Bikə onunla 56 yaşında görüşəcək

Bikə onunla 56 yaşında görüşəcək
3 iyul 2013
# 13:04

Kulis.az Sevda Sultanovanın "Bikə" hekayəsini təqdim edir.

“Başqa yolun yoxdursa, vəziyyətlə barışma, sadəcə razılaş. Razılaşmaq barışmaq anlamına gəlmir”

- Qısa, koloritli adlardan istifadə etməyə çalış. Ad yadda qalsın.

- Məsələn?

- Məsələn... Bikə.

- Bikə...Bikə. Tikə, yox lülə kabab. Yaxşı... Ok.

****

Bikə mətbəx masasının altındakı plastik tərəvəz qabını çıxartdı. Qabın içinə yerləşdirdiyi qəzeti yüngülcə çırpıb, köhnə kartof-soğanın zibillərindən təmizlədi. Qəzeti təzədən tərəvəz qabında rahlayanda gözünə “Yol” adı sataşdı. Ola bilməz. Qəzeti götürüb, ora- burasına baxdı. “Yol” qəzeti, 1991-ci il. Başa düşmədi. Bu, necə ola bilərdi. Axı, bura “Azadlıq” qəzetini sərmişdi. Yadına salmağa çalışdı. Hə, elədi ki, var, əri yalnız “Azadlıq” qəzetini alır, oxuyandan sonra da Bikə onları evdə istifadə edirdi. Bəs bu hardan çıxmışdı? Köhnə qəzetlərin arxivini köhnə evdə qoymuşdu. Arxivində “Yol” qəzeti olmamalıydı. “Bəlkə də olub, fikir verməmişəm. Yəqin köçhaköçdə necə olubsa, əşyaların arasında gətirmişəm”. Ağlına tutarlı nəsə gəlmədi.

****

  • Dayan görüm, “Azadlıq” qəzetini mətbəxdə istifadə edirsən?
  • Xüsusi mənası yoxdur. O vaxt Azərbaycanda ilk müstəqil qəzet oluduğu üçün ağlıma o gəldi.
  • İlk müstəqil qəzet “Azərbaycan” olmalıdı. İkincisi də, azadlıqla Azərbaycanın üstünə kartof-soğan yığmaq qeyri-etikdir.
  • Axı, bu, şərtidir.
  • Yaxşısı budur, “525” olsun. Rəqəmlər sürüşkəndir, həm də konformistdilər.
  • Hə, ağlabatandır. İndi təzədən başlayım?
  • Sonra redaktə edərsən.

****

Bikə stulda yerini rahatlayıb yalnız iki qoşa səhifəsi qalan “Yol”dakı məqalələrə nəzər saldı. Səhifənin yuxarı hissəsində ayrıca sitat yazılmışdı: “Xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var”. Bikə bir neçə dəfə ucadan qeyri-ixtiyari sitatı dedi. Sitat ona nəyisə xatırladırdı.

****

“Necə olubsa, son 4-5 ildə ad gününü tamam unutmuşam. Amma əvvəllər oktyabrın o günü mütləq sənə zəng vurardım. Sən məndən həmişə orijinal təbriklər gözləyirdin. Mən də orijinal görünmək üçün bir dəfə səni Puşkinin sözləri ilə təbrik etdim: “Xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var. Sənə azadlıq və rahatlıq arzulayıram”.

****

-Bir azdan serialım başlayır. Bir də sən axı, indilərdə yatırdın?

-Futbol var. “Qalatasaray”- “Real”.

Bikənin əsəbdən rəngi qızardı, üzü istidən od tutub yandı. “Daş düşsun “Real”ın da, “Qalatasaray”ın da başına. İnşallah, “Qalatasaray” uduzar”.

Bikə mətbəxə keçəndə arxadan ərinin səsi eşidildi:

-Mənə bir çay.

