Moltanı dilində elm yaratmaq

Moltanı dilində elm yaratmaq
30 noyabr 2015
# 11:22

Sənətşünaslıq sahəsində dissertasiya müdafiə etməyə hazırlaşan dost-tanışlarım var. Elmi rəhbərləri onlardan məqalələri “publisistik” yox, qaydalara uyğun olaraq elmi dildə yazmağı tələb edirlər.

Azərbaycanda “elmi dil” deyəndə necə bir dili nəzərdə tuturlar sualına cavab tapmaq məqsədilə internetdə axtarışa başladım. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin saytına gəlib çıxdım.

Saytda sənətşünaslıq sahəsində elmi məqalə axtaranda universitetin keçmiş rektoru Timuçin Əfəndiyevin “Мədəniyyətdə tarixilik və müasirlik” adlı kitabı ilə rastlaşdım.

Kitab 2011-ci ildə çap olunub.

Kitabda teatr, kino, musiqi sənəti, memarlıq və incəsənət və s. haqda bir neçə fəsil var.

Hörmətli T. Əfəndiyevin Əməkdar İncəsənət Xadimi, filologiya elmləri doktoru, professor, üstəlik, bir elm ocağının rektoru (kitab yayımlananda hələ universitetin rektoru idi-S.S.) olduğunu nəzərə alaraq, elmi dilin bundan uyğun, əhəmiyyətli örnəyini tapmayacağımı düşündüm.

Kino sahəsi ilə maraqlandığımdan bu bölümü oxudum. Fəslin məzmunu məni məcbur elədi ki, “elmi dil” məsələsindən yox, müəllifin mövzuya yanaşmasından yazım. ”Elmi dil”ə isə növbəti yazılarımdan birində qayıtmağı düşünürəm.

Ondan başlayım ki, kino sənətinə həsr olunmuş hissə daha çox quru faktologiyadır. O, bizə milli kinomuzun tarixi, mahiyyəti, estetik prinsipləri haqda yeni, ətraflı məlumat vermir. Həmin hissə Azərbaycanda kinonun yaranması, filmlərin çəkiliş tarixi və onların qısa məzmunundan ibarətdir. Yazılan faktların çoxu ayrı-ayrı dövrlərdə kino sənətinə həsr olunmuş kitablarda, həmçinin, kinoşünas Aydın Kazımzadənin müxtəlif illərdə çap olunmuş araşdırmalarında yer alıb.

O zaman T. Əfəndiyev bizə mövzu ilə bağlı hansı yeniliyi təqdim edir?

Konkret bir nümunəyə müraciət edək. Müəllif “Bismillah” filmini təhlil edir: “Varlı, nüfuzlu tacir Hafizin Zeynəbə elçi düşməsi strukturu dolğunlaşdırır. Yusifin Hafizlə qohum olacağına sevinməsi personajlar arasındakı münasibəti nizamlayır. Mal-qaranın, toyuq-cücənin ekranda yerli-yerində görünməsi, həyət evlərinin üzə çıxması (?), xalçaların çırpılması, quyudan suyun çəkilməsi koloriti artırır”.

Bu abzasda təhlil yox, təhlilin imitasiyası var. Başqa cür desəm, hansısa kadrların illüstrativ təsviri verilir, ona təhlil görüntüsü vermək üçün “strukturu dolğunlaşdırır”, “münasibəti nizamlayır”, “koloriti artırır” kimi ümumi, analiz funksionallığı olmayan, filmin kinematoqrafik və dramaturji mahiyyətini açmayan sözlərdən istifadə olunur.

Belə illüstrativ, zahiri təhlil bütün fəsil boyu davam edir.

“Azərbaycan kinosu 50-70-ci illərdə” yarımbaşlığı da həmin dövrdə çəkilmiş filmlər haqda qısa, bəsit məlumatla sərhədlənir. Hətta Vikipediyada belə səthi məlumat verilmir.

