Arvadı bıçaqlamağın əsl səbəbi

Arvadı bıçaqlamağın əsl səbəbi
14 yanvar 2015
# 13:28

“Paris olayları ilə bağlı məni ən çox bu, mütəəssir elədi”.

Məşhur fransız rejissoru Lyük Bessonun müsəlman gənclərə sağlam, düzgün çağırışını nəzərdə tuturam.

“Kalaşnikov avtomatı 350 avrodur, karandaş isə vur- tut üç. Belə bir cavabın gücü isə daha ciddi olacaq”.

Bizə məktəbdə də müəllimlər tez-tez xatırladırlar: “Xəncər yarası sağalar, söz yarası sağalmaz”, “Söz qılıncdan kəsərlidir” və s.

Onda bu fikirlərə əhəmiyyət verməzdik.

Amma zaman keçdikcə, silahlar danışdıqca, terror çıxış yolu kimi görülüncə, bizə şablon görünən məsələlərin dəyəri artdı.

Yəni nifrətini dindirmək üçün silahı, gülləni, terroru yeganə çıxış yolu kimi görən, seçən insana, topluma sözün daha kəsərli vasitə olduğu aşılanmalıdır.

Xüsusən, maariflənmənin, təhsilin zəif olduğu cəmiyyətlərdə....

Qoy deyilən söz təhqiramiz olsun, lap birbaşa təhqir olsun, amma təki silahlar işə düşməsin.

Söz, söz, yalnız söz. Hətta “İncil”də yer alan, geniş yayılmış fikir var: “Əzəldən söz olub”.

Hətta mənə elə gəlir ki, Azərbaycanda ailə münaqişələrinin, faciələrin, bıçaqlanmaların səbəblərindən biri sözün arxa plana keçməyi, ünsiyyət böhranıdır. Və ünsiyyət qurulmayanda, buna cəhd olmayanda, ortaya zorakılıq çıxır.

...Devid Finçerin “Yeddi” adlı psixoloji trilleri var.

İki detektiv seriyalı qətllər törədən qatili axtarır. Qatil hər qurbanını qətlə yetirməsini xristian dinindəki “yeddi günahla” (qürur, həsəd, qəzəb, şəhvət düşkünlüyü, acgözlük, ümidsizlik) əsaslandırır.

Qatil gənc detektivin həyat yoldaşını qətlə yetirir. Bunu öyrənən detektiv qatili öldürmək istəyəndə yaşlı həmkarı “Əgər sən qəzəbini boğa bilməyib, onu öldürsən məğlub olacaqsan”. Çünki qatilin istəyi də məhz bu olur- özünün detektiv tərəfindən qətlə yetirilməsi. Detektiv qatili öldürür, bununla da yeddinci günahı edir - idarə edilməyən qəzəbinin qurbanına çevrilir. Və qatilin cinayətinə şərik olur.

...Parisdəki yürüş televiziyada canlı yayımlananda qardaşımın ay yarımlıq qızının üzünü televizora tutub, söz azadlığının, çətin olsa da əks fikrə dözümlülüyünün vacibliyindən danışırdım. Uşaq əvvəlcə maraqla baxdı, sonra qaşlarını düyünlədi, daha sonra yuxuladı. Qəlbimdə bununla təsəlli tapdım ki, körpə nə dediyimi anlamasa da, mən ona vacib, sivil dalğa, müsbət emosiya ötürdüm və bu, yəqin ki, onun gələcəyində nəsə rol oynaya bilər.

# 1742 dəfə oxunub

Müəllifin son yazıları

# # #