Balaca Zəhranın dəyişdiyi dünya – Şərif Ağayar yazır...

Balaca Zəhranın dəyişdiyi dünya – <span style="color:red;">Şərif Ağayar yazır...
5 iyul 2019
# 12:01

Kulis.az Şərif Ağayarın 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən, nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirilən 14 aylıq körpə Zəhra haqda yazdığı yazını təqdim edir.

Üç il əvvəl, bahar vaxtı Samsunun Alaçam ilçəsində Erol Tufan adlı makedoniyalı türk yazarla tanış oldum.

Alaçamın füsunkar təbiəti var. Qara dəniz sahillərindəki bağları, parkları təbii və gözəldir. Biz oralarda gəzib bol oksigenli bahar havası qəbul edərkən qəfil bir dəstə velosiped sürən gənc yaxınlaşdı bizə. Tanış olduq. Erol bəy nəhayətə gəlməz vətən sevgisi ilə uşaqları sorğu-suala tutmağa başladı. Şirin bir söhbət getdi aralarında. Sonra məni təqdim etdi və işarə verdi ki, sən də bir kəlmə danış. Özümdən asılı olmadan uşaqlardan soruşdum: “Velosiped oğruları” filminə baxmısınız?”

Sualım sükut və inkarla qarşılandı.

Uşaqlardan aralanıb gedəndə də Erol bəydən səs-səmir çıxmadı. Bir az sonra söhbət etməyə başlayanda bəlli oldu ki, gözəl bir bahar günü, Qara dənizin yamyaşıl sahillərində, belə “keyifli” məqamda o müdhiş filmi xatırlamağım Erol bəyin şair ürəyini yaralayıb. Anlayıb ki, bu yerdə, bu məqamda o filmi xatırlamağım təsadüfi ola bilməz.

“Çokmu acılar çəkdin?” – soruşdu məndən.

“Müharibə bölgəsində doğuldum, doğulduğum yerlər 20 ildən artıqdır işğal altındadır.” – mən söylədim.

Əlini nəzakətlə yuxarı qaldırıb “Anladım” söylədi. Onun həssas qəlbi danışıb kədərlənməyimə razı olmurdu.

Bu dəfə mən narahat olmağa başladım. Əcəba ruhi müvazinətim və mədəni səviyyəm o qədərmi yerində deyil ki, uzaq Qara dəniz sahillərində də şəxsi yaşantılarımı gizlədə bilmirəm. Axı Erol bəy makedoniyalıdır, onlar üçün də həyat asan olmayıb. Kim bilir bəlkə məndən daha ağır günlər yaşayıb.

Və bu dəfə mən sual verdim: “Bəs velosiped sürən uşaqlar sizə nəyi xatırlatdılar?”

“Uşaqkən atamla Skopyeyə velosiped yarışına getmişdim. Gözəl bir gün idi...” – Erol bəyin cavabı məni dərin-dərin düşüncələrə daldırdı. Alaçamın oksigeni bol olan sahillərindəcə özüm üçün yəqinləşdirdim ki, müharibədən aldığım travmalar dünyanı gözümdə tamamilə dəyişib. Mən dünyanı fərqli görürəm.

Bəlkə, daha dəqiq görürəm, bəlkə şəxsi yaşadıqlarıma bulaşdırıb yanılıram...

Bu günün özündə də kimsə gecə yarı məni qəfil yuxudan oyadanda elə bilirəm, yaşadığım yerə hücum var. Yarıyuxulu-yarıoyaq müharibə ilə aramdakı məsafəni yada salmağa çalışıram. Bəzən dənizdən gələrlər deyə hallüsinasiyalar da görmüşəm.

Muğan düzündə açılan səhərlərin hüsnünü salamlayan al pəncərəli aynabəndlər Səməd Vurğun kimi mənə səadət bəxş eləmir, ilham vermir. Əksinə dərin qüssələrə qərq edir. Çünki bu aynabəndlərdə çoxlu şəhid cənazələri görmüşəm.

Yanımda qəfil qışqıran qadın olanda ürəyim qamçı kimi ağzımdan çıxıb havada şaqqıldayır və təzədən sinəmə qayıdır. Elə bilirəm, gözünün qarşısında uşağını güllələyiblər.

Gözləri kədərli kasıb qız uşaqlarını atası müharibədə itkin düşmüş balaca, ürəyi xəstə əmim qızına oxşadıram. Onları çox yaxşı tanıyıram, hənirtilərini, hıçqırıqlarını çox eşitmişəm, hətta göz yaşlarını ilıqlığını əllərimdə hiss edirəm.

Bakı küçələrində rastlaşdığım başı kepkalı kişilər ailəsini Kürün qırağında bir yulğun kolunun altında qoyub harayını “Qaçkınkom”a gətirmiş kimi görünür gözümə...

Yol qırağı kasıb daxmalar görəndə necə zillətlə tikildiyini düşünüb ağlamaq istəyirəm.

Və sairə...

Müharibə məni burda, silah səsləri gələn yerlərdən 300 km uzaqda da rahat yaşamağa qoymur. Nə qədər unutmağa, neqativ aurasını içimdə pozitiv enerjiyə çevirməyə çalışsam da alınmır.

İndi də Zəhra...

Qaldığım binadan qonşuluqdakı həyət evləri görünür. Eyvana çıxıb o həyətlərə baxmaq mənə qəribə zövq yaşadırdı. Bəzən uşaqlar oynaşır, bəzən ağsaqqallar, ağbirçəklər kölgəlikdə oturub samovar çayı içirdilər.

Bəlkə də onları müşahidə etmək ədəbsizlikdir, ancaq mən bu ədəbsizliyi edirdim və rahatlayırdım. Burnuma torpaq qoxusu gəlirdi, ən doğma adamların hənirini duyurdum.

İndən belə o həyətlərə də baxa bilməyəcəm!

Müharibə bu minicik səadəti də aldı əlimdən.

Dünəndən bəri gördüyüm bütün həyətlərə mərmi düşür, iki yaşında qızcığaz o mərminin qəlpələrində al qana qərq olur.

Tərs kimi iki-üç həyətin birində o yaşda qırmızı donlu qızcığazlar gözə dəyir...

Bu gün bütün kəndlər Alxanlı, bütün həyətlər Elnurun həyətidir.

Çünki Alxanlıya atılan mərmilər bütün kəndlərimizə, Elnurun həyətinə atılan mərmilər bütün həyətlərimizə atılır.

Təkcə Zəhra yox, bütün iki yaşlı uşaqlarımız qanına qəltan olur.

Hədəfdə təkcə Alxanlı kəndi, təkcə Elnurun həyəti deyil, bütün Azərbaycandır, bütün azərbaycanlılardır.

Düşmən bizi öz hədəfində yumruq kimi birləşdirib, biz də öz hədəfimiz üçün yumruq kimi birləşməliyik.

Bütün kəndlər Alxanlı, bütün həyətlər Elnurun həyəti deyilsə, nicatımız yoxdur.

Dünyanın hansı yanına getsək, bu ağrılar bizi tərk eləməyəcək.

Sizi əmin edirəm, İsveçrənin yam-yaşıl dağların ətəyində cənnəti xatırladan abad kəndləri də bir az Alxanlıya bənzəyəcək.

Biz velosiped sürənlərə baxıb velosiped yarışlarını yada sala bilməyəcəyik...

2017

# 3061 dəfə oxunub

Müəllifin son yazıları

# # #