Mədəniyyətimizin “Arxa qapı”sı

Mədəniyyətimizin “Arxa qapı”sı
23 may 2020
# 11:41

26 il nazir kürsüsündə əyləşən, onun 14 ilini mədəniyyət sisteminə rəhbərlik edən Əbülfəs Qarayevin vəzifədən azad edilməsi mədəniyyətimizin taleyini yenidən gündəmə gətirdi.

Bilən də yazdı, bilməyən də.

Bilən də yazır, bilməyən də.

Bilən də nazir postuna namizəd axtarır, bilməyən də.

Mən mədəniyyət sahəsi üzrə 20 illik jurnalist (arada məmur) təcrübəsi olan və Əbülfəs Qarayevlə həm baş redaktor, həm də nazirlik aparatında məsləhətçi kimi işləyən biri kimi “yazım, yazmayım” deyə xeyli tərəddüd etdim.

Yazsam, gedənin dalınca danışdı çıxacaq, yazmasam, bir növ işimi, vəzifəmi yerinə yetişməmiş sayılacam.

Düşünüb-düşünüb axırı bu qərara gəldim: şəxsdən yox, sistemdən yazım. Çünki Azərbaycan mədəniyyətinin ən vacib problemi şəxslərlə bağlı deyil! Mədəniyyət sahəsinə ayrılan pullar motoru yağ yeyən köhnə maşına çəkilən xərcə bənzəyir. Neyləsək də istədiyimiz nəticəni ala bilməyəcəyik. Maşını dəyişmək lazımdır.

...2003-cü ildə Əbülfəs Qarayevdən əvvəlki nazir Polad Bülbüloğlunun müvafiq qərarı ilə “Kino+” qəzetinin baş redaktoru təyin edildim. Redaksiya C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının binasında yerləşirdi. Polad Bülbüloğlu məni qəbul etdi. Dedi, Heydər Əliyev kinonu mənə tapşıranda bu sahəni abıra salmağımı istədi.

Polad Bülbüloğlunun ilk təşəbbüsü kinostudiyanın iki qapısından birini bağlamaq oldu. Söhbət “Ləvəngi” restoranı tərəfdən olan girişdən gedir. Nazir bu haqda danışanda qəribə bir misal çəkdi. Dedi, bilirsən də heyvanlardan yalnız tülkünün deşiyinin iki çıxışı olur, ovçular bir tərəfdən qazanda, o biri tərəfdən qaçıb gedir. Usta ovçular tülkünü tutmaq üçün deşiyin birini bağlayırlar.

O vaxt torpağı yavaş-yavaş satılan kinostudiyanın həyətində böyük bir restoran vardı. Bakıda ilk süni dağlar, zağalar, dekorativ meşələr burda yaradılmışdı. Həmin restoranın əsas girişi “Ləvəngi” tərəfdən olan qapıdan idi. Nazir o qapını bağlamaqla restoranı həyətdən çıxarmaq istəyirdi. Başqa cür mümkün deyildi.

Batmış “Tutanik”ə bənzəyən kinostudiya binası ilə müqayisədə bu restoran çox canlı-qanlı, çil-çıraqlı, tüstülü-alovlu, qonaqlı-qaralı idi. Hətta axşamlar, siz də mənin qardaş-bacılarım, yeyib-içib keflənən xaşalqarın vətən övladları yanlarına aldıqları gözəlçələrlə ağacların dibinə dağılışırdılar. Həndəvarda yaşayan ailələr hava qaralandan sonra balkona çıxmağa utanırdılar. Polad müəllimin deməyinə görə, bu vəziyyətlə bağlı ən yüksək instansiyalara şikayət olunmuşdu.

Bir sözlə, rusların bizim üçün tikib verdiyi müqəddəs kino məbədi eynən Mövlud Süleymanlının dəyirmanı kimi əxlaqsızlıq yuvasına çevrilmişdi və işə başlamaq üçün arxa qapını bağlamaq qaçılmaz şərt idi.

