Müraciət bəlamız - BƏY, MÜƏLLİM, GÖZƏL VƏ OĞLAN

Müraciət bəlamız - BƏY, MÜƏLLİM, GÖZƏL VƏ OĞLAN
10 mart 2016
# 12:56

Pivəxanada oturan kimi adama bir siqaret yandırdıq və bir az əvvəl mənimlə birlikdə yeddi yüz qramlıq “Anbarnaya” içmiş dostum ətrafdakı müştəriləri nəzərə almadan piştaxtaya tərəf qışqırdı:

- Ay oğlan, bura iki pivə ver...

Elə bil başımdan qaynar qazan əndərdilər. Bütün müştərilər çevrilib bizə baxanda lap özümü itirdim. İçkinin təsiri getdi və sifətimin ala-tala qızardığını hiss elədim.

Amma özümü tez ələ alıb dostuma təpindim:

- Bu nədi, a kişi, gey kimi... Ay oğlan!

- Bəs nə deyim?

- Nə bilim? Qardaş, əmoğlu, dayoğlu, ofsiyant... Nəsə bir şey tap!

Dostum dodaqlarını narazılıqla uzadıb mızıldadı: “Kəççi!”

Heç nə demədim və dostumun “Nə deyim?” sualı qarşısında bir neçə dəqiqə baş sındırdım.

Doğrudan da balaca kafelərdə xidmət edən gənc oğlanları çağırmaqda həmişə çətinlik çəkmişəm. Bizdə də, maşallah, ucuzvari yerlərdə saatlarla otursan müştərini heç kim yada salmayacaq. Gərək özünə əl qatasan.

“Ay oğlan” ifadəsi incə, qadınsı səslə deyilməsə pivəxanadakı müştərilərin diqqətini çəkməzdi bəlkə də. Amma məni yenə diksindirəcəkdi. Çünki bu sözə görə böyük bir davaya düşmüşəm.

Onda tələbə yoldaşımla şəhərli bir oğlan tutaşmışdı. Biz də gənc, burnu havalı... Havada bıçaqlar parıldaşanda tələbələr və şəhər uşaqları tərəf-tərəfə dayanmağa məcbur oldu. Abasqulu bəy demiş, bu arada işə mən qarışdım, irəli durub bir-iki “ağıllı” söz dedim, xoşbəxtlikdən qarşı dəstənin içindəki cavanlardan biri qahmar çıxdı mənə və küçədəki bıçaq davasını çayxanaya – “razborka” stoluna daşıya bildik.

Məlum oldu ki, dava “Oğlan” sözünə görə düşüb.

Əvvəl heç nə anlamadım. Tələbə yoldaşıma bıçaq çəkən oğlan izah elədi ki, uzun müddət Türkiyədə yaşayıb və orada cinsi azlıqlara “oğlan” deyirlər. Dalınca səsini qaldırdı: “Bu gədə də mənə oğlan deyib camaatın içində biabır elədi.”

Tələbə yoldaşım bilmədən düşdüyü bu ütükdən xilas olmaq üçün “gədə” sözünü belə qəbul elədi: “Allaha and olsun, mən bunu bilmirdim. Biz tərəfdə cavanlara oğlan deyir hamı... Yoxsa, tanımadığım bir adamı niyə təhqir edim ki?”

Deyəsən, ikisi də haqlı idi.

Amma onların ikisindən də mən haqlı idim. Çünki doğrudan da ortada dava üçün ciddi səbəb yox idi, sadəcə anlaşılmazlıq olmuşdu.

Bu anlaşılmazlıq təkcə bizimmi başımıza gəlir?

Sanmıram.

Bizdə müraciət məsələsi tale yüklü məsələdir.

Hətta sosial-siyasi məzmun kəsb edir.

O qədər də uzaq olmayan tariximizdə bəy və müəllim müraciətləri arasındakı kəskin qarşıdurmanın şahidi olmamışıqmı?

Özü də parlament səviyyəsində...

“Bəy ən gözəl müraciətdir” – belə deyənlər çoxdur.

“İndi hamı bəy olub məndən ötəri” – belə deyənlər də az deyil.

“Ay balam, o bəy ayrı, bu bəy ayrı. Bir var sosial mənsubiyyət, bir var müraciət...” – bunu da az adam demir.

“Sovet vaxtı muzdur babası ilə fəxr eləyənlər, ittifaq dağılan kimi bəy-xan oldular!” – deyən və dalınca nırçıldayıb başını bulayan o qədər adam görmüşəm ki.

Bir də bu müraciətin ağıza düşmə kimi bir bəlası var. Məsələn, KVN Parni-iz Bakunun məşhur səhnəciyindən sonra hamı biri-birinə “Rəis” deyirdi. Hətta qonşumun oğlu bir dəfə uşaqların içində ciddi-ciddi anasına “Rəis” deyə müraciət eləmişdi.

Beş il bir yerdə işlədiyim maraqlı bir iş yoldaşım vardı. Bütün kişilərə “Müəllim” deyirdi. Qadınlara isə qəribə şirinliklə “Gözəl” deyə müraciət etməyi vardı. Bu müraciət formaları mənim də ağzıma düşmüşdü bir ara. Bir dəfə əsəbi bir taksi sürücüsünə “Müəllim” dedim, az qala “mantrovka”nı baqajdan alıb üstümə cumacaqdı. Elə bildi dolayıram onu. Yaşlı, əsəbi adam idi. Uzaq da yol gedirdik. Yol boyu münasibətimizi qaydasına qoyub şirin söhbətə girişəndə məlum oldu ki, həqiqətən müəllimdir, amma düşdüyü ağır duruma görə bu sənətə nifrət edir. Əsəbiliyi də ondandır ki, məni götürəndən beş dəqiqə əvvəl maşının sahibi zəng vurub gündəlik planı xeyli qaldırıb.

“Müəllim hamısından yaxşıdı” – arada mən də belə fikirləşmişəm.

“A kişi, itə də müəllim deyirlər, qurda da. O gözəlliyinə sözü urvatdan saldılar. Bizim vaxtımızda raykom katiblərinə müəllim deyirdilər. Öhhö! Öhhö!” – ağsaqqallar da haqsız deyil.

Bəs nə edəsən?

“Gözəl, necəsən?” – təzə iş yerində həqiqətən də gözəl olan bir xanıma dedim bunu. Burnunu salladı. Bir saatdan sonra facebookda yazdı ki, xahiş edirəm, adamların içində mənə o cür müraciət etməyin, başqa cür anlayarlar. İnanın, çox pis utandım və bu köşədən də uzun bir izahat yazmalı oldum.

Bəlkə hərəni öz adı ilə çağırmaq lazımdır?

O zaman pinəçiyə nə deyək? Yoldaş ayaqqabıtikənmi? Ə, bərbər, bəri dur görək? Xoş gələrmi sizcə?

Türklər “Əfəndim” deyirlər. Hər adama yaraşmasa da, hər halda ümumi işlənə bilir.

Bizdə belə bir söz, belə bir müraciət forması, etiraf edək ki, yoxdur.

Biri-birini inkar edən müxtəlif tarixi situasiyalarda biabırçı şəkildə deformasiyaya uğrayan müraciətlərimizin dava-qırğınacan yeri var!

Bəy deyirsən kommunist çıxır.

Oğlan deyirsən türk ləhcəsində alqılayır.

Ağa deyirsən, İran agenti sayır.

Gözəl deyirsən, inciyir.

Müəllim deyirsən səni iqtidaryönlü sanır.

Cənab deyirsən başdanxarab hesab edir.

Qardaş, əmoğlu deyirsən “çuşqa” müamiləsi yapır.

Nə edəsən, qospodi?!

# 1524 dəfə oxunub

Müəllifin son yazıları

# # #