Gülüşə, təbəssümə düşmən kəsilənlər

Gülüşə, təbəssümə düşmən kəsilənlər
4 oktyabr 2019
# 11:47

Kulis.az Şərif Ağayarın “Bu təbəssüm bir sevincin izidir” adlı essesini təqdim edir.

Böyük italyan alimi və yazıçısı Umberto Ekonun dünyaca məşhur “Qızılgülün adı” romanı orta əsrlərə aid monastırda müəmmalı şəkildə öldürülən rahiblərin qatilinin axtarışı ilə başlayır. Ölənlərin hamısının sağ şəhadət barmaqları və dilləri göm-göydür.

Romanın sonuna doğru bu sirr açılır: monastırın qədim kitabxanasında gülüş haqqında Aristotelin yazdığı qədim bir əlyazma var. Kimsə oxuya bilməsin deyə onun vərəqlərini zəhərləyiblər. Kitabı oxuduqca, barmağını ağzında isladıb vərəqləri çevirdikcə zəhərlənirsən...

Bəs bu kitab üzərində niyə bu cür hiylə qurulub? Kitabın məzmunu ozmankı ortadoksal dini düşüncə, o cümlədən monastır mədəniyyəti üçün təhlükəlidir. Çünki o, yumor haqqındadır!

Mühafizəkar xristianlar İsanın heç vaxt gülmədiyinə, hətta üzündə təbəssüm belə dolaşmadığına inanırlar. Guya bu səbəbdən gülüş tərəfdarı olanlar, onun haqqında nəsə öyrənmək istəyənlər cəzalandırılmalıdır. Əslində isə əsl səbəbi alman filosofu Fridrix Engelsin fikrində axtarmaq lazımdır. Engelsə görə, yumor insanı heyvandan ayıran ən vacib komponentlərdən biridir. Ancaq yumor təkcə insanı heyvandan deyil, həm də insanı insandan ayıra bilir. Məsələn, istehza edib gülə bilən insanı heç vaxt hipnoz etmək olmur. Dinin isə başlıca məqsədi çoxluğu müqəddəs tabularla özünə inandırmaq və onu istədiyi istiqamətə yönəltmək idi.

Təsadüfi deyil ki, İslam peyğəmbəri də gülüşə çox həssas yanaşıb. Ancaq o, xristianlar kimi qadağa qoymayıb. Ağzını açaraq, dişlərini ağardaraq ucadan gülməyi ədəbsizlik saysa da, təbəssümün tərəfdarı olub. Şahidlərin dediyinə görə, o özü də xoş zarafatları sevər, hərdən özü də yaxınları ilə zarafatlaşar, üzünə təbəssüm qondurarmış. Lakin sonrakı dövrün mühafizəkar dindarları bəhs etdiyimiz xristianlardan çox da fərqlənmirlər. Onların lətifə, məzhəkə, karikatura və komediyalara sərt münasibəti bunun aydın sübutudur.

Müqəddəsə tapınmaq, dini rituallara tabe olmaq ciddiyyət, hətta bəlkə bir az da qəm və kədər tələb edir. Baxın, səmavi kitablardakı bütün əhvalatlar dramla doludur. Bütün dinlər ciddi sifətləri ilə insanın içində həm də bir qorxu, çəkingənlik aşılayır.

Bu mənada Buddizm bir az fərqlidir. Orada ən vacib amillərdən biri türklər demiş, “içi fərah tutmaq”dır. İçi fərah tutanların isə üzündən təbəssüm əskik olmur. Səmavi dinlərdə tanrıya mükəmməl inancla bu rahatlığa qovuşmaq mümkündür.

Gülüş, təbəssüm insan azadlığının, insan iradəsinin, onun daxili müqavimətinin, kütlədən seçilməsinin, fərddən şəxsiyyətə çevrilməsinin ümdə göstəricisidir.

Sivil dünyada təbəssüm həm də bir etiketdir. Qaş-qabaqlı dolanmaq, ətrafa neqativ enerji yaymaq ədəbsizlik sayılır. Axı sənin daxilindəki hər hansı bir narahatlığa görə, qarşılaşdığın və çox zaman heç tanımadığın adamlar günahkar deyil.

İnsanın kosmosa ötürdüyü enerjinin qarşılığını alması isə elmin sübut etdiyi gerçəklikdir. Nə əkərsən, onu da biçərsən. Yəni ətrafa xoş sima və təbəssüm təqdim edirsənsə qarşılığını alacaqsan.

Yaxşı olar ki, təbəssüm insanın daxilindən gəlsin. Yəni süni olmasın. Çox zaman insan daxilən narahat olub gülümsəyəndə süniliyi hiss olunur və qarşı tərəfdə mənfi münasibət doğurur. Təbəssümün içdən olması üçünsə ətraf gözəl olmalı, qan qaraldan hadisələr baş verməməlidir.

Dünyanın böyük sənət əsərləri həm də insanın daxilində nikbinlik və inam yaratmaq, ona təsəlli vermək üçündür. Komik əsərlərin, filmlərin, tamaşaların zaman-zaman çox sevilməsinin səbəbi budur. Biz narahat bir dünyada yaşayırıq. Üstəlik müharibə gedən, bir çox sosial-iqtisadi problemləri olan ölkəmiz var. Daxilən sevinmək üçün səbəblərimiz o qədər də çox olmaya bilər. Sənət belə məqamda içimizi fərah tutmağa kömək edir.

Nə qədər ağır vəziyyət olur-olsun insanın ümidlə yaşamasına bir səbəb tapmaq mümkündür. Ümid heç zaman ölmür. Nə əvvəldə, nə axırda. Ümid o zaman ölür ki, insan özü ölür. Ölmüş insanın isə heç şübhəsiz, ümidə ehtiyacı yoxdur.

Bütün bunları niyə yazırıq? Ona görə ki, bu gün Beynəlxalq Təbəssüm Günüdür!

Belə bir günün qeyd olunması təşəbbüsü amerikalı rəssam Xarvi Bolldan gəlib. O, özünü Xoşbəxtlik və Ümumdünya Təbəssüm Korporasiyasının beynəlxalq səfiri elan edib və hər oktyabr ayının ilk cümə gününü təbəssüm günü kimi qeyd edib. 2001-ci ildə dünyasını dəyişən rəssamın bu nəcib təşəbbüsü davam etdirilib.

Beynəlxalq Təbəssüm Gününün əsas şüarları bunlardır: “Xeyirxah iş gör!”, “Kiməsə gülməyə kömək et!”

Anlaşılan, təbəssüm günü həm də kimisə sevindirmək anlamına gəlir. İnsan müxtəlif səbəblərdən gülümsünə bilir, onun ən gözəli sevinərək gülümsəməkdir.

Üzünüzdən sevinc təbəssümü əskik olmasın!

“Vətən səsi” qəzeti

# 3080 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #