Bit bazarında işləyən qadın: “Nəbi Xəzri məndən poema yazacaqdı”

Bit bazarında işləyən qadın: “Nəbi Xəzri məndən poema yazacaqdı”
18 oktyabr 2013
# 11:32

Onunla qəribə bir yerdə-bit bazarında tanış olduq. Bura “əskiçi bazarı” da deyirlər, hətta əvvəllər bu bazarın əsas kontingenti ruslar olduğuna görə yerli sakinlər arasında “rus bazarı” deyənlər də var. Adı Raya xaladı. Artıq 10 ildən çoxdur, burada alver edir. Onun piştaxtasının üstündə nələr yoxdu ki-qəlyan altlığı, köhnə çərçivələr, paltolar, pencəklər, jiletlər, parlaqlığı getmiş kuklalar, oyuncaqlar, düymələr, güldan, çıraq, yastıq, kasa, piti qabı, köhnə ayaqqabılar, posterlər, kitablar...

Onunla elə kitablar vasitəsilə tanış olduq. Piştaxtanın qabağına düzdüyü kitablara baxırdıq. Dedi, öz kitablarımdı, evdən gətirib satıram. Cavanlıqda çoxlu kitab oxuyurmuş. Hətta Nəbi Xəzri onun məhəbbətindən əsər də yazmaq istəyirmiş. Ən çox sevdiyi əsər isə... Gəlin lap əvvəldən başlayaq.

Raya xala 1958-ci ildə Ağdamda anadan olub. Uşaq vaxtı Bərdəyə köçüblər. Orada orta məktəbi oxuyub. Beşinci sinifdə oxuyanda Arif (ad şərtidir –M.A.) adlı bir oğlan onu sevib. Arif ondan dörd yaş böyük imiş: “Dörd il bir-birimizi dəlicəsinə sevdik, məktublaşırdıq. Sonra mən Xarici Dillərə sənəd verdim, kəsildim. O da əsgər getdi. Nişanlı kimi idik. Evlənəcəkdik”.

Raya instituta daxil ola bilməyib Bərdədə peşə məktəbinə düzəlir. Peşə məktəbində “master” adlandırdıqları bir nəfər Rayanı görüb ona vurulur. Rayanın fikrini öyrənmədən məcburi qaçırır. Raya nə eldə bilərdi ki? Arifdən də səda gəlmir. O da qara taleyinə boyun əyəsi olur: “Üç il onunla bir yerdə yaşadıq. Sonra o məni iki uşaqla atıb Rusiyaya getdi. 14 il onu gözlədim. Bu illər ərzində nə özü gəldi, nə pul göndərdi. Əvvəl bir müddət pambıq zavodunda işlədim. Sonra uşaqları anamın yanında qoyub Gəncədə texnikum oxudum. Texnikumu bitirəndən sonra isə laborant işlədim”.

Bu illər ərzində başı uşaqlarına qarışmışdı. 7 il sevdiyi Arifi xatırlayırdımı? Xatırlasaydı nə olacaqdı? Bir dəfə kimdənsə eşitmişdi ki, Arif də evlənib, onun da ailəsi var.

Amma tale onları yenidən qovuşdurur. Rayanın məhəbbəti yenidən alovlanır. Nə olsun ki, üstündən 20 il ötmüşdü. İndi nə o əvvəlki növcavan Raya idi, nə Arif həminki. Hərəsinin öz ailəsi, uşaqları var.

“Onun arvadı ölmüş, 3 uşağı qalmışdı. Eşidib ki, mən də ərimdən boşanmışam. Odur ki, el qaydası ilə mənə elçi göndərdi. 1994-cü ildə evləndik”.

Əvvəl-əvvəl münasibətləri çox yaxşı olub. Raya onun uşaqlarına da öz uşaqları kimi qayğı ilə yanaşırmış. İki sevgili uzun illərdən sonra axır ki, qovuşmuşdular, indi doya-doya bu vüsalı yaşayırdılar.

“Nəbi Xəzri onunla dost idi. Arif ona bizim sevgimiz barədə danışıbmış. Nəbi Xəzri də deyibmiş ki, yoldaşını gətir, məktublarınızı da gətirin, söhbət edim, məktubları oxuyum sizin haqqınızda poema yazım. Amma nəsə Arif başısovuqluq elədi, aparmadı. Onda hələ şirin idik, iki il olardı evlənmişdik”.

Hələ də ilk məhəbbətinin qələmə alınmasını istəyir: “Artıq 56 yaşım var. İstəyirəm mənim həyatım hamıya örnək olsun, insanlar ilk məhəbbətlərini atmasınlar. Düzdü, mənim sevgim daşa dəydi”.

Raya xala ilə danışdıqca hiss edirəm, tərəddüdləri çoxdur, gah deyir ki, onu sevdiyim üçün xoşbəxtəm, gah da deyir kaş onunla qovuşmazdım, bu məhəbbətin ülviyyəti itməyəydi: “Ona görə mən ilk məhəbbətə inanmıram, elə bilirəm hamısı yalandı, bununla belə yenə də sevirəm. Bəlkə o da məni sevir”.

Raya xalanı bu bazara da yoldaşı gətirib. Rayondan Bakıya köçüb burda ev tikiblər. Əri əvvəllər dəllal işləyirmiş, sonra görüblər dolanışıq ağırdır, bu bazarda piştaxta götürüblər. Elə o vaxtdan Raya xala bu bazarda köhnə mallar satır.

Sonradan Arif dözülməz olub. Onu döyür, uşaqlarına baxmırmış. Nəhayət ayrılmalı olublar. Amma çox da uzaqda deyillər. Yenə eyni bazardadırlar. Keçmiş əri, ilk məhəbbəti ondan cəmi bir neçə piştaxta aralıdadı: “Hiss edirəm ki, məni qısqanır. Arada onun oğrun-oğrun baxışlarını üzərimdə hiss edirəm. Gözümün qabağında başqa qadınlarla mazaqlaşır, mənə əzab verir. Bilir ki, mən onu hələ də sevirəm”.

Arifin ona yazdıqları məktublara gəldikdə isə... O məktubları hələ də saxlayır. Məktublar onun üçün əziz xatirədir: “Onu ürəyimdən ata bilmirəm deyə məktubları da ata bilmərəm. Elə bilirəm o məktublar cırılsa, məhv olsa mən də ölərəm. Mən onu sevəndə beşinci sinifdə oxuyurdum. Məsum bir qızın qəlbini ovlamışdı. Mənim qəlbim ağ kağız kimi idi, onun sevgisi yazıldı qəlbimə...”

Bu bazarda işlədiyinə görə qətiyyən narahatlıq keçirmir. Hətta burdan qazandığı pulla, qızını köçürüb, oğlunu evləndirib. Artıq qohum-əqrəba, qonuş-qonşu da bilir ki, o köhnə əşyaların alverçisidir. Evdə köhnə paltar, artıq istifadə edilməyən əşya olanda ona verirlər.

Satdıqlarının arasında kitablar da var: “Mən kitabları çox sevirəm. Çoxunu evdən gətirirəm. Uşaq vaxtı valideynlərim pul verəndə yığıb kitab alırdım. İndi satdıqlarımın çoxu öz kitablarımdır. Oxumağı çox sevirdim. Amma dünyada ən çox sevdiyim əsər İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost” əsəridir. Onu uşaqlıqