Fərdanın cəsarəti, istedadı və qüsurları - SEVDANIN YAZISI

Fərdanın cəsarəti, istedadı və qüsurları - <span style="color:red;">SEVDANIN YAZISI
12 yanvar 2017
# 14:05

Sevda Sultanova

Fərda Xudaverdiyevin “Selfinaz” stəndapının əsasında bir neçə motiv dayanır: özəl həyata müdaxilənin normaya çevrilməsi, gərəksiz komplekslərimizdən dolayı sosial maskalanma və bu sosial maskanın ictimai müstəvidə qeyri adekvat, saxta davranış, ədəb qaydalarının doğurması.

Proqramın ideya-problematikası aktualdır. Əsas məsələ Fərdanın yozumunda onun həllini necə tapmasıdır.

“Selfinaz” qurşaqdan aşağı zarafatlara hesablanıb. Tamaşaçıların qəhqəhə ilə qarşıladığı monoloqda “qayırmaq, durmaq, dillə işləmək, qurtarmaq ” və s. sözlərindən tutmuş tualetdəki davranışa kimi orqanizmdə baş verən müxtəlif fizioloji proseslər əksini tapıb.

Peşəkar dildə buna “tualet yumoru” deyirlər. Bu, yumorun növlərindən biri sayılır, əsas mövzuları yuxarıda dediyim kimi fizioloji (gəyirmə, qusma, qaz buraxmaq və s) proseslərdir.

Tualet yumorunun məqsədi cəmiyyətdəki tabuları sındırmağa yönəlib. Fərda da özəlliklə bunu vurğuladı. Proqramın girişində müəllif qurşaqdan aşağı zarafatlarla tabuları qırmaqda kompleks keçirdiyini büruzə verərək özünə “beyninin qaçması”yla haqq qazandırdı. Təbiidir, çünki cəmiyyət bu açıqlığa hazır deyil.

İlk dəfə bir stəndap böyük tamaşa kimi, uzun xronometrajla təqdim olunur. İlk olduğu üçün onun qüsurları da, müsbət yanları da var. Hərçənd, qüsurları müsbətləri üstələməsini təəssüflə yazıram.

Qüsurların nədən ibarət olduğunu konkretləşdirək.

Növündən asılı olmayaraq istənilən yumorun (üstəlik, əgər onun sənət olduğuna iddia edilirsə) əhəmiyyətli kontekstinin olması vacibdir. Özü də bizim qüsurlu, bol problemli cəmiyyətdə yumorun hər növünün uğurlu ifadəsi üçün münbit mühit var.

Fəqət, söhbət sənətdən gedirsə, vacib olan tək bu deyil. Həm də onun təqdimatının yaradıcı, uyğun ifadə vasitələri, estetik yolunu tapmaqdır.

Çıxışında müəllif “qayırmaq” felinin insanlarda ədəbsiz assosiasiya doğurmasına toxunur, onu seksual mənayla yükləmələrini tənqid edir. Daha doğrusu, məqsəd yumorun dili ilə tənqid etmək idi.

Dilimizdə qurşaqdan aşağı proseslərlə oxşarlıq doğuran, əslində hər çevrədə istifadə edə biləcəyimiz onlarla söz var.

“Qayırmaq” felinin normalda işlənə biləcək söz olduğunu göstərmək əvəzinə müəllif özü vurğularla onu ədəbsiz mənaya kökləyir. Sıravi vətəndaşın dilindən səsləndirdiyi, intim məna verməyən “Oğlum, Almaniyada heykəltəraşdır, kimləri qayırmayıb: Eynşteyini laboratoriyada, Madonnanı mikrofonla səhnədə” - ifadəsinin Fərda tamaşaçıda əks məna yaratması üçün əlindən gələn hər şeyi edir. Bununla da stəndapında nəzərdə tutduğu konsepsiyanın əleyhinə gedir.

Azərbaycanda komediya janrı ilə məşğul olan yaradıcı qrupların (“Bu şəhərdə”, “Parni iz Baku”) ən çox işlədiyi material yas, toy, şou biznes, sosial şəbəkələrdir. Məsələ əlbəttə ki, materialın çox işlənməsində yox, ona yaradıcı yanaşmanın yoxluğundadır.

Fərda çox təəssüf ki, bu mənada klişelərdən qaça bilməyib. Elza Seyidcahanın heyvanlar üçün konsertini, Samir Bağırovun cinsi oriyentasiyasını, gəlin-qayınana, ər-avrad münasibətlərini, toylarda ana şeiri oxuyan sərxoş obrazını yeni bədii keyfiyyətdə təqdim eləmir...

Yadınızdadırsa, bir neçə il əvvəl portallarda ictimai yerdə sevgilisi ilə öpüşdüyü üçün oğlanı polis bölməsinə aparılması haqda video yayılmışdı. Yazılan şərhlərin çoxunda da sevgililər əxlaqsızlıqda ittiham olunurdu.

Fərda bu mövzuya toxunur, ictimai yerdə qadınla kişinin öpüşməsinə polisin müdaxiləsini, fərdlərə çörək ağacı kimi baxmasını tənqid edir, sistemdə çalışanlara sıravi vətəndaşların arasındakı sosial təbəqələşməni göstərir. Pis deyil, cəsarətlidir.

Ümumən isə yumoru primitivdir, fizioloji səviyyədə qalır, onu geniş tənqidi müstəviyə çıxarmır.

Ssenarist Təvəkkül Mehrəliyev müsahibəsində “Biz “Selfinaz”da çalışırdıq ki, hər bir cümləmiz gülməli olsun” deyir.

Yumor təkcə gülmək üçün deyil, səhnəyə çıxan sənətçinin tualet yumorunun mahiyyəti, keyfiyyəti sıravi adamın yumorundan fərqlənməlidir.

Bütün bunlara rəğmən, Fərdanın sərt şəkildə tənqidinin də əleyhinəyəm. Fərda istedadlıdır, əməksevərdir, “Selfinaz”la ilkə imza atıb.

Sadəcə, sənətdə yalnız istedad, müşahidələr yetərli deyil. Bunun üçün başqa keyfiyyətlər-daha böyük, geniş düşünmək, estetik, bədii həll tapmaq, əhvalatı qurmaq, intellekt bazasını doldurmaq lazımdır.

# 1120 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #