Bacısının ərini əlindən alan qadın – QALMAQALLI FİLMLƏR

Bacısının ərini əlindən alan qadın – <span style="color:red;">QALMAQALLI FİLMLƏR
17 oktyabr 2015
# 09:00

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Elia Kazanın “Arzu tramvayı” filmini təqdim edir.

Kazan 1909-cu ildə İstanbulda yunan ailəsində doğulub. Ailəsi 1913-cü ildə Amerikaya mühacirət edir və onun atası burda xalça ticarəti ilə məşğul olur.

Yale universitetinin dramatik sənət bölməsini bitirən Kazan 1930-cu illərdə Nyu-Yorkun teatr truppasına daxil olur. Bir neçə il Kommunist Partiyasının gizli üzvü olan Kazan sonradan onun sıralarını tərk edir.

1940-cı illərdə Kazan Nyu-Yorkun tanınmış teatr rejissorlarından birinə çevrilir. O, aktyor kimi də özünü təsdiqləyir. Bundan başqa kinorejissor kimi də uğur qazanır.

“Bruklində ağac boy atır” (1945) debüt filmi bir ailənin həyatını əks etdirir.

Üç Oskar alan “Centlemen razılaşması” (1947) bir jurnalistin peşə fəaliyyəti haqdadır.

“Viva, Sapata” (1952) Meksika inqilabıının liderlərindən biri Emiliano Sapatanın hekayətini anladır.

Venesiya festivalının mükafatını alan, səkkiz Oskara layiq görülən, kino tarixinin dahiyanə filmlərindən saylan “Limanda” klassik dramı (1954) keçmiş boksçu Terrinin mafiya ilə münasibətindən bəhs edir.

1976-cı ildə ekranlaşdırdığı “Son maqnat” filmi kinostudiya rəhbərinin həyatını nəql edir.

Amerikanın kino ictimaiyyətində Kazana münasibət indiyə kimi birmənalı deyil. O, 1952-ci ildə antiamerika fəaliyyətini təhqiq edən komitənin dinləmələrində Kommunist Partiyasına üzv olan aktyorların adını açıqlayır.

Həmin aktyorların adı “Hollivudun qara siyahısı”na düşür. “Hollivudun qara siyahsı”na 1940-50-ci illərdə siyasi əqidəsinə görə peşəkar fəaliyyətinə qadağa qoyulan Amerikanın mədəniyyət və incəsənət xadimlərinin adı salınırdı. Siyahıya Amerika Kommunist Partiyasının üzvləri, ona rəğbət bəsləyənlər, həmiçinin, hakimiyyətə bununla bağlı kömək etməyən adamların da adı salınırdı.

Bununla bağlı məşhur amerikalı rejissor Orson Uells deyirdi: “Kazan öz ruhunu üzgüçülük hovuzuna dəyişdi”.

Kazanın bu addımını bir çox kinematoqrafçı bağışlamadı və 1999-cu ildə rejissor fəxri Oskar alanda aktyorlar Nik Nolti, Ed Harrisi onu alqışlamaqdan imtina elədi, Stiven Spilberq, Cim Kerri isə sadəcə oturaraq alqışlamaqla kifayətləndilər. Ona mükafatın verilməsini 1950-ci illərdə “Hollivudun qara siyahısı”na düşən fransız rejissoru Jül Dassen də etirazla qarşıladı.

Kazan 2003-cü ildə vəfat edib.

Layihədə onun 1951-ci ildə dramaturq Tennesi Uilyamsın eyni adlı pyesinin ekranizasiyası olan “Arzu tramvayı”nı təqdim edirik. Pulitser mükafatını alan pyes Brodevey teatrlarında uğurla oynanılıb.

“Arzu Tramvayı”nda hadisələr İkinci Dünya Müharibəsindən sonrakı dövrü əhatə edir.

Keçmiş ingilis dili müəlliməsi olan Blanş hamilə bacısı Stellaya qonaq gəlir. O, bacısına əsəbləri pozulduğuna görə məzuniyyət götürdüyünü deyir. Əslində isə o, işini 17 yaşlı tələbəsi ilə eşq macərası yaşadığına görə itirib. Blanşın pulu olmadığına görə, maddi cəhətdən bacısından və onun əri Stenlidən asılı olur. Özünü kübar, zərif qadın kimi təqdim etməyə çalışan Blanş bacısının ərinə ehtiras hiss edir və bacısının nikahını pozmağa çalışır.

Stenli Blanşa onun keçmişini öyərndiyini deyir, sonra isə onu zorlayır. Blanşın psixi vəziyyəti pisləşir və onu ruhi xəstəxanaya qoyurlar.

1951-ci ildə film senzorlarla Kazan arasında konfliktə səbəb oldu. Senzorlar tələb edirdi ki, filmdən müəyyən hissələr çıxarılmasa kinoprokata buraxılmayacaq. Senzorlar filmi maliyyələşdirən “Warner Brothers” şirkətinin rəhbərliyinə məktub yazaraq bildirdilər ki, Blanşın replikasında öz ərinin seksual pozğunluğu və onun özünün nimfoman olması haqda eyhamı çıxarılmalıdır. Bundan başqa onlar zorlanma səhnəsi ilə bağlı bir neçə variant təklif elədilər: guya zorlamanı Blanş düşünüb, Stenlinin günahı yoxdur. Kazan razılaşmır, mövqeyində israr edir. Senzorlarn yalnız bu fikri ilə razılaşır ki, finalda Stenlini arvadının sevgisini itirməklə cəzalandırmaq lazımdı. Stella uşağına pıçıldayır: “Biz heç vaxt dönməyəcəyik”.

Xeyirxah Katoliklər Cəmiyyəti katolikləri filmə baxmamağa çağırırdı. Cəmiyyət “Warner Brothers” şirkətinə tələblərini irəli sürərək, bir sıra səhnələrin kəsilməsini təklif etdi: Stella və Stenli arasındakı ehtiraslı münasibətini göstərən iri planlar, Blanş qəzet satana onu öpməyi təklif edəndə “dodaqlarımdan” sözü və zorlanma səhnəsinin böyük hissəsi...

“Arzu tramvayı” ciddi müdaxilələrə məruz qaldıqdan sonra da ekranlara çıxanda böyük mübahisələr doğurdu. Tənqidçilərin bir qisminin fikrincə film əxlaqsız, dekadent, vulqardır.

Kazan kadrların bərpası üçün mübarizə aparsa da məhkəmədə uduzdu. Uzun illər ixtisar edilmiş beş dəqiqə itirilmiş hesab olunurdu.

Sonralar həmin hissə tapılaraq tam bərpa olunanda kino tənqidçisi Rocer Ebert resenziyasında yazırdı ki, kəsilən hissə filmin yalnız 5 dəqiqəsini təşkil edir. Və bu səhnədə filmin bütün emosional fəaliyyətinin böyük hissəsi əks olunub.

Qeyd edək ki, Blanş rolunun ifaçısı Vivyen Li bu rolundan sonra ağır depressiyaya düşür. Stenli rolunu oynayan Marlon Brando isə bu obraza nifrət etdiyini deyirdi.

# 1787 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #