Ağacların qardaşı – VAQİF BAYATLI SÖHBƏTİ

Ağacların qardaşı – <span style="color:red;">VAQİF BAYATLI SÖHBƏTİ
1 oktyabr 2017
# 10:00

Bu gün Vaqif Bayatlının ad günüdür. Kulis.az bu münasibətlə görkəmli şairi təbrik edir və “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə onun yaradıcılığı haqqında söhbəti təqdim edir.

- Azərbaycan ədəbiyyatındakı “əsl şair” obrazı bəzi ədəbiyyat həvəskarları tərəfindən daha çox Nəsimi, Mikayıl Müşfiq, Əli Kərim xətti ilə xarakterizə olunur. Dövrümüzdə isə bu xəttə ən layiqli namizəd kimi Vaqif Cəbrayılzadə göstərilir. Nədi bu əsl şairlik? Adı çəkilən adamları birləşdirən xətt?

- Əvvəlcə sualla başlayaq. Ciddi ədəbiyyatşünaslıq və tənqid baxımından bu adı çəkilən şairlər arasında ümumi bir xətt varmı? Bu sualdan vaz keçək, çünki məlum kontekstdə məni ancaq və ancaq önəmli fərqlər maraqlandırır. Hər bir şairin öz yolu var; onun üslubunda elə keyfiyyətlər var ki, onu digərlərindən ayırır, müqayisəyə yer qoymur, müqayisə eləsən, səhv və mənasız nəticələrə gəlib çıxa bilərsən. Məsələn, belə deyək: Ramiz Rövşənin şeiri bir metafora üstündə gedir, yaxud qurulur, Əli Kərimdə bu çox da önəmli cəhət deyildir, o, daha çox detalların gözlə görülməyən cəhətlərini qabardır və aralarında körpü, bağlantı olmayan əşyaları assosiativ planda yaxınlaşdırır. Müşfiq şeirin, yaxud onu yaradan daxili intonasiyanın musiqisi ilə “oynayır”, bu şeirlərdə gedən arasıkəsilməz proseslərə dalanda görürsən ki, məna tutulmur, mətnin içində “itib-batır” və... formaya çevrilir. Onun “Küləklər” və “Yenə o bağ olaydı” şeirləri bu baxımdan misilsiz nümunələrdir. Məhz bu şeirlərdə söz elə əşyanın özüdür; danışan, hıçqıran, sevinən, yuxuda sayıqlayan, gördüyü yuxunu sulara danışan... kimi nəsnələr formanı fəth edir, onun dilinə yiyələnir, onu bir məmləkət kimi istila edir və... Sözü mətndə bu şəkildə həll edib əritməyin ikinci bir nümunəsi bizim poeziyada yoxdur.

Düz deyirsən, Azərbaycan ədəbiyyatında çox adama şamil edilməyən bir “şair obrazı” var. Bir də şeir yazanlar, yəni özünü şair kimi aparanlar.

Vaqif Bayatlı (yaxud Cəbrayılzadə) imzası məhz bu obraza köklənməklə yaranmağa, boy atmağa başladı. Yadnızdadırsa, onun belə bir şeiri vardı:

Qəribik, şairim, qəribik, sözüm

Qəribik, gözəlim bu yer üzündə...

Bu, hər şeydən öncə söz demək səlahiyyəti olan (və ya olmayan) hər kəsdən fərqlənməyin nişanəsi idi. Gəncliyindən öz içinə çəkilib bəzi çox önəmli məsələləri həll etməyin yolunu hamı tapmır. Vaqif bu yolu tapan, özünü orijinal biçimdə, məhz öz obraz və metaforası ilə təqdim edə bilən bir şairdir. Hardasa o, bizim gəncliyimizin şairidir. Yuxarıdakı adları bəlkə sən təsadüfən çəkdin, ancaq bu nöqtədə o təsadüf zərurətə çevrilir. Nə mənada? Adı çəkilən şairlərdən Vaqifin şair obrazında müəyyən qırıntılar var, birləşmiş, yaxud ayrı düşmüş şəkildə. Müşfiqin “Yaşa könül” şeirinin intonasiyası onun bəzi mətnlərində gözəl bir hava kimi hiss edilir.

Xan ceyranın qaçışında,
Ən şahanə uçuşunda,
Gah alnında, gah döşündə,
Bir ox yeri var, yeri var.

Düşməzsən şahlıq atından,
Göyün yeddinci qatından,
Hər bəyaz telin altında,
Bir ah yeri var,yeri var.

Ən kimsəsiz küçə sənin,
Küçə sənin, gecə mənim,
Sən bağlayan pəncərənin ,
Bir dön bəri bax yeri var.

Ancaq bir çox mühüm məqam da var. Əsl şairlik eşqinə düşənlər bir qayda olaraq uğursuzluğa düçar olurlar.

- Niyə?

Yəni, gözü həmişə o eşqin bir gün tumurcuq misalı açmağında olur, bütün enerjisini o nöqtəyə konsentrasiya edir, şeiri elə ayıq hsilərlə, elə rasional məntiq və niyyətlə yazır ki, mətn ölü düşür. Bir məqam var, əslində, o məqam şairin əsl mahiyyətini ifadə edə bilir: bir gün şairin şeirə çevrilməsi. Bir şeir parçası var, diqqət eləyin:

...Bir sirr var, onu o nigar bilir,

Bir əzab var, onu ruzigar bilir,

Qönçə kimi bağrını qana döndərən şeyi

Mən bilirəm, bir də Şəhriyar bilir..

Bunu farsa şairi Nima yazıb, deyir, müəyyən mətləblər var ki, şair bunları hökmən bilməlidir və ordan gəlməlidir, ancaq pis halda şairlər ordan geri dönürlər, şeirin içindəki o ilahi yuxu çin olmur. Və şairlik ideoloji silaha, sadə insanların qəlbindəki saf patriotizmi öldürən bir nəsnəyə çevrilir.

İndi şairlərin bildiklərini hamı bilir, yəni orta hesabla hamı şairdir...

- Aydındır... Adaşı Molla Pənah əruzla hecanı qovuşduran kimi, Vaqif Bayatlı da sərbəstlə hecanı qovuşdurdu. Necə alındı bu sintez?

- Mən belə düşünmürəm. Sərbəstlə hecanın qovuşması Vaqifdən qabaq baş vermişdi. Bu prosesi məncə belə anlamaq daha düzgün olardı. Azərbaycan dilinin qüdrəti Səməd Vurğun şeirindən aydın görünür. Bu mətnlərdə bir arıtlanma prosesi gedir və dil sanki yuxudan oyanır, özünü silkələyir, hələ yadına düşənləri deyil, gözü önündəkiləri poetik lövhələrə çevirməyə, bütün parlaqlığı və gözəlliyi ilə rəsm etməyə çalışır. Mikayıl Müşfiqdə bu dil gördüyü yuxuları danışır, ona görə də obrazlar bir quş səsinin içindəki mahiyyətcə çözülməyən dərdləri, həsrət və fərağı xatırladır. Rəsul Rzada bu dil fikrə dalır, Əli Kərimdə min illər boyu keçdiyi yolda tapdığı detalları, onun ən kiçik qırıntılarını belə yığıb-toplamağa çalışır. Vaqif Cəbayılzadə... dil deyir... Yəni, bu poeziyada artıq çox şərti mənada metadildən bəhs edilə bilər. Bu dil üçün artıq sənin, mənim gördüyüm həqiqətlər, yaxud yalanlar, yaxud ... nə biliriksə, əsas deyil, əsas onun öz hiss etdikləri və özünü dünyaya qarşı qoymaq inadıdır. Bu isə həddindən artıq və realizəsi müm­künsüz bir vəzifə olduğundan Vaqif də onu bir mənzilə qədər gətirib çıxara bildi.

Vaqif ürəyinin lap dərinliyindəki, necə deyərlər, ün yetməyən pıçıltıları canlandırmaq, adam dilində oxutmaq istəyirdi. Yəni, mümkünsüzü mümkün olan şeyə çevirmək... Bir təxəllüslə edə bilmədiklərini başqa ad altında əldə etmək istəyirdi, bu “kimyagərlik” onun öz dilindən eşitdiyim “post-sufizmə” qədər gedib dirəndi və orda da qaldı. Məncə, sufizmdə “post” anlayışı yoxdur, çünki bu dəb deyil (məsələn, Qərbdə izmlərin əksəriyyəti daha çox dəb səciyyəsi daşıyırdı, elə strukturalizm kimi...). Bu daha çox insanın mənəvi dünyası və mərtəbəsi ilə bağlıdır. Onun yuxarıda xatırlatdığımız kimyagərliyi elə özü üçün də xeyli suallar doğururdu və şeir bu suallar üzərində qurulurdu. Cavab isə yoxdu və olmayacaqdı.

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Diqqət elə, bu şeirdəki dırnaqarsı həqiqət (ona görə dırnaqarası deyirik ki, şeirdə həqiqət və onun əksi olmur, onlara qarşı duran, onları unutduran şeylər olur) məlumdur, yeni deyil. Bəs bu şeiri bir çoxlarına sevdirən nədir? İntonasiyaya diqqət edin. Söz sözü daban-dabana izləyir. Elə bir hərəkət və dinamika ilə ki, sözlərin arasına heç nə girməsin. Vaqifin şeirində bizim tanıdığımız dünya qurtarıb, bitib, tükənib. İndi onun içindəki xatirələr qövr edir, məsələnin ən ağrılı tərəfi də budur ki, gerçəklik damla-damla, qəlpə-qəlpə yığılıb öz formasını alar-almaz yenə də dağılır, əldən sürüşür, puç olur.

Vaqif ruhu etibarı ilə üsyankar adamdır. Bu, onun hər bir sözündən və xüsusən intonasiyasından bilinir. Axtarıb tapmaq lüzumu qalmır. Ancaq bu yaxşıdırmı?

- Çoxu düşünür ki, Vaqif Bayatlı bir çox şeirində formaca sərbəstə keçsə də, məzmunca keçə bilmədi. Şərq simvolizmində və ənənəvi metaforalarda ilişib qaldı.

Belə bir şeiri var:

Sevgi sevgiylə

Dərd dərdlə unudulur.

Unudulacaq bütün sevdalar,

Unudulacaq bütün nəğmələr,

Unudulacaq unudulmaz hər nə var,

Ancaq mən səni!

Mən səni hər bahar

Yenidən sevməkçün yenidən unudacağam.

Ən gözəl xatirə

ən acı göz yaşı tək

unudulur, unudulur

sevgi sevgiylə

dərd dərdlə

insan insanla

İsa Məhəmmədlə unudulur…

Yaxud:

Sən mənim qəlbimdə

Bu yağan qar kimi əriyəcəksən,

Mən də sənin qəlbində

Eləcə, könül,

Ancaq hər nəğmədən, sözdən

Nəysə gözəl bir şey qalır dünyada…

Vaqif Şərq simvolizmində və ənənəvi metaforalarda ilişib qalmadı. Problem başqa yöndədir və tam başqa biçimdədir. Bu deyimi indi çox işlədirlər, filankəs formaca sərbəstə keçsə də, məzmunca keçə bilmədi. İndi mən soruşuram: məzmun­­­­ca sərbəstə, yaxud hecaya keçmək nə deməkdir? Məncə, mənasız bir şeydir. Bəyəm, şeirdə məzmun olur? Olursa da, şeir olmur. Yəni məsələyə ünsürlərdən hər hansı birini qabartmaqla baxmaq düzgün deyildir.

Mənim, zənnimcə, Vaqifin ən gözəl şeirlərinin özəlliyi onların intonasiyasının vəzni unutdurmaq gücündədir. O yerdə ki, Vaqif, bayaq dediyimiz kimi, ürəyinin dərinliyindəki (bəlkə, uşaqlığındakı) pıçıltıları dinləyir, onlardan “dil yaradır”, bu məqamlarda həmin şeir az qala təbiət hadisəsinə çevrilir. Hecada yazdığı bir şeir var: qardaşımın üzü köməyim olsun.

Dilərəm Tanrıdan qəlbə dəyməyən,

Uduzub yorulan, udub doymayan,

Ağlaya-ağlaya top-top oynayan

Qardaşımın üzü köməyim olsun…

Məsələ bu şeirdəki “məzmunda” deyil. Bəzən qədim bir duanın sözləri də dəyişir, çalpaşıq düşür və bizim günümüzə başqa bir formada, siz deyən kimi, tam məzmunlu biçimdə gəlib yetişir. Ancaq burada, yenə də həmin duaya qayıtmaq üçün bir cığır qalır. Yəni, yaxşı şeirlərdə üstünü ot basmış bir cığır var, onun ucundan tutub insanların, “üzünün bir tərəfində ağlayan anaların” göz yaşına yetişmək mümkündür. Dualar da ən müxtəlif dillərdə ola bilər, sən bəzən onun sözlərini anlamaya da bilərsən, ancaq səs, səsin çağırdığı qüvvə dildən o yanadır, virtual gerçəklikdir, hər gün əzbərlədiyin və unutduğun bir şeydir, yaddaşdan çıxıb gedən və onu silkələyən bir nəsnədir…

Ancaq o yerdə ki, Vaqif bu cığırı tapmır, tapdalayır, üstündən keçir, o məqamlarda şeir alınmır, intonasiya ölür, mətn heç nə anlatmır. Bəzi tədqiqatçılar onun köhnə şeirlərinə dəfələrlə qayıtmasını xüsusi bir hadisə kimi qələmə verməyə çalışırlar, yəni yeni bir ideya sisteminin qurulması, poetik strukturun öz-özünü qurması və sair. Zənnimcə, burda bir yanlışlıq var, şair kimi onun missiyası bunda deyildir. Bu mənada onu Nəsimi və ya Nəimi ilə də müqayisə eləmək düzgün çıxmır. Deyirlər ki, Vaqif Bayatlı Odər “Allah köməyim olsun” əvəzinə “Qardaşımın üzü köməyim olsun” deyir, guya bununla da şeirə yeni ruh, yeni məzmun, yeni məna aşılayır. Tamamilə yanlış qənaətdir. Vaqifin şeirinin gözəlliyinin və orijinallığının bu mülahizə ilə qəti əlaqəsi yoxdur.

Bax, bu gözəl şeiri nəyləsə, hansısa mülahizəyə əsaslanıb izah eləməyin yeri varmı?

Qonşu toyuna

On hasar oyana

Oynayan uşaq,

Çıx yarpaq altından

Ay baxır sənə, ay baxır sənə.

…Yağışdan təzəcə çıxmış

Göy üzü kimisən sən də,

Qonşu toyuna

On hasar o yana

Oynayan uşaq…

Bircə onu demək qalır ki, şeirdəki alt şüurdan gələn, bizi həyatdan ayırıb ölümə qısnayan nəsnə, yaxud ölümdən qaytaran sözə dönən əşya… ömür deyilən mətnin o tayında qalmış bir şeydir. Yəni, uşaqlıq əslində bir mətnin bitdiyi, unudulduğu, hərdən közərib yada düşəndə qövr edən, özü-özünə sığmayan bir ərazidir. Bu mənada uşaqlıq həmişə bizim ürəyimizdən daşdanır, həyatın sahillərini basır, su kimi… Kənddə toy olanda, xüsusən qız toyu, ora yaxınlaşmaq qadağası vardı. Biz uşaqlar - evimizin altında o musiqini dinləyib də oynardıq. Neçə yaşım olduğunu unutmuşam. Ancaq o mənzərə indi mənə elə gəlir ki, mənim bu həyatımda baş verməyib, mən bəlkə də kiminsə həyatının fraqmentini xatırlayıram. O fraqment ki, bir ilahi qüvvə kimi hamının ömrünün içinə dolub, bəlkə bizi yaşadan, yaxud ağrıdan da odur…

- Şübhəsiz, yeni intonasiya və yeni deyim tərzi inkarolunmazdır.

Biz bayaqdan elə bunu danışırıq. Məsələn, bu məşhur şeirində olduğu kimi:

Qardaşım ağaclar,

Bacım çiçəklər, bir də söz tutdu sizi,

Söz tutdu, sevda qurutdu

Üz tutub yüyürməyin mənə sarı…

Bağlanıb gözümün yaş qapaqları…

Dünyanın bəla qapıları,

Qala qapıları, daş qapıları,

Yetim qapıları, boş qapıları,

Bağlanıb könlümə, bağlanıb,

Bağlanıb gözümün yaş qapıları.

Mən söz balasıyam, zalım tifili,

Sürüşüb alnımdan Tanrının əli,

Daha sən də,

Sən də

Ağladammazsan məni,

Mən zalım adamam, kamanşa…

“Gözün yaş qapaqları”, “Gözün yaş qapıları…” – bunlar təkcə orijinal deyimlər deyil, sözün, təsəvvürün, nə bilim daha nələrin o tayından gələn nəfəsdir.

- Qəribə bir sirr, duavari bir sehr var şeirlərində. Adi sözləri də xüsusi ovsunla deyir sanki...

- Buna hər şeirində cəhd edir. Bəzən nail olur, bəzən olmur. Çünki daim eyni şeyi eləməyə cəhd yarıbayarı uğursuzluq gətirir.

- 70-cilər üçün bu hadisə dünya kontekstində nə dərəcədə yeni idi?

- Vaqifin poeziyası bizim ədəbiyyatda önəmli bir hadisənin başlanğıcı idi. Nəyə görə?! Vaqif klassik ədəbiyyatdan, aşıq şeirindən (ulu babalarından biri də aşıq olub) gələn obrazlara yeni nəfəs vermək, onları başqa biçimdə təqdim etməklə uğraşırdı. Yəni, bizim poeziyada Səməd Vurğun və Rəsul Rzadan başlayan yol, islahat xarakterli işlər bitməmişdi. Onun şeirlərində Cavidi, Hadini, Əli Kərimi, Nəbatini, Nəsimini, müəyyən mənada sevdiyin hər kəsi görə bilərsən. Yəni, bəzən poeziya deyilən məkanda qəribə hadisələr baş verir. Elə bir şair yetişir ki, özündən əvvəllə sonranı bir nöqtədə birləşdirir. Güzgü rolunu oynayır. Bəzən bu güzgünün çat verdiyi anlar da olur. Ənənə qırılır və yenisi yaranmır. Yol keçilməmiş qalır. Poetik ömrü başa çatmayan talelər başqa bir şairin xəyallarında meydana çıxır, tamamlanır, yaxud, bir daha yarımçıq qalır. Məsələn, Əli Kərimdə, onun obraz və detallarında 37-ci illərdə qətlə yetirilən şairlərin də taleyi var. Sadəcə tədqiqatçı əsas şeyi, şairin təxəyyül və xəyal dünyasını araşdırmalıdır. Vaqifin poeziyasında da bu fraqmentlər olmamış deyil. Onun davam etdirdiyi şairlər bir nöqtədə birləşmədi… Yəni, obraz tamamlanmadı.

- Bəzən dövrümüzün ən böyük Azərbaycan şairi deyirlər ona. Hər cür müqayisə qüsurludur, ancaq bir böyüklük duyulmamış da deyil.

- Mən belə epitetlərə münasibət bildirmək istəmirəm. Şairin ən böyük adı elə şairlikdir. Sən şeir yazanların cərgəsində deyilsənsə, demək görünmürsən, görünmürsənsə, demək saxta deyilsən, saxta deyilsənsə…

- Bir ara türkçü, millətçi, vətənçi şeirləri peyda oldu mətbuatda... Kitablarında da var... Bu nə idi? Öz ilahi, sirli-sehrli müstəvisində qəbul olunandırmı?

- Vaqif lap gəncliyindən belə olub. Əvvəl sözə, dilə münasibətdə, sonra o mövzuları gətirdi şeirə. Ancaq şeir ideya verə bilsə də, hər cür ideya onu öldürür. Bu, qədim bir həqiqətdir.

- Vaqif Cəbrayılzadə, Vaqif Bayatlı Önər, Vaqif Bayatlı Odər – çoxmu fərqli şairlərdir? Nədir bu addəyişmələr, sizcə? Nəyin axtarışıdır?

- Mən burda bir axtarış görmürəm. Pis bir şey də axtarmıram. Olub keçib.

- Gənclik şeirləri var ki, az qala hamının əzbərindədir. Onlara yenidən qayıtdı. Yenidən qayıtdı və təzə kitablarında fərqli təqdim etdi. Sizcə lazım idi bu? Özü Füzulinin də ilkin şeirlərini yenidən işlədiyini deyir və ondan örnək aldığını söyləyir.

- Təkcə onu deyə bilərəm ki, Füzuli başqa cür işləyirdi. Bu, onun dibaçəsində əksini tapıb. Füzuli gecə yazdığı, bəlkə də ürəyini tutan bir ifadəni, misranı, yaxud şeiri, gün işığına çıxaranda bəyənmədiyi hallar olurdu və onları cırıb atırdı.

Vaqifin köhnə şeirlərinə qayıtmasından yuxarıda dedim. Həm də bu, şairin haqqıdır. Bir şeiri nə qədər istəsə işləyə bilər. Ancaq onun bir toxunulmaz şəkli olur, ona əl vurmaq istəsən də bacarmazsan, könül məsələsi…

- Ümumiyyətlə, Füzulinin nə dərəcədə təsiri var Vaqif şeirinə?

- Vaqif Füzulidən öyrənməyə cəhd edən bir şairdir. Füzulini bilən və onun kimi yazmaq istəyən bir şair…

- Siyasətə də qoşuldu... Amma daha çox İsa Məsih obrazına girdi. Bir az artstizm də vardı burda, şübhəsiz. Nə baş verirdi?

- Məncə artistizm yox idi. Vaqif siyasətdə olmayıb. O, hər yerdə şair obrazıyla çıxış edirdi. O, sadəcə insanları yanlışlıqlardan xilas eləmək istəyirdi. Şübhəsiz ki, bacarmadı, hamı kimi, bu isə siyasətlə məşğul olmaq deyil.

- Dünya şeirində daha çox Lorkadan danışır. Yeri gəlmişkən, Lorka da məhz dramatik taleyi ilə Nəsimiyə, Müşfiqə və Əli Kərimə bir az bənzəyir...

- Onun bir ardıcılı vardı: Nizami Aydın. Qarabağ döyüşlərində şəhid oldu, tankın içində. Nizami də Lorkanı sevirdi və ondan tərcümələr edirdi.

- Getdikcə praqmatikləşən, vizuallaşan dünyamızda bir az da “vaxtı keçmiş”, göylə əlləşən Don Kixot tipi var. Bu nə şairlikdi belə?

- Dünyada ən böyük həqiqət elə Don Kixotluqdur.

- Bir dəfə demişdi ki, ən yaxşı şeirlərimi əks tərəflərə hərəkət edən iki qatar arasında yaza bilərəm. Doğrudanmı əsl ədəbiyyat bu cür gərgin və ekstremal vəziyyətlərdən doğur?

- Elədir. Ancaq sakit vəziyyət də istisna deyil. İnsan beynini, insan ürəyini, insan xəyalını bilmək olmur. Şair mediumdur, yerlə göyü birləşdirən…

- Vaqif Bayatlını niyə oxumalıyıq...

- Vaqif Bayatlı bir tarixdir. Bizim şeirimizin tarixi. İndi bir şeirini deyim, ordan bəllənə bilər:

Bir ocaq başında yarıyuxulu

Analar qısılıb böyür-böyürə,

Qalıb balalara dünyanın çoxu.

Hərənin sözündən bir şey qanılar

Biri balasını tərifləyəndə -

Yana baxa-baxa susub qalanlar

Ağlayar üzünün bir tərəfində,

Göydən dillənən yox, göydən baxan yox,

Taleyin sonunda donub gözləri

Başını qaldırıb göyə baxan yox,

Böyük Göyüzündən küsüb üzləri.

Allahdan, bəndədən qaçıb gizlicə

Ağlayar analar hey için-için.

Ağlamaqdan asan dünyada nə var

Ağ telli, ağ üzlü analar üçün?!

… Nəyə lazımıdı bu boyda dünya

Çoxda ki, ocaqlar his eləyirdi?

Fağır analara, gül balalara

Bu ocaq yanı da bəs eləyirdi...

2015

# 4279 dəfə oxunub

Müəllifin son yazıları

# # #