Onu hər kəs bir cür tanıyır. Kimisi ona əyyaş, kimisi də guya mərhəmətlə yanaşaraq yaşlı avara deyir. Hər necə olur olsun, bir çox insanın həyatında, xüsusilə də gənclik illərində onun önəmli bir yeri olduğu məlumdu. Çünki o, dəbdəbəli təriflərdən uzaq olmuş, küçə ədəbiyyatını kökündən vurmuş, bəzən özünü içkiyə, bəzən qadınlara təslim etmiş, yazdıqlarını senzurasız anladan yazardı.
İnsanlar özləri yaşaya bilmədiklərini oxumağı sevirlər. Çox təəssüf ki, artıq indi özüylə müsahibə etmək imkanı yoxdu. Amma ərinin arxivini Huntinqton kitabxanasına bağışlayan həyat yoldaşı Linda Li Bukovski israrlarımıza dözməyib nəhayət danışmağa razılıq verdi. Sayəsində onun həyatını tanıya bildik. O bizi bəzən təəccübləndirdi, bəzən isə əksinə... Buyurun, Çarlz Bukovski həyat yoldaşının dilindən...
- Çarlz Bukovski ilə necə tanış oldunuz və evlənməyə qərar verdiniz?
- Onunla ilk tanışlığım kitablarını oxuyaraq olmuşdu. Şəxsən tanışlığım isə, bir klubda baş tutdu. O şeirlərini oxuyurdu. Mən də onu dinləməyə getmişdim. Oxuyub bitirən kimi onunla tanış olmağa qərar verdim. Amma ətrafında xeyli insan vardı və hamısı sərxoş idi. Tanış olduqdan sonra telefon nömrəmi aldı. İki gün sonra isə mənə zəng vurdu. Görüşməyə başladıq. Yaşadığım yerdə bir restoran vardı, orda görüş təyin etdik. Bir-birimizi çox yaxşı anlayırdıq, daha sonra isə platonik münasibət başladı. Düzü bu haqda yazılıb. Necə tanış olduğumuzu və hər şeyi anladan bir kitab var: “Qadınlar”.
- “Qadınlar”dakı adınız nə idi?
- Məncə bu bəllidi. Çünki, kitab “mən” olan qadınla bitir. Digər bütün qadınardan vaz keçdiyi və bizim bərabər olmağa qərar verdiyimiz zaman idi. “Qadınlar”dakı adım Sara idi, yəni kitabdakı son qadın.
- Evliliyinizdən danışardınız.
- Tanış olanda hələ də başqa qadınlarla əlaqəsi var idi. Sadəcə mən “başqa qadın” olmağı istəmədim. Elə bu səbəblə də dost oldum. O başqa qadınlarla münasibətdəykən mən onunla uzun müddət dost qaldım. Bir növ sirdaş idim, münasibətləri ilə bağlı söhbətləri mənimlə edərdi (gülür). Bir müddət belə davam etdi. Sonra bütün qadınları tərk etdi, çünki, mənimlə birgə olmağı qərar vermişdi. Səkkiz il birlikdə yaşadıq, 1985-ci ildə evləndik. Bu bərabərlik müddətində ikimiz də bir-birimizə sadiq olmuşuq.
- “Evlilik nədir? Razılaşdırılmış seks, amma razılaşdırılmış seks sonda darıxdırıcı olur və artıq işə çevrilir. Dünyanın da istədiyi elə bu idi. Tələyə sıxışmış, etməsi vacib olan bir işə sahib zavallılar”- deyə düşünən bir adam niyə sizinlə evləndi? Onu necə bu qədər cəlb edə bildiniz?
- (Gülür) Bu suala siz necə cavab verərdiniz? Əvvəlcə onu deyim ki, evlilik mənim üçün də Hank üçün də vacib idi. Mən ona Hank deyirdim, Çarls, Henri deyil, məhz Hank. Evlilik andı çox ciddidir. İstəyirsiniz inanın, istəyirsiniz yox, ikimiz də bu mövzuda çox köhnə fikirli idik. Həyatımız boyu evlilik andını müqəddəs bildik. Onun evliliyə bu cür münasibəti yəqin ki, hələ biz evlənməmişdən əvvəl olub. Əslinə nə demək istədiyini də bilirəm.
