Nurəddin Mehdixanlının bərbad etdiyi “Cavad xan”

Nurəddin Mehdixanlının bərbad etdiyi “Cavad xan”
7 noyabr 2019
# 08:58

Kulis.az “Yeni filmlərimiz” layihəsində “Cavad xan” filmini təqdim edir.

Süjet: Hadisələr XIX əsrin əvvəllərində baş verir. Gəncə xanı Cavad xanın (Nurəddin Mehdixanlı) əsas qayğısı məmləkəti rusların əsarətindən qorumaqdır. Cavad xan ruslardan müdafiənin ona böyük itkilər bahasına başa gələcəyini bilir. Bunun üçün o, digər xanları da məşvərətə dəvət edir. Amma onlar ölkəni qorumaq üçün ümumi razılığa gələ bilmirlər. Paralel xəttdə isə Gürcüstan knyaginyası Daryanın (Amaliya Pənahova) Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Sisianovla (Ramiz Novruz) sazişə getməsi göstərilir. Sisianov Gəncəni işğal etmək üçün fəaliyyətə keçir. Ağır döyüşdən sonra Gəncə məğlub olur...

Rejissor Rövşən Almuradlının tarixi faktlar əsaında çəkdiyi və 2009-cu ildə ekranlara çıxan “Cavad xan” filminə baxış mənə psixoloji işgəncə bahasına başa gəldi... Hələ də bu fikirdə qalıram ki, kinosənayemiz orturuşmadığından tarixi janrda film çəkməyimiz tezdir. Çünki tarixi filmlər böyük təcrübə, peşəkarlıq tələb edir, onun üzərində peşəkar ssenaristlərlə birgə tarixçilər işləməlidir. Hələ böyük maliyyə tələb edən dekorasiyaları, kostyumları, rekvizitləri və s. demirəm.

“Cavad xan” tarixi faktların son dərəcə zövqsüz, savadsızca ssenariləşdirməsidir (ssenarist Sabir Rüstəmxanlı). Sabir Rüstəmxanlı ssenarinin qaydalarından xəbərsizdir, təsvir, dramaturji duyumu yoxdur. O, tədbirlərdə pafosla danışdığı kimi, ssenarini də həmin intonasiyada işləyib. Ancaq S.Rüstəmxanlının ssenarisini ekrana uyğunlaşdıranda rejissor dramaturgiyanın qanunlarını nəzərə almalı, əhvalatın bədii-estetik-təsvir tərəflərini işləməliydi. Əvəzində rejissor təklif olunmuş ssenarini pinti-pinti, qeyri-peşəkar səviyyədə, faktlara bədii yozum, həlli vermədən ekrana gətirib, üstəlik, onu gərəksiz pafosdan arındırmayıb. Nəticədə, ortaya - sovet təbliğat maşınının belə özünə rəva görmədiyi keyfiyyətsiz bir plakat filmi çıxıb.

Rövşən Almuradlı uyğun aktyor ansamblı seçməyib, bu azmış kimi onlarla işləməyib və ümumiyyətlə belə təsəvvür yaranır ki, çəkiliş meydanında anarxiya hökm sürüb. Özəlliklə də Cavd xanın ifaçısı Nurdədin Mehdixanlının üzərində dayanmaq istəyirəm. Öncə ondan başlayım Cavad xan heç bir halda Nurəddin Mehdixanlının obrazı deyil. Bizim aktyorların problemi ondadır ki, yaşa dolduqca kökəlirlər, ağırlaşırlar, formalarını, plastikalarını, çevikliklərini itirirlər. Ona görə də aktyor döyüş səhnələrində çevik ola bilmir, ayrıca, onun mübariz, iradəli, xanlığı idarə edən adama xas üzü, xarizması, xarakteri yoxdur. Amma misalçün, Yavər Rzayevin “İlahi məxluq” filmindəki patriarxal, mədəniyyəti rədd edən çoban, diktator ata obrazı sanki aktyorun boyuna biçilib.

Əlbəttə ki, biz gerçəkdə Cavad xanın necə olduğunu bilmirik, real portreti günümüzə çatmayıb. Amma fəaliyyəti, mübarizəsi onun müəyyən bir görüntüsünü yaradır. Misalçün, biz Babəki Rasim Balayevin simasında təsəvvür edirik. İnsafən, aktyor oyunu ilə rolunun haqqını verib. Doğrudan da R.Balayevin duruşu, xarizması qəhrəmanın xarakterinə uyğun gəlir, obrazlı desək, kamera onu bu rolda sevdirə, tamaşaçıyla doğmalaşdıra bildi. Bu mənada tarixdə qəhrəmanlıq göstərmiş şəxsiyyətlərin nüfuzedici obrazını yaratmaq üçün uyğun, energetikası güclü aktyorlar seçilməlidir. Nurəddin Mehdixanlı isə Cavad xan rolunda onda olmayan cəhətləri imitasiyaya çalışır. Kimsə xatırlada bilər ki, “Unuda bilmirəm” tamaşasındakı prokuror obrazı ona yaraşırdı. Amma kino və teatrın təbiəti, şərtləri fərqlidir və üstəlik, aktyor bu obrazı gənclik yaşında oynayıb.

