İlk qadının dadı... “90-lar” layihəsi

İlk qadının dadı... “90-lar” layihəsi
10 sentyabr 2014
# 08:30

Kulis.az “90-lar” layihəsi çərçivəsində Şərif Ağayarın “İlk qadının dadı...” yazısını təqdim edir.

Layihənin digər yazıları:


Qan Turalı: Atalarımızın erməni sevgililəri

Şəhriyar del Gerani: Qvadalupenin şalvarındakı inqilab

Gülnarə İlham: Bacısıyla öpüşən qardaş...

Nuranə Abbasova: Qızlarımızın evdə qalmaq qorxusu

Kənan Hacı: Yataq otağımdakı Sibel Can

Vüsalə Məmmədova: Bütün qızların eyni adamı sevdiyi zamanlar

90-lar mənim üçün amansız xəstəliklə başladı. Gizlin suçiçəyi tutmuşdum və o vəziyyətdə yağışda islanmış, yağış sonrası nəm otun üstündə uzanıb adamı məst-xumar edən ilıq günəş şüaları altında yuxuya getmişdim. Bir həftə sonra qızdırmam necə qalxdısa məni qonşu kənddəki xəstəxanaya qaçırdılar.

Divarda karvan yeriyir, xəyalatlar özünü üstümə yıxıb məni boğur, tanıdığım-tanımadığım adamlar qapı arasından mənə baxıb əzabla qımışır, bəzənsə qəzəblə barmaq silkələyirdilər. Huşum tez-tez gedib gəlirdi. Qısası, Bakıda iki kurs müalicə alandan sonra ağır xəstəliyimin əsəri yenicə keçməyə başlayırdı ki, 89-un dekabrında yenidən soyuqladım. Bədənim zəif olduğundan yenə xəstəxanaya düşdüm. Bu dəfə kəndimizin xəstəxanasına (Laçın. Ağbulaq). 90-cı ilin ilk ayının son 20 gününü palatada keçirdim. 20 Yanvar hadisələri ilə bağlı xəbəri də bu çətin vəziyyətdə eşitdim. 14 yaşım vardı. Bəlkə də hadisəni yetərincə qavraya bilmirdim. Amma Bakı televiziyasının göstərməməsi hamı kimi məni də həyəcana salmışdı. Onu deyim ki, bizim kənddə televizor 2-ci kanalda Bakını, 6-cı kanalda Şuşanı tuturdu. Təbii ki, Şuşa heç vaxt ayrıca veriliş vermirdi. Sadəcə televizorlar dağ kəndlərində daha yaxşı tutsun deyə ötürücü funksiya daşıyırdı.

Bu dəfə Bakı haqqında Şuşa danışırdı. Bizə deyirdilər ki, Bakını yerlə yeksan ediblər. Telestudiya da ona görə işləmir. Şuşa da doğru-dürüst bir şey demirdi. Ümid qalırdı “Azadlıq” radiosuna... Mirzə Xəzərin səsinə. Mirzə Xəzərin xüsusi enerjisi və intonasiyası olan o həyəcanlı səsi iliklərimə işləyib, inanın. İndi onu həm asanlıqla parodiya edə bilirəm, həm də bu səsi eşidəndə, sövq-təbii həyəcanlanıram...

Onu deyim – 90-cı illər yaddaşımda elə dərin izlər buraxıb ki, ömrümün axırınacan hekayə, povest və roman yazmağıma bəs edər. Xüsusən, 92-97-ci illər ki, hər günü, hər saatı hadisə ilə dolu idi. Hardansa oxumuşam: tarix hadisələr və onların biri-birinə çevrilməsidir. Əgər bu doğrudursa, mən 90-cı illərdə bəlkə də bir əsr yaşadım.