Bu gün insanların evliliyə hörmət etmədiklərini düşünürəm. Biz seksi iş zənn edib evlənmədik. Bu məsələdə həmişə son dərəcədə hörmətli idi. Çox çılğın zamanlarımız oldu (gülür). Hər kəs kimi qışqırıb bağırmalarımız oldu, amma sonra düzəldik, həyatımıza birlikdə davam etdik. Evlilik heç kəs üçün asan iş deyil. Mənə elə gəlir ki, Hank da bu cür düşünürdü. Bunun səbəbi ana-atası da daxil olmaqla ətrafında olan insanların bədbəxt olması idi. Elə bu səbəbdən də evlilik onun üçün çox məsuliyyətli idi. Bu qərarı ona verdirən də eşq idi.
- Yəqin sizə həqiqətən aşiq olubmuş. Çünki kişilər adətən evlilik qərarına bir az çətin gəlirlər. Hələ bu Bukovski kimi azadlığına önəm verən kişi ola.
- Evlənməzdən əvvəl səkkiz il birlikdə yaşadıq. Zövqlərimizi anladıq, bir-birimizi tanıdıq. Hər zaman asan olmayacağını, xoşbəxt olmayacağımızı bilirdik. Amma ikimiz də bunu edə biləcəyimizə yetəri qədər inandıq və bunu ciddi qəbul etdik. Bilirəm ki, insanlar buna inanmayacaq. İnsanlar onu yalnız çılğın, dəli-dolu adam kimi tanıyır. Bilirsiniz, o xarici görünüşündən başqa çox şeyə sahib bir insan idi. Parlaq, hələ kiçik yaşlarından çox işgəncə görmüş, bir sıra çətinlik yaşamış çox həssas bir insan idi. Atası onu çox istismar etmişdi, qorxunc şeylərin öhdəsindən gəlməyə məcbur qalmışdı. İnsanlar onun keçmişinin marağında deyillər, sadəcə sensasion xəbər eşitmək istəyirlər. Amma Hank çox dərin və intellektual adam idi. Kənardan dəlisov görünsə də, qəlbində çox şeyə sahib idi.
- “Eşq bir qərəzdir” deyən adam sizcə nə qədər “qərəzli” olmuşdu?
- Deyəsən, 20 yaşının sonlarına doğru Ceyn adlı özündən yaşca çox böyük olan bir qadına aşiq olmuşdu. O da dəhşətli dərəcədə içki düşkünü idi, ikisinin də vəziyyəti eyni idi. Ceyn alkoqolizmdən dünyasını dəyişdi. Deyəsən, onu daha “gənc” tərzdə sevmişdi. Necə olduğunu bilirsiz. Birinə inanıb etibar edirsiz, yaşca daha böyük bir qadında inam tapırsız, ikisiniz də əyyaş olsaz belə. O yaşda, yəni başı bir az qarışıqkən onun üçün bir növ xilasedici idi o qadın. Bilirsiniz, ardını artıq ondan soruşmalıydınız... Başqa bir şey danışa bilmərəm, bu düzgün olmaz. Həyatı boyunca bir çox qadından təsirləndiyinə əminəm.
- Kitablarından birində özünü anladarkən “....mənim haqqımda hər şeyi bilirdi. Bütün əxlaqsız hekayələrimə rəğmən, o təcavüzkar ruhun altında əxlaqlı birinin olduğunu...” - deyirdi. Sizə görə doğurdan da belə idimi?
- “Təcavüzkar ruh” deyərkən nədən bəhs etdiyini bilmirəm. Amma “içində əxlaqlı biri var” deyir. Bu doğrudu. Çox əxlaqlı, puritan biri idi. Sadəcə pul qazanmaq üçün erotik kişi jurnallarına hekayələr yazırdı. Bundan da, ona özünü bəyəndirməyə çalışan qadınlardan da xoşlanmırdı. Pornoqrafiyadan xoşlanmazdı. Bir filmdə seks səhnəsi, sadəcə 5 dəqiqə sevişdikləri bir səhnə olsa belə, seyr etməkdən xoşlanmazdı (gülür). Dəlisov seks ya da qəribə seks tərzindən xoşlanmazdı. Bunun üçün heç zamanı da yox idi. Zamanını kitablarına ayırırdı, diqqətini yazmağa cəmləmişdi. Buna görə də onun heyranedici bir yazar olduğunu düşünürəm. Çünki hədəfi dəqiq idi. Bu onun mükəmməl bir yazar olmasına kömək etdi.
