Məhsətini niyə daş-qalaq etmək istəyirdilər? – Şərif Ağayar yazır...

Məhsətini niyə daş-qalaq etmək istəyirdilər? – <span style="color:red;">Şərif Ağayar yazır...
26 fevral 2019
# 11:33

Kulis.az yazıçı Cavi Danın “Məhsəti” romanı haqqında Şərif Ağayarın yazdığı “Xərabət əhli” yazısını təqdim edir.

Ədəbiyyatın min illər boyu pozulmayan yeganə qızıl qaydası mətnin bədii həllidir. Əgər bu, yoxdursa, heç nədən danışmağa dəyməz. Bəzən baxırsan, bir əsərdə danışılacaq hər şey var: forma, məzmun, ideya, ana fikir və s. Bəzi tənqid və təhlilçilər oturub bu məziyyətlərdən uzun-uzadı yazırlar. Mətnlə tanış olanda görürsən, yazılanlar doğrudur, ancaq ortada ədəbiyyat yoxdur.

Cümlə-cümləni, abzas-abzası tamamladıqca mətnə, fəsillər, hissələr uğurla birləşəndə romana çevrilir. Hər yerdə və hər zaman olduğu kimi ən böyük ən balacadan başlayır.

Məsələnin bədii həlli hansı səviyyədədir? - mənim üçün əsas sual budur. Bundan sonra bundan heç də az vacib olmayan başqa suallar gəlir.

Yerli ədəbiyyat nümunələrini oxuduğum zaman daha bir ciddi prinsipə də əməl edirəm. Fədakarcasına yazan, qəlbinin eşqi ilə qələmə sarılan, heç bir maddi qazanc güdmədən ortalığa iri həcmli əsər qoyan müəlliflərə - çağdaş ədəbiyyat nümayəndələrinə bəri başdan sayğı və rəğbətlə yanaşıram. Çünki bu zəhmətin nə olduğunu bilirəm.

Qələm dostumuz Cavi Danın “TEASS Press” nəşriyyatında çap olunan “Məhsəti” romanını hər iki prinsipə uyğun oxudum və bütün təqdir, təhlil və tənqid olunası nüansları ilə birlikdə ortalıqda ciddi iş gördüm.

Lakin indi oxuduğunuz nə təqdir, nə təhlil, nə də tənqid yazısıdır. Sadəcə bir təqdimatdır. Oxunması və dəyərləndirilməsi vacib olan bir romanın təqdimatı...

Cavi Danı hamınız kimi ilk dəfə şeirlərindən tanımışam. Onun neçə illər əvvəl oxuduğum “Sən gəlmədin ki...” adlı şeirinin əhval-ruhiyyəsi məni heç vaxt tərk eləmir. Janrından asılı olmayaraq bədii əsərin atmosfer yarada bilməsi çox vacibdir. Sizi inandırım, əsl mətləb budur! Gözəl cümlələr əsərin bədii mətnə çevrilməsinə, bədii mətn ideya və məzmunun estetik səciyyədə təqdim olunmasına xidmət edir. Oxucu hər hansı fikir və düşüncəni estetik zövq ala-ala əxz eləmiş olur. Sonda əsərin yaratdığı atmosfer qalır. Biz oxuduğumuz əsəri unuda bilirik, lakin o, bir hava kimi canımızda yaşayır. Bax o ab-hava, o atmosfer yazarın cövhəridir. Kiminsə sözüdür, deyir, şair nə qədər yadda qalırsa, o qədər böyükdür. Əlbəttə, burda söhbət şeiri başdan-ayağa əzbərləməkdən getmir. Eyni fikri bir az genişləndirmək istərdim; qələm əhli nə qədər yadda qalırsa, o qədərdir. Misal üçün, bu dəqiqə İsa Hüseynovun “Məhşər” romanından konkret bir cümlə, bir dialoq yadıma sala bilmirəm, amma əsərin içimdə yaratdığı dərin təəssürat həmişə mənimlədir və axıracan da belə olacaq.

“Məhsəti”ni oxuya-oxuya bir az “Məhşəri” xatırladım. Hər iki romanın ad oxşarlığı da gözümdən yayınmadı. Bir də düşündüm ki, bu romanı yalnız qadın yaza bilərdi və üstəlik o qadın şairə olmalı idi.

