Alt paltarından çıxa bilməyən Azərbaycan komediyası

Alt paltarından çıxa bilməyən Azərbaycan komediyası
16 may 2019
# 09:00

Kulis.az “Yeni filmlərimiz” layihəsində Emil Abdullayevin “Stalinin başı” komediyasını təqdim edir.

Süjet: Əhvalat həbsxanada başlayır. “Bozbaş Pictures”in məşhur personajları Şəmi (İlkin Həsəni), Şöşü (Ramil Babayev), Fəlakət (Elşən Orucov), Şirin (Nicat Rəhimov), Qılman (İlkin Misgərli) və Ağsaqqal (Azər Baxşəliyev) həbsxana həyatı yaşayırlar. Bir gün təsadüfən onların əlinə Stalinin qəlyanı və vəsiyyətnaməsi düşür. Vəsiyyətnamədə yazıldığına görə qəlyan Stalinə məxsus olan böyük bir xəzinənin açarıdır. Həmin xəzinə isə Stalinin vaxtilə doğulduğu evdə gizlədilib. Qəhrəmanlar xəzinəni əldə etmək üçün onun ev muzeyinə yollanırlar.

Image result for stalinin başı filmi

Əvvəlcə dostların hamısı özlərini bu vəsiyyətnaməni ciddiyə almırmış kimi göstərir. Amma sonradan hamısı təklidə onu ələ keçirməyi qərara alır. Bunun üçün isə onlar əvvəlcə həbsdən qaçmalıdırlar.

Beləliklə, həbsdən qaçan qəhrəmanlardan hər bir özü xəzinəyə sahib çıxmaq istəyəndə aralarında konflikt yaranır. Və Bakıdan Qoriyə gedənədək başlarına müxtəlif hadisələr gəlir…

Emil Abdullayev tərəfindən 2017-ci ildə lentə alınan film Azad Azərbaycan Televiziyası və İlk medianın birgə məhsuludur.

“Stalinin başı” İlk medianın digər bədii məhsulları ilə müqayisədə dinamikası, bir az daha keyfiyyətli ssenarisi (Ənvər Abbasov, Samid Ağayev, Tərlan Nur Yaşar, Elnur Hüseynov), temporitmi ilə nisbətən fərqlənir. Bununla belə onu tamamən, məzmun, bədii, kinematoqrafik baxımdan keyfiyyətli komediya adlandırmaq olmaz.

Image result for stalinin başı filmi

Filmin süjeti Eldar Ryazanovun və Franko Prosperinin birgə ekranlaşdırdığı “İtalyanların Rusiyada qeydi-adi sərgüzəştləri” (1973) komediyasını xatırladır. Həmin ekran əsərində bir qrup italyan Rusiyadakı xəzinəni ələ keçirmək istəyir. Hər biri ayrılıqda bir-birindən xəbərsiz Rusiyaya gəlir və burada aralarında münaqişə yaranır. Sonda onlar xəzinəni tapırlar. Amma “Stalinin başı” filminin personajlarından fərqli olaraq, onlar dövlət tərəfindən maddi dəyəri daha yüksək mükafatlara layiq görülürlər.

Yumorun keyfiyyəti, rejissor işi və s. baxımdan bu filmi əlbəttə ki, “Stalinin başı”yla müqayisə etmək doğru olmazdı. Yeri gəlmişkən, “İtalyanların Rusiyada qeyri-adı sərgüzəştləri” də kütləvi komediyadı. Və kütlə üçün necə bir komediya çəkməyin ən yaxşı nümunələrindən biridir.

“Stalinin başı” adı cəlbedici səslənir və düşünmək olardı ki, yaradıcı heyət filmdə özünün klişe zarafatlarından, qurşaqdan aşağı fizioloji yumorundan istifadə etməyəcək. Misalçün, Fəlakətin həbsxana işçisinə “ata kimi südünü halal edirsənmi” kimi və ya təklif olunan vəziyyətdə dramaturji ehtiyac olmadan həbsxana rəisinin alış-veriş mərkəzində şalvarının düşməsi və ya onun işçisinin yenə də alt paltarına aksent olunması qətiyyən gülməli görünmür. Maraqlıdır ki, bu cür komediya müəlliflərinin hansı travmaları var ki, kişi və qadın alt paltarlarına, məna yükü olmayan fizioloji zarafatlara vurğu edirlər.

Filmin müsbət tərəfi odur ki, əhvalatda bir neçə maraqlı, fərqli xətlər vardı: Şirinin balet truppasına düşməyi, balet sənətinə ironiya etdiyindən truppa tərəfindən cəzalandırılaraq ballerina əlbisəsi geyindirilməsi, Şöşü ilə Şəminin sirkə məxsus maşını qaçırması, Fəlakətin ərəb şeyxləri ilə tanışlığı…

Yeri gəlmişkən, Ağsaqqalın qutuya salınaraq bədəninin ikiyə bölünməsi də güman ki, məşhur “Yarımştat” tamaşasından götürülb. Oradakı səhnələrdən birində Yaşar Nurinin oynadığı personajın qutuya girərək bədəninin bölünməsini nəzərdə tuturam.

Filmdəki iki obraz - həbsxana rəisinin qısqanc arvadı (Zəminə Cəfərova) və daim situasiyaya uyğun, qıcıqlandırıcı atalar məsəlləri işlədən (“Eşşək nə bilir zəfəran nədir”) rəis köməkçisi (Ceyhun Məmmədov) Ağsaqqal, Fəlakət obrazlarından daha koloritlidir.

Adətən komediya filmlərində operator işinin yaradıcı baxımdan özəlliyi olmur. “Stalinin başı” da bu mənada istisna deyil (operator Rəşad Qarayev). Operator asan yola qaçıb, səhnəni ancaq bir neçə standart nöqtədən çəkməklə kifayətlənərək, fərqli yanaşma etməyib.

# 4847 dəfə oxunub

Müəllifin son yazıları

# # #