Süleymana qalmayan dünya və ya zamanın öldürdüyü əsərlər

Süleymana qalmayan dünya və ya zamanın öldürdüyü əsərlər
7 oktyabr 2016
# 12:22

Bu gün ədəbi camedə hər kəsin lağa qoyduğu aşağıdakı misralar öz dövrünün modern düşüncəsi kimi ortaya çıxmışdı:

Oxuma tar, oxuma tar

Səni sevmir proletar

Bu misralar zamanın diktəsi idi.

O dövr başqa dövr idi və şeirin müəllifi bir gün misralarının belə gülünc vəziyyətə düşəcəyinin fərqinə varmırdı.

Onu zamanın tələbinə, dövrün ruhuna uyğun yeni düşüncə tərzi kimi ortaya qoyurdu və əslində, bu, doğrudan da belə idi.

Bəs belə idisə, niyə bu misralar tarixin yox ee... heç iki-üç onilliyin sınağından çıxa bilmədi?

Bəyəm, eyni müəllifin qələmə aldığı “Ana və poçtalyon” şeiri də həmin zamanın diktəsi deyildi?

Eyni məzmunda başqa bir müəllifin şeirinə baxaq.

Bana bak!

Hey!

Avanak!

Elinden o zırıltıyı bıraksana!

Sana,

üç telinde üç sıska bülbül öten

üç telli saz

yaramaz!

Siz hər iki nümunənin eyni ideoloji yük daşıdığının fərqinə vardınızmı?

Ancaq ikinci nümunə o qədər gülməli deyil.

Əksinə, ciddi şeir nümunəsidir.

Niyə?

Çünki, birinci nümunə müəllifin yaşantılarının, içinin ifadəsi deyil.

Onu heç nə narahat eləmir, sadəcə kiminsə xoşuna gələn, zamanın tələbini ifadə edən nəsə yazmaq istəyib və yazıb.

Desinlər ki, bu da yazandı!

Desinlər ki, Xanalı da quş tutub!

Axı Xanalının tutduğu bu quş komfort yaşayış, ad-san, şöhrət vəd edir.

İkinci nümunədə zamanın tələbi müəllifin içinin səsiylə üst-üstə düşür.

Odur ki, bu şeirləri diktə edən zaman keçdikdən sonra birinci şeir ortalıqda bic uşaq kimi qalmışkən, ikinci şeir müəllifin içindəki həmin o səsə kürək söykəyərək yaşamını ləyaqətlə davam etdirir.

Yaxud, şeiri ortalıqda atasız uşaq kimi qalıb, onun-bunun lağ ünvanına çevrilər birinci müəllifin zamanın diktəsini yazan tamam başqa bir şeiri - “Ana və poçtalyon” eyni aqibətlə üzləşmir.

Bu şeir ortalıqda atasız uşaq kimi qalmayıb.

Çünki misraların məhrəm dərinliklərindən müəllifin humanist qəlbinin döyüntüləri əbədi olaraq eşidilir.

Bütün izmlər də hardasa böyük mənada zamanın diktəsidir.

Zamanın nəbzini tutan bütün böyük sənətkarlar hardasa böyük mənada konyuktura yazırlar.

Ancaq o əsərlərdə böyük sənətkarlıq olduğu üçün zaman keçəndən sonra da yaşamaq iqtidarındadır.

Zaman sənə nəsə diktə edir və günlərin bir günü bütün üstün-əskik xüsusiyyətlərini də götürüb, ortadan qeyb olur.

Əvəzində onu inkar edən yeni dəyələr meydana çıxır.

Biri-birini əvəz edən bu sonsuz prosesdən yalnız insanın mənəvi dünyasını ifadə və böyük həqiqətləri fiksasiya edən istedadlı mətnlər qalır.

Müəllifi yaşadan və “itmiş zamanı tapan” məhz o mətnlərdir.

Zamanın nəbzini tutmaq, dövrlə ayaqlaşmaq həmişə müsbət anlam daşımır və aldadıcı olur.

Zamanı özüylə ayaqlaşmağa vadar edən dahi deyilsənsə, heç olmasa zamanla içində uyum saxlamağı bacarmalısan.

Zamanla ayaqlaşmağın dəb adlı axmaq tərəfi də var.

Məşhur bir xalq deyimini xatırlayaq: dəvəli dəliyə bənd olma, dəvəsi gedər, dəlisi qalar...

Bu deyimi bəhs etdiyimiz mövzuya tətbiq etsək, köşəmizin son cümləsini tapmış olarıq: zamanın diktəsinə uyub içinin sənə pıçıldadıqlarına arxa çevirmə, zaman keçər, yazdıqlarına lağ edib gülərlər.

# 1616 dəfə oxunub

Müəllifin son yazıları

# # #