Tanınmış ssenaristin kurs işi səviyyəsində filmi – Sevda Sultanova yazır...

Tanınmış ssenaristin kurs işi səviyyəsində filmi – <span style="color:red;">Sevda Sultanova yazır...
23 dekabr 2015
# 08:30

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında Naxçıvana həsr olunmuş “Sübhdən başlanan həyat” adlı sənədli film çəkilib. Filmin ssenari müəllifi Yusif Şeyxov, rejissoru Ayaz Salayevdir.

Sənədli filmin premyerası Naxçıvanda baş tutdu. Həmin ərəfədə təsadüfən Naxçıvanda olduğumdan premyeraya qatıldım. Tədbir “Gənclik” kino mərkəzində keçirildi. Yeri gəlmişkən, bu kino mərkəzi rahatlığına, imkanlarına görə paytaxtın kino mərkəzlərindən geri qalmır, əksinə, üstündür.

Ssenarist və rejissor film haqda çox şövqlə danışdı və düşündüm ki, biz indi “şedevr”ə baxacağıq. Hər halda belə düşünməyə haqqım vardı.

A.Salayev "Azərbaycanfilm"də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şurann üzvüdür, Y.Şeyxov da Mədəniyyət və Turizm Nazirliyinin kino yaradıclığı və filmlərin təbliği sektorunun müdiri. Bildiyim qədərilə, onlara təqdim olunan hər ssenarini bəyənmirlər, qulp qoyurlar, nikbinlik axtarırlar və s. Bu məntiqlə Y.Şeyxovun ssenarisi, A.Salayevin filmi “şedevr” olmalı idi.

Fəqət olmadı. Əvəzində ortabab, kurs işi səviyyəsində filmə baxdıq.

Əvvəla ondan başlayım ki, “Naxçıvan” yazılmış lövhə, Naxçıvan təbiətinə aid bir-iki məkan çıxmaq şərtilə filmdə muxtar respublikanın özünəməxsusluğunu, koloritini əks etdirən heç nə yox idi.

Müəlliflər bir neçə qəhrəmanın “həyat hekayətini” paralel danışır: qadın taksi sürücüsü, ər və arvaddan ibarət ailə, fəhlə, əsgər, çoban və s. Montaj dilinin pinti, ritmsizliyi üzündən nəql olunan paralel hekayələrdə dramaturji nizamdan çox xaotik mənzərə vardı.

Müəlliflərin niyyəti respublikanın, onun sadə sakinlərinin gündəlik həyatını göstərmək olub.

Məsələn, kənd qadını öz həyatını nəql edir: “Mən siftə dururam, çağırıram, durur, əl-üzünü yuyur, çörəyini verirəm, yeyir, yola salıram, çörək də qoyuram yoluna. Günorta gəlir, mən özüm yemliyirəm, ona qıymıram. Bir də yenə çörək hazırlayram, termosunu doldururam, salıram yola. Axşam gəlir, yeməyini yeyir, televizora baxırıq, televizor qurtarandan sonra yenə yatışırıq. Mən də nə deyirəmsə onu eləyir”.

Bu həyat faktı nəyilə tamaşaçıya maraqlıdır? Məgər dünyanın digər yerlərində başqa cür oyanıb başqa cür yatırlar?

Yaxud çobanın hekayəti: “İki il əvvəl qoyunum doğmuşdu, adını qoymuşdum, Totu. Elə eləmişdim, gəlirdi yanıma. Elə qoyunlar var ki, yeməyini tök qabağına, qaçacaq o yana, bu yana, ta burdakı yeməyinə baxmaz. Elə qoyun da var, yeməyi tök yeyəcək”.

Məzmunsuz, nəyisə ifadə etməyən söhbətlər, filmin əvvəlində günəşin niyəsə Koroğlu heykəlinin arxasından doğmasının təsviri, çobanın mobil telefonla oynaması və s... Ola bilsin, müəlliflər Emir Kusturitsa ruhunda sənədli komediya çəkmək istəyiblər. Amma belə bir komediya çəkmək üçün ən azı Kusturitsa təfəkkürünə, istedadına malik olmaq lazımdır.

A.Salayev tədbirdə dedi ki, köhnə xronikalarda küçədən keçən insanları görəndə düşünürük ki, kaş onları yaxından göstərəydilər, nə geyinib-keçindiyini görərdik. Ona görə sadə insanları çəkdim.

İndi texnologiya əsridir, hərə əlində bir telefon hər anını çəkir. Ona görə, rejissorun yuxarıda dediyi məsələ aktuallığını itirir. Vacib olan odur ki, bir fotoqraf, rejissor insanı necə çəkir?

AzTV-də bir proqramla digər proqram arasındakı boşluğu doldurmaq üçün məsələn, “Torqovı”da gəzişən insanlar göstərilir. Filmdə müəllifin təqdim etdiyi şəhərdəki insan kadrları, onu müşayiət edən musiqi bu üslubdadır. Biz sənədli film estetikasına xas insan portretləri yox, sadəcə, illüstrativ, informasiya yükü olmayan kadrlar görürük. Yeri gəlmişkən, 1930-cu ildə çəkilmiş “Lətif” filmində real kəndli portretləri var. Orta yaşlı əkinçi işləyəndən sonra əkinin ortasında oturub dincəlir. Onun profildən çəkilmiş portretində bütün bioqrafiyası əks olunub. Bu, mənim milli kinomuzda ən çox sevdiyim səhnələrdən biridir. Əsrin əvvəllərində, hələ kino sənətinin imkanlarının geniş olmadığı bir vaxtda kinematoqrafçılar dolğun, canlı portret yarada bilir, amma 2015-ci ildə A.Salayevlə Y.Şeyxov yarada bilmir.

Davam edirik. Əsgərin hekayətində müəlliflər onu hərbi hissədən evinə kimi müşayiət edib ailəsi ilə görüşdürür. Yadınızda olar, Xoşqədəm Hidayətqızının belə verilişi vardı, əsgərləri ailələri ilə görüşdürürdü. Hətta bu veriliş “Sübhdən başlanan həyat”da əsgərin hekayətindən təsirli, səmimi idi.

Yaradıcı heyət Naxçıvanın sərhədyanı məktəbində də çəkiliş aparıb. Arada güllə, hətta top səsləri eşidilir. Bu səslər kompüter müharibə oyunlarından götürülən səslərə oxşayırdı. Naxçıvanlılar dedilər ki, ayda bir dəfə güllə atılar, ya atılmaz, top səsi ümumiyyətlə eşidilmir. Müəlliflər Azərbaycanın müharibə şəraitində olduğunu, insanların bu vəziyyətdə necə yaşadığını göstərmək, motivi də müharibə və uşaq kontekstində həll etmək istəyiblər. Məktəbli qız isə çox güman ki, kameradan, ona necə davranmağı anladan yaradıcı heyətdən qorxmuşdu.

Naxçıvanın spesifik arxitekturası, təbiəti var, alimləri ilə tanınır. Yeni tikilən binalarda belə memarlıq ənənələri saxlanılır, hətta Naxçıvanın küçələri Bakıdan təmiz və estetikdir, üstəlik, şəhər mədəniyyəti də güclüdür. Naxçıvanda çoxunun bilmədiyi onlarla tarixi abidə var. Bir sıra filmlər burda çəkilib. Filmdə isə bunlarla bağlı bir kadr belə yoxdur. A.Salayev deyir ki, Mömünə xatun türbəsini çox göstəriblər, ona görə düşündük ki, başqa yanaşma edək, sadə insanları çəkək. Əgər bir rejissor, ssenarist abidəyə, hətta o nə qədər məşhur olursa-olsun yanaşma tapa, sadə insanı maraqlı tərəfdən göstərə bilmirsə, onda niyə büdcədən belə lüzumsuz filmlərə pul ayrılır?

Axı, yaradıcı adamın hər şeydən əvvəl deməyə sözü olmalıdır.

A.Salayev bir neçə il əvvəl Kulisə verdiyi müsahibəsində demişdi: “İran filmləri sosial problemlər, yoxsulluq üzərində şöhrət tapır. Halbuki, bu mövzular üçün publisistika kimi fəaliyyət sahəsi var. Kino daha yüksək bir anlayışdır”. Məcid Məcidinin “Səma övladları”, Abbas Kiorastaminin “Dostumun evi hardadır” və ya Cəfər Pənahinin “Dairə” filmlərini ancaq sosial motiv kimi görmək, İran kinosunun mahiyyətini anlamamaq, ona səthi yanaşmaqdır. Yeri gəlmişkən, bədii və sənədli elementlərin istifadə edildiyi İran filmlərində sadə insanların gündəlik həyatı, məişəti maraqlı ifadə vasitələri ilə həllini tapır.

Əgər müəlliflər İran kinosunu poetikasını öyrənsəydilər, çəkdikləri filmdə sadə insanların məişəti, gündəlik həyatının təsviri bu qədər sönük alınmazdı.

Film bitəndən sonra foyedə təəssüratlarını bölüşən adamları müşahidə edirdim. Gənc bir qadın paltosunu geyinə-geyinə həmsöhbətinə “Bu Naxçıvan deyil axı” dedi. Naxçıvan televiziyasının əməkdaşı isə dedi ki, səmimi çəkmək istəyiblər, alınmayıb, bizim televiziyada hər həftə belə veriliş çəkilir. Başqa bir tamaşaçı isə “Burda Naxçıvana sevgi hiss olunmur” qənaətində idi.

Hər halda bir çox rejissorların işinə qüsur tutan Y.Şeyxovun ssenarisini yazdığı bir film bu qədər qeyri-kinematoqrafik, zəif olmamalıydı.

# 1620 dəfə oxunub

Oxşar xəbərlər

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

15:37 17 sentyabr 2024
Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

11:00 17 sentyabr 2024
“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

17:00 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

14:08 15 sentyabr 2024
Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

12:00 14 sentyabr 2024
# # #