Azərbaycanlı kişilərlə xaşa gedən ingilis turist

Azərbaycanlı kişilərlə xaşa gedən ingilis turist
25 mart 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində fərqli estetikalarda çəkilmiş iki filmi təqdim edir. Bunlardan biri Vaqif Mustafayevin 1984-cü ildə lentə aldığı “Musiqili xaş”, digəri Vəli Səyyadinin 1996-cı ildə çəkdiyi “Ağ qara payız” filmləridir.

“Musiqili xaş” Vaqif Mustafayein kurs işidir, Eldar Ryazanovun yaradıcılıq emalatxanasında çəkilib.

Titrlərdə Bakıya səyahət etmiş ingilis turisti Culiya Torntonun xatirələrindən bir parça əks olunub. O, Bakıda olanda kişilərin sübh çağı qəribə bir yeməyin-mal ayağından hazırlanan xaş yeməsindən, özünün də xaşı sevməsindən yazır.

Hacı İsmayılovun qəhrəmanı Əhmədov alatoranda oyanıb dostlarına zəng edərək xaş qonaqlığına çağırır. O, tərcüməçinin (Yaşar Nuri) evinə zəng edəndə ona ingilis turist Culiya (Larisa Xələfova) cavab verir. Qadın da xaş qonaqlığına gəlmək istədiyini deyir. Əhmədov xaşın qadınlar üçün olmadığını desə də, Culiya təkid eləyir. Beləcə səhərin alatoranında dostlar kiçik kafeyə xaş yeməyə gəlir.

Culiyanın kafeyə gəlməsiylə kişilərin xaş məclisi daha da canlanır.

Kafedə masalar doludur, hamısı kostyum geyinib, təəssürat yaranır ki, onlar xaş yeməyə yox, hansısa ciddi tədbirə gəliblər. Böyük masada “Yeni yol” kolxozunun məsul vəzifəli şəxsləri oturub. Film boyu onların tostları, danışığı arxa planda aydın səslənir. Başqa bir masada azərbaycanlı professorla (Səyavuş Aslan) erməni alimi (Kamil Məhərrəmov) xaş yeyir. Maraqlı bir məqam var, erməni alimin boşqabında qulaq çıxanda o isterikaya düşür, kafe işçiləri isə əhvallarını pozmadan qulağın da xaş yeməyinə daxil olduğunu deyirlər.

Xaş mətbəximizdə bəlkə də ən spesifik yeməkdir və onun yeyilməsi, süfrəyə verilməsi, yeyilmə vaxtı bir növ rituala bənzəyir. Müəllif də məhz xaş yeyilmə mərasimində insanların hisslərini, emosiyalarını verir. Səhər həvəslə xaşa gələn kişilər, mərasim bitəndən sonra sanki həyat eşqi ölmüş cansız varlıqlara çevrilir. Xaş sanki onları bu monoton həyatda motivə edən tək vasitədir. Onlar kafedə xaş yeyəndə canlanır, rəqs edirlər. Xaş yemə mərasimində onların sevgisi də, xəyanəti də üzə çıxır. Əhmədovla Qasımov Culiyaya görə dalaşırlar. Adına paroxod verilən professor isə həyatının mənasını axtarır.

Xaş məclisi bitir, xarici turistlərin olduğu avtobus kafeyə gəlib Culuiyanı hava limanına aparır. Onların da həyatı əvvəlki statik vəziyyətinə qayıdır. Filmi kədərli komediya da adlandırmaq olar.

Ssenari müəllifi Vaqif Mustafayev, operatoru Amin Novruzovdur.

***

Vəli Səyyadinin “Ağ-qara payız” ekran əsəri poetik bədii-sənədli filmdir.

Film yaxın planda profildən gənc kişinin nəqli ilə başlayır, o, tez-tez əlləri ilə üz-gözünü ovuşdurur: “Mən deyə bilmərəm. İndi nəyisə xatırlamaq çox çətindir. Çox illər keçib o vaxtdan. Ümumiyyətlə, çətindir, insan üçün keçmiş haqda danışmaq. Elə bil yuxudur, sən heç vaxt onu olduğu kimi xatırlaya bilmirsən. Yadımdadır, biz nə vaxtsa gölün qırağında yaşayırdıq, qamışların səsi, külək, nənəmin zümzümə etdiyi mahnılar....”

Müqəddimədə qəhrəmanın ötürdüyü ovqatdan, artıq sezirsən: biz bir insanın uşaqlığına səyahət edəcəyik. Bir tərəfdən bu lirik-ovqat əhvalatı şərtidir. O mənada ki, bizim hər birimizin uşaqlığımızla bağlı nəsə ümumi, o hər nə qədər ağrılı olsa belə həsrətimiz, xiffətimiz var. Müəllif də artıq geri dönməsi mümkün olmayan keçmişi, zamana xiffəti kino dilinə çevirib.

Tamaşaçı qəhrəmanın uşaqlıq illərinə səyahət edir. Onun xatirələri vizuallaşır. Göldə qayıqla gəzişən uşaq və onun sudakı əksi, çırpı yığması, köynək toxuyan qarı...

İşıq-kölgə ifadə-təsvir vasitəsi üzərində çəkilən film ustalıqla detal planlardan hörülür. İbtidai interyerdə alışan ocaq, alçaq tavan, sac, his basmış çıraq, divardan asılan köhnə şəkillər, süjet xəttinin mərkəzində dayanan almalar - itirilmiş idilliyanın nostalgiyasını yaşadır. Çox güman ki, alma insan günahlarına allyuziyadır.

Horror janrının elementləri intonasiyasında çəkilən-qaranlığın, yağışın səsi fonunda atanın, ananın, qızcığazın görünüb itən portretləri həyəcanlı ovqat verir.

Son səhnədə uşaq alma yeyir, kimsəsiz evdə cəhrə fırlanır.

Xaçmazın Gülalan kəndində çəkilən filmin ssenari müəllifi Vəli Səyyadi, operatoru Elxan Nəbiyevdir.

Film "Azərbaycantelefilm”də istehsal olunub.

# 3270 dəfə oxunub

Müəllifin son yazıları

# # #