Digər tərəfdən N.Mehdixanlıya niyəsə elə gəlir ki, qışqırmaqla, odlu-alovlu danışmaqla, pafoslu cümlələrlə vətənpərvər obrazı təsirli alınır. Sisianovun elçisinə meydan oxuyan guya qürurlu baxışları da, nifrəti də, özügüvəni də, döyüşə gedəndə “ya vətən ya kəfən” haqyırtısı da teatral, qeyri-səmimidir. Bir səhnədə Cavad xanın sadə qadınla dialoqu yer alır. O, təsadüfən, ərini, qardaşını döyüşə apardığı üçün qadının onun ünvanına gileyini eşidir. Qadın Cavad xanı görəndə həyəcanlanır. Və Cavad xan bu yerdə ucadan qəhqəhə çəkir. Mən bunu “Azdrama qəhqəhəsi” adlandırardım. Çünki belə basmaqəlib, saxta qəhqəhə ən çox Azdrama səhnəsində eşidilir.

Başqa bir məsələ: aktyorların demək olar ki, heç biri obrazlarının paradiqmatik qatını, dərinliyini anlamayıb, başqalaşmayıb. Ən biabırçı ifalardan biri Cavad xanın arvadı Şükufə rolunu oynayan müğənni Nuriyyə Hüseynovanındır. Aktrisa obrazının vəziyyətini ifadə etmək üçün nəsə eləmir, əvəzində ətalətdədir, boş, ifadəsiz gözləri ilə baxır və onun göstərdiyi vətənpərvərlik “ana vətən çağırır” çağırışı qədər saxtadır.

Cavad xanın canvermə prosesi yaxın planda göstərilir. Kadr qeyri-estetikdir və emosional təsiri yoxdur. Bəzi rejissorlara elə gəlir ki, iri planlarda ölüm, düşmənin zorakılığını göstərəndə tarixdəki ədalətsizliyə hamını inandırmaq, duyğulara toxunmaq olar. Bu qədər qanın töküldüyü, faciənin olduğu film ona görə toxunmur ki, əsas qəhrəman Cavad xanın hekayəsi yoxdur. Tarixi hadisələri təsvir edən filmlərdə bir qayda olaraq, mərkəzə qəhrəmanın şəxsi zəmində hekayəsi gətirilir və ümumi ictimai siyasi vəziyyətin ona təsiri araşdırılır. Bunun üçün biz hər şeydən əvvəl tarixi şəxsiyyətlərimizi ideal göstərmək alışqanlığını tərgitməliyik. Çünki bu halda sünilik, quramalıq dərhal üzə vurur. Qəhrəmanı olduğu kimi-zəifliyini, səhvlərini, hansısa məqamlardakı ümidsizliyini, yaxınları ilə münasibətlərindəki konflikti göstərməkdən çəkinməməliyik. Yəni onları plakatlaşdırmaq yox, insaniləşdirmək lazımdır. Bu halda o, tamaşaçıya doğmalaşa, ona emosional təsir göstərə, duyğularına toxuna bilər. Zorakılıq isə hadisədə köməkçi fondur, onu dolğunlaşdıran hörgülərdəndir.

Müəlliflərin səhvi ondadır ki, Cavad xanı ideallaşdırırlar. Bundan başqa süjetə müxtəlif xətlər salmaqla, dolaşığa düşürlər. Nəticədə süjet xətləri əlaqələndirilimir, yığcamlaşdırılmır. Halbuki əhvalatın mərkəzi xəttini Cavad xanın oğlu Uğurlu xanla münasibəti (General Sisianov Tiflisdən Cavad xana yazdığı məktubunda dostluq və sədaqət əlaməti olaraq, oğlu Uğurlu xanı onun yanına göndərməsini tələb edir. Filmdə Uğurlu xan atasından xəbərsiz tələbi yerinə yetirməyə gedir) üzərində qurmaq olardı.

Filmə populizm hakimdir, yenilikçi yanaşma yoxdur, təsvirlər dərin işlənməyib, musiqi ilə görüntünün, məzmunun effektini gücləndirməyə çalışılıb. Vəziyyətə uyğun gəldi-gəlmədi saz musiqisi soxuşdurulur.

Xanlar bir araya gələ bilməyəndə, Cavad xan çarəsizlikdən hayqırır, ağlamalı monoloqu səslənir. Finalda həlak olmuş əsgərlərin meyiti üzərində ağı deyilir. Qısası, “Cavad xan” vətənpərvərlik duyğularının istismar edən, bizi zavallı göstərən uğursuz filmdir.

# 13171 dəfə oxunub

Müəllifin son yazıları

# # #