Oxucuların qarşısına lüt çıxan Orxan Pamuk

Oxucuların qarşısına lüt çıxan Orxan Pamuk
22 aprel 2016
# 14:40

Kulis.Az Şərif Ağayarın Orxan Pamukun yeni çap olunan “Qırmızı saçlı qadın” romanı haqqında yazdığı "Pamukun enmə mərhələsi" essesini təqdim edir.

Həmişə quş dilində danışan Orhan Pamuk bu dəfə az qala lüm-lüt çıxdı oxucuların qarşısına.

Bu, 2016-cı ildə yayımlanan “Qırmızı saçlı qadın” romanının yeganə özəlliyi deyil...

Siz lap klassizmin qaydalarına uyaraq özündən əvvəlki mətnləri az qala yüzdə-yüz təsdiq edən Orxan Pamuk tanıyırdınızmı?

Mən, əsla!

“Qırmızı saçlı qadın” Sofoklun “Çap Edip” faciəsindəki və Firdovsi “Rüstəm və Zöhrab” dastanındakı (“Şahnamə”) ata-oğul-ana münasibətlərinin ibrətamiz məqamlarını az qala tamı-tamına təsdiq edir, sələfləri ilə razılaşır və oxşar mətləblərin zaman-zaman təkrarlandığını göstərir.

Əslində, süjet çox sadədir. Yox, gəlin sadə deməyək, sadəcə Pamuk bu mürəkkəb əhvalatlar arasındakı əlaqəni, eyni zamanda yeni mətnini çox sadə qurub. Yəni, əslində mürəkkəb olanı çox asanlıqla bizə çatdırıb.

Həm də, qeyd etdiyim kimi, quş dili ilə deyil, bəzən zövqlü oxucunu itələyəcək həddə izah və şərhlərlə. Sanki gənc yazıçılara intertekstuallığın nə olduğunu öyrədir və bunun üçün bir ədəbiyyat müntəxəbatı yazır.

Böyük yazarın lövbərləri bu qədər sallamaqda məqsədi nədir görəsən?

Bəlkə, belə sadələşməklə daha çox adama onu imitasiya etmək imkanı yaradır ki, öz məktəbini daha uzunömürlü qılsın?

Yazımızın məqsədi bu suallara cavab vermək olmadığı üçün birbaşa mətləbə keçirəm.

Çar Edip qəza-qədərdən qaça bilmir, atasını öldürüb, anasıyla evlənir, səhvini anlayanda peşmançılıqdan gözlərinə mil çəkib özünü kor eləyir - bu Qərbin əhvalatı...

Rüstəm Zal oğlu Söhrabı tanımadığı üçün onunla döyüşür, öldürəndən sonra qolundakı bazubənddən tanıyır və peşman olur. Amma özünü cəzalandırmır. Onun yerinə arvadı, Söhrabın anası Təhminə ah-nalə edirbu da Şərqin əhvalatı...

Pamuk nə Sofokl qədər qərbli, nə Firdovsi qədər şərqlidir. Necə ki, Türkiyənin, İstanbulun özü qərblə-şərqin arasındakı boşluğun, bəlkə də rəngarəngliyin içindədir. Odur ki, buranın da öz Çar Edipi, Rüstəm Zalı var; bir az Çar Edipə oxşayan, bir az da Rüstəm Zala yaxın olan Cemi və Ənvəri...

Cem gəncliyində yazar olmaq istəyən tikinti mühəndisidir. Uşaqkən solçu atası onları atıb gedir, Cem Mahmud Ustaya qoşulub Öngörən qəsəbəsi yaxınlığında su quyusu qazmağa gedir. Orda bir neçə ay işləyirlər, amma su çıxmır. Cem qəsəbəyə gələn müddətdə burada fəaliyyət göstərən səyyar teatrın aktrisası Qırmızı saçlı qadına - Gülcihana vurulur. Hətta bir dəfə yatırlar da.

Quyudan su çıxacağına ümidini üzən Cem bir gün özünə doğma hesab etdiyi, ata gözündə gördüyü Mahmud Ustanı qazdığı quyunun dibində yarıbayğın vəziyyətdə qoyub qaçır. Mahmud ustanın üstünə Cemin əlindəki daş-torpaq dolu vedrə düşdüyü üçün Cem özünə ata bildiyi ustasını öldü sanır və həmişə vicdan əzabı çəkir. 20 il sonra məlum olur ki, usta ölməyib. Gülcihanla teatr truppası qaçıb ustanı quyudan çıxarıblar. Həmin quyudan da su çıxıb və qəsəbənin bu hissəsi abad bir yerə çevrilib.

Cem 20 il sonra, varlı tikinti şirkətinə rəhbəri olduğu vaxt onu da öyrənir ki, bir zaman münasibətdə olduğu Gülcihan onun atasının sevgilisi imiş.

Beləliklə, Cem Çar Edip kimi öz anasıyla - analığıyla yatmış, öz atasını – atalığını öldürmüşdü. Bu məsələnin Qərbə uyğun dəyərləndirilməsidir.

Bəs şərq?

Cemin Qırmızı saçlı Gülcihan xanımdan oğlu varmış: Ənvər. O, 20 il sonra peyda olur və Cemin oğlu olduğunu məhkəmə yolu ilə sübuta yetirir. Ancaq atasının gözünə görünmür. Bir gün ata həm Öngörəndəki tikinti işləri ilə tanış olmaq, həm də sevgilisi Gülcihan və oğlu Ənvərlə görüşmək üçün həmin qəsəbəyə gəlir. Buralar çox dəyişib. Cem Mahmud Ustanın qazdığı quyunu görmək istəyir. Gülcihan xanımın Cemin yanına qoşduğu Serhad bəylə həmin quyunun başına gedirlər, qapağını açırlar. Və bu an onun qanuni arvadı Ayişə zəng vurub Cemə deyir ki, sən “Çar Edip” və “Rüsəm və Zöhrab” rəvayətlərindən çox təsirlənmisən, səninlə ora gedən sənin oğlundur və səni öldürəcək. Cem qorxuya düşür.

Doğrudan da belədir.

Cem uşaqlıqdan hər iki rəvayətin təsirinə düşüb.

Maraqlıdır ki, Qırmızı saçlı qadın da bu əhvalatların cazibəsindən çıxa bilmir, hətta teatrda səhnələşdirdikləri “Rüstəm və Söhrab” əhvalatında Söhrabın anası rolunu ifa edib oğlu üçün ağlayır.

Cem oğlunun miras üçün onu öldürəcəyindən qorxaraq silah çıxarır, ancaq Ənvər cəld tərpənib onu yıxır, gözündən (!) vurub öldürərək vaxtiylə özünün qazdığı, ustasını qoyub getdiyi quyuya atır.

Cem öz oğluna silah çəkəndə Rüstəm Zalı, oğlu onu öldürəndə Çar Edipi xatırladır. Gülcihan isə quyunun üstündə həm oğluna, həm sevgilisinə ağlayarkən teatrda oynadığı Təhminə obrazını yada salır. Təkcə Firdovsinin mətni deyil, həm də özünün oynadığı tamaşa öz həyatına proyeksiya olunur.

Başqa bir qəribəlik: Gülcihan sevgilisinin oğluyla yatarkən Çar Edipin anasının taleyini yaşayırsa, quyu başında Firdovsinin qəhrəmanına çevrilir. Bir növ Cem və Gülcihan obrazlarında Qərblə Şərq sintez olunur.

Qırmızı saçlı qadın romanını yazmağı isə Gülcihan xanım atasını öldürdüyü üçün türməyə düşən oğlu Ənvərdən xahiş edir. Və gördüyünüz kimi Ənvər də həmin romanı yazır. Yoxsa indi nəyin söhbətini edərdik?! Hətta anasının təkidi ilə kitabın abloşkasına Dante Rossetinin ona bənzəyən “Qırmızı saçlı qadın” rəsmini qoyur. Baxıram, abloşkada həmin rəsmdir!

Pamuk bundan əzəlki “Kafamda bir tuhaflık” romanında olduğu kimi burda da oxucunu qəribə şəkildə oyuna cəlb edir.

Daha bir örnəyə baxaq. Əsərin oğluna bu romanı yaz deyən Gülcihanın dilindən verilən sonuncu cümləsi belədir: “Unutma, baban da bir yazar olmaq istəmişdi.”

İlk cümlə isə Cemin dilindən belə verilib: “Aslında yazar olmaq istiyordum.”

Əslində isə əlimizdə tutduğumuz kitabı yazan onlar deyil, onların övladları Ənvərdir. Ənvər fizioloji olaraq valideynlərini birləşdirdiyi kimi, mətninin birinci hissəsini də atası Cemin, ikinci hissəsini isə anası Gülcihanın dilindən qələmə alır və oxucu romanın əslində son cümlədən başlandığını görüb özü içəridə qalmaq şərti ilə mətnin çevrəsini qapayır.

Əsərin ideyası apaçıq ortadadır: qədim mətnlər həyatımızı şəkilləndirir. Biz onları unutsaq da onlar bizi unutmur. Daim təqib edir, bəzən bizi öz qəhrəmanlarının yerinə qoyurlar. Necə deyərlər, bəşəriyyət də Cem kimi hərlənib-fırlanıb özünün qazdığı quyuya gömülür.

Sizə deyim, mən mətnin mistik gücünə inanıram. Bu barədə xalq yaddaşında da qəribə örnəklər var. Misal üçün, nağıllardakı bədbəxt adamlardan danışanda həmişə eşitmişəm, deyirlər ki, onların halına çox acımayın, öz başınıza gələr.

Hətta bu barədə zarafatlar da mövcuddur: “O qədər Kərəm, Kərəm deyib oxuyursan ki, axırda ot tutub yanacaqsan!”

Belə bir ehtimal da var ki, nağılların nikbin sonluqla bitməsi, mətnin mistik gücü ilə gələcəyə pozitiv enerji ötürmək üçündür. Belə çıxır ki, əgər Məlikməmməd simurq quşunun qanadında qaranlıq dünyadan çıxmasaydı, biz daha pis günlərə qalardıq.

Mətnin mistikası bəzi məqamlarda mübahisə doğursa da, xeyli qəbul olunmuş tendensiyadır. Ona görə burda çox vaxt itirmədən romanın ötürdüyü mesaja keçək.

Pamuk bir çox gizli fəndlərini qəhrəmanlarının dili ilə izah və şərh eləsə də əsərin mesajını, həmişə olduğu kimi, oxucunun öz yozumuna buraxır.

Qərbdə oğul öldürür...

Şərqdə ata...

Şərq avtoritardır...

Qərb mütərəqqi...

Çünki birində keçmiş, o birində gələcək qələbə çalır.

Bəs Türkiyə?

Bəs Pamukun qəhrəmanları?

Pamukda da oğul öldürür.

Demək, əsər, çox dərinlərdə, biz daha çox qərbliyik, yaxud qərbli olmalıyıq deyir. Hadisələrin baş verdiyi qəsəbənin də adı təsadüfi deyil: Öngörən!

Gördüyünüz kimi, Pamuk “Qədim mətnlər həyatımızı şəkilləndirir” fikrini bizə qəbul etdirmək üçün necə oyunlardan çıxır. Necə qarışıq hadisələr çələngi hörür. Amma etiraf edək ki, bu hadisələrin bir çoxu yaxşı qurulsa da, bir çoxu sadəcə qurama olaraq qalır. Oxucuda dərin təəssürat buraxmır, inandırıcı gəlmir, qəsdən belə yazıldığı uzaqdan çağırır.

Bir sözlə, Pamukun şöhrəti və xüsusilə Azərbaycanda doğurduğu yerli-yersiz heyranlıq qarşısında elə də böyük hadisə deyil.

Peşəkarlıq və ustalıq maraq doğursa da, yazıçı manerası, bədii vüsət, mətnin energetikası “Qara kitab”, “Mənim adım qırmızı”, “Qar”, hətta bir il öncə yayımlanan “Kafamda bir tuhaflık”dan çox-çox geri qalır.

Məhz elə buna görə də heç zaman Çar Edip, Rüstəm Söhrab kimi parlaq obrazların yanında Cem Ənvər olmayacaq.

Mübahisəli olsa da mən də bir çoxları kimi Pamukun Nobeldən sonra enmə mərhələsi yaşadığını düşünürəm.

O, şah əsərlərini Nobeləcən yazmışdı.

Ancaq bu fikir böyük yazarın son romanlarının çəkisini azaltmır. O, enmə və qalxma mərhələlərini özü ilə müqayisədə keçir.

Pamuk qələmindən çıxan bütün əsərlər dünya, o cümlədən də türk və Azərbaycan ədəbiyyatı üçün çox dəyərlidir.

# 1977 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #