İyulun 31-də Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində uzun müddətdir ki, istehsalatda olan “4.1 Şəhər motivləri” almanaxının premyerası keçirildi.
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan kinoalmanax xaricdə təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir.
Ssenarilər kənar müdaxilələrə məruz qalsa da, bir qədər zəif olsa da, bütün filmlərdə rejissor işi keyfiyyətli idi.
Almanaxın ilk filmi “Qonşu qadın” tipik fransız melodramlarının əhvalını yada salır. Hətta filmin adı belə fransız rejissoru Fransua Trüffonun ekranlaşdırdığı, Fanni Ardant və Jerar Depardyenin oynadığı eyni adlı məşhur dramı ilə eynidir.
“Qonşu qadın” sadə kamera filmidir. Baş rol ifaçıları Gülzar Qurbanova və Cavanşir Hadıyevin çiyinlərinə yük daha çox düşüb. Rejissor Anar Abbasov bizə tanış əhvalat danışır: əri ilə konflikti olan qadın kişilərə güvənini itirib, o, acığını qonşu mənzildəki kişidən çıxır. Belə əhvalatların sonrakı gedişatının klassik respetlərindən biri belədir ki, ilk tanışlıqda münaqişəyə girən qadın və kişi arasındakı konflikt tədricən sevgiyə çevrilir. Hərçənd, rejissor onlar arasında yaranmağa başlayan qarşılıqlı marağı sevgi aktına çevirmir, qəfildən qırır. Ümumiyyətlə, filmin materialı tammetrajl lirik əhvalat üçün daha keçərlidir.
Rejissor filmi, aktyorlar isə obrazlarını nə çox dramatikləşdiriblər, nə də həddən artıq sentimentallaşdırıblar. Əksinə dramatizmə, incə həssas toxunuşlarla yumor qatırlar. Bunu xüsusən G.Qurbanovanın oyununa şamil edirəm. Onun yumoru göstərişli deyil, məqsədli şəkildə tamaşaçının dodaqlarının qaçmasına hesablanmayıb. Aktrisanın ifasındakı komik elementlər spontan, təbii şəkildə meydana çıxır. G. Qurbanova qadının anbaan dəyişən əhvalını, psixoloji yaşantılarını rəvan vücud dili ilə mübaliğəyə yol vermədən oynayır.
Rejissor kişi və qadın münasibətlərində banal melodramatizmə qaçmadan lirik intonasiyalı rakurslardan istifadə edib.
Sonda qadın ərinə qayıdır, kişinin ümidləri puça çıxır. Film gündəlik həyatın bir parçasıdır və daha çox ovqat filmidir.
Rüfət Həsənovun “Kədərim” filmi milli kinomuzda demək olar ki, az rast gəlinən çox ciddi və aktual bir problemə - müasir gəncliyin həyat tərzinə toxunur.
Dünya kinosunda dövrünün gəncliyini ekrana gətirən onlarla film var: C. Kassavetesin “Kölgələr”, R. Fassbinderin “Katzelmacher”, J.L.Qodarın “Son nəfəsdə”, Toni Riçardsonun “Bal dadı” və s.
R.Həsənovun filmində gənc oğlan andeqraund musiqi ilə məşğuldur. Onun dünyagörüşü, həyat tərzi ilə ənənəvi ailə dəyərləri toqquşur, bu münasibətlər daim konflikt törədir. Ənənəvi ailəyə, mentallığa qarşı onun fərqli, nizamsız həyat tərzi dayanır.
O, prinsiplərinə zidd gedərək pula görə, qlamur məclisdə oxumağı qəbul edir. Onun çıxışı məclis əhlinə maraqlı gəlmir.
Film nisbətən dokumental manerada çəkilib, personajlar musiqiçilərdir. Qlamur ziyafətdə iri planlarda o mühitin gənclərinin söhbətlərinin təqdimatı maraqlı fənddir.
Yeri gəlmişkən, Kassavetesin “Kölgələr” neorealistik dramında kafelərdə, məclislərdə gənclərin üzü iri planda göstərilir, onların söhbətləri fraqmentallaşdırılır. Personajlar həyatda yerini axtarır, dəlisov davranır, flirt edir, ədəbi gecələrə gedir, Sartrın fikirlərini müzakirə edir, uğur qazanmaq və bir az romantik olmaq istəyirlər.
“Kölgələr” Amerika kinosunda kinematoqrafa yeni yanaşmanın, yeni hisslərin manifestidir.
Hərçənd, R. Həsənovun filmini bu mənada manifest kimi qəbul etmək olmaz.
Rüfətin qəhrəmanı üsyankarlığını sona kimi davam etdirə bilmir, inandığı dəyərlər uğrunda mübarizə aparmır, sonda ailəsinə qayıdır, durumu ilə barışır, ailə ənənələrinə məğlub olur.
Final simvolik bitir, qəhrəmanının kiçik oğlu atasına pişik poxu verir. Bunu hər tamaşaçı müxtəlif cür yoza bilər: həyat zibildir və ya oğul atasının buna layiq olduğunu demək istəyir.
Teymur İsmayılovun "Yuxarıda və aşağıda" filmi gənc fəhlənin hekayətini anladır. Filmdən ən çox yadımda qalan Namiq Ağayevin ifası oldu. Asif Rüstəmovun “Axınla üzü aşağı” dramında olduğu kimi o, burda da özünəməxsus oyun təqdim edir.
Film eyni zamanda sosial mesaj ötürür. Rejissor sosial təbəqələşmə haqda düşüncələrini mətnə, sözə yox, təsvirə çevirir. Gənc oğlanın sevgilisinin zəngin binalara dikilən həsrətli baxışları, vitrindəki zinət əşyalarına marağı həm də cəmiyyətin maddiləşməsini ifadə edir.
Cəfər Axundzadənin “Dmitrov küçəindəki ev 86” dramı da vacib bir mövzunu, müharibənin vurduğu mənəvi travmaların nəticəsini, görkəmcə yeniləşən şəhərin problemlərini anladır.
Daha çox “Dəli Kür” filmindən tanıdığımız aktrisa Zemfira Sadıqovanın personajı oğlunu Qarabağ müharibəsində itirib. Uzun müddət evdən bayıra çıxmayan qadın yeniləşən şəhəri tanıya bilmir, xatirələrini axtarır. Filmi yəqin ki, şəhərin gərəksizcə radikal dəyişməsinə etiraz kimi qəbul etmək olar. Və müəllif “Gün keçdi” filmindən sitat gətirməklə öz niyyətini daha aydın bəlli edir.
Nəhayət beşinci, Vüqar İslamzadənin “Zabit şərəfi” ekşni haqqında ən çox danışılan film idi. Bu, xromakeydə çəkilmiş ilk Azərbaycan filmidir. Xromakey çəkilişi zamanı obyekt bir tonlu yaşıl fonda yerləşdirilir. Sonradan isə fona başqa təsvirlər əlavə olunur.
Kompüter qrafikası ilə işlənilmiş, nuar janrında çəkilmiş kriminal dramda Fritç Lanqın filmlərinin atmosferi, R.Rodrigesin, K.Tarantinonun üslubu duyulur. Divardan Hiçkokun, Skorsezenin fotoları boylanır. Televizorda nuar-detektiv janrında əski Amerika filmləri göstərilir. Qan effekti, obrazların konsepsiyası, məkanın quruluşu, səhnə mizanları, üslub dünya kinosuna göndərişdir.
Film tipik Hollivud əhvalatını danışır: satqın polis cinayətkar dəstəyə kömək edir, digər polis onların dərsini verir. Sonda kağız üzərində kadrları növbələşdirən rejissorun görüntüsü postmodern fənddir. Rejissorun nəqlə müdaxiləsi hadisələrin qurama, film olduğunu xatırladır. Filmin mesajı sonda verilir: satqın polis qəhrəman kimi dəfn edilir. Yəni həqiqəti demək həmişə vacib deyil.
Almanaxdakı iki filmdə epizodlarda rol alan aktyor və rejissor Mahir Dərvişi xüsusi qeyd eləmək istəyirəm. M. Dərviş müasir kinomuzun ən koloritli, xarakter aktyorlarından biridir. Onun ifasında xırda cinayətkar, qədeş, xuliqan obrazları filmlərə rəng gətirir.
Ümumən, filmlərdə diqqəti xüsusi çəkən, heyran ola biləcəyin rejissor işi yoxdur. Amma hər halda bu almanax bir daha sübut elədi ki, Mədəniyyət Nazirliyinin gənc rejissorları dəstəkləməsində daha çox fayda var.