İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə

İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12 iyun 2021
# 12:30

Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən yazıçının qızı, BDU-nun müəlliməsi, filoloq Sevinc Hüseynova ilə müsahibəni təqdim edir.

- Ənənəvi sualımız: layihəyə dəvət olunanda ilk yadınıza düşən nə oldu?

- Ata deyən kimi yadıma uşaqlığım düşür. O illəri unutmaq olmur. Yazıçılıqdan əvvəl onu ata kimi xatırlayıram.

- Siz çox gec doğulmusuz... Yəqin həm də buna görə lap çox istəyirmiş.

- Hə... 1968-ci ildə atam bir dəstə yazıçı ilə Türkiyəyə göndərilir, anamı da aparır özüylə. Bildiyim qədərilə, Süleyman Rüstəm, Qasım Qasımzadə, Məsud Əlioğlu da ailəvi gedibmişlər. Rəsul Rzayla Nigar Rəfibəyli də ordaymış. Həmin vaxt atamın 40, anamın 38 yaşı varmış. Atam orda oteldə bir yuxu görür: qarabuğdayı kök bir qız uşağı otağın küncündən iməkləyə-iməkləyə gəlib, başını sinəsinə qoyub yatır. Anamı yuxudan qaldırır ki, Fira, (ona belə müraciət edirdi, anam da deyirdi, Firzə de, Fira yox) qalx, qalx, qızın olacaq! Təbii, anam inanmır. 40 yaşda nə uşaq, nə qız? Bir neçə ay anam hamilə olduğunu bilməyib. Hətta elə bilirmiş xərçəngi var. Moskvada bir həkim deyib ona. Sonra Bakıda yoxladıb ki, həqiqətən 4 aylıq hamilədir. Böyük bir sevinc yaşayıb qohum-əqrəba. Hətta sevindiyindən ürəyi gedən də olub. Nəbi əmim (Nəbi Xəzri – red.) deyib, gəlin uşağın adını Möcüzə qoyaq. Doğrudan, bu, Allahın möcüzəsidir. Atam deyib, yox, mən yuxuda görmüşəm, qızımın adı Sevinc olacaq. Anam ciddi olub mənə qarşı, amma atam çox, bəlkə də lazım olduğundan artıq əzizləyirdi məni. Elə bir arzum olmayıb ki, atam yerinə yetirməsin. Səhvim də olanda gülüb keçirdi. Deyirdi, düzələcək, uşaqla işiniz olmasın. Biz dost idik. Adətən qızlar atalarından çəkinirlər, məndə belə deyildi.

- Bir az zabitəli idi həm də...

- Bəli. Bir baxışından hər şeyi anlamaq olurdu. Səsini heç vaxt qaldırmazdı. 45 il bir yerdə yaşadıq, ondan kobud bir ifadə eşitmədim. Kimsə inanmaya bilər, amma belə idi.

- Adət-ənənələrə görə, uşaq doğulmayanda ailə dağılır... Ancaq bunlar ayrılmayıb.

- Getmədikləri həkim qalmayıb. Səbəbi də dəqiq bilinmirmiş. Atam bu məsələdə həmişə anamı müdafiə edib. Deyib, onu incitməyin, günah məndədi. Halbuki, belə deyildi. Anama xətər dəyməsin deyə belə deyib. Mənə elə gəlir ki, heç bir kişi bunu eləməz. Anam deyir, İsa atamın yoxluğunu mənə hiss elətdirmədi.

- Hansısa müsahibəsində demişdi ki, İsayla bir vaxtda ölmək istəyərdim...

- Həəə... Çox istəyir, ölümünə hələ də inanmır. Anama təsəlli verib həmişə. Deyib, bu qədər balaca bacı-qardaşımızı saxlamışıq, altı səndə, altı məndə - ikisinin də yeddi qardaş-bacısı olub – bu on iki adamın heç olmasa biri bizə övladlıq edər, sən uşağa görə ürəyini sıxma.