Müəllifin “O olmasın, bu olsun” filmi haqda qeydlərinə diqqət yetirək: “Üzeyir Hacıbəylinin eyni adlı musiqili komediyasının ekran təcəssümü olan bu film tez bir zamanda dillər əzbəri oldu. Filmin süjeti çox sadə idi: 50 yaşlı tacir Məşədi İbad pulun gücünə 18 yaşlı Gülnazla evlənmək istəyir. Qızın atası müflisləşmiş Rüstəm bəy çarəsizlikdən Gülnazı sevgilisi Sərvərdən ayırıb zahirən çirkin və məzəli Məşədi İbada getməsinə qərar verir. Lakin Məşədinin pulla satın aldığı bəy-qoçu “dostlarının” canfəşanlığına baxmayaraq, Sərvərin fənd işlətməsi sayəsində Gülnaz Məşədi İbada yox, ona qismət olur. Bu şən, məzəli, duzlu komediyada Azərbaycan teatrının mahir aktyorları çəkilərək kino tariximizdə ən parlaq və yaddaqalan obrazlar yaratdılar. Çəkilişdən yarım əsrdən artıq vaxt ötməsinə baxmayaraq, film indi də maraqla baxılır. Onun ayrı-ayrı dialoqları, ifadə və ibarələri isə uşaqdan böyüyə qədər hamının dillər əzbəri olmuşdur”.

Vəssalam. “Şərh” burda bitir. “O olmasın, bu olsun” komediyası Azərbaycan kinosunun kult filmlərindən sayılır və müəllifin də dediyi kimi uşaqdan böyüyə qədər hamının dillər əzbəridir.

Bəs professor bu informasiya xarakterli mətnlə klassik film haqda bizim bilmədiyimiz hansı məlumatı verdi və ya hansı fərqli yanaşmanı təqdim elədi? Təəssüf ki, heç nə.

“Google”də kitabla bağlı axtarış verdim. Sənətşünaslar kitabı çağdaş mədəni həyatımızda “mühüm hadisə”, milli mədəniyyətimiz və incəsənətimizlə maraqlanan xarici tədqiqatçılar üçün “qiymətli mənbə”, Azərbaycan mədəniyyəti üçün ensiklopediyanı əvəz edəcək “dəyərli tədqiqat əsəri”, “analitik nəzər” adlandırıblar.

Yuxarıda da dediyim kimi, kino sənəti bölümünü oxumuşam və teatrla bağlı hissəyə göz gəzdirmişəm. Kino ilə bağlı min dəfə yazılmış – deyilmiş faktlar, filmlərin məzmununu danışmaq hansı səbəbdən “mədəniyyət hadisəsi”, “analitik nəzər” və ya “tədqiqat əsəri” sayılmalıdır axı?

Kitabın elm və mədəniyyət xadimləri üçün də nəzərdə tutulduğu yazılır. Teatrla bağlı fəsil, məsələn, peşəkar teatrşünas Aydın Talıbzadə və ya teatrın anatomiyasını dəqiq bilən İsrafil İsrafilov üçün hansı cəhəti ilə maraqlı ola bilər?

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə bu kitab haqda məqaləsində yazır: “...kitaba ayrı-ayrı fəsillər kimi daxil edilmiş teatr, kino, musiqi sənətimiz haqqında oçerklər faktların tarixi-xronoloji sadalanması səviyyəsində qalmır, müasirlik kateqoriyası sayəsində çağdaş oxucuya təqdim olunur”.

Maraqlıdır, “müasirlik kateqoriyası” deyəndə müəllif nəyi nəzərdə tutur? O, məqaləsində buna aydınlıq gətirmir, “müasirlik kateqoriyası”nə təsdiq edəcək konkret nümunə çəkmir. Daha doğrusu, misal verir, amma həddən artıq səthi və inandırıcı olmayan misal: “Məhz müasirlik kateqoriyası, müəllif düşüncəsinin müasirliyi sayəsində, məsələn, XIX əsrin böyük filosofu və dramaturqu M.F.Axundzadə donuq tarixi faktdan çıxaraq çağdaş teatrın canlı iştirakçısına – bizim müasirimizə çevrilir”. Hörmətli Nizaməddin müəllimə yüngülvarı bir protesto eləmək istəyirəm ki, M.F.Axundov tarixi fakt kimi belə donuq deyil, o, bu gün bəlkə heç vaxt olmayacaq qədər aktualdır.

Hər halda T .Əfəndiyevin kitabında Axundovun müasirimizə necə çevrilməsini türklər demiş “merak ettim” və teatr bölümünə bir də nəzər saldım. Amma eləcə hamının bildiyin faktlardan başqa bir şey tapmadım.

# 962 dəfə oxunub

Müəllifin son yazıları

# # #