Ədəbsiz ədəbiyyata doğru

Ədəbsiz ədəbiyyata doğru
18 fevral 2018
# 14:09

Bəzən deyirlər ki, sözün kim tərəfindən deyildiyinə deyil, nə məna verdiyinə diqqət etmək gərəkdir. Bütün ibrətamiz cümlələr kimi bu cümlə də hər yerdə və hər situasiyada keçərli deyil. Məsələn, Səfər müəllimin xüsusilə namus cinayətləri konusunda “daxili senzura”nın vacibliyi fikrini başqa biri yazsaydı, heç fikir də verməzdim. Amma söhbət ciddi bir yazıçıdan gedirsə, düşünməyə dəyər...

Əlbəttə, heç bir sənət sözün mütləq mənasında azad zona deyil. Ən azı bəlli ölçülər, formalar, qəliblər, üslublar mövcuddur. Ədəbiyyatda da eləcə... Ən yenilikçi əsər də özünəqədərki dəyərlərlə nisbətdə, eyni zamanda zaman-məkan kontekstində götürülür. Deməli, keçmişlə və ənənələrlə bağlıdır hardasa... Hətta ənənələri tamamilə inkar edən əsər olsa belə, öz keçmişinə ən azı antitezis kimi bağlanır. Yoxsa elə istənilən adam ağzına gələni yazıb, “Mənim qiymətimi zaman verəcək” – deyə bilər.

Söhbət təkcə ailə-məişət zəminində baş verən əxlaq cinayətlərinin necə yazılmasından getmir. Azərbaycan ədəbiyyatı üçün müxtəlif xam ərazilər var... Din, əxlaq, cinsi orientasiya və s. Bu ərazilərə hər ayaq basanda aləm biri-birinə dəyir. Demək, istedadsızların at oynatmaq imkanları hələ də var. Sən qadağalar yarat, onlar da internetin hüdudsuz yayım imkanından bəhrələnib qadağalarla məzələnsin. Nə asanmış yazmaq və tanınmaq!

Vəziyyətə müdaxilə etmək onsuz da mümkün deyil. Məncə, rahat buraxmaq lazımdır hər kəsi. Su axıb-axıb, durulsun. Oxucu bu spekuliyativ mövzulardan yorulacaq əvvəl-axır. Amma bu məsələnin ən asan tərəfidir. Əsl problem başqadır.

Hələ 2000-lərin əvvəlində Azad Yazarlar Ocağı bəhs etdiyim və etmədiyim məsələləri nəzərə alaraq unikal bir təşəbbüsdə bulundu: Literaturanın Ədəbiyyatdan ayrıldığını bəyan etdi!

Bildiyiniz kimi, Şərq təfəkküründə Ədəbiyyat Ədəb məfhumu ilə assosiasiya olunur. Ədəbiyyat sözünün etimologiyası da burdandır. Adından da göründüyü kimi, Ədəbiyyatda Ədəb qaydalarını gözləmək şərtdir. Necə ki, Firdovsidən üzübəri bütün klassiklər bu qaydaya canla-başla əməl ediblər. Hətta sosrealizmdə də Ədəb, Ədəbiyyatı siyasi ideyaların nökərinə çevirənlərin işinə yarayırdı. Çünki, Şərqin Ədəb düsturunun ilkin mənası böyüyə qulaq asmaq, ona itaət etmək idi.

Halbuki, Qərbdə tamam başqa hadisələr baş verirdi. Sənət bütün basqılara rəğmən öz azadlığını elan etmişdi. İdeologiya üçün vasitə olmaqdan imtina edərək, məqsədin özünə çevrilmiş, keçilməz xətt olaraq yalnız Estetikanı saxlamışdı. Heç bir ədəb və əxlaq qaydasının sənətdə ölçü olmadığı aydın idi çoxlarına. Ona qalsa, təkcə Afrikada ədəb-əxlaq hesab olunan minlərlə ənənə vardır ki, yer kürəsinin müxtəlif yerlərində əxlaqsızlığın son həddi kimi qəbul olunardı. 6 min xalqı və dili, 2 yüz ölkəsi, milyonlarla adət-ənənsi, törəsi, mental dəyəri olan dünyada hərə öz ədəbi-əxlaqı ilə ədəbiyyata gəlsə, aləm biri-birinə dəyməzmi? Biryolluq qəbul etməliyik ki, nəsr, xüsusilə də roman Qərb tendensiyasıdır. Yəni, bizdən təfəkkürcə dəfələrlə qabaqda olanların yaratdığı yaradıcılıq sahəsidir. Ona görə onların estetik dəyərlərini əsas götürməliyik. Çünki bundan daha yaxşısını tapmaq iqtidarında deyilik.

Ədəb qaydalarını Estetikaya qurban verən sənətin adı Ədəbiyyat ola bilməzdi artıq. Bunun adı Literatura idi. Bu həm də o demək idi ki, ədəbi tərəqqinin Şərqdən Qərbə transfer etdiyi faktının fərqinə varaq artıq, onunla barışaq.

Bu gün, məsələn, postmodernist rus yazıçılarının əsərlərinin, yaxud Trierin, Tarantinonun filmlərinin fonunda lokal “ədəb-ərkan qaydaları”nın qeydinə qalmaq necə görünür sizcə?

Bütün dövrlərdə yeni sənət tendensiyaları üzərinə ən böyük basqını ədəb-əxlaq və milli-dini dəyərlər vasitəsilə həyata keçiriblər. Savadsız, informasiyasız insan yalnız törələrə söykənir, törələrdən ayrılmaq onun üçün ölüm-qalım məsələsidir. Çünki başqa seçimi yoxdur. Və zaman-zaman bu cür yatmışları asanlıqla kullanıblar. Sənət irəliyə işıq salmaqdır. Gələcəyin və yeniliyin təhlükəsiz olduğuna zəmanət verməkdir. Bildiyindən qopub bilmədiyinə doğru irəliləməkdir. Heç bir praktiki mahiyyət daşımayan və beyində yalnız illüziya kimi dolanan dəyərləri, əslində isə, dəyməzləri ələ salmaqdır.

Xırda bir misal: 50 il öncə yox, elə srağagün statistik azərbaycanlının xanımına yad bir kişi “gözəldir” deməzdi. Bu, namus-qeyrət söhbəti idi. Amma indi facebookda bu fikir fotoların altında asanlıqla yazılır və ifadə olunur. Texniki tərəqqi “Mənim xanımıma heç kim gözəlsən deyə bilməz” kimi avaragor qeyrətliliyi arxa plana atır, onu gərəksizləşdirir.

Həqiqət gizlədiləndə daha qorxulu olur. O, yalan kimi, riya kimi, bəzən isə cinayət kimi ortaya çıxır. Ağrılar deyilib-yazılıb ovunmalıdır. Problemlər xəstəlik kimi aşkarlanmalı ki, əlacı tapılsın.

Biz Avropa deyilik, müharibə şəraitindəyik, çoxsaylı sosial-mənəvi problemlərimiz var və s. Olsun. Amma sənət təkcə ədəb və əxlaq qaydalarından deyil, Vətənpərvərlikdən də ayrılıb artıq. Malı mala qatmayaq... Kim istəyir vətənpərvər olsun, kim istəyir sənətçi! Şəxsən mən ikincini seçirəm. Zira, məmləkət doludur vətənpərvər adamlarla...

İnanmırsınız, efirə diqqətlə baxın...

# 2302 dəfə oxunub

Müəllifin son yazıları

# # #