“Kölgəsiz komalar” – qaçqınlardan bəhs edən film

“Kölgəsiz komalar” – <span style="color:red;">qaçqınlardan bəhs edən film
27 mart 2017
# 21:00

Samirə Əşrəf

Ömür talan, həyat yalan

Dərdə düşsün dərdə salan

O dağlarda məğrur qalan

Daş yerinə mən olaydım.

Sücaət

Geridə qoyduğum gün iki filmə baxdım. Hər iki film Qarabağ müharibəsindən bəhs edirdi, hər ikisi də qısa metrajlı idi. Son baxdığım filmin çəkilişləri yenicə bitib. İlk baxdığım film isə 2001-ci ildə çəkilib. Amma mən nədənsə sonuncu filmin yox, ilk filmin təsirindəyəm. Onun ağırlığını, həyəcanını özümlə gəzdirirəm.

Rejissoru axtarıb taparaq təşəkkür mesajımı da birbaşa onun özünə ünvanlayıram. “Kölgəsiz komalar” sənədli filminin ssenari müəllifi və rejissoru İlqar Nəcəfə...

İlqar bəy təşəkkürə təşəkkürlə cavab verir və vurğulayır ki, filmin çəkilişləri üçün maddi vəsait az olduğundan müəllif kimi nə bacarıbsa, onu da etməyə çalışıb.

Bir neçə saat keçir, lakin hansısa naməlum duyğular arabir düşüncələrimə soxulur. İçimdə baş qaldıran narahatlıq daha da artır. Sakitləşmək üçün yenidən filmin linkini axtarıb tapıram. Ordakı tanış mənzərələri, mənə oxşar insanları (ağrılı da olsa) yenidən görmək istəyirəm. Çünki, keçmişdən, qaçqınlığın isti vaxtlarından qalma bir neçə toy kasetini çıxsaq, məni canlı görüntülər vasitəsi ilə o dövrə aparıb çıxaracaq heç nə yoxdur.

İtirdiyimiz doğma insanlara, qohum-əqrəbaya görə də bu kasetləri izləmək imkanından məhrumuq. Ölüsü də, dirisi də həmin kasetlərin içərisindədirlər. Elə çalıb-oxumaqları, oynamaqları, zarafatları da həmin lentlərdə ilişib qalıb. Nə o insanlar bir də geri qayıdacaq, nə də o günlər. Dirilər isə bu həqiqətlə üzləşməkdən qorxurlar. Qorxurlar ki, dərddən əriyib bir damcı qalmış ürəkləri bu acı gerçəkliyin qarşısında tab gətirməsin.

Amma İlqar Nəcəf həmin dövrün görüntülərini, insanların yaşantılarını, çəkdikləri vətən, yurd həsrətini öz kamerası ilə tarixin yaddaşına köçürə bilib. Kadrların hamısından dərd-sər ley kimi adamın üzərinə şığıyır. Nakam, gələcəyi naməlum insanların baxışları adamın gözlərini oyur. Lakin bəzən dərdin üzərinə elə dərdlə getmək lazım gəlir.

Kadrlardan bozaran bu çayırlı ilan mələyən çöllükləri, qamışlı, palçıqlı komaları, pərişan, gündən yanıb dəmir şişinə dönmüş insanları, yalınayaq uşaqları, saqqallı qocaları, yaylıqlı qadınları bir sözlə mən bunların hamısını tanıyıram. Neçə illərdir onların həzin yanıqlı laylalarını öz içimdə, ürəyimdə gəzdirirəm. Çünki mən də onlardan biri olmuşam və hələ də olmaqdayam.

Ərzaq növbəsi üçün əlində sənədlər tutub dayanan o, on üç yaşlı saçı oğlanasayağı kəsilmiş, qaçqınlığa tuş gəlsə də, nəsildən-nəslə ötürülən dağlı, bir az da tərəkəmə ədasına vaxtından tez bürünməyə çalışan, çoxbilmiş baxışlı qızcığaz mənəm. Sinif otağında lövhəyə çıxıb vətən, ana sözlərini yazan qız da mənəm. Qardaşı ilə ağır sacı güclə sürüyüb aparan çəlimsiz də elə mən özüməm...

Yəqin ki, hansısa koma qonşusunun sacı olub. Qaçqınlıqda bircə həmin qonşu bu lazımlı diləyini çadır şəhərciyinə gətirib çıxara bilib. İndi həftənin hər günü sac növbəylə qonşu komaları gəzir. Analar xəmir qatır, balaca qızlar isə qardaşlarına çox yük düşməsin deyə sacın qulpundan tutub onlara kömək edirlər. Mənim kimi...

Nəslimizdə hamı uzunboylu olub. Elə ailəmizdə də. Uzun müddət bu suala cavab axtara-axtara qaldım. Niyə tanrı mənimlə iki-üç qarışın zarafatını edib?! Bu yaxınlarda, lap təsadüfdən sualıma cavab tapdım. İyirmi dörd illik çək-çevirimə nəhayət ki, son qoyuldu.

Rayonumuz işğal olunmazdan əvvəl atışma olan kimi valideynlərimiz bizi gətirib Bakıdakı qohumlarımızın evlərinə qoyardılar. Əvvəllər hamımız bir evdə ya dayım, ya xalamgildə qalırdıq. Bu gəlişlər, qaçhaqaçlar çoxaldıqca bir-birimizdən ayrı düşməyə başladıq. Hara gəldi səpələnirdik. Mənim bəxtimə həmişə dayımgildə qalmaq düşərdi.

Dayımgildə isə çox vaxt su olmurdu. Evin suyunu daşımaqda böyüklərə kömək edirdim. On iki yaşlı sısqa canımla ağır vedrələri lift işləməsə belə pilləkənlərlə yeddinci mərtəbəyə qaldırırdım. Mənim boyum o zaman balacalaşdı. Artmadım, uzanmadım. Yaşıdlarım böyüdü, mən isə həmişə balaca qaldım. Nə içim böyüdü, nə çölüm. Bakıdakı şəhər məktəblərini köç etdiyimiz yerlərə uyğun dəyişdikcə uzunboylu, şəhərli sinif yoldaşlarım da dəyişib inkişaf etdilər. Təkcə mənim boyum boyuna qısılıb artmadı.

Filmdəki qızlara diqqətlə baxıb fikirləşirəm, görəsən o, qızlar ucaboylu ola bildilərmi? Yoxsa, tanrı onlarla da acıqlı zarafat etdi?

Biz qohumlarımızgildə qaçqınlıq yaşayanda günlərlə, həftələrlə valideynlərimizi görmürdük. Kitab-dəftərlərimiz hamısı rayonda qalmışdı. Mənim yaşıdlarım hər gün dərsə gedib, gələndə, mən də özümü ev işləri ilə ovudurdum. Nisgil, həsrət bütün ruhumu işğal edib imkan vermirdi əlimə düşən şəhərli, sarı saçlı gəlinciklərlə oynayım. Bəlkə də elə o gəlinciklərin acığına sonralar mən də saçlarımı sarıya boyadım. Həmin gəlinciklərin saçlarını hörməyə qalxmayan əllərim sonralar öz saçlarımı hördü.

Kadrların birində köhnə, sınıq-salxaq pianinonun qarşısında əyləşərək tarını sinəsinə basıb çalan, çaldıqca da boğazında düyümlənən qəhəri güc-bəla ilə geri qaytarıb ağlamamağa çalışan yeniyetmə də deyəsən mənim qardaşımdır. Amma yox, mənim qardaşımın tarı sonuncu dəfə atışma düşəndə elə sinif otağında atılıb qalmışdı. Musiqi məktəbinin xarabalıqları altında... Sonralar həmin xarabalığa gedib tamaşa edənlər deyirdilər ki, xarabalığın içərisində yeganə sağ qalan əşya Üzeyir Hacıbəyovun məktəbin girişindən asılmış portreti olub. Portretdən boylanan bulanıq baxışların üzərinə çökmüş tozu sonradan xarabalığın üzərinə yağan yağış damlaları yuyub aparıb. Bəlkə də göydən yerə yağan yağış yox dahi bəstəkarın göz yaşları olub...

Filmdəki qəddi əyilsə də, qıvraqlığını itirmək istəməyib, divardakı dəlmə-deşikləri palçıqla yamayan o qoca qadın da mənə tanış gəlir. Bəlkə də o, mənim xalamdır. Altı uşaq anası çadır şəhərciyində iflic xəstəliyindən dünyasını dəyişən dilsiz, ağızsız xalam... Amma o, bu qadın kimi komasını palçıqlayacaq qədər də güclü olmadı. Basaratı elə qaçqınlıq başlayan kimi bağlandı. Sazaldı, sazaldı, axırda bir dəri, bir sümük qalıb torpağa qarışdı.

Filmi izləyə-izləyə itirdiyim, tapdığım, sevdiyim insanları fikirləşirəm. Gözlərim dolur, boşalır. Bu insanların bir çoxu ilə məni məhz bu filmdə təsvir olunan ağrılar birləşdirib.

Öz içimdən həmin insanlara doğru boylanıram. Hamısının gözü yaşlı, sinəsi dağlı, ürəyi nisgillidir. İtirdiklərimin, torpağa qarışanlarımın dərdi nisgili yəqin ki, ot olub məzarlarının üstündə göyərib. Sağ qalanlarımın isə ürəyi dərddən qubar atıb, xal-xal olub.

Ona görə də sağ qalanlarım dəymə-düşərdilər. Çox vaxt bir-birilərini incidirlər, küsürlər. Əslində isə onlar tanrıdan, öz talelərindən incikdirlər. Mənim kimi...

İlqar Nəcəf mənim təki ömürdən, tanrıdan incik düşmüş bir tamaşaçını bu qədər kədərləndirəcəyini bilsəydi, bəlkə də “Kölgəsiz komalar” filmini çəkməzdi. Amma yox, yaxşı ki, çəkib. Kədərlənsəm də, sarsılsam da deməli sənət qələbə çalıb. Kino öz dilində danışa bilib. Müəllif hələ iyirmi altı yaşında ilk filmi ilə öz xalqının dərdini dilə gətirməyi bacarıb. /Ədəbiyyat qəzeti/

# 3219 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #