O qadın anlayanda ki, bu kişilərin xoşuna gəlir...

O qadın anlayanda ki, bu kişilərin xoşuna gəlir...
27 iyul 2016
# 12:29

Loren Bekoll Hollivudun “Qızıl əsri”nin (Hollivudda 1930-1950-ci illəri əhatə edən dövr, həmin dövrdə film istehsalı sistemi formalaşmışdı – S.S.) son əfsanəsi sayılırdı. O, Merilin Monronun məşhur olduğu dönəmdə yaşasa da, heç vaxt onun kölgəsində qalmayıb. Əksinə, “Milyonçuya necə ərə getməli” komediyasında Monro ilə tərəf müqabili olan Loren gözəlliyi və istedadına görə onu üstələmişdi.

Özünün təkrarolunmaz obrazını yaradan Bekollun əsl adı Betti Coan Perskidir. 1924-cü ildə Nyu-Yorkda doğulan Loren milliyətcə yəhudidir. Rəsmi mənbələrə görə o, İsrailin keçmiş prezidenti Şimon Peresin yaxın qohumudur.

Ticarətlə məşğul olan atası ailəsini Loren uşaqkən tərk edir. Qızcığaz anasının və nənəsinin himayəsində böyüyür. Səkkiz yaşında nənəsinin Bekoll soyadını, daha sonra Loren adını götürür.

Məktəbi bitirdikdən sonra Loren Nyu-York Akademiyasının dram sənəti bölümünə daxil olur. İdeal zahiri görkəminə görə model işləyir, məşhur moda jurnallarının üz qabığını bəzəyir. Tez bir zamanda populyarlaşan Loren Hollivuda dəvət olunur. Onu Hollivuda dəvət edən, dünyaca məşhur rejissor Hovard Houks idi.

Heminqueyin “Olmaq, ya olmamaq” romanını ekranlaşdıran Houks Loreni tərəddüdsüz baş rola təyin edir. Onun tərəf müqabili isə əfsanəvi Hamfri Boqart idi.

Filmin çəkilişi zamanı Boqart Lorenə özünü yaxşı dost kimi göstərir, zarafatlaşır, onun özünü evdəki kimi hiss eləməsinə şərait yaradırdı.

Onun sözlərinə görə, Lorenə ilk baxışdan vurulmuşdu. Boqart təkcə onun gözəlliyini yox, səmimiyyətini, dürüstlüyünü, xarakterində qadınlığı ilə qətiyyətinin uyğunluğunu qiymətləndirirdi.

Lorenlə tanışlıq zamanı 44 yaşlı Boqartın qiyamçı imici, zəngin həyat təcrübəsi vardı, üç dəfə evlənmişdi, dəniz donanmasında xidmət eləmişdi, xeyli filmə çəkilmişdi. Çoxları düşünürdü ki, 19 yaşlı Loren onun tayı deyil. Amma gənc qız onun sirli baxışı və xırıltılı səsinin cazibəsinə dayana bilmirdi.

Loren də Boqartı özünün çoxmənalı baxışı ilə sehrləmişdi. Bu baxış onun obrazının ayrılmaz hissəsinə çevrilmişdi. Loren sonralar deyirdi ki, belə bir baxış təsadüfən alınıb. O, ilk dəfə filmə çəkiləndə çox həyəcanlanır. Və həyəcanını gizlətmək üçün çıxış yolunu tapır, başını azca aşağı salaraq, sanki acıqlı, şübhəli baxır. Bu baxış ona xüsusi şarm verirdi. Loren anlayanda ki, bu, kişilərin xoşuna gəlir, hər filmdə o baxışı təkrarlayırdı.

Həmin vaxt Boqart ekssentrik, qısqanc aktrisa Meyo Metoyla evliydi. Boqart sadiq ər idi, başqa aktyorlar kimi filmlərdə tərəf müqabilləri ilə eşq macərası yaşamırdı.

Onun Lorenlə münasibəti əvvəlcə bayağı flirti xatırladırdı. Onlar çəkiliş meydanında qucaqlaşır, boş vaxtlarını bərabər keçirirlər.

Arvadı ilə davamlı qalmaqallardan sonra Boqart onu boşanmağa güclə razı saldı. Beləliklə, 1945-ci ildə Boqart və Loren ailə qurur. Onların nikahı ideal olmasa da möhkəm idi. Birlikdə 11 il - Boqartın vəfatına kimi yaşadılar.

Birlikdə bir neçə uğurlu filmə də çəkildilər: “Dərin yuxu”, “Qara zolaq”, “Ki Larqo”.

Onların yaradıcı birliyi Hollivudda Boqart-Bekoll sindromu adını aldı. Radio proqramında aparıcılıq edən cütlük bir-birinə həmişə sadiq qaldı.

Boqartın vəfatından sonra iki azyaşlı uşağı - qızı Lesli və oğlu Stiven Lorenə bu itkiyə qatlanmağa kömək edə bildi. Amma karyerasında hər şey qaydasında gedirdi. “Milyonçuya necə ərə getməli” filmindən sonra o, daha da məşhurlaşmışdı və Hollivudun ən gözəl qadınlarından sayılırdı.