Amma...

Polad Bülbüloğlu and içirdi:

“Mənə elə yerlərdən zəng elədilər ki...”

Nazirin hədəqəsindən çıxmış gözləri indi də xəyalımdadır. O, əməlli-başlı qorxmuşdu.

“Dedim, kişiyə deyəcəm! Bundan sonra əl-ayağa düşdülər və məni rahat buraxdılar!”

Polad müəllim qapını bağladıb ona çoxlu zəncirlər dolatdırır və yeddi-səkkiz qıfıl vurdurur.

Azərbaycanfilm” kinostudiyasına yeni direktor təyin edilib

Nazir kino sahəsinə yaxşı bələd olmadığı üçün əsl düyünün kinostudiyanın içərisində olduğunu bilmirdi. Bunu ovaxtkı kino sahəsi üzrə müavin Vaqif Mustafayev yaxşı bilirdi, o da Poladla qanlı-bıçaq idi, heç vaxt istəməzdi ki, kino idarəçiliyində uğur qazansın. Oturub səbrlə nazirin fiaskosunu gözləyirdi.

Polad müəllim ikilikdə mənə səmimi etiraf etdi:

“Kino sahəsində təmiz işləyəcəm! Buna əmin ol! Ona görə, istəyirəm, kinoyla bağlı qəzet çıxsın, hər şeyi yazsın, lap məni də tənqid eləsin.”

“Kino+” qəzeti belə bir qeyri-adi şəraitdə yarandı və ilk nömrədə nazirliyin keçirdiyi tədbiri darmadağın elədim. Dedim, qoy bəri başdan hazır olsunlar. Nazirin münasibətini bildiyi üçün heç bir məmur bizə söz deyə bilmirdi. Buna şahid olan insanlar çoxdur.

Mən nazirliyin içindəki “Qordi düyünü”ndən kinostudiyanın direktoru Xamis Muradovun sayəsində xəbər tutdum. Təəccüblənəcəksiniz. Böyük bir müəssisənin rəhbəri qəfil ildırım kimi gələn bir dəstə cavan jurnalisti çox da sevməz axı. Üstəlik, onlara sirr versin...

Lakin söhbət ölüm-qalım məsələsindən gedirdi. Xamis də qoca kişiydi, ən birinci öz canından qorxurdu.

Kinostudiya elə günə düşmüşdü ki, kibrit çəkib atsan, Novruz tonqalı kimi alovlanardı. Daşları da öləzimişdi. Bina gerçəkdən yavaş-yavaş yerə batırdı. Hər dəfə baxanda Cəfər Cabbarlının xəcalətdən başını aşağı saldığını düşünürdüm. Büst cüzam xəstələrinə oxşayırdı. Bina isə elə bil gördükərinin müqabilində ölüb-yerə girirdi.

O vaxt infrastrukturdan, texniki-təchizatdan söhbət gedə bilməzdi. Kinostudiyanın işıq sistemi belə doğru-düzgün deyildi. Xamis müəllimin mənə verdiyi sirr də perspektivdəki dəhşətli yanğınla bağlıydı.

Bildiyiniz kimi, qəzet çıxan gün redaksiyalar 12-cən, bəzən, daha gec saatlaracan işləyir. Kinostudiya isə yanğın təhlükəsinə görə işıqlarını saat 6-7-də, uzağı 9-da əsas xətdən söndürürdü. Buna əvvəllər acığım tuturdu və bizə qarşı saymazlıq kimi baxırdım. Amma indi səmimi düşünürəm, Xamis Muradovun yerinə mən olsaydım, ümumiyyətlə kinostudiyanın işıqlarını yandırmazdım, otaqda şamla, çıraqla oturardım.