Çaydan soyumuşdu. İsitməyə qoydu. Mətbəxin pəncərəsinə burnunu dirəyib, gözlərini qaranlığa zillədi. A. ilə sonuncu görüşünün nə zaman olduğunu xatırlamağa çalışırdı. Deyəsən, 2002-ci il idi. Hə, dəqiq 2002. 2002-ci ildə Cənubi Koreya və Yaponiyada dünya çempionatı zamanı. Son görüşdə daha çox futboldan danışmışdılar.

-Bikə, çay nə oldu?

-İndi.

Çayı süzüb salona keçdi, stəkanı masaya qoyanda ərinin əsəbi bağırtısından diksindi. “Real” “Qalatasaray”a qol vurmuşdu. Əri hirsindən iri əlləri ilə bədənini qaşıyırdı. Əsəbiləşəndə həmişə belə edirdi.

“Əcəb oldu, inşallah, 4-5-ini də vurar, gözünə döndüyüm Ronaldo, irəli”.

“Real”ın qolu Bikənin ürəyinə yağ kimi yayıldı, arxasını çevirən kimi gülümsədi, mətbəxə keçib, nanəli çay dəmlədi. Nanəli çaydan ləzzətlə içə-içə Kənan Hacının “Yağ kimi” romanını yarımçıq qaldığı yerdən oxumağa başladı.

...Ərinin xorultusu onu romandan ayırdı. Ayaqlarının ucunda salona keçdi. Matçın bitməsinə az qalırdı. Qalatasaray 0-3 uduzurdu. “Ox, ox!!! Əcəb, ürəyimdən tikan çıxdı”. Pultu götürdü, ərini oyatmamaq üçün televizorun səsini alıb, kanalları dəyişdi.

“Xaraba qalsın televizoru da, fərli bir şey yoxdu. Aşıq Zülfiyyə də lap ət tökür. Başı batmış Jan Renonun kinosunu neçə dəfə verərlər e. Bu kimdir? Vay-vay. Özünü niyə bu kökə salıb? Boyunu yerə soxum. Saat 3-ə işləyir. Gedim yatım. Sabah tez durmalıyam”. Televizoru söndürmək istəyəndə yeni bir filmin başladığını görüb əl saxladı. Nə filmdir, görəsən?

“Son nəfəsdə” rejissor: Jan Lyuk Qodar”.

****

“Orijinal görünmək üçün bir dəfə səni Puşkinin sözləri ilə təbrik etdim: “Xoşbəxtlik yoxdur, azadlıq və rahatlıq var. Sənə azadlıq və rahatlıq arzulayıram”

Dəstəyin o başından təmkinlə, amma qırıq-qırıq dedin:

“Son nəfəsdə yanımda olmanı istəyirəm”.

İndiyə kimi bilmirəm, “son nəfəsdə” deyəndə nəyi nəzərdə tuturdun, Qodarın o məşhur filmini, yoxsa, sadəcə, həyatın zəruri gerçəkliyini - ölüm anını?

Sonralar Qodarın filmləriylə tanış oldum. Yadımdadır, bir dəfə demişdin ki, Qodarın kinoestetikası sənə doğma deyil. Qodar, sənlə ilk fikir ayrılığımız oldu. Ona görə “ilk fikir ayrılığı” deyirəm ki, ədəbiyyatdan tutmuş rəssamlığa, klassik musiqiyə qədər incəsənətin hər sahəsində biliklərinin mükəmməlliyinə, çox fərqli yanaşmalarna heyrandım. Mən kinonun bu prinsipial və avantürist sehrbazına vuruldum. Amma onun yaradıcılığının ən vacib filmini “Son nəfəsdə”ni ilk dəfə yaxınlarda, ad günün ərəfəsində izlədim. Və istər-istəməz Belmandonun Mişeli ilə sənin aranda müqayisələr aparmağa başladım. Məsələn, sən də Mişel kimi mizantropsan, cəmiyyətin ütülü qaydalarına heç cürə uyuşmursan, antiburjuasan. Xəyalən filmin çox sevdiyim epizodlarından birini münasibətlərimizə adaptə etməyə çalışıram.

-O səhnəni xatırlayırsan?

