Kulis.az “Naməlum kino” layihəsində Ağarza Quliyevin Qriqori Braginski 1940-cı ildə birgə çəkdikləri “Yeni horizont” filmini təqdim edir.
Filmin əsas mövzusu neft sahəsində axtarışlar, yenilikçi gənc alimlə mühafizəkar baxışa malik yaşlı alim arasında toqquşmadır.
Əhvalatda əsas konflikt də bunu üzərində qurulub. Gənc alim Adil Kərimov (İsmayıl Əfəndiyev) elmi rəhbəri, neft sahəsinə böyük nüfuz sahibi olan professor Əhmədova (Rza Əfqanlı) qarşı gedir. Adil iddia edir ki, buruqda qazma işlərini dayandırmaq lazımdır, çünki orda qüvvətli su nişanələri görünür və güclü su təzyiqi qəzaya səbəb ola bilər. Və Adil həmin ərazidə daha alt qatlarda yeni neft laylarının olduğunu və onların fərqli geoloji şəraitdə yerləşdiyini güman edir.
Filmin adı da (“Yeni horizont”) da yeni neft obyekti anlamına gəlir.
Amma rəhbərlik gənc aspirantın fikirlərini qulaqardına vurur, professorun fikrini əsas götürür. Nəticədə qazma işləri zamanı faciə baş verir. Qəza zamanı Adil ağır yaralanır.
Filmin sırf spesifik sahəni əhatə eləməməsi üçün ssenaridə məişət-melodramatik süjet xətləri, komik vəziyyətlər əlavə olunub: Adillə professorun həkim qızı arasında sevgi münasibəti, zarafatcıl, şən neftçi Ruben, qeybətcil tibb bacısı obrazları, Adilin atası ilə konflikti...
Qeyd elədiyim kimi əhvalata yüngül, yumoristik əhval-ruhiyyə gətirən obrazlardan biri tibb bacısı obrazıdır.
Tibb bacısının (V.Çavçavadze) gənc həkim Validə (Sofa Bəsirzadə) ilə intim mövzularda eyhamları, məsələn, “Mən elə düşünürəm ki, sizinlə sevişmək heç mümkün deyildir” kimi fikirləri mühafizəkar dövr üçün cəsarətli, açıq səslənir.
Neftçi Rubenin (Möhsün Sənani) komikliyi bəzi məqamlarda mübaliğəli görünsə də, onun ifasındakı mahnılar, ifa tərzi koloritlidir.
Yeri gəlmişkən, “Yeni horizont” neftçi-müğənni obrazının olduğu ilk Azərbaycan filmidir. Sonradan 1955-ci ildə çəkilən “Bəxtiyar” filmində müğənni-neftçi əsas qəhrəmana çevrildi.
Bəzi epizodlarda ssenarist sovet tərbiyəsinin cəmiyyətin həyatında lazımsız həddə kimi şişirdilməsinə sanki kinayə edir. Məsələn, trest müdirinin (Mustafa Mərdanov) “Ağır otur batman gəl”, “Bunu bizə partiya öyrədir” kimi ifadələri təklif olunan vəziyyət kontekstində ironik effekt doğurur.
“Yeni horizont” ənənəvi təhkiyə üsulu ilə çəkilib, buruqda qəza epizodları impressionist təsvir olunub.
Bəzi epizodlar görünür, texniki problemlərdən və ya hansısa səbəblərdən dolayı natamam qalıb, bitkin deyil.
Bundan əvvəl Ağarza Quliyev Braginski ilə birlikdə “Almaz” filminə də quruluş verib.
Filmin ssenari müəllifi yazıçı İmran Qasımovdur. Bu, onun kinematoqrafiyada ilk işidir.
Operatorlar Fyodor Novitski, Muxtar Dadaşov, bəstəkar Niyazidir. Mahnı mətnlərini isə Əliağa Vahid yazıb.
“Yeni horizont” Azərbaycan kinosunda neftlə bağlı çəkilən ilk filmlərdən biridir.
Azərbaycanda çəkilən ilk sənədli kinosüjet 1898-ci ildə fotoqraf Aleksandr Mişon tərəfindən lentə alınan “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı” da adından göründüyü kimi neftlə bağlı olub. Bu da təbii idi. Çünki Bakı daha çox neft şəhəri kimi tanınırdı.
Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film 1915-ci ildə İbrahimbəy Musabəyovun “Neft və milyonlar səltənətində” əsəri əsasında çəkilmiş eyniadlı ekran əsəri də bu mövzudadır. Rejissoru Peterburqdan olan rejissor Boris Svetlov, istehsalçı isə Azərbaycanda film istehsalı ilə məşğul olmuş “Filma” səhmdar cəmiyyəti idi. Film neft hesabına zənginləşmiş insanın dramıdır.
1926-cı ildə Aleksandr Litvinovun lentə aldığı “Müxtəlif sahillərdə” bədii filmi sovet hakimiyyətinin ilk illərində Azərbaycanda neft sənayesinin inkişafı üçün Amerikadan dəvət olunan mütəxəssislərlə yerli mütəxəssislər arasındakı münaqişədən bəhs edir. Bir neçə il sonra Aleksandr Qalperinin çəkdiyi “Vulkan üzərində ev” isə sosial dram idi.
“Yeni horizont” isə neft sənayesindəki problemlərə daha çox elmi nöqteyi-nəzərdən toxunur. Bu filmi milli mütəxəssislərin neft sahəsində elmi mübahisələrini işıqlandıran ilk bədii film də adlandırmaq olar. Qeyd edək ki, bu, həmin dövr idi ki, Bakı neftçiləri açıq dənizdə qazma üsullarını sınaqdan çıxarırdılar.
“Yeni horizont” kinematoqrafik cəhətdən yenilikçi, film olmasa da, mühafizəkar düşüncəyə qarşı gedilməsi, fərqli fikirlərə önəm verilməsi onun ən üstün cəhətidir.