- Qohumdular həm də..

- Xaloğlu-xalaqızıdır.

- Rəhmətlik şair Davud Nəsibin bacısıdır də, ananız...

- Bəli. Xalalarımın biri Nəbi Xəzriyə, biri Məstan Günərə, o biri mərhum professor Cəlal Abdullayevə gedib. Bacıların böyüyü mənim anamdır. Anam Tibb Universitetində təhsil alırmış. Bilirsiz ki, atam da bir il Tibb Universitetində oxuyub, sonra atıb Qorki adına ədəbiyyat institutuna gedib.

- Məncə, həkim kimi də yaxşı olardı...

- Yox, o ürəkdə adam həkim ola bilməz. Bir dəfə danışırdı ki, kinostudiyada işləyəndə zibil qutusunda bir siçovul gördüm. Lap o irilərindən... Çapalaya-çapalaya qalmışdı, çıxa bilmirdi. Bir çubuq tapıb onu çıxartdım zibil qabından, dedim, ay Allahın heyvanı, səni xilas elədim, indi dinməz-söyləməz çıx get. Getmədi, durub mənə baxdı. Düz gözlərimin içinə... Deyir, hamının iyrəndiyi, hamının nifrətlə baxdığı, görəndə başını əzmək istədiyi siçovulun gözlərində qəribə bir məhəbbət duydum özümə qarşı. Elə bil mənə təşəkkür edir, nəsə demək istəyirdi...

- Görəsən, bu əhvalatı Yusif Səmədoğluna danışmayıb?

- Kirlikir obrazına görə deyirsən? Bilmərəm... Bəlkə də... Orasından xəbərim yoxdu...

- Ananızı o vaxtdan istəyib?

- Atam Muğanlıda yaşayırmış, anam Ağstafanın özündə. Atam bədəncə arıq, cılız adam olub, anam çox gözəlmiş. Anamın atası Məcid babam müharibədən qayıtmayıb. Mustafa babam, 416-cı diviziyanda komandiri imiş, qayıdıb gəlib, ancaq burda maşın qəzasında ölüb, hər iki ailə başsız qalıb. Bu evin böyüyü atam olub, o evinki anam, balacalar bunların ümidinə qalıb. Anam deyir, məni sevdiyini heç vaxt hiss eləməmişəm. Evlənmək ərəfəsində çox qız göstəriblər, atam deyib mənim gözüm yalnız ondadır. Ailə qurandan sonra isinişib atama.

- Filologiyanı seçməyinizdə təbii ki, atanızın təsiri olub?

- Mən də həkim olmaq istəmişəm. Kimya-biologiyanı yaxşı da oxuyurdum. Anam razı olmadı, dedi, atanın yolunu davam elətdir.

- Nəsə yazmısız?

- Olub. Hekayələr yazmışam. Atam da baxıb bir neçəsinə (gülür), amma bir söz demirdi. Məncə, elə də yüksək qiymətləndirmirdi.

- O, heç məşhur yazıçıları bəyənmirdi...

- Bəyənmirdi, həəə... Onu nəsrdə qane eləmək çətin idi. Deyirdi, mükəmməl olmayacaqsansa, yazma. Buna görə yazılarımın çoxunu cırıb atdım.

- Amma şairləri tərifləyirdi. Məsələn, Zəlimxan Yaqubu...

- Hə. Şeirə başqa cür baxırdı.

- Ailə quranda necə, seçiminizə qarışmadı?

- Qətiyyən. Həyat yoldaşım yaradıcı adam deyil, iqtisadçıdır. Tanışlığımız da təsadüfən bir toyda olub. Mən onun hislərinə ona görə qiymət verdim ki, məni atama görə sevmədi. İlk görəndə kim olduğumu bilmirdi.

- Elçilik səhnəsini təsəvvürümdə canlandırmağa çalışıram... Maraqlıdır, necə oldu?

- Mən bu barədə anama demişdim. O da atama... Biri-birimizi istədiyimizi bilirdi. Bu, atamın razılığı üçün bəs edirdi. Ancaq anam narazı idi. Deyirdi, tanımırıq, bilmirik kimdir. Gülarə xalam Nəbi əmimi özü istəyib getmişdi. Mənə həmişə deyirdi ki, özün istə və get. Onu da Nəbi əmimə vermirmişlər, atam biləndə ki, qızın ürəyi var, işə qarışıb məsələni həll eləmişdi. Deyirdi, sevən insanların qabağına sədd çəkmək böyük günahdır.

- Nəbi Xəzrinin şeirlərini necə, bəyənirdi?

- Çox. Dost idilər. Atam onu tanıyırdı deyə, xalamı ona verdi. Xalamın gözəl səsi vardı. Nəbini necə sevirmişsə çıxıb damda “Qaçaq Nəbi” mahnısını oxuyurmuş. Atam da ordan bilib sevdiyini. Deyib bu sevgiyə dəymək olmaz.

- Çardaq da İsa müəllimin yaralı yeridi. Cümrünü də ora qaldırıb ağlatdı bizi... Özü də deyirdi, ilk ünü kinostudiyanın çardağında eşitdim...

- Həəə... (gülür)

- Nakam aşiq obrazı xatırlamıram əsərlərində... Özü qovuşub deyə, məsələni həll eləyib...

- Yoxdur, hə.

- Məncə, nakam sevgi şairlər üçündür. Yazıçı bu məsələdə zədəli qalmamalıdır ki, daha ciddi işlərlə məşğul olsun.

- Maraqlı fikirdir (gülür). O, ilahi sevgini lap cavan yaşında tapdı.

- Bir filoloq kimi hansı əsərini xüsusilə seçərdiniz?

- Çətin sualdı (düşünür). Bu sualı mənə cavan vaxtı versəydiniz keçmiş “Teleqram”, sonrakı “Faciə” əsərini seçərdim. Orda Zümrüd obrazı var, vurğun idim ona. Sonralar təzədən işlədi bu əsəri. İndi ən çox bəyəndiyim “Şinel” hekayəsidir. Son dövr hekayələrindəndir.

- Mən İsa Hüseynovu ən çox bığaltı qımışmasıyla xatırlayıram. Elə kişmişi gülürdü ki... Sizcə, nəyə istehza edirdi?

- (Düşünür) Deyə bilmərəm. Axır vaxtlar son dərəcə susqun olmuşdu.

- Qəribə səs tembri vardı. Müharibə haqda bir əhvalat danışıb, ona qulaq asanda, az qaldım havalanam... Sizə nağıl danışırdı?

- O qədər... Səsi sehrli idi. Mənim üçün özündən nağıllar düzəldirdi. Qəhrəman da Se adlı qoçaq bir qız idi. Sonralar anladım ki, Se mənim adımın ilk iki hərfidir. Özünə də dedim, razılıqla gülümsədi.

- İsa Hüseynov ən çox kimi oxuyurdu?

- Ən çox Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını bəyənirdi. Özü oxuya bilmirdi, mən ona oxuyurdum. Deyim ki, məni də cəlb eləmişdi bu əsər. Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsərini də çox sevirdi.

- Umberto Ekonu tanıyırdı?

- Heç adını çəkməyib.

- Markeslə arası necə idi?

- Xüsusi önəm verməmişdi. Hamı kimi bir neçə əsərini oxumuşdu.

- Aşıqlardan kimi sevirdi?

- Aşıq Kamandarı. Dost idilər. Bizim, qazaxlı Aşıq Kərəmlə də dost idi. Hüseyn Saraclını da çox istəyirdi.

- Özü də saz çalırdı...

- Hə. Sazı vardı, çalırdı hərdən.

- Yerlibaz idi həm də...