Yadımdadır, Cavi Danın bir hekayəsini oxumuşdum, təxminən belə bir təsvir vardı; balaca qız nənəsinə qoşulub məscidə gedir və məscidin rəngarəng şəbəkəli pəncərəsindən küçəyə, adamlara baxır, hər rəngdə ətraf aləm bir cür görünür. Bu detal mənə təsir etmişdi. Qadın və məscid ifadələri adətən qara rənglə assosiasiya olunur. Və Mirzə Cəlilin vaxtıyla təsvir etdiyi bu məşhur qaranlığın içində “Allahu əkbər” sözündən başqa rəngarəng bir pəncərə də var, həssas qəlbli qız uşağı o gözəlliyin fərqinə varır, qanadlanıb hər rəngin içindən bir ayrı aləmə uçmaq istəyir.

Image result for Məhsəti romanı

Yaddaşım məni aldatmırsa, bu hekayə haqqında balaca bir fikir də yazmışdım. Demişdim, məscid şəbəkəsi detalında gözəl bir roman strukturu yatır. Balaca qızın dünyaya baxdığı hər rəngdə o rəngə uyğun bir hekayə qələmə alınır... Hardasa, Nizami Gəncəvinin “Yeddi gözəl”inin yeni variantı kimi...

Təbii, bu, bir oxucu fikri idi və zamanla fikir olaraq da qaldı. “Məhsəti” romanında buna bənzər bir xüsusiyyət müşahidə etdim. Sanki məscidin rəngarəng şəbəkəsindən baxan o balaca qız böyümüş, bu dəfə Məhsəti Gəncəvinin rübailərinin misralarından onun zamanına, onun həyatına, onun iç dünyasına boylanmışdı.

Bəzən “qadın şair, qadın yazıçı” deyiləndə haqlı olaraq qıcıq yaradır. Alternativ kimi “kişi yazıçı deyilmir axı” ifadəsi ortaya çıxır. Razıyam. Doğrudan da belədir. Ədəbiyyat cinsinə görə yox, yuxarıda qeyd etdiyim və etmədiyim cəhətlərinə görə qiymətləndirilir. Lakin burda incə bir nüans var. Niyyət məsələsi. Əgər biz “qadın yazıçı” ifadəsində məntiqi vurğunu qadın sözünün üzərinə salaraq onu zəiflik anlamında işlədiriksə iradı səmimiyyətlə qəbul edib nəticə çıxarmalıyıq. Fərqliliklər mütərəqqi məqsədlərlə aparılan təhlil və analizlər naminə şərti götürülürsə, narahat olmağa dəyməz.

Necə Məhsəti bir qadın idi, onun yerinə kişi olsa, bu taleni yaşamazdı, şeirləri məhz bu qəbil zərifliklə yazılmazdı, eləcə də, onun haqqında bir qadın daha yaxşı yaza bilərdi.

“Məhsəti” ilə İsa Hüseynovun “Məhşər”i arasında təkcə ad, ab-hava və ahəng oxşarlığı yoxdur, həm də hər ikisində bir dirəniş var. Nəsimi hürufi təkyələrinə sığınırdı, Məhsəti Xərabətə. Cavi Danın təqdimatında Xərabət kifayət qədər maraqlı təqdim olunub. Hətta mənim öz içimdəki mühafizəkar Şərq kişisini qıcıqlandıran bəzi nüanslar da vardı. Qadın şairlərin, musiqiçilərin, rəqqasələrin, rəssamların, şahmatçıların toplaşdığı bu qəribə məkanı o dövrdə çox asanlıqla əxlaqsızlıq yuvası adlandırmaq olardı. Adlandırırdılar da! Və dindarların yaratmağa çalışdığı ictimai rəydən siyasi məqsədlər üçün istifadə edənlər də vardı. Hətta iş Məhsətinin ölüm hökmüilə cəzalandırılmasına qədər irəliləmişdi. Lakin onu həmişə, ən çətin anlarda xilas edən bir səbəb vardı - o, sultan əmanəti idi! Əslində, deyildi. Zorlanmamsı, təhqir olunmaması, həyatın dibinə yuvarlanmaması üçün özünü sultanın malı, sultanın əmanəti adlandırmaqdan başqa çıxış yolu qalmırdı. Və belə də oldu. Sultan oğlunun sevgilisi kimi yaşamaq məcburiyyətində qaldı.

Əsərdə bəyəndiyim cəhətlərdən biri müəllifin Məhsətinin kişilərə, xüsusən üç kişiyə - Sultan Səncərə, Əmir Əhmədə və Mahmud bəyə bəslədiyi mürəkkəb, heç özünün də axıracan baş açmadığı hissləri kifayət qədər maraqlı verməsidir.