Tezliklə Lorenlə Frenk Sinatra arasında sevgi münasibətləri yarandı, hətta evlənməyə qərar verdilər. Amma bu münasibət mətbuata çıxanda Sinatra qəzəbindən Lorenlə əlaqəsinə son qoydu.

Loren 1961-ci ildə aktyor Ceyson Robardsalla evlənir, bu nikahdan bir oğlu doğulur. Amma bir neçə il sonra ərinin içki aludəçisi olması səbəbindən ailə dağılır.

Sonradan aktrisa 30 il müddətində 50-ci illərin sonundan 1990-cı ilin əvvəlinədək bir neçə film istisna olmaqla kinoda aktiv fəaliyyətini dayandırdı. O, ancaq teatrda işləyir, uğur qazanır, mükafatlara layiq görülürdü.

Loren kinoya bir də 70 yaşında qayıdır.

1996-cı ildə Barbara Streyzandın “Güzgüdə iki sima” filmindəki rolu ilə hamını heyrətləndirir, “Qızıl qlobus”a layiq görülür və Oskarda nominant olur.

2009-cu ildə isə Fəxri Oskar alır.

Onun ən yadda qalan rolları arasında məşhur rejissor Lars fon Trierin “Doqvill” və “Manderley” filmlərindəki obrazları da var. Loren ümumiyyətlə, müstəqil rejissorların filmində çəkilməyə üstünlük verirdi.

2014-cü ildə insultdan dünyasını dəyişən aktrisa Boqart haqda həmişə deyirdi: ”O, ayağı yer üzündə nə vaxtsa dəymiş ən heyrətamiz, fövqəladə kişi idi”.

***

Loren Bekollun maraqlı fikirləri:

“Amerikada ümumiyyətlə nə istedadlı adamları, nə yaşlıları qiymətləndirirlər. Hamını düşündürür ki, sənin nə qədər pulun var və sən nə qədər pul qazandıra bilərsən. Hollivudda hamı bir-birinin bir yerini öpür. Mən də eynisini edə bilərdim, amma tərbiyəm yol vermir. Anam çox dürüst və birbaşa adam idi. 21 yaşımda ərə getdiyim Boqart da məhz belə xarakterə sahib idi. Kimliyindən asılı olmayaq film haqqında nə soruşurdularsa, o, düşündüyünü deyirdi. Ərə gedəndə məhz bu xarakterdə idim. Sadəcə yalan danışa bilmirdi. Mən də eləyəm. Ona görə kinoda çəkilməyimin tək yolu müstəqil filmlərə üstünlük verməkdir. Müstəqil rejissorlar bunun üçün qapımda yıxılıb-qalmırlar, amma vaxtaşırı onlardan təkliflər alıram”.

“Mən tanınmış adam deyiləm-aktrisayam. İndiki aktyorlar ancaq məşhur olmağı düşünür. Biz ortabablar əsrində yaşayırıq. Əgər jurnalın üz qabığında varsansa, deməli, artıq ulduzsan. Yeni aktrisaları bir-birindən ayıra bilmirəm. Hamısı eyni modeli olan don geyinir, eyni saç düzümünə malikdir və sanki anoreksiyadan əziyyət çəkirlər. Kişi aktyorlar da onlar kimi. Populyarlığa görə şəxsi həyatını satışa qoyan Tom Kruzu ulduz saya bilmərəm. Doğrudan da indiki vəziyyətə heyrətlənirəm. Aktyorların oyun keyfiyyəti kimisə narahat eləmir. Hamı ancaq puldan danışır. Yaxşı qonorarı olan aktyor yaxşı sayılır”.

“İndi faktiki olaraq studiya yoxdur. Studiya sistemi Hollivudun “qızıl əsri”ndə mövcud idi-bundan yaxşısını düşünmək mümkün deyildi (Həmin dövrdə studiya həm biznes idi, həm yaradıcı fəaliyyət göstərirdi). Studiya sistemi məhv oldu. Onda Hollivudda təkcə pul yox, yaradıcılıq haqda da düşünürdülər. Aktyor oyununun keyfiyyətini də. İndi isə ancaq onu düşünürlər ki, filmi necə sataq”.

“Mən həyatıma sakitlik çökəndə yazıram. Belə olanda nəyisə dəyişməyə çalışıram: ya başqa şəhərə gedirəm, ya kinonu teatra dəyişirəm, ya da kitab yazıram”.

“Heç kəs mənə vəd verməmişdi ki, rahat həyatın olacaq. Hovard Houks məni filmə dəvət edənədək teatrda bilet satırdım, anamla balaca mənzildə eyni çarpayıda yatırdıq. Həyatımın ən parlaq bölümü belə başladı və o, ərim Hamfri Boqartın ölümüylə bitdi. Amma mən hələ sağam və çox şeydən zövq alıram. Ən əsası isə gülməyi bacarıram. Yaşadığım çətinliklərə baxmayaraq, həyatımda çoxlu gülməli hadisələr də olur və məncə, həyat bir zarafatdır”.

Loren həmişə Demokratlar partiyasını dəstəkləyib və Hillari Klintonu prezidentliyə ideal namizəd sayırdı.

# 1442 dəfə oxunub

Müəllifin son yazıları

# # #