- Bir yazısında “ Avaraların yanında çox rahatam, çünki mən də avarayam. Qanunu sevmirəm, əxlaqı sevmirəm” demişdi. Sizcə onu bu qədər asi edən nə idi?
- Zənnimcə bunun səbəbi onun çox faciəvi bir uşaqlıq keçirməsidir. Atası yalan danışan, artıq-əskik davranan, çox qatı iş əxlaqına inanan bir kişi idi. Bütün bunlar Hank üçün bir dəlilik idi. Bunun heç bir işə yaramadığını görmüşdü. Bunun üçün insanları tələyə salan sistemdən xoşlanmırdı. Yəni, insanların tələyə düşdüyü, cəmiyyət, kapitalizm və insanı aşağıya doğru sürükləyən, kölə halına gətirən quruluşa tamamilə qarşıydı.
Onu sistemdən qoparan şeyin başqalarının qaydalarına, ya da sistemin qaydalarına görə yaşamaq istəməmək olduğunu deyə bilərəm. Bunun həmişə yaxşı bir şey olmadığını bilirik. Onun üçün əxlaq normaları toxunulmaz idi, çox əxlaqlı idi, dediyim kimi, bir çox xarakteri ilə hardasa puritan idi. Saxtakarlıqdan, sədaqətsizlikdən xoşlanmazdı. Saxta etik qaydalarından da. Çox sadiq bir adam idi. Dostlarına, arvadına, öz inancına sadiq idi. Məncə bu çox şərəfli bir özünəməxsusluq idi. İnsanlar onu bu tərəfdən tanımadıqları üçün haqqında yalnış qənaətə gəliblər. Onu sadəcə “balaca şirin bir uşaq kimi göstərməyə çalışmıram. Kobud adam idi (gülür), bu barədə heç şübhə yoxdu. Çox çılğın zamanlar keçirtdik.
- Onu sevən bir çox fanatı Bukovski üçün “ikili münasibətlərini, cinsəlliyini yalnızlıq kimi yaşayan adam” deyir. Siz bu fikirlə razılaşırsınızmı? Onun bu boyda avaraçılığının içində doğurdan da yalnızlıq var idi?
- Hər kəs öz içində bir az yalnız deyildir? Biriylə münasibətdə olduğumuz zaman xoşbəxtlik axtarırıq. Yəni bizi “tam” edəcək birini... Ancaq ruh yarımızı tapmaq çətindir. Münasibətdə olduğumuz əlaqələrin bir çoxu xoşbəxt sonluqla bitməz. Sonda bir nəfər əziyyət çəkər. Burda bundan bəhs olunur məncə. O da münasibətlərində bizdən fərqli deyildi. Doğru, güclü olan bir münasibət hər kəs üçün çətindi. Sənət adamları üçün bunun daha çətin olduğunu düşünürəm. Çünki sənət adamları emosional olurlar. Baş verənlər qarşısında bəzən daha dramatik ola bilirlər.
- Bir şeirində “sevgiliniz sizə / “məni sevdiyini söylə” deyər / söyləyə bilməzsiniz bax elə bir şey” demişdi. Siz daxil bütün sevdiklərinə “getmədən” əvvəl sevdiyini yetəri qədər söyləyə bilmişdimi?
- Bunu ciddi bir şəkildə demək onun üçün doğrudan da çox çətin bir iş idi, ən azından başlanğıcda. Çünki bəzən yalnız sekslə məşğul olmaq istəyən insanlar belə qarşı tərəfə “canım, səni sevirəm” deyir, bu nə mənaya gəlir? Hank uzun bir müddət bunu deməkdə çətinlik çəkdi. Amma dedi. Həm də dəfələrlə... Əminəm, bu fərqli bir şəkildə olsa belə, başqa qadınlara da onları sevdiyini söyləyib (gülür).
- Bir tənqidçi Çarlz Bukovski üçün ”Uilyam Berrouz homoseksuallığın kişi kraliçasıdırsa, Bukovski azğın heteroseksuallığın könüllü köləsidir. Berrouza qarşı hiss etdiyi nifrət əslində ona qarşı bəslədiyi gizli heyranlığın fərqli bir ifadəsi və təzahürüdür” deyir. Siz bu fikrə qatılırsınızmı?
- Uilyam Berrouza qarşı nifrəti yox idi. Bu məsələyə tamamilə açıqlıq gətirmək istəyirəm. Ərim “nifrət” sözünə qarşı idi. Berrouza qarşı da deyildi. Sadəcə yazmaq tərzini bəyənmirdi. İndi həyatda olan bir çox yazarların da yazılarını bəyənmirdi. Çünki önəmli bir şey yazmadıqlarını düşünürdü. Berrouzun yazdıqlarına xüsusilə diqqət etmirdi. Bu da onun homoseksual olması ilə bağlı deyildi. Sadəcə onunla bir dəfə tanış oldular, bir-birlərinə deyəcəkləri sözləri yox idi. Hankın da ona xüsusi gizli bir heyranlığı yox idi. Niyə olsun axı? Zaman-zaman “insanlara nifrət etmirəm, onlardan xoşlanmıram” deyirdi. Yenə də Berrouzun həyatına hörmət etdiyini düşünürəm. Çünki ikisi də öz həyatını yaşadı. Ərim öz həyatını yaşayan insanlara hörmət edərdi.
- Bəzi oxucuları onun kasıb vaxtında yazdığı kitablarını daha çox sevir. Hətta “varlandıqdan sonra yazı tərzini dəyişib” deyirlər. Sizcə doğurdan da bu cür dəyişiklik oldumu?
- (Gülür) Hər şeydən əvvəl onu deyim ki, o zəngin olmayıb. Sadəcə kirayə pulunu ödəyəcək və bir maşın ala biləcək qədər pul qazanmağa başlamışdı. Amma milyoner deyildi. İnsanlarda, xüsusilə də Avropadakı insanlarda bu cür fikir formalaşıb. İndi yaşadığım ev Los-Anceles limanının yanında kiçik bir evdi. Böyük, yar-yaraşıqlı deyil. Bəzi insanların “yazı tərzini itirdi” deməkləri çox qəribədi. Çünki kitabları əvvəlkilərə nisbətən 3-4 dəfə çox satılmağa başlamışdı. Nəhayət, xatirələrinin təsirindən çıxa biləcək, intellektual səviyyəsini, yazılarını çoxaldacağı və ən əsası daha yaxşı bir yerdə yaşaya biləcək qədər pulu oldu. Yazıları da daha çox bəyənilməyə başlandı. Kitabları daha çox universitetlərdə oxuduldu, tədqiqatçılar tərəfindən əvvəlkindən daha çox qəbul edildi. Elə bu səbəblərdən insanların niyə bu cür düşündüklərini bilmirəm.
- Əslində sənət adamları, yazarlar üçün bu cür münasibət həmişə olub.
- Bəli, haqlarında “ruhunu satdı” deyirlər. Bir yazar nə etsin onda? Yazarın tək istəyi ömrü boyu yazmaq və pul qazanmaqdı. Hank bilirsiniz nə deyirdi? “Qısqanırlar”... O valehedici bir insan idi.
- Son olaraq belə bir sual vermək istəyirəm. Çarlz Bukovski “Bir gün “Bukovski ölüb” deyəcəklər və doğrudan da kəşf edilib tarixə düşəcəm. Nə faydası var? Ölümsüzlük fanilərin axmaq bir icadıdır” demişdi. O özü istəməsə də, ölümsüzlərin arasında özünə yer tapdı. Əgər inanc doğrudursa, indi göy üzündən bizə baxıb hirslənirmi, sizcə?
- (Gülür) “Ölümsüzlüyün fanilərin axmaq bir icadı” olduğuna həmişə inanırdı. Amma yaşlandıqca ölümlülük və ölümsüzlük haqqında bəlkə fərqli inanc sahibi olmadı, amma fərqli hisslərə sahib idi. Tam olaraq necə olduğunu bilmirəm, amma seçildiyi üçün minnətdar olduğunu bilirəm. “Kitablarımı universitetlərdə oxutmağa başladıqları zaman artıq başım bəlada olacaq” deyirdi. Belə deyirdi, çünki daha çox təhlükəsiz olmaqdan narahat olurdu. Amma bilirsiniz, davamlı olaraq onu daha çox insan tanımağa başlayır. Əgər kimsə buna layiq idisə, əminliklə deyərdim ki, bu Hankdır. Çünki həqiqətən də buna layiq idi.
Tərcümə etdi: Elnarə Ağaoğlu
“O başqa qadınlarla sevişəndə biz hələ dost idik”
16 noyabr 2012
08:45
1724 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024