Mən o qatil qadını çox gözəl anlayıram-SEVDANIN YAZISI

Mən o qatil qadını çox gözəl anlayıram-SEVDANIN YAZISI
19 sentyabr 2016
# 12:15

Klod Şabrolun “Qanlı toy” adlı filmi var. 1973-cü ildə çəkib.

Əhvalat Fransanın kiçik şəhərciyində baş verir. Şəhər merinin arvadı və köməkçisi arasında eşq macərası yaşanır. Kişi məşuqəsi ilə rahat görüşmək üçün xəstə arvadını zəhərləyək öldürür.

Mer arvadının bu əlaqəsindən xəbər tutur, o, qəzəblənmək əvəzinə arvadını çirkin məqsədinə alət eləyərək münasibəti kəsməməyi məsləhət görür.

Çünki mer pul qazanmaq üçün fırıldaq yolu ilə layihə həyata keçirmək və bunun üçün köməkçisinin, yəni arvadının məşuqunun ona dəstək verməsini istəyir. Əvəzində isə onların görüşünə göz yumacağını deyir.

Məhz belə vacib məqamda rejissor xarakterlərdə gözlənilməz dönüş edir, hadisənin məcrasını dəyişir. Əvvəldə sevgi macərası ötəri, yüngül, şəhvət çalarlarıyla, hətta vandalizm qatında təsvir olunur. Məsələn, məşuqlar muzeydə-tarixi bir binada qiymətli tabloya şampan şərabı dağıdır, eksponat sayılan çarpayıda sevişir.

Sonrakı gedişatda müəllif abırsız görünən münasibəti tədricən ciddiləşdirir, ona hardasa ləyaqətlilik, təmizlik donu geyindirir. Köməkçi merin fırıldağında iştirakdan imtina eləyir, qadın isə ərinin şantajına dözmək istəmir. Sevgililər birləşib meri qətlə yetirir. Sonda qətlin üstü açılır. Qadın sorğu-sual zamanı cinayəti boynuna alır. Film qandallanmış sevgililərin sevgiylə bir-birinin əlini tutmasıyla bitir...

Bununla da Şabrol yüngül, flört kimi başladığı hekayəni həqiqi, səmimi sevgi hekayətinə çevirir, tamaşaçını laqeyd qoymur, finalı ikimənalı bitirir. O, qətlə hardasa haqq qazandırır, korrupsiyaya qurşanmış merlə sevgini qarşı-qarşıya qoyur.

Hətta iş o yerə çatır ki, 1973- cü ildə “Qanlı toy” psixoloji trillerinin nümayişinə Fransa hakimiyyəti bir aylıq qadağa qoyur. Çünki həmin ərəfədə hansısa qalmaqallı kriminal motivli proses başladığından hakimiyyət filmin andlıların qərarına təsir edə biləcəyindən ehtiyatlanır.

Ərini qətlə yetirməkdə təqsirləndirilən Lalə Mahmudova və sevgilisi Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi istər-istəmız bu filmi yadıma saldı.

Faciəli əhvalatda məni daha çox qadının mövqeyi, fikirləri, nələrdən keçdiyi, yaşadıqları qayğılandırır.

Ərini qətlə yetirmək təklifi qadından gəlib. O, dəfələrlə boşanmaq istədiyini ərinə deyib. Ər etiraz edib. Qadın ərinə heç nə hiss eləmədiyini, onun vecsiz münasibətindən yorulduğunu, sevgilisinin ideal kişi olduğunu dilə gətirir.

Qadın bunları məhkəmədə danışır, birbaşa, açıq şəkildə. Oxuyanda hiss edirəm ki, bu, yaşadıqlarından cana doyan, dözümsüzlüyünü, rasional düşüncəsinə nəzarətini itirən zavallı, çarəsiz bir qadının vəziyyətidir.

Prosesdə baş verənləri oxuyanda qətlə birmənalı münasibət bildirməkdə çətinlik çəkirsən. Qadın qətldən qaçmaq üçün mümkün olan hər şeyi edib, əri isə ona şans qoymayıb.

Lalənin həyatı bugünkü reallığa adekvat qadın dramıdır. Yəni kişimərkəzçiliyinə qarşı dözümsüzlüyünü itirən çox həmcinsinin üzləşə biləcəyi vəziyyətdir. Ona görə yuxarıda “daha çox qadının mövqeyi, fikirləri, nələrdən keçdiyi, yaşadıqları qayğılandırır” yazdım ki, bu, nə birinci belə faciədir, nə də sonuncu olacaq.

Problemi araşdıran, ona əncam çəkə biləcək institutların olmaması bir yana, nə ədəbiyyatda, nə kinoda bir qadın dramını əks elətdirən ciddi əsər demək olar ki, yoxdur. Elə bir əsər ki, kulta çevrilə, cəmiyyətin düşüncəsində dönüş nöqtəsi ola bilsin.

Çünki bədii sənətdə də kişimərkəzçiliyi üstündür. Yaradıcı kişilər qadın xarakterini, qadın təbiətini araşdırmaqda, onun qəlbinin dərinliklərinə, alt fikirlərinə enməkdə, incələməkdə çətinlik çəkirlər. Qadın xarakterlərinə klişeləşmiş nöqtələrdən baxırlar, qadını anlamaqda, tanımaqda acizdirlər. Kiminsə həyatında çox qadının, eşq macəralarının olması, hələ qadını tanımaq anlamına gəlmir.

Bu mənada ədəbiyyatda az-çox Afaq Məsudun hekayələri istisna sayıla bilər. A. Məsud qadın təbiətini kişilərin baxa bilmədiyi bucaqlardan araşdırır. Qadının qəlbinin, kişi ilə münasibətlərinin gizli qatlarına, intim dərinliklərə baş vurur.

A.Məsudun hekayələrindəki qadınlar mental mühitdə anlayışsızlıqdan boğulur, həqiqi kimliyindən imtina edərək saxta ailə mühitində yaşamağın əzabını çəkir. Bu gün həmin qadınlar doğru bildiyi həyatı seçməyə, yaşamağa cəhd göstərir. Cəhdləri alınmayanda isə qəzəbini, nifrətini maddiləşdirir. İnfantil kişimərkəzçi cəmiyyət qadının həyatını yenidən başlamaq cəhdini tanımayanda Lalələrin qətl törətməsi (bu fərdin intiharı da ola bilər) qaçılmaz olur.

Və bu, cinayətdən çox mövcud duruma etirazdır.

# 1339 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
# # #