Bir dəfə bir xanım dostumla çay içirdim, gördüm, çox qayğılıdır, səbəbini soruşdum. Dedi, A da məni sevir, B də, seçim edə bilmirəm. Dedim, burda çətin nə var, bu an hər ikisi səni görüşə çağırsa, hansına gedərsən? Cavab məni çaşdırdı: “İstəyərdim A-ya gedim, amma bilirəm, mütləq B-yə gedəcəm!”

Bəzən kişinin də, qadının da həyatında sevdiyi, bəlkə də sevmək istədiyi, bəlkə onu sevməsini istədiyi, buna ehtiyac duyduğu bir neçə insan olur. Yaradıcı adamlarda vəziyyət lap qəlizləşir. Bertold Brext təcrübəsi var. O, eyni anda çoxlu qadını ürəkdən sevir, hətta buna görə əzab çəkirdi. Analogiya tam dəqiq olmaya bilər. Çünki Məhsətidə mühit fərqli idi. Hadisələrin sonuna doğru onun əsl sevgisi üzə çıxır və müəllifin təqdimatında xoşbəxt həyata qovuşur. Bunun nə dərəcədə gerçək olduğunu bilmirəm, amma romanda yerinə oturur.

“Məhsəti”ni feminist roman kimi də qəbul etmək olar. Çünki o dövrün verdiyi imkanlar çərçivəsində kişimərkəzçi cəmiyyətə qarşı “Mən də insanam! Əşya deyiləm!” deyə bir qadın dirənişi var və sultan oğlunun sevgisindən istifadə edib Xərabəti alınmaz qalaya çevirən Məhsəti bu hərəkatın lideridir. Feminizmin ilkin işartılarını Məhsətinin rübailərindən də sezmək mümkündür.

Tarixən qadın çox əzablar görüb. Bu gün də belədir. Xüsusən, müsəlman Şərqində çiynini bir kişiyə söykəmədən nadir hallarda öz ayaqları üstündə dayana bilib. Bu kişi sevgili də ola bilər, ər də, ata da, qardaş da, övlad da. Fərqi yoxdur. Qadın təkbaşına həyatla mücadilə edə bilməyib. Bu gün qadınlar həm elmdə, həm sənətdə, həm idarəçilikdə ən yüksək nöqtələrə gəlib çatsalar da dünyanın yarıdan çoxunda, o cümlədən bizim ölkəmizdə qadın haqları hər gün kobudcasına pozulur. Xüsusən regionlara diqqət etsək, özünə ən yaxın kişidən tamamilə asılı olan və xoşbəxtliyi burda görən minlərlə qadına rast gələrik. Bu mənada “Məhsəti” bəlli bir tarixi dövrdən bəhs edən bütün yaxşı romanlar kimi həm də günümüzün əsəridir.

“Məhsəti”də açıq dekonstruksiyaya məruz qalan və istehza hədəfinə çevrilən heç nə yoxdur. Müəllif çox ciddidir. Lakin bunu tənqidi fakt kimi qeyd etmək fikrindən uzağam. Axı biz Məhsəti Gəncəvi haqqında ilk romanı oxuyuruq. Ümumən, tarixi şəxsiyyətlərimizlə bağlı yaxşı romanlar barmaqla sayılacaq qədərdir. Yəni konstruksiyamız yoxdur ki, ona dövrün tələbləri ilə yanaşa bilək. “Məhsəti”ni dayandığı ədəbi rakursa görə, Əlif Şəfəqin “Aşk” romanı ilə də müqayisə etmək olar. Orda da müəllif öz obrazına aşiqdir.

Romanda daha bir bədii-estetik məqam da adların öz yerinə şap deyə oturmasıdır. Cavi Dan bu baxımdan barmağını sözlərin nəbzinə qoya bilib. Misal üçün, şahmatı şətrənc kimi yazmaqla həm romana dövrün enerjisini qatıb, həm də estetik effekt alıb. Eyni zamanda Mənicə, Əsrar, Şeyx Cəmal adları ilə. Bu adların real olub-olmaması maraqlı deyil. Yazıçı onlara material, mətnə isə tikinti kimi baxır. Şair Salam demiş, bu sözlər bu mətnin içinə girib...

“Məhsəti”də forma baxımından yeni nüans da var; hərdən qəhrəman təhkiyəni müəllifdən alıb özü davam etdirir və Folknerdən qalan, Pamukla dəbə minən “danışan obrazlar” fəndindən daha çox müəlliflə obrazın eyniləşməsi təsirini bağışlayır. Çünki Cavi Dan Məhsətinin libasını geyinərək həm də özündən söz açıb. Yoxsa onu da Xərabət əhli adlandırıb daş-qalaq edərdilər.

# 2903 dəfə oxunub

Müəllifin son yazıları

# # #