İşıq sistemi 60-cı illərdən qalmışdı. Hər yanan şunurun yerinə başqa birini burdan-ora, ordan-bura səliqəsiz şəkildə o qədər calamışdılar ki, dünyanın ən mürəkkəb şəbəkəsi əmələ gəlmişdi. Bill Geyts öz komandası ilə gəlsəydi baş çıxara bilməzdi. Kinostudiyanın 50 il ərzində bir-birinə qarışmış naqillərini tədqiq eləmək, planeti internet şəbəkəsinə qoşmaqdan daha çətin idi. Sistemdən bircə Sabir adlı qoca montyorun başı çıxırdı. Adam minlərlə şunurun hardan hara çəkildiyini, hətta nə vaxt çəkildiyini, həmin şunurlarda sənədə görə neçə, realda neçə volt olduğunu Nikola Teslanı heyrətdə qoyacaq səviyyədə dəqiq bilirdi.

Xamis Muradovun ən böyük dərdi kino-zad deyildi, onu düşündürən bircə sual vardı: Birdən Sabir ölər, biz neyləyərik? Sabir də öz istisna əhəmiyyətini anlayırdı, işimiz düşəndə elə cavab verirdi, söz deməyə peşman olurduq. Xamis müəllim imkan düşən kimi qolumuzdan yapışıb öyüd-nəsihət edirdi: “Onu əsəbləşdirməyin, dəli şeydi, atvyorkasını götürüb gedər, qalarıq məəttəl!”

Hər dəfə zülmətlərə qərq olan kinostudiyaya baxanda işıqla bağlı bir əhvalat yadıma düşürdü. Bir axşam dahi Şamil Mahmudbəyov kinostudiyada darıxır, bilmir neyləsin, Rasim Ocaqova zəng edir ki, bəs pavilyonun projektorlarını yanılı qoymusan. Bu da o qədər güclü işıqdır ki, bir saata allah bilir nə qədər pul yazar. Rasim Ocaqov başılovlu taksiyə minib gəlir, görür, işıqlar sönülüdür. Şamil müəllimin otağına gedir, deyir, mənimlə niyə məzələnirsən? Şamil müəllim stolun üstünə düzdüyü kolbasanı, yanına qoyduğu bir şüşə arağı göstərir:

“Rasim, bilirəm, ərincəsksən, nə qədər yalvarsam, gəlməzdin, ona görə səni belə gətirtdim. Darıxıram. Otur dərdləşək...”

Bax sönülü vəziyyətdə də parıltısı bu günümüzə, bu yazımıza düşən o işıqların gücü ilə “Şərikli çörək”, “Tütək səsi” kimi şedevrlər çəkilirdi.

Amma indi...

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası qarşısındakı cüzamlı heykəli, həyətindəki zağalı restoranı, satılmış torpaqları, arxadakı ikinci qapısı və içindəki “Qordi düyünü” ilə qafamda mədəniyyətimizin möhtəşəm metaforasına çevrildi.

Sonralar Əbülfəs Qarayevin sayəsində bu metafora daha da mükəmməlləşdi və mən qəzetimiz bağlandığı üçün mərkəzi aparata işə getdim. İlk günlərdən anladım ki, kino şöbəsinin film çəkmək, incəsənət şöbəsinin tamaşa qoymaq, nəşriyyat şöbəsinin kitabı və ədəbiyyatı inkişaf etdirmək kimi bir məqsədi-filanı yoxdur. Varsa da, əsas maraqlar içərisində keçici, epizodik, göstəriş xatirinədir. İlk əvvəl iclaslardan qaza gəlib ciddi təkliflər-filan hazırlamışdım. Çıxanacan məni lağa qoyub gülürdülər.

Azərbaycan mədəniyyətinin “Arxa qapısı” bağlanmalı, “Qordi düyünü” çözülməlidir. Buna təkcə şəxsləri deyil, həm də sistemi yeniləməklə nail olmaq olar. Məncə, bu prosesin astanasındayıq.

# 16426 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #