Azərbaycan şeiri hara gedir? - MÜSAHİBƏ

Azərbaycan şeiri hara gedir? - <span style="color:red;">MÜSAHİBƏ
19 oktyabr 2015
# 15:30

Kulis tənqidçi Cavanşir Yusifli ilə müasir şeir haqqında müsahibəni təqdim edir.

- Müasir Azərbaycan şeirində yeni tendensiyalar: mövzuya qısa və ümumi necə giriş verərdiniz?

- Müasir Azərbaycan şeiri doğrudan tendensiyalıdır, bu şeir həmişə xüsusi vurğu altında oxunur, bəzən yaxşı şeirlər öz ünvanını tapmır, olur ki, bir neçə on ildə əslində orijinal keyfiyyətlərə malik olmayan mətrnlər gündəmə gəlir, tək-tük poetik parçalar sadəcə gizlində qalır. Bu, əslində normal sayılacaq bir haldır. Mövzuya belə bir giriş vermək olar ki, istənilən bədii mətn kimi şeir də oxucu təmasına möhtacdır, onun necəliyi məhz bu təmaslardan sonra müəyyən dərəcədə aydınlaşmış şəkil alır, yəni məlum dəyər özünü bu və ya digər şəkildə əyaniləşdirir. Bizdə məsələnin məhz bu tərəfi qəlizdir. Bu əyaniləşmə prosesində bir tənasübsüzlük var. Şeir yazılır, bəs ondan sonra hansı proses gedir, bax, belə bir sualı özümüzə verməli olsaq, sizin dediyiniz mətləbi də aydınlaşdıra bilərik. Oxucuların oxuduğu, bir-birinə göndərdiyi şeir mətni alt qatda (bəlkə vitual məkanda) müəllifi öz içində əritməyə çalışır ki, onun yaradıcı statusunu əlindən alsın. “Bu, mənim şeirimdir”, - deyən şairlərə inanmayın, ona görə ki, şeir əvvəl-axır şairin yaradıcı statusunu əlindən alır və onu təzədən, başqa bir formada yaradır. Adicə bir misal: bizim təsəvvürü­müz­dəki dahi Füzuli obrazını «Məni candan usandırdı, cəfadan yar usan­mazmı...» kimi yüzlərlə qəzəllər yaratmışdır. Bu şair haqqında danışanda bu mətləbi unutmalı oluruq, çünki o, şüuraltında gizlənir. Mətn müəllifi öz içində əritdiyi kimi, yuxarıda xatırlatdığımız tək dünyanı da tutur, onu «xam» materialdan dözümlü, qurumlu bir sistemə çevirir. Yəni bu şeirdən baxdıqda dünya da artıq başqa, fərqli donda görünür. Və beləliklə dünya son dərəcə orijinal strukturu, düzümü, düzüm qaydası olan bir mətn kimi – işarələr, kodlar sistemi kimi oxunur. Sənət adamının ən önəmli yaradıcılıq missiyası da məhz bundan ibarətdir. Ovuc işinə yerləşən bir şeirin, bir kitabın dünyanı tutması paradoksaldır, deyilmi?

Bədii əsərdə hər bir kodlaşdırılmış informasiya müəyyən münasibətlər sistemini, bunun vasitəsilə də dünyanın söz mənzərəsini nəzərdə tutur. Bu mənzərədə, təbii ki, konkret bir fokus nöqtəsi yoxdur, yəni, artıq sənətkar son nöqtəni qoyaraq «aradan» çıxıb, onun təqdim etdiyi dünya modeli həm bu dünyanın öz içindən, həm də xeyli kənardan, sanki əsrlərin, lap elə dünyanın qurtaracaq nöqtəsindən «çəkilmiş» təsəvvürü yaradır. Şair bizim görmədiyimiz gələcəkdən keçmişə qayıdan bir fiqurdur. Şair öz şeirini izah etdikcə şeir ölür.

Müasir Azərbaycan şeirində mövcud tendensiyaları da bu baxımdan dəyərləndirmək olar. Vəziyyət çox ağırdır, yavan şeirlər, içində şairin dimdik durduğu şeirlər məmləkəti bürüyüb. Bizsə buna baxıb deyirik: müasir Azərbaycan şeiri çox güclüdür. Zənnimcə bu tendensiyanı yaradan səbəblərdən biri sadə dillə desək, poeziyaya, ümumən yazı-pozu işinə daha çox həvəs, tanınmaq, təyinatını bilmədən, bilmək istəmədən necə gəldin yaşamaq... vasitəsi kimi baxılmasıdır (Kərpic-kərpic şeir kitablarına baxın, o kərpiclərin içindəki dərdləri kimə desən yanar, cınqırı da çıxmaz...). Şair özünü ifadə etmir, sırıyır, qan-yaş tökür (...muradım şəmi yanmazmı?), vətən, ana, sevgili və bu qəbildən olan varlıqlar haqqında qışqıra-qışqıra danışır, özünü səbəb olmadan qurban verir, halbuki bu nəsnələrlə çox alçaq tondan, səsin az qala batdığı yerdən, şeirin lallığa çevrilmə qorxusunun baş qaldırdığı məqamdan danışmaq lazımdır. Yaxud sərbəstdə, lap elə ara-sıra əruzda yazılan şeirlərdə özünü dəf edib hamının bildiklərini montaj eləmək ehtirası mövcuddur və hələ ki güc gəlir. Yazı prosesində bir qəsd var, ancaq işini, yaşantılarını ifadə etmək ehtiyacı yoxdu. Belə olduğu üçündür ki, hər bir adam potensial şairdir, sicilləmə janrında. Ancaq təbii ki, yeni, normal tendensiyalar da var. Bu, yenə də sərbəst şeirdə baş verən dəyişikliklərlə bağlıdır. Bizim son dövrün hecasında bol məzmun var, ancaq xüsusən cavan nəslin, onlardan əvvəlki nəslin sərbəstində ali bir keyfiyyət var – forma danışır, bu isə şairdən sənətkar olmağı tələb edir. Formanın danışması, müəllifi unutdurub, oxucuyla ünsiyyətə girmək bacarığı xüsusi bir keyfiyyətdi.

- Şeirin dünyada, o cümlədən bizdə böhran yaşadığını düşünənlər var... Siz necə düşünürsünüz? Əgər belədirsə səbəbləri nədir sizcə?

- Ədəbiyyat özü öz içində böhran keçirə bilər. Öz mövzuları, ənənələri, onu daim düşündürən məsələlərlə müvəqqəti əlaqəsini də itirə bilər. Ancaq buna böhran deyilməz. Şeir zaman-zaman dəyişir, ancaq zamanla uyğunlaşmaq, necə deyərlər onunla səsləşmək mənasında yox. Poeziyanın içində bir fatal şey var: o, zamanı ötməlidir, əks halda deyilən söz elə söz olaraq qalacaq. Yəni, onun nəsrdən bir önəmli fərqi də sözün başqa işarəvi mənalara malik olmasıdır. Şeirdə, necə deyim söz sadəcə işlənir və çıxıb gedir, əşyalaşır, ritmə, intonasiyaya çevrilir. Bizdəki “böhran” bununla bağlıdır: söz düşdüyü yerdə qalır, sənə nağıl danışır, həqiqəti deformasiyaya uğratmaqla uğraşır və ... küfrə çevrilir. Şeirin dünyada böhran keçirməsi çox köhnə bir deyimdir. Əli Kərimin “Gül və çörək “şeiri var:

O zaman gül yada düşmürdü

Gülü çörək yemişdi,

Gülü çörək məhv etmişdi...

Şeir müəyyən sıxıntılı zamanlarda olsun ki, yada düşməsin, məhrumiyyət və bu kimi digər şeylər onu yeyə, dəf edə, aradan çıxara bilər. Ancaq insanların qəlbində, ürəklərinin lap elə sızlayan yerində nə varsa, bir azdan o şeirə çevriləcək! Bu, dartışmasız bir məsələdir. Bunun üstündən “şeir böhranından” bəhs etmək ən azı yanlışlıqdır.

Həmin şeirdə qız və oğlan müharibənin o ağır, bəlkə də ən dəhşətli dəmində bir tikə çörək tapırlar. Və onların sevgisi bir tikə çörəklə yenidən canlanır, virtual ərazidə:

...Dünyaya gəldim, dedim,

Bəs o niyə gəlmədi...

Bir-birini gözləyən adam metaforası, şeirlə insan qəlbi də bu metafora içindədir.

- Azərbaycanda şeir həmişə güclü olub. Çünki ənənələrimiz var. Bu barədə danışın, mümkünsə. Və ənənələrin gələcəyi haqda danışın bir az.

- Mən buna bir mif kimi baxıram. Mənə lazım deyil, bu konstatasiya güclü olub-filan. Mən yalnız bunu deyə bilərəm: Azərbaycan şeiri dünya poeziyasında öz layiqli yerini tutub. Ancaq bu şeir hansı məqamda daha güclü görsənir: gənc bir şair Nizami Gəncəvini tale kitabı kimi oxuyanda, ona master-klass kimi baxanda və ondan nələrisə əxz edə biləndə. Belə hallar azdır. Əksinə, mənzərə nəyi söyləyir? Kimsə kiminsə yoluyla gedir və məktəb-filan da yoxdur. Əgər məktəb, özü də güclü bir məktəb yaranmayacaqsa, bu yol getməyin, çığır tapdalamağın nə mənası varmış?

- Bu gün gənclər arasınd Ramiz Rövşən-Salam ənənələri daha yayğındır. Hətta sərbəst şeirdə də oxşar simvolik yanaşmalar müşahidə olunur. Sizcə səbəbi nədir?

- Adını çəkdiyiniz bu iki şair ayrı və fərqli qütblərdə qərar tutublar. Onların bir-birinə poetika baxımdan qəti dəxli yoxdur. Sizin dediyiniz indi yox, illər əvvəl yayğındı, keçib getdi və bu həvəsdən heç bir orijinal hadisə yaranmadı.

- Bəlkə Əli Kərim yolu daha məqbul olardı? Sizcə niyə bu yol tamamilə özünü doğrultmadı?

Əgər siz bunu Əli Kərimi niyə yamsılamadılar mənasında deyirsinizə, bu düzgün deyil. Əli Kərimi yamsılamaq, şeirinin havasını tutub yol getmək, bir sözlə onun kimi yazmaq mümkün deyildir. Çünki onun poetikasının fəlsəfəsinin mənası buna qarşı yönəlib. O iki şairi təqlid edənlər eyni cür və eyni havanı oxuyurlar. Əslində onlar yarımçıq bir ritmi tutub onun surroqatını yaratmaqla məşğuldular. Əli Kərim özü-özünü hər nöqtəsində qurub-yaradan bir şair olub, bu mənada bu ani dəyişmələr içində ona çatıb da ritmini oğurlamaq mümkünsüzdü.

- Rəsul Rzaya necə qiymət verərdiz?

- Rəsul Rzaya zaman qiymət verib. Rəsul Rza düşüncəsi etibarı ilə reformatordur. Onda ənənəyə xüsusi bir münasibət var, bu münasibət, onun dünya və gerçəkliyə münasibətinin ifadəsi çox fərqlidir. Rəsul Rzada eyham, ironiya gülüşün xüsusi çaları təkcə bədii vasitə deyil, həm də onun şeirinin belə demək olarsa personajıdır. Məsələn, Kefli İsgəndər. Bu məqamda vurğulayım ki, Rəsul Rzadan çox yazılsa da, onun ortaya qoyduğu yaradıcılıq aktı dəqiq dəyərini almayıb, yəni elmi baxımdan. Rəsul Rza Azərbaycan şeirində çox önəmli bir mərhələdir. Siz onun külliyyatında zəif şeirlər də tapa bilərsiniz, bunu dammaq mümkün deyil. Ancaq məsələ odur ki, Rəsul Rza ilk şair idi ki, özünəqədərki ənənələrlə islahatçı kimi davrandı, poetik düşüncənin axarını dəyişdirdi, bu şeiri zamanla, dünya ilə üz-üzə qoydu.

- Forması sərbəst, düşüncəsi qəlib içərisində olan şeirlər sizidəmi çox “vurur”?

- Sərbəst şeiri yazmaq çətindi. Ərzudan daha çətindi. Amma bunu səhv dedim. Vəzn əslində ritmdən törəyir, sənin tuta bildiyin səsin intonasiyası necədirsə, şeirin forması da ona uyğun şəkillənir. Meşədə qaça-qaça bataqlığın üstündən tullanan bir adam təsəvvür eləyin. Onun tullanmaya qədərki hərəkətinin hər bir anını qeydə alın xəyalən. Yəni, bu hərəkətlərin hər biri əhəmiyyət daşıyır. Görəcəksiniz ki, ən mühüm məqam sıçrayış anıdır (əsas hərəkətə, məqsədə sıçrayış anı - !), bu zaman həmin adamın bütün enerjisi bir nöqtəyə yığılır, ritm budur, şairin bütün ömrü boyu tutub ovcunun içində saxlaya bildiyi nəsnə. Siz deyən məsələ doğrudu: düşüncəsi qəlib içində olan parçalar çoxdu. Yəni hərəkətə sıçrayış anı yoxdu, alınmır, hər şey parça-parçadı. Bu şairlr təbiətdə gördükləri hər şeyi beyinlərindəki, ürəklərindəki “zindana” salmaqla məşğuldurlar, yəni özlərini tirajlamaq, hər gün şeirin içində yatıb-durmaq, poeziya bunu sevmir.

- Bir də istər sosial şəbəkələrdə, istər müxtəlif saytlarda çoxsaylı şeirlər yayılır ki, bu şeirlərdə bir hava, bir ruh, bir intonasiya çatışmazlığı hiss olunur. Və bu çatışmazlıq hamını biri-birinə bənzədir. Sizcədəmi bozluqdur?

- Bəli, məhz yayılır. Dəyəri özündə olan şeylər yerində durur, yayılan şeylər dəyər axtarır. İntonasiya göydən düşmür, şairin içində olmalıdır, amma həm də göydən düşür, yəni kosmosdan, ancaq bu halda güclü bağlantı olmalıdır, keçmişlə gələcək arasında. Sosial şəbəkələrdə şeirlərin yayılmasına təbii baxmaq lazımdı, insanların buna ehtiyacı var. Bunlar öz-özünə oxuyan (öz havasını axtaran - !) şeirlərdir. Ona görə fb-yə girdikdə əvvəl bir uğultu gəlir. Gülüb keçməlisən. Bənd olsan, uğultu udacaq səni.

- Bəlkə, konkret adlara keçək. Haqqında yazdığınız, yazmadığınız müasir dövr şairləri, gənclər... Kim var, kim yox?

- Hə, gəldik əsas məsələyə. Zənnimcə, bunu biz layihənin irəlidəki bölümlərində ayrıntılı şəkildə danışacağıq. Ancaq bəzi mülahizələri bölüşmək olar. Bizdə, yuxarıda dediyim kimi, nə qədər desələr də “bizdə şeir güclüdür”, mən buna ritorika kimi baxıram. Çünki konkretlikdən uzaq bir konstatasiyadır. Amma, filankəsin, deyəndə ki, Səlim Babullaoğlunun şeirləri çox orijinal bir poetik sistemin məhsuludur, burda heç nə təsadüfi deyil, bunu ciddi söhbət hesab eləyirəm, bu sistemin özəlliyini əsaslandırmaq istəyirəm. Bunu başqa şairlərlə bağlı da deyə bilərəm. Jalə var, Rəbiqə var, Seymur Su var, digər orijinal imzalar var. Ancaq həm də böyük bir makulatura var. Bundan da böyük bəla var: hadisələrə maksimalist mövqedən qiymət vermək. Bütün yaxşılıqları, bütün gözəl keyfiyyətləri unutmaq. Məhəlli sularda üzmək və bundan usanmamaq. Kitab kitab xətrinə yazılır. Bu kitabların, bu əsərlərin müəlliflə bir gün belə yaşamaması, bir yerdə olmaması göz önündədir. Belə bir assosiativ yanaşmanı nümunə göstərmək olar. Alimlərimizdən biri hansısa görüşdə hindistanlı alimə o zaman “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi məqaləsini təqdim edir. O adam gülür. Çünki Azərbaycan dilinin bilmirdi.

# 2405 dəfə oxunub

Müəllifin son yazıları

# # #