlar bəzən daha yeniyetmə, gənc obrazları nisbətən yaşlı aktyorlara həvalə edirlər? Cavabını hərfbəhərf xatırlamıram, amma məğzi dəqiq belə idi: Niyə hazır, yetişmiş aktyor ola-ola, gənc, təcrübəsiz aktyorla işləyim.

Gözlənilməz cavabdan çaşdım, nə deyəcəyimi bilmədim. Onun sözlərindən sarsılsam da istənilən halda B.Osmanova açıq, birbaşa cavab verdiyi üçün təşəkkür edirəm.

İnqmar Berqmanın teatr və kino təcrübəsini bölüşdüyü “Berqman Berqman haqda” adlı məşhur kitab var. Həmin kitabda onun tamaşaları entuziazmla işləməsi, hər xırda detala ustalıqla yanaşması, sözün həqiqi mənasında yaradıcı proseslə yaşaması təsvir olunur. Sənət hər şeydən əvvəl, zövq, ruhi akt prosesidir axı.

İstər kino, istər teatr rejissorlarının peşələrinə laqeydliyi, vecsizliyi isə sual doğurur: Entuziazmı olmayan, proses yaratmaqda ərinən, özünə əziyyət verməyib hazır xammalla işləyən rejissor tamaşaçıya nə verə bilər?

Əlbəttə ki, əksi olsaydı, məsələn, B.Osmanovun teatrda yaradıcı axtarışları olsaydı, aktyorlardan maksimal nəticə alsaydı, onun tamaşaları rezonans doğurardı, geniş müzakirələrə yol açardı.

İkinci səbəbim: Bir neçə il əvvəl Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyevlə müsahibəyə gedən Aliyə, teatrın girişində B. Osmanovla rastlaşıb. Nə üçün gəldiyini deyib. Teatrın baş rejissoru olan B.Osmanov da Aliyəyə “O kimdir ki, onunla müsahibə edirsiniz?” deyib, üstəlik, aktyora müsahibə üçün məkan olaraq teatr binasını çox görmüşdü.

B. Osmanovun davranışına şərh vermirəm.

V. Əlievlə bağlı isə bir məqamı yazmasam olmaz. Çingiz Rəsulzadənin “Kuklalar” filmində V.Əliyev “ikinci plan aktyoru” kimi parlaq tərəfini göstərdi.

Bir gənc rejissor V.Əliyevlə işləyib, onu maraqlı tərəfdən göstərə bilir. Amma işlədiyi teatrın baş rejissoru aktyora saymazyana yanaşır.

Tamaşaçı kimi B.Osmanovu yalnız bir halda bağışlaya bilərdim. O halda ki, rejissor kimi fövqəladə istedadı olaydı, milli, ənənəvi teatra yeni baxış, estetika, radikal dəyişiklik gətirəydi, tamaşaları hadisəyə çevriləydi....

...1952-ci ildə antiamerika fəaliyyətini təhqiq edən komitənin dinləmələrində Kommunist partiyasına üzv olan aktyorların adını açıqladığı üçün həm teatr, həm kino rejissoru kimi parlaq olan Elia Kazana Amerikada indiyə kimi birmənalı münasibət bəsləmirlər.

Kazanın davranışını çox kinematoqrafçı bağışlamadı və 1999-cu ildə rejissor fəxri Oskar alanda çoxları onu alqışlamaqdan imtina elədi.

Onların yerində olsaydım, təkcə “Arzu tramvayı” filminin quruluşuna görə onu bağışlayardım.

...Bu mənada B.Osmanovu bağışlamağı çox istərdim.

# 894 dəfə oxunub

Müəllifin son yazıları

# # #