Orta məktəbi bitirməyim, ilk sevgi, xarici dil keçmədiyim üçün sənədlərimin ali məktəbə götürülməməsi, çobanlıq etməyim, SSRİ-nin dağılması, torpaqların işğalı, qaçqınlığın ən ağır, ən faciəvi günləri, testlə ali məktəbə girməyim, bitirməyim, Bakıya gəlməyim, dərgidə kitabımın nəşr olunması, ailə qurmağım, ilk övladın sevinci və s. və i a. Bütün bu ciddi olayların lazım bildiyim detallarını yaxınlara planlaşdırdığım bir roman üçün toplayıram. Amma bəzi xırda məqamları bölüşə bilərəm.

Bacım Bakıda Tibb Texnikumunda oxuyurdu və bir gün tətilə gələndə Barış Mançonun kasetini alıb gətirmişdi. Adı da belə idi: “Unutma ki, dünya fani”. İndi də bəzən mənə qəribə gəlir: Laçın rayon mərkəzindən 70 km şimalda yerləşən kəndimizdə Barışı sevməyə başlamışdım artıq. Onda kəndimizdə yalnız Ağadadaş Ağayevin, Baloğlan Əşrəfovun kasetlərini dinləyirdilər. Onda Barışın adının niyə belə qoyulduğunu bilmirdim və onu da bilmirdim ki, bu Barış kəndimizə savaş gətirəcək!

Əslində bacımın oxumasına səbəb mən oldum.

Atam çox mühafizəkar adam olmasa da nədənsə “qız oxutmaq” istəmirdi. Bununçün ona qohum-əqrəba da təsir edirdi: adam gənc-yeniyetmə qızını aparıb yad bir şəhərdə yiyəsiz qoyub kəndə qayıdarmı? Olsa-olsa qiyabi oxutmaq olar. Tələbə biletini alan kimi də ərə vermək! Əri bilər, özü bilər! İstər oxuyub-işləyər, istəməz oturar evində. Amma bacım çox qabiliyyətli idi və dəhşətli dərəcədə oxumaq istəyirdi. Onu yuxarı sinifdə məktəbdən ayırdılar. Oturub, saatlarla zülüm-zülüm ağlayırdı. Əslində biz həm də sinif yoldaşı idik. Atam məni bir il tez qoymuşdu məktəbə ki, bacımla oxuyum. Bir partada otururduq. Yuxarı siniflərdə nədənsə fikrini dəyişdi. Bizim sinifdə məktəbə gələn yeganə qız bacım idi, axır ki, onu da məktəbdən ayırdılar.

Bacıma görə müəllimlər dəfələrlə məni məktəbdən qovurdular: “get dərsə çağır!” Gəlib onu ya qapı süpürən, ya çörək bişirən görürdüm. Ailədə mənə verilən bu üstünlüyə görə xəcalət çəkirdim. Bacımdan utanırdım...

O, məktəbə getməsə də, tapşırılan dərslərə həvəslə hazırlaşır, mənə kömək edir, şifonerin qarşısında durub müəllimə danışırmış kimi danışırdı. Mən onunla birlikdə daha rahat oxuyurdum. Karıxanda məni ələ salır, cırnadırdı. Bunun dərdindən əzbərləyirdim kitabı.

91-ci ildə ki, mənim sənədlərimi Bakı Dövlət Universitetinə (jurnalistika) götürmədilər, atamın hazırladığı pul əlində qaldı. Başqa şəhərdə və ya başqa ali məktəbdə oxumaq istəmirdim. Həmin vaxt bir qohumumuzu Tibb Texnikumuna düzəltdilər. 8 min manata! Ailəsi dağılan yaxın bir qadın qohumum məni yanına çağırdı. Dedi, bax, mən tək qadınam, amma diplomum olduğu üçün özümü dolandırıram, heç kimə əl açmıram. Kişi fəhlə işləyə bilər, kiminsə odununu doğrayar, heyvanını otarar, maşınını sürər... Amma qadın bunları bacarmaz. Get atanı razı sal, bacını texnikuma qoysun!

Getdim və çətinliklə də olsa atamı razı saldım. Atam mənə ayırdığı puldan 8 min verib bacımı Tibb Texnikumuna qoydu. Mən isə bir il sonra testlə Pedaqoji Universitetin tarix fakültəsinə qəbul olundum.

