Nərimanovun qardaş arvadı yanlışı

Nərimanovun qardaş arvadı yanlışı
23 iyul 2020
# 11:10

Gənc yazar dostumuz Sonuncu Orxan facebook paylaşımında Nəriman Nərimanovun "Pir" povestindən yazır və əsərin qısa məzmununu verir:

“Molla Cəfərqulunun qardaşı ölür, arvadı Gülbadam dul qalır. Cəfərqulunun Gülbadama gözü düşür. Necəsə bir yolla ona toxunmaq, ələ keçirmək istəyir. Hər dəfə arvadıyla söhbətində "çoxarvadlılıq" məsələsini qabardır, altdan-altdan onun rəyini öyrənmək istəyir. Arvadı da Cəfərqulunun Gülbadama mehriban münasibətindən duyuq düşür və onu heç vaxt evdə tək buraxmır, harasa gedəndə özüylə aparır. Bir gün xəbər gəlir ki, Gülbadamın əmisi xəstədir, ona qulluq etmək lazımdır. Cəfərqulu Gülbadamı yanına salıb gecə vaxtı yollanır onlara. Cəfərqulu fürsət axtarır ki, Gülbadama niyyətini bəyan eləsin, bir yolla ona toxunsun. Qoz ağacının yanında özünü yerə yıxır, ona kömək eləmək istəyən Gülbadamın qolundan tutub özünə tərəf çəkir, başlayır öpməyə. Gülbadam gözləmədiyi hərəkətdən sarsılır, çığır-bağıra başlayır. Bu heynidə yoldan keçən çoban səsi eşidib onlara tərəf gəlir. Cəfərqulu tez cibindən şamı çıxarıb yandırır, başlayır ağacın altında namaz qılmağa. Çoban hal-qəziyyəni soruşanda deyir ki, bəs, biz ağaca yaxınlaşanda gördük burda şam yanır, ağacdan səs gəlir, bu zavallı arvad da tab gətirə bilməyib qəşş elədi. Təzim et, bura pirdir. Çoban Cəfərqulunun sözünə inanır. O vaxtdan həmin ağac kənd camaatının dilək yerinə - pirə çevrilir və Məşədi Cəfərqulu da ömür boyu dolanışığını bununla təmin edir.”

Məsələnin ideoloji tərəfini qoyuram bir kənara, sırf bədii-estetik baxımdan yanaşıram mövzuya. Məsələ budur ki, Azərbaycanda tarixən ölən qardaşın arvadını subay qardaşa almaq ənənəsi olub, lakin qardaş arvadına gözü düşmək cəmiyyətimiz üçün xarakterik deyil. Xırda istisnalar yazıçının tənqidi-realist əsərdə diqqəti o yönə çəkməsinə səbəb olmamalıdır. Yazıçı cəmiyyətdə yayğın olan və xroniki hala keçən arxetipləri “vurmalıdır”. Bu mənada Nərimanov barmağını ağrıyan yerə düzgün qoya bilməyib. Analogiyanı onun müasiri olmuş Mirzə Cəlillə aparmaq istərdim. Qardaş arvadı məsələsi “Ölülər” əsərində də var. Lakin dürüstcə... Ölən qardaşının arvadını alıb ondan qalma var-dövlətə yiyələnənlər Şeyx Nəsrullahın ölüləri diriltməsinə razı olmurlar. Şeyx bunu yaxşı bildiyindən qəbiristanlığa ürəklə gedir və fikirləşmək üçün zaman istəyənlərə məlum-məşhur cavabını verir: “Xub! Get fikirləş.”

Zənnimcə, yoldaş Nərimanov “Bahadır və Sona” əsərində də ağrıyan nöqtəni düzgün tapa bilməyib. O, məxsus olduğu bolşevik firqəsinin dünyagörüşünə uyğun olaraq azərbaycanlı ilə erməni arasındakı sevgidən bəhs edir. Belə hallar olub. Qardaş arvadına tamah salmaqdan daha çox yayılsa da, erməni-azərbaycanlı sevgisi də millətlərarası münasibətdə funksional mövzu deyil. Diqqət etsəniz, “Əsli və Kərəm”də və “Şeyx Sənan”da vurğu millətdən çox “tərsa qızı” üzərindədir. Yəni daha yayğın olan məqamda.

Milli məsələdə Cəfər Cabbarlının Allahverdi və İmamverdi obrazlarının münasibəti o dövr üçün xarakterik sayıla bilərdi. Lakin bu məsələdə də barmağını ağrıyan yerə daha dəqiq qoyan Mirzə Cəlildir. “Kamança” pyesindəki erməni kamançaçalan ilə bizim yüzbaşının dialoqu ən ağır müharibə şəraitində belə sarı simə toxuna bilir və yuxarıda adı çəkilən əsərlər kimi konyunkturaya çevrilmir.

Yeri gəlmişkən, “Molla Nəsrəddin”dən və inqilabdan sonra ağır maddi duruma düşən Mirzə Cəlilə Bakıda beş otaqlı mənzili Nəriman Nərimanov bağışlayıb.

# 5607 dəfə oxunub

Müəllifin son yazıları

# # #