"Ya zdes umer"

"Ya zdes umer"
31 iyul 2014
# 10:20

Of bə! Qoy, elə belə də başlayım yazıma... Çünki kitabı bitirən kimi içimdən qopan ilk reaksiya bu oldu. Zakir Sadatlının “Əfqanıstan uçurumu” xatirə-romanını deyirəm.

Bəli, bir zamanlar Azərbaycanın Əfqanıstan adlı bir bəlası vardı. Bu, o qədər də uzaq olmayan tarix mənim də xatirimdədir. Əfqanıstan sözü o vaxtdan nağıllardakı üç yoldan birini - Gedərgəlməzi xatırladıb mənə. İndinin özündə də “əfqan” və “Əfqanıstan” deyəndə içimdə nəsə qaralır, burulur, ağrıyır, sızlayır...

Deyirdilər, əfqanlar qara millət olduğuna görə SSRİ-dən ora yalnız qaraları – qafqazlıları, orta asiyalıları göndərirlər. Həm də ruslar özünü bu odun içinə atmır. Ədalətsiz müharibə aparırlar deyə...

Çox deyilib Əfqanıstan haqda, çox danışılıb. Amma deyəsən, yazan bircə nəfərdir.

Ədalətsiz müharibə aparan tərəfin əsgəri... Üstəgəl dini və milli təəssübkeşlik. Bunlardan daha ötə - müharibəyə yazıçı münasibəti. Gör neçə rakursdan baxmaq məcburiyyətində qalıb, mərhum dostumuz Zakir Sadatlı. Və qəribədir ki, o, yazdığı kitabda bütün sınaqlardan üzüağ çıxıb.

“Bir nəfərin ölməyi faciədir, min nəfərin ölməyi statistika”. Bu məşhur deyimdən “Əfqanıstan uçurumu”nun müəllifi də istifadə edib. Ancaq kitab bütün tövrü ilə bu didaktik qənaətə incə bir redaktə də edir: “İnsanın ölümü faciədir!” O əsgərin, o mücahidin, o muzdlu döyüşçünün, o sadə kənd sakininin İNSAN olduğunu göstərmək üçün isə yazıçı qələmi gərəkdir. Dərin müşahidələr, təsirli detallar, səmimi etiraflar, dəqiq qənaətlər... Bütün bunlar azdır hələ...

Əfqanıstan müharibəsi haqda rusların çəkdiyi “9-cu rota” filminə baxanda barmağımı dişlədim. Əfqan mücahidlərinin qəhrəmanlığı kifayət qədər əks edilir bu filmdə. İmperiya əsgərləri onların öz vətənləri uğrunda necə qəhrəmanlıqla döyüşdüyünə rəğbət bəsləyir. Eyni zamanda sovet ordusuna, onun ədalətsiz mövqeyinə dəhşətli bir ironiya var. Bu məsələ “Əfqanıstan uçurumu”nda da diqqətdən yayınmır. Üstəlik, müəllifin əfqan kəndlərinə, əfqan dağlarına baxarkən öz doğma yurdunu xatırlayır, özünü oda düşmüş insanların yerinə qoymağı bacarır.

Müharibəni anlamq çox çətindir. Sözün həqiqi mənasında. Həm də onun içində ola-ola. Doğrudur, əsər xeyli sonralar qələmə alınıb, ancaq, müharibənin içindən keçə-keçə onu anlamayan adam belə bir kitab yaza bilməz. Bütün ağrı-acılarla yanaşı əsər boyu yumor hissini ayaqda tutmaq hər oğulun işi deyil. Təsəvvür elə, qələbə çalmaq da, məğlub olmaq da, döyüşmək də, döyüşməmək də müəllifə qüssə gətirir. Haqlı olaraq! Kimin üzərində qələbə arzulayaq? Və nə üçün? Göz görə-görə bu qədər günahsız insanın həyatını cəhənnəmə çevirmək kimə lazımdır? Müəllif bunlardan yana-yana söz açır. Bir yandan da döyüşmək istəməyən, amma buna məcbur olan bədbəxt əsgərlərin halı... Ciblərində qız şəkilləri... Xəyalları analarının yanında!

Açığın deyim, üşümək, ağrımaq, qoxu duymaq, qorxmaq, diksinmək öz yerində, kitabda iki yerdə əməlli-başlı səs də eşitdim. Bunun biri düşmənə əsir düşüb dağların başından döyüşçü dostlarını haraylayan, bunun pusqu olduğunu anlayıb onu xilas etməyə getməyən yoldaşlarını ağlaya-ağlaya söyüb-batıran, onlara nifrinlər yağdıran Kuqayın səsi idi. O biri Poroxinin saatının çaqqıltısı... “Dembl”llər Poroxinin saatını zorla əlindən alıblar. Müəllif onu geri alacağına söz verir. Amma mümkün olmur – həmin adamı tapa bilmirlər. Döyüşlərin birində Poroxin həlak olur. Müəllif yazır: “Həmin gecə kazarmada kiminsə qolunda bir saat hıçqırırdı”

Kuqayın qayadan asılmış meyitini geri alanda əsgərlər süngüylə daşlar üstündə qeydlər edirlər: “Ya zdes bıl. Saşa” (Mən burda olmuşam. Saşa), “Jdi menya, mama. Kostya” (Gözlə məni, ana. Kostya), “Ya zdes voeval. Xudayberqanov” (Mən burda döyüşmüşəm. Xudayberqanov) və s. Əsərin qəhrəmanı isə Kuqay asılan qayanın sinəsinə yazır: “Ya zdes umer. Kuqay” (Mən burda öldüm. Kuqay)

Bu yaxınlarda həyatdan vaxtsız köçən Zakir Sadatlının ölümündən sonra Milli Kitab Mükafatı almış “Əfqanıstan uçurumu” kitabında ən təsirli cümlə budur məncə: BİRİNCİ KİTABIN SONU

# 3831 dəfə oxunub

Müəllifin son yazıları

# # #