Ali məktəb üçün imtahana gedəndə yaşamağa daxmamız belə yox idi. Orta məktəbdən bir il əvvəl ayrılmışdım. Üstəlik, keçirdiyimiz ağır həyat yaddaşıma təsir eləmişdi. Amma atam məni imtahana getməyə məcbur etdi. O vaxt ali məktəbə qəbul olunmağım qaranlıqda qara pişik sevdası idi. Amma gözlənilmədən qəbul olundum! Yurd-yuvamızın dağılması ocağımıza necə bomba kimi düşmüşdüsə, bu xəbər də eləcə oldu. Tanrı bataqlıqda batmaqda olan bir ailəyə mərhəmət əlini uzatmışdı.

Kənddə ikən bir qız sevirdim. Dəfələrlə velosipedlə qarşısını kəsib eşq elan etmişdim. Bizdə belə məqamlarda qızlar adətən oğlanların atalarını söyürdülər. Ancaq o, dinmirdi, utanırdı. Qaçqınlıq düşənə qədər mənə ciddi heç bir cavab verməmişdi. Əslində ciddi heç nə də yox idi.

Ali məktəbdə oxuyanda bir tanışımızdan xəbər göndərdi: məni ərə vermək istəyirlər, əgər fikri ciddidirsə, gözləyim!

Onu aldada bilməzdim. Çünki hələ birinci kursda idim və yağış yağanda yırtılmış ayaqqabılarıma rəğmən ayağıma klyonka sarıyırdım ki, islanmasın... Pul tapanda çörək tapmırdım, çörək tapanda pul. Yadımdadır, bir dəfə qrup yoldaşımızın atasının yasına getmək üçün 1 şirvan (indiki 2 manat) pul yığırdıq. Mən daxmamıza yollandım, amma ailə vəziyyətimizi görüb atamdan pul istəməyə utandım. Uşaqların hamısı məndən balaca idi. Mənimsə, vur-tut 15 yaşım vardı. Ailə çox böyük (9 nəfər), əmək qabiliyyətli isə yalnız atamla anam idi. Pambığa gedir, çobanlıq edirdik. Balaca qardaşlarımın ikisi yoxsulluq dərdindən məktəbə gedə bilmədi. Açıq danışaq gərək: belə bir vəziyyətdə eşq-sevgi söhbətləri çox əttökən görünür! Odur ki, “ilk məhəbbətim”ə asanlıqla “yaxşı yol” ismarışını göndərdim. Amma etiraf edim, bu hadisə hələ də içimdə küt ağrılarla müşayiət olunur.

90-nın ortaları... Qarışıq və səliqəsiz bir rayon (Ağcabədi), kolxoz bazarındakı qıcqırmış meyvə qoxusu, ayağı palçıqlı qaçqın kişilər, qırmızı güllü paltar geyinib şal örtmüş qaçqın qadınlar, “makrşok” şalvarının arxa balağını ağ corabına salıb palçıq küçələrdə ehtiyatla yeriyən ədabaz rayon cayılları, təzədən yığılıb “parlovka” edilərək tələbə qızların eşqi ilə küçələrdə “oynayan” rus maşınları, saqqallı əfqan döyüşçüləri, əsgər meyitləri, yaralılar, göz yaşı, qorxu, “oblava”lar, çörək növbələri, qız ətri, İbrahim Tatlısəsin, Mahsun Qırmızıgülün mahnıları, ilk öpüş, ilk qadının dadı, “qoluboy” sözünün “həqiqi” mənasını anlamaq, döyülmək, imtahan qorxusu, müəllimlərin kobudluğu... yaddaşıma mixi yazılar kimi həkk olunub.

Gəlin geniş təfərrüatları proza üçün saxlayaq...

Açığı, yazmağa qıymıram...

# 5759 dəfə oxunub

Müəllifin son yazıları

# # #