-Hansı?

Mişellə Patrisiyanıın avtomobildə getdiyi səhnəni deyirəm. Yadına salaram indi.

Patrisiya:

- Sən mənə “Dior”dan don alarsan?

Mişel:

-Heç vaxt. Ən yaxşı donlar hazır geyimlərin satıldığı dükanlarda olur. Yox, “Dior”dan don almaq lazım deyil”.

Əminəm ki, məhz belə deyəcəkdin.

-Bu qədər əmin olma.

-Məni xəyal qırıqlığına uğratma.

*****

- Bura kimi necədir?

- Pivə ilə gedər.

- Banal olma.

- Duyğusallığı çox oldu, məncə.

- Hamımızın duyğusal tərəfləri var.

*****

Bikə çaydanı yuyub təmizlədi. Iki böyük qaşıq quru çayı çaydana ataraq, qaynar su tökdü, dəmə qoydu. Çörək, soyuducudan yağ-pendir çıxarıb, masaya düzdü. Kiçik tefal tavaya yağ atıb, bir yumurta qırdı. Qonşu otağın qapısı cırıldadı. Oğlu Erkin idi.

*****

-Dayan görüm, birinci səhnədə oğlu yox idi axı?

-Birinci səhnədə o yatmışdı. 12 yaşı var. Məktəbə səhər getdiyi üçün erkən yatır.

-Anladım.

*****

Erkin tualetə girdi. Bikə vanna otağına diqqət kəsilmişdi...

Erkin mətbəxə girəndə Bikə ona tərs-tərs baxdı:

-Suyu yenə çəkmədin, əllərini də yumadın. Min dəfə demişəm ki, əlini lülüşünə vurandan sonra yu, özü də sabunla. Marş tualetə, suyu çək, əllərini də yu. Unitazda sənin işəməyini görməyə borclu deyiləm.

Uşaq mızıldanıb, tənbəl-tənbəl hamama girdi.

...Bikə özünə və oğluna çay süzüb onunla üzbəüz əyləşdi.

-Mən də sənlə çıxacam. Lalə ilə alış – verişə getməliyəm.

-Axşama inşa yazmalıyam. Vətən haqda.

-Sənin müəllimən də debildir. İldə eyni inşanı neçə dəfə yazdırarlar, anlamıram. Bezdim gic-gic inşaları yazmaqdan. Yaxşı. Çörəyini ye, çıxaq.

*****

Bikə alış-verişini adətən Sədərəkdən edirdi. Ticarət mərkəzlərinə qiymətlər bahalı olduğundan getmirdi. Ona elə gəlirdi ki, Sədərəkdə ucuza satılan geyimləri, əşyaları dəm-dəsgahlı, parıltılı ticarət mərkəzlərində baha qiymətə görsə, dərin sosial travma alacaq. Rəfiqəsi Lalə ticarət mərkəzlərinin daimi alıcısı idi. Lalə poliqlot idi, zarafat deyildi, 4 dil bilirdi, yaxşı gəliri vardı. Bir neçə ay idi ki, Bikəni ticarət mərkəzinə aparmaq üçün dilə tuturdu. Nəhayət, saqqızını oğurlaya bildi. Bikə də özündə güc tapıb, getməyə qərar verdi.

Lalə ticarət mərkəzinin birinci qatından ayaqqabı, alt paltarı, ikinci qatından gecə qiyafəti aldı. Bikə ovqatının pozulacağından ehtiyatlanıb, dükanlara girmədi. Eləcə hər dükanın qarşısında qoyulmuş skamyalarda oturub, təmkinlə Laləni gözlədi.

Üçüncü qatda kafelər, kitab, disk dükanı vardı. Sonuncu qata çatanda Lalə Bikəni az qala itələyib kitab dükanına saldı.

-Sən də nəsə alasan bəlkə. Disk, ya kitab. Mən də bifşteks sifariş verim.

-Yox - Bikə elə qışqırdı ki, ətrafdakılar çönüb təəccüblə ona baxdı.

Bikə pərtliyini gizləməyə çalışdı, səsinin tonunu aşağı saldı:

- Mən imperialist mətbəxi boykot etmişəm. Nəsə yüngül bir şey sifariş et.

- Səndə çatmr vallah. Tabule salatı onda.

-Yox, Bəşər Əsədi də boykot etmişəm. Çay içərəm sadəcə.

-Yaxşı.

Bikə könülsüz rəfdəki musiqi albomlarına göz gəzdirənə kimi mavi gözlü, sarışın satıcı qız başının üstünü kəsdirib, məhsulları təqdim etməyə başladı.

-Sizə Şopenin əsərlərini təklif edə bilərəm. Qadınlar arasında çox sevilir. Xüsusən, Təhminənin mahnısına görə alınır.

-Təhminənin mahnısı? Yox, lazım deyil. Şopendən zəhləm gedir.

-Bəs Bramsı necə sevirsiz?

-

Bir qram da sevmirəm. Hamı kimi.

*****

-Sən belə elə. Dükanda Bikə məsələn, “Sarı gəlin”i alsın. Özü də ermənilər, türklər adlarına çıxıb. Milli mənəvi abidələrimizi...

-Bircə bu yox. Mən milli, mənəvi nəsnələrin təbliğat funksiyasını öz üzərimə götürmək istəmirəm. Onsuz da bunun üçün çox adam var. Bir də ki, “Sarı gəlin”i dinləyə bilmirəm, əsəblərimə toxunur. Əgər indi o sarı gəlin, günü bu gün qarşıma çıxsa, “uf” demədən onun saçlarını yolardım. Hətta Con Luri də “Sarı gəlin”i dekonstruksiya etsə dinləmərəm.

-Yaxşı əsəbləşmə, sadəcə təklif idi.

*****

- Mən ümumiyyətlə, klassik musiqi dinləmirəm sağ olun.

-Pop?

-Yox.

-Aşıq?

-Aşıq heç dinləmirəm, muğama da dözümsüzəm. Təşəkkür edirəm.

Bikə kitab rəflərinə doğru keçmək istəyəndə musiqi albomlarının arasında gözünə tanış ad sataşdı: Oginski.

“Dəhşət, necə olub ki, bu illər ərzində mən Oginskini bir dəfə də olsun xatırlamamışam”.

*****

“Məktəbdə bizə “Vətən hardan başlayır?” adlı inşalar yazdırardılar. Başqa sinif yoldaşlarım kimi mən də bir qayda olaraq, inşaları candərdi yazardım, hardansa köçürərdim. “Vətən nədir?” və ya “Vətən hardan başlayır?” kimi suallar üzərində heç düşünməmişdim. Amma son ad günündə həyatımda ilk dəfə özüm üçün bu sualın cavabını tapmağa çalışdım. Sənlə ayrılıqdan sonra tamamilə unutduğum Oginskinin “Vətənlə ayrılıq” polonezini ad günündə xatrladım və onu müxtəlif versiyalarda yenidən dinlədim.

Vətən, bu qədər uzaqlığa, məsafəyə rəğmən özünü doğma hiss etdiyin, ehtiyacın olduğu, heç cürə çıxıb gedə bilmədiyin yerdir. Və mənim vətənim səndən başlayır. Vətən sən deməksən.

Oginskidən danışanda demişdin ki, “Vətənlə ayrılıq” polonezini ilk dəfə uşaq olanda bir filmdən eşitmisən. O vaxtdan mənim təsəvvürümdə sənin iki obrazın var: tanıdığım sən və “Vətənlə ayrılığ”ı heyrətlə dinləyən o balaca uşaq. Bilmirəm, nədənsə o uşaq məndə həmişə Pikassonun son dərəcə insani, poetik “Uşaq və it” tablosu ilə assosiasiya olunur. Məişət qayğılarından zəifləyib əldən düşən, sanki insana güvənini itirib, son ümid yeri kimi itinə sığınan o balaca oğlan. Görəsən, o, hara baxır? Baxdığı yerdə nə görür? Onu təlaşa salan nədir?

Səni də o balaca oğlanı təlaşa salan səbəb kimi sonadək çözə bilmədim.

Sonra “Google”da axtarış verirəm, o filmi tapıram. Yəqin ki, Lev Qolubun “Oginskinin polonezi” hərbi dramını nəzərdə tuturdun. Amma onu izləmək istəmədim. Bəlkə, başqa zaman”.

*****

“Vaxsey, necə yadımdan çıxa bilərdi”. Bikə dünən axşamdan ağ lobyanı islağa qoymağı unutmuşdu. Hamısı “Facebook”da veyillənməyin zibilidir. Bəlkə kartof bişirim toyuqla. Praktik, əziyyətsiz.

Bikə kartofları soyub doğradı. Tavanı qızmağa qoydu. Toyuq parçalarını tomat, zeytun yağı və müxtəlif ədviyyatların qarşığından ibarət sousa batırdı.

*****

-Bəlkə Bikə milli yemək bişirsin. Dolma məsələn. Dolmanı da ermənilər, türklər, orta asiyalılar, nə bilim, albanlar özəlləşdiriblər. Necəsə sübut eləmək lazımdır ki, dolma sırf...

-Dostum, sən nə zaman bu qədər bayağı olmağa vaxt tapdın? Mən təbliğat maşını deyiləm. Vecimə də deyil dolmanın mənbəyi hardan gəlir. İndi bütün dünya dolma bişirir, əcəb edir. Amma ekzotika xatirinə məsələn, turşu kabab olar. Lap, ağzımın suyu axdı.

****

Turşu kabab üçün lazım olan ərzaqlar:

Ət - 300-500 qram, cəfəri - 3-4 dəstə, Soğan - 3-4 ədəd, təzə alça və ya alça qurusu, duz, istiot.

Bikə cəfəriləri təmizləyib yudu. Əti, soğanı, cəfəriləri maşına çəkdi, qarışdırıb duzunu, istiotunu vurdu. Xırda-xırda küftələr hazırlayıb, tavaya düzdü.

Salonda açıq qalmış televizorda “Xəbərlər” gedirdi: “Bu gün Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin dəfn mərasimini izləmək üçün Londonun mərkəzində minlərlə insan toplaşıb”.

“Kaftar da belə getdi... Marqaret. Marqa, qar, ar, Marqo. Yox, “o” hərfi yoxdu, et, ram, Margit. Magrit...Magrit”.

****

“Sənə “sevdiyin rəssam kimdir?” sualını verəndə o vaxtadək eşitmədiyim rəssamın adını çəkmişdin. Yaddaşımı qurdalayıram və onun adını tapmağa çalışıram. Yadımda bircə rəssamın adının baş hərfinin “M” ilə başlaması qalmışdı. Mikelancelo deyildi, Modliyani, Miro, Mone.... deyəsən, Magritt... Hə, əlbəttə Magritt. Tez yenə də “Google”da axtarış verirəm. Aha, tapdım. Rene Magritt

Belçika rəssamı, sürrealist. Sürətlə rəsmlərinə göz gəzdirirəm. Görəsən, hansı tablosunu daha çox sevirdin? “Nostalgiya”, “Çətin keçid”, “Qəlp güzgü”, “Buduarın fəlsəfəsi”? Bəlkə o məşhur əsərini, üzünü alma örtmüş kişinin təsvir olunduğu tablonu - “İnsan oğlu” rəsmini?

Arabir rəsm çəkdiyini deyirdin. Görəsən, heç ötəri də olsa, eskizlərimi qaralamısan? Ən çox hansı cizgimi qabarıq vermisən? Ümumiyyətlə, yaddaşına həkk olunan obrazım necədir? Yəqin ki, bunu hec vaxt bilməyəcəm”.

*****

  • Nə oldu, bitdi?

  • Bertoluççiyə keçid lazımdır. Necə etməyi bilmirəm. Ağlıma gələn situasiyalar çox bayağıdır.

  • Onsuz olmaz?

  • Mümkün deyil. Onun sevdiyi rejissordur. Açar sözlər: kino, Bertoluççi, kərə yağı, Şnayder, Brando, Paris...

  • Məncə, keçid eləmə. Özünü niyə əziyyətə salasan? Elə birbaşa.

  • Hmm. Dramaturgiyanın qaydaları pozulur.

  • Əşşi, dünya o qaydaları çoxdan pozub.

*****

“Parisdə son tanqo”nun ssenarisini mənə verəndə möhkəm tapşırdın ki, “bax a, ehtiyatla oxu, sarsıla bilərsən”. Gözlədiyinin əksinə olaraq sarsılmadım. Polun monoloqunu isə çox sevdim. Hətta dəftərçəmdə də qeyd elədim.

Bertoluççi sənin ilk sıralara qoyduğun rejissordur. Mənim ona sənin qədər heyranlığım yoxdur.

Bertoluççi səninlə ikinci fikir ayrılığımız oldu. “Parisdə son tanqo”nu isə çox sonralar izləyəndə o mənə inqilabi görünmədi, çox sıradan gəldi. Bəlkə ona görə ki, həmin əhvalatı mən artıq yaşamışdım. Daha dramatik şəkildə.

Ad günündə isə “Konformist”i izlədim. İzlədikcə düşünürdüm ki, filan situasiyanı sən necə işləyərdin, filan kadrı necə qurardın və ya filan epizodu necə şərh edərdin?!

Qodar deyirdi ki, “kino Nikolas Reydir”. “Kino” - mənim üçün bu sözün bütün anlamında sənsən. Kino sənətini mənə sevdirdiyin üçün sənə təşəkkür etmək istəyirəm. Sənin filmlərə, rəsm, musiqi əsərlərinə, romanlara etdiyin traktovkalara indiyədək valehəm.

…Cemal Süreya “Qadınlar susaraq gedər” deyir. Amma sən də susaraq getdin, heç nə izah eləmədən qəfildən yoxa çıxdın. Demək, Cemal Süreyanın misrası absolyut deyil, daha çox patetikadır.

…Səni çox aradım. Evinə zəng elədim. Yaşlı bir qadın cavab verdi. Dedi ki, köçmüsən və hara köçdüyünü bilmir. Mobil telefonuna zəng vuranda isə o zəhləm getmiş qadının səsini eşitdim: “zəng etdiyiniz nömrə təyin edilməyib”. İş yerindən dedilər ki, bizdə bu adda adam işləmir. Səni təsvir etdim, əlamətlərini dedim. Faydasız. Təsvir etdiyim əlamətləri olan adamın ümumiyyətlə, orda heç zaman işləmədiyini israr etdilər. İndiyədək heç cürə anlamıram ki, bəs, onda mənə bu nömrədən cavab verən kim imiş?...

Sonralar küçədə səni bir neçə dəfə başqaları ilə səhv salmışdım. Hətta bir dəfə necə həyəcanlanmışdımsa, çantam da əlimdən düşmüşdü.

Niyəsə içimdə həmişə belə hiss var ki, biz səninlə

Brodskinin öldüyü yaşda, 56 yaşında görüşəcəyik. Sən qəfil yoxa çıxdığın kimi qəfil də peyda olacaqsan. Biz yenə “İçərişəhər” metrosunun qarşısında görüşəcək,

“Filarmoniya bağı”na enəcək, xudmani kafelərdən birində qəhvə içəcəyik. Unutmamışam, sən kəskin dadları sevirsən. Kapuççinonu da. 56 yaş. Tez hesablayıram. Hələ iki il var”.

*****

- Hə, necədir?

- Əli Novruzov demişkən başdan ayağa, yuxarıdan-aşağıya lirik, sentimental, romantik, qəmgin notlarla aşıb-daşır. Sadəcə dəhşətdi. Ədəbi-bədii dəhşət.

- Ciddi?

# 3012 dəfə oxunub

Müəllifin son yazıları

# # #