Sovet qoxuları, icarə pavilyon və kədərli kinostudiya REPORTAJ

Sovet qoxuları, icarə pavilyon və kədərli kinostudiya  REPORTAJ
12 may 2014
# 13:07

Sevda SULTANOVA

“Azərbaycanfilm” kinostudiyasının həyətinə girən adamı birinci Cəfər Cabbarlının büstü qarşılayır.

Əlləri qoynuna qoyulmuş, fikirli, ovqatı təlx Cabbarlıya diqqət kəsilirəm.

Onun ovqatı milli kinomuzun indiki melanxolik əhvalı ilə necə də üst-üstə düşür. “Yəqin ki, büstün bu cür həlli təsadüfi deyil, müəllifin öncəgörməsidir”- deyə düşünürəm.

Ötən il 90 illiyi qeyd olunan kinostudiyanın alaqaranlığa, durğunluğa boğulmuş binasında, təmirsiz dəhlizlərində həyatı hiss edə bilmirsən. Burda qəbiristanlıq sükutu meydan oxuyur.

Sanki bura dinamizmi, coşqunu sevən kino sənətinin məbədi yox, həyatdan qopmuş, dünya ilə əlaqəsini itirmiş Kafka qəsridir.

Divarları uçulub sökülmüş dəhlizdən, yöndəmsiz, nimdaş, bağlı qapıların yanından keçib direktor Müşfiq Hətəmovun qəbul otağına keçirəm. Köməkçi xanım məni gülərüzlə qarşılayır.

Təbəssümü növbətçi deyil. Ümumən, kinostudiyada yadımda qalan ən canlı, pozitiv adam da elə köməkçi xanım oldu.

O, bir azdan direktorun məni qəbul edəcəyini deyir.

Otağa bir neçə adam əlində sənəd gəlir, nəyəsə qol çəkdirib tələsik gedirlər.

Üzlərində əhəmiyyətsiz ciddiyyət, canlı insanlardan çox boz siluetlərə bənzəyən adamları görəndə üşənirəm.

Onların görkəminin, əhvalının kino sənətinə dəxli yoxdur.

Çünki sənət məmur ampluasını sevmir.

Və bir daha əmin oldum: nə qədər ki, bizdə kino bu sənətin ab-havasından uzaq məmur nəzarətindədir, o, melanxoliyada boğulacaq.

Köməkçi məni fikirlərdən ayırır, direktorun otağına dəvət edir.

M.Hətəmovla salamlaşıb deyirəm: “Müşfiq müəllim, bayaqdan reportajın ilk cümləsini düşünürdüm. Nəhayət, tapdım. İlk cümləm belə olacaq: Müşfiq müəllim, məni qəbul otağında yarım saat gözlətdi”.

O, gülümsünür, masada qarşı-qarşıya otururuq.

- Çay, qəhvə?

- Yox, sağ olun.

M.Hətəmovun tipik, ənənəvi məmur imici yoxdur, istiqanlı adamdır, ünsiyyətcildir, direktor seçiləndən sonra mətbuatla sıx işləyir.

İxtisasca aktyor olan M.Hətəmov prodüserliklə məşğuldur. Məncə, o, müasir standartlara cavab verən prodüserdən çox keçid dövrünün prodüserlərinə bənzəyir.

Diktofonu qoşuram. Biz kinonun artıq min dəfə söylənmiş ümumi problemlərindən danışırıq.

Müşfiq müəllim deyir ki, kinostudiyada kinonun dirçəlməsi üçün çox iş görülür

“Siz kinostudiyada gedən işləri görmürsüz”- az qala məni məzəmmət edir.

“Yox, hansı iş? İşin sonucu keyfiyyətli filmdir. O, da hələ ki, yoxdur”.

O, başını bulayır, davam edir: “Eldar Quliyevdən nə istəyirsiz? Hamınız düşmüsüz onun üstünə. Bilirsiz, o, bizə nə qədər dəstək olur”?

Mən laqeydliklə dillənirəm: “Ay Müşfiq müəllim, kömək eləməlidir də. Son çəkdiyi filmlərə xeyli pul xərclənib, onları da zay edib”.

O, mənə jurnal uzadır: “Alın bunu, kino ilə bağlı gördüyümüz işlərin yekunu burda var”.

Sonra direktor kino-sənayenin qurulmasının vacibliyindən danışır:

- Sənayenin qurulması üçün hər şeydən əvvəl kommersiya yönümlü milli filmlər çəkməliyik.

- Milli kino anlayışını izah edə bilərsiz?

- Hər bir xalqın spesifik xüsusiyyəti, yumoru var. Yəni özünəməxsusluğun ifadəsi...

- Bir növ “Məşədi İbad”, “O olmasın, bu olsun” kimi?

- Elə də demək olar. Kosmopolit film çəkmək çox çətindi. Belə film çox keyfiyyətli olmalı və insanlar onu qəbul etməlidir.

- Kosmopolit film deyəndə, yəqin Rüstəm İbrahimbəyovun filmlərini nəzərdə tutursuz?

- Onunla əlaqəsi yoxdur.

Müşfiq müəllimdən pavilyonlara baxmaq üçün şərait yaratmağı xahiş edirəm.

O, daxili telefonla rəssam Əziz Məmmədova zəng vurur.

“Aha, Əziz müəllimi tanıyıram. Yevlaxda lentə alınan “Səsdən usanmışlar” filminin çəkilişi zamanı tanış olmuşduq. Filmin quruluşçu rəssamıdır.

“O dünyadan salam”, “Qala”, “Etiraf” və s. filmlərdə işləyən Ə. Məmmədov sovet dövrünün rəssamlarına oxşayır. Sonra özümə sual verirəm ki, sovet rəssamı necə olur ki? Tez də cavab tapıram: “Yəqin elə Əziz müəllim kimi çox mədəni, sakit təbiətli, səliqəli, ölçülü-biçili”.

Ayrılanda M. Hətəmov oxumaq üçün müsahibəni ona göndərməyi xahiş edir.

Diktofona baxıram:

- Deyəsən, heç yazmayıb.

O, rahat nəfəs alır:

- Elə yazmasa yaxşıdır.

Yarızarafat, yarıgerçək deyirəm:

- Bu sözünüzü yazacam.

- Məncə, lazım deyil.

- Kino yazarları üçün master-klasslara dəvət etməyi unutmayın.

Xahişimi Müşfiq müəllimin yadına xüsusi salıram. Çünki söhbət zamanı kinotənqidin olmadığını vurğuladı.

Əziz müəllimlə kinostudiyanı gəzirik.

Əvvəlcə qrim otağına getdik.

Stol-stulların, ləvazimatların köhnəldiyi səliqəsiz otaqda qrimçi nə isə işləyir. Otağın küncünə qoyulmuş şkafda bığ, saqqal düzəltmək üçün müxtəlif ölçülü qəlibləri göstərir.

Güzgüyə belə deviz asılıb: “Ən böyük artistlik artistlik eləməməkdir." Bu, bizim aktyorların devizidir.

Təsadüfən girdiyim otaqlardan birində masada Milan Kunderanın “Astagəllik”, Qan Turalının “Polis qorxusuyla öpüşmək”, Natiq Səfərovun tərcümə kitabı, “Fokus” jurnalı düzülüb. Divarda isə Yılmaz Güneyin sitatları asılıb.

Yox, hər şey elə də faciəvi deyil, az da olsa ümid var.

Sonra kino-kostyumların saxlandığı otaqlara baş çəkirik.

Sovet dövründən günümüzədək çəkilmiş filmlərdəki kostyumlar 3-4 otaqda saxlanılır.

Otaqlardan nəm iyi gəlir. Təbii ki, nəmişlik geyimlərin keyfiyyətinə təsir göstərir.

Rekvizitlərin qorunduğu otaqda Əziz müəllim ağ rəngli, güzgülü kamodu göstərib deyir ki, bu, “Sevil” filmində istifadə edilib. “Sevil” filmi 1929-cu ildə çəkilib.

Kamodun rəsmini çəkməyə çalışıram. Amma otağın qaranlığından və peşəkar fotoqraf olmadığımdan foto keyfiyyətli alınmır.

Əziz müəllim izahlarına davam edir: “Bu güzgü və saat isə “Məşədi İbad” filmində istifadə olunub. İlk səhnələrdə. Bardaqlar isə “Babək” filmindədir”.

Kinostudyada iki pavilyon var: Kiçik pavilyonun sahəsi 400 kvadrat metrdir.

“Pavilyonun üzü nə filmlər görüb” deyə düşünürəm. Köhnəlib, yenidən qurulmasına ehtiyac var. Əziz müəllim deyir ki, Eldar Quliyevin “Dərvişin qeydləri”ndəki karvansara səhnəsi pavilyonda çəkilib.

Dekorasiyanın hazırlanmasına bir ay vaxt sərf olunub.

Film bitəndən sonra dekorasiyalar yararlı hissələri emal olunur, yararsızlar isə atılır.

Kiçik pavilyonda telefon köşkü və taxta pilləkən gözümə dəyir.

Divara söykənmiş bina təsvirləri olan rəsmlərə yaxınlaşıram.

Rəsmlər zəruri səhnələrdə fon kimi istifadə edilir.

Və tamaşaçı bunu gerçək görüntü bilib aldanır.

Operator tanışımın sözünü xatırlayıram: “Kino böyük yalandır”.

Böyük pavilyon isə ATV kanalına icarəyə verilib.

Əziz müəllimə təşəkkür edib ayrılıram.

Dəhlizdən qızardılmış kartof iyi gəlir. Baş tərəfdəki qapısı açıq otaqda iki qadın nahar edir. Adətən bütün idarələrdə belə tip qadınlar işləyir. Səhər vaxtında gəlib, axşam vaxtında gedirlər. Və naharı mütləq vaxtında yeyirlər. Otaq pəncərələrinin önündə qəşəng dibçəklər düzülür. Çaydanları həmişə isti olur. Otaqları səliqə-sahmanlı. Dolablarında da iynə-sapa kimi hər cür xırdavat.

Yolda yadıma düşür ki, M. Hətəmovun verdiyi jurnalı kinostuduyanın hansısa otağında unutmuşam.

# 4237 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #