Gürcü rejissor: “Stalini partiyaya babama görə keçiriblər” - MÜSAHİBƏ

<span style="color:red;">Gürcü rejissor:  <b>“Stalini partiyaya babama görə keçiriblər”</b> - <span style="color:red;">MÜSAHİBƏ
16 noyabr 2017
# 17:08

Ötən günlərdə Şota Rustaveli adına Tbilisi Dram teatrının Bakıda qastrol tamaşaları oldu. Qonaqlar dünyaca məşhur gürcü rejissoru, SSRİ-nin və Gürcüstanın Xalq artisti, Rusiyanın və SSRİ-in Dövlət Mükafatı laureatı Robert Sturuanın “Mariya Kallas. Dərs” (Terens Maknelli) tamaşasını Bakı tamaşaçılarına təqdim etdilər.

Kulis.az qastrol səfərində olan rejissorla müsahibəni təqdim edir.

- Cənab Sturua, Bakıya gətirmək üçün məhz bu tamaşanın seçilməsi hansı tərəfin təşəbbüsüdür?

- Seçimdə əsas amil maliyyədir. Bizim əlbəttə, başqa tamaşalarımız var, amma maliyyə çətinliyinə görə bunu seçdik. Bu tamaşada iştirak edən aktyor sayı azdır. Gediş-gəliş xərclərini isə həm bizim, tərəf həm də sizin tərəf ödəyib.

- İttifaq, MDB, Qafqaz... Bu kimi ortaq vəziyyətlər, oxşar talelər yaşayan Qafqaz ölkələrində mədəni əlaqələr – məsələn, teatr əlaqələri niyə belə zəifdir? Müştərək layihələr olduqca azdır.

- Hə, deməzdim ki, keçmiş respublikalar arasında belə layihələr var. Bizdə müştərək layihələr Almaniya, İngiltərə, Fransa İtaliya ilədir. Amma Ukrayna, başqa keçmiş başqa respublikalarla yoxdur.

- Niyə?

- Hər şey maliyyədən asılıdır. İndi maliyyə məsələsində çətinliklər var. Özü də bizdə sizdən də çoxdur.

- Sizdə layihələr də çoxdur, ona görədir.

- Bilirsiniz, müştərək layihəyə gedəndə sən özün də ora maliyyə qoymalısan. İndi ümumiyyətlə, işləmək, yaşamaq üçün olduqca mürəkkəb dövrdür.... Layihələr, əməkdaşlıqlar olacaq, çünki biz dost ölkələrik. Azərbaycanlıların və gürcülərin həmişə yaxşı münasibətləri olub. Bundan əvvəl “Xanuma”nı bizim rejissor hazırlamışdı.

Mənə də əməkdaşlıq təklif ediblər. Amma bütün vaxtım planlaşdırılıb artıq.

Çox yaşlı adamam, 80 yaşım var. Ona görə də bir neçə ili planlamışam; necə edəcəm, necə yaşayacağam, özüm üçün hansı tamaşaları hazırlayacağam. Dünən də məndən azərbaycanlı artistlər xahiş etdilər ki, vaxt tapıb onlarla işləyim, tamaşa qoyum. Dedim ki, indi onlara heç nə deyə bilmərəm.

- Hakimiyyətlə problemlər yaşamış rejissor kimi fikriniz maraqlıdır. Sənətçi hakimiyyətlə münasibətini necə qurmalıdır?

- Əgər hakimiyyət normaldırsa, özünü normal aparırsa, əla. Yox normal deyilsə, mübarizə aparmaq lazımdır. Mən düşünürəm ki, dünya tarixinə, teatr tarixinə baxsaq görərik ki, bu tarix başdan-başa ədalətsizliklə, dövlət başçısı ilə, diktatura ilə əbədi müharibədir. Saymaqla bitməz. Hələ qədim yunan dramaturgiyası bununla məşğul idi. “Elektra”dan başlayan, “Antiqona”da bitən hansı əsəri əlinə alsan, görərsən ki, orada ədalətsiz rəhbərlə mübarizə gedir. Hakimiyyət yaxşıdırsa mən niyə mübarizə aparım ki? Biz azad olmalıyıq. Amma onlar bizi, teatrı sevmirlər. Onlar operanı sevir. Düzdür, operada da dramatik teatrda olan problemlərdən danışılır. Amma orada kim sözlərə qulaq asır və ya baş verənlərə diqqət edir ki? Ora müğənnini dinləməyə gəlirlər.

- Yaşadığınız problemlərdən sonra yenidən ölkəyə qayıtdınız, Gürcüstanın ən böyük teatrı Şota Rustavelidə baş rejissor oldunuz. Həm də baş nazir sizə öz teatrınızı yaratmaq üçün bina hədiyyə etdi. Bunu şərait, yoxsa məhdudlaşdırma olmasını necə müəyyən etmək olar? Yəni siyasətdən bacardıqca uzaq olmaq yaxşıdır ya...?

- Siyasət hər yerdədir. Ailədə də siyasət var. Məncə, mənim ən yaxşı tamaşalarımdan biri Raykinin teatrında hazırladığım “Sinyor Teodoro – sahib” tamaşasıdır. Amma bu tamaşa da siyasət haqqındadır. Orada ailə başçısı haqqında danışılır. Ailə başçısı hamını özünə tabe etdirib - oğlanlarını, anasını, uşaqlarını, arvadını... Məlum olur ki, bu sənin atandırsa, onunla mübarizə aparmaq çətindir. Haldoninin pyesidir, yüngül adaptasiya olunub. Amma görürsünüz, siyasət hər yerdədir...

Mənim babam bolşevik olub. Onun məsləhəti ilə Stalini partiyaya götürüblər. Görünür bu inqilabi genlər məndə var və onlar başqa şəkildə təzahür edir – mən çox böyük antistalinçilərdənəm. Məncə, o öz ölkəsinə də, rəhbərlik etdiyi böyük ittifaqa da böyük ziyan vurub. O, öz xalqı ilə başqa xalqlarla mübarizə aparıb. Amma ümid edirəm ki, Xeyir həmişə qalib gəlir. Düzdür, çox gec, biz hamımız bu Şərin əlində öləndən sonra qalib gəlir. Brextin çox yaxşı bir pritçası var: Cənab Ka haqqında hekayədəndir. Orada belə bir yer var, səhnədə Cənab Koyner çıxış edir. Deyir ki, gərək xeyir bütün dünyanı tuta, şərə qalib gələ. O danışdıqca birdən onun başının üstündə Şər peyda olur. Birdən o arxasında bayaqdan dalınca danışdığı Şəri sezir. Onda Cənab Ka o saat öz nitqini dəyişir; başlayır ki, Şər çox möhtəşəmdir, ədalətlidir və s. Ka öz nitqini bitirib çıxanda qapıda dostu ona deyir ki, heç utanmırsanmı, o saat qorxdun və nitqini dəyişdin. Onda Ka dostuna deyir ki, bilirsən, mən istəyirəm Şər məhv olsun və bilirəm olacaq, amma istəyirəm mən o günü görə bilim.

- Şər demişkən, sizin “Hamlet” tamaşanız 50 ilin 10 ən yaxşı Şekspir quruluşlarından sayılır, dünyaca da məşhurdur. Arabir teatr kuluarlarında səslənən klassikaya münasibətdə konseptual rejissuranın artıq tarixə qovuşması fikrinə münasibətiniz necədir?

- Axı hansısa konsepsiya mütləq olmalıdır. Şekspirə münasibətdə o sxematik ola bilməz. Bunu hətta demək gülüncdür...

- Məsələn, interaktiv teatrlar müəllif yozumundan çox tamaşaçını önə çəkir...

- Bu başqa bir şeydir, bunlar teatrın rəngarəngliyidir.

- Ümumiyyətlə, belə teatrlara münasibətiniz necədir?

- Sevmirəm. Tamaşaçını oyuna qoşmaları məni qıcıqlandırır. Mən tamaşaçı kimi oturmaq istəyirəm və heç bir halda hansısa səfeh sual-cavabla tamaşada iştirak etmək istəmirəm.

- Tamaşa quranda, aktyorlarla işdə hansısa xüsusi metodunuz, prinsipiniz varmı?

- Mən Tumanaşvilinin şagirdiyəm. O da Tovstonoqovun şagirdi olub. Tovstonoqov isə Stanislavski sisteminin tərəfdarı olub. Mən artistə niyə bu sözləri dediyini, niyə belə hərəkət etməli olduğunu izah etmədən işləyə bilmərəm. Ona izah edirəm, o anlamağa başlayandan sonra isə, insan psixologiyasını bildiyim üçün ona deyirəm, gəl həyatda olduğu kimi edək. Deyək ki, dava etdiyin ananla münasibəti düzəltmək üçün bir kəlmə “bağışla, ana” demək kifayətdir. Bunu formal deyə bilərsən, sadəcə anana rəhm edərək. Amma sən bunu da deyə bilmirsən. Necə lənətə keçmişik ki, bunu da deyə bilmirsən. Belə adamlar məni maraqlandırır. Aktyorların insan xarakterlərinin mürəkkəbliyini mənə izah etməsi mənə maraqlıdır. Görünür, başqalarını da bu məsələlər maraqlandırır. Məsələn, niyə birdən heç bir günahı olmayan yoldan keçəni təhqir edəsən ki? Niyə? 90-ları çıxmaqla XX əsr insan hərəkətlərinin, bu insan psixikasının mürəkkəbliyini öyrənirlər. Freyddən, Yunqdan başlayaraq neofreydizmədək. Mən hansısa terminologiyanı izah etməyəcəyəm...

Mən aktyorların parlaq oynamağını sevirəm. Belədə teatr olur, daha hansısa məişət aktı, hərəkət, hadisə olmayan darıxdırıcı söhbət yox.

- Siz müxtəlif beynəlxalq teatr layihələrində iştirak etmisiniz. Dünyada nə tendensiyalar müşahidə etmisiz: teatrın meyarları dəyişibmi?

- İndi teatrda o qədər istiqamət var ki, hansısa bir tendensiya görmək nə mümkündür, nə də düzgün. Tamaşalarda fikir müxtəlifliyi çox gözəldir. Ola bilər nəsə xoşuna gəlməsin, nə iləsə razılaşmayasan, nəsə səni dəli etsin... Amma iki əsrdən sonra teatrın qəfildən yeni keyfiyyət qazanması mənim çox xoşuma gəlir: o, həyatın özü kimi rəngarəngdir.

- Bu gün sizi ola bilsin gələcəkdə tamaşaya çevriləcək hansısa bir məsələ düşündürürmü?

- Birincisi, mən çox qocayam. Yunanlar deyirdi ki, fəlsəfə insan dünyadan sakit gedə bilsin deyə düşünülüb. İndi məni ölüm problemi narahat edir. Amma mən bunun haqqında tamaşa qurası deyiləm ki... Mən indi hər hansı tamaşaya əbədilik mövqeyindən baxıram. Gənclikdə olduğumdan fərqli olaraq indi daha çox ümumiləşdirirəm. İndi hər şeyə metafizika taparaq yanaşıram.

Hazırda çox maraqlı və xaricdə məşhur olan bir gürcü povestini tamaşaya hazırlayıram. Təəssüf ki, o əsəri ərəbcəyə, almancaya, ingiliscəyə çeviriblər, amma ruscaya yox. Povest “Vano və Niko” (Erlom Axlediani-red.) adlanır.

- Sizin tamaşanızı burada necə qəbul etdilər. Hansı müşahidələriniz var?

- Deyim sizə, həyəcanlandım. Çoxlu azərbaycanlı dostlarım var. Zalda otura bilmədim. Gedib qrim otaqlarının qarşısında oturdum. Heç qulaq da asmadım. Arada bu tərəfdən keçəndə başa düşdüm ki, onlar pis oynayırlar.

- Haradan bildiniz axı?

- Mənə onları görmək lazım deyil. Hətta küçədən keçəndə, heç teatra girmədən bilirəm ki, aktyorlar içəridə necə oynayırlar...

Qeyd: Robert Sturua 2011-ci ildə Şota Rustaveli adına Teatrdakı bədii rəhbər vəzifəsindən azad edilmişdi. Rəsmi olaraq onun ksenefob ifadələri göstərilmişdi. Lakin bunun Saakaşvili hakimiyyətini tənqid edən bir rejissoru uzaqlaşdırmaq üçün bəhanə olduğu söylənilirdi. İşdən kənarlaşdırıldıqdan sonra, Sturua Rusiyanın “Satirikon” və “El Cetera” teatrlarında tamaşalar hazırladı, “El Cetera” teatrına bədii rəhbər dəvət olundu. 2012-ci ildə isə, Gürcüstanın mədəniyyət nazirinin göstərişi ilə əvvəlki vəzifəsinə -Rustaveli adına Tbilisi Dövlət Dram Teatrına bədii rəhbər və direktor təyin olundu. 2013-cü ildə isə, Tiflisdə rejissorun şəxsi “Fabrika” teatrının açılışı oldu. Teatrın keçmişdə ipək fabriki olan binasını ona ölkənin baş naziri hədiyyə etdi. “Maria Kallas. Dərs” tamaşası “Fabrika” teatrının ilk tamaşasıdır.

# 1350 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
# # #