- Həəə... (gülür) Qazaxlıların hamısı belədir, atam da dəhşətli dərəcədə yerlibaz idi. Deyirdi, yerlilərim məni daha yaxşı duya bilir. Bu sevgi həm də atasına münasibətdən gəlirdi. Atası onun idealı idi.

- Aşıq Ələsgərlə arası necə idi?

- Əla. İkicildliyi vardı bizdə, mənə də həmişə deyirdi ki, oxu bu kitabı. Bütün dastanlarımızı məsləhət görürdü. Bununla bərabər fransız ədəbiyyatını... Hüqonu, Balzakı, Mopassan və s.

- Muğama qulaq asırdı?

- Alim Qasımova.

- Bir az oxşayırlar da biri-birlərinə.

- Hə, Alim də ruh adamıdır.

- Siz, səmimi danışaq, İsa Hüseynovun ün eşitməsinə inanırsınız?

- Mən bunun şahidi olmuşam. Uşaq idim. Dəhşətli idi. Evdə tamamilə özünə qapanmışdı. İlk dəfə atası ilə anası görünmüşdü gözünə. Mən özüm də bir dəfə qəzada vaxtsız rəhmətə gedən əmim oğlunu görmüşəm. Babamız Mustafanın adını qoymuşdular ona. Eynən o kişi kimi başı harasa dəymişdi qəzada və dünyasını dəyişmişdi. Mustafa gözümə görünəndə “İdeal”ın korrekturasını edirdim. Mətbəxdə işləyirdim, hamı yatmışdı, gördüm krem rəngli kostyumda, gözündə eynək mətbəxdən aynabəndə keçdi. Özümdən asılı olmadan çağırdım, qorxub-eləmədim. Bu gün atamı da görsəm, qorxmaram. Atam da qorxmurdu. Ölümdən də qorxmurdu. Mən atama oxşamışam.

- O, məntiqli danışırdı bu barədə...

- Bəli. Öncə görməsi də vardı. Nə deyirdisə, yerini tuturdu. Öləcəyini də bilirdi. Hətta oğlumun-qızımın gələcək həyat yoldaşları haqda danışıb mənə, təsvir edib, inanıram ki, dediyi kimi də olacaq.

- İki nəvəsi var...

- Hə.

- Oğlanın adı İsadır hə?

- Hə.

- Bir yerdə yaşamısız...

- Hə. Ailə qurandan bir az sonra özü çəkdi gətirdi ki, dözə bilmirəm. Xəstə idi artıq. Biz məcbur idik gəlməyə.

- Ölümü necə oldu?

- Keçən il aprelin 1-i idi, mən uşağı məktəbdən gətirməyə getmişdim, bloka çatanda gördüm anam qışqırır. Ondan əvvəl anama deyib ki, bir yer var, gedib dəyib, gəlirəm. Durub getməyə, getməyib, qayıdıb oturub, nəfəsi çatmayıb. Mən gələndə gördüm gözlərə tavana zillənib. Amma həmin vaxt canını tapşırmadı. Ayaqları bumbuz idi. Təcili yardım həkimləri əlinin üstünə iynə vurmaq istəyəndə əli ilə itələdi... Atamı itirdiyimi düşünmürəm, onun varlığını həmişə hiss edirəm. Əminəm ki, görüşəcəyik.

2015

Digər yazılar:

Əli Kərimin oğlu Paşa Əlioğlu

Çingiz Ələkbərzadənin qızı Sevda Ələkbərzadə

Natiq Səfərovun qızı Günel Natiq

Rafiq Tağının qızı Qəmər Tağı

Mirzə İbrahimovun qızı Sevda İbrahimova

Eldar Baxışın oğlu Tural Ağayev

Sabir Əhmədlinin qızı Yaqut Sabirqızı

Hüseyn Arifin qızı Zöhrə Hüseynzadə

Əliağa Kürçaylının oğlu Ülfət Kürçaylı

# 9071 dəfə oxunub

Müəllifin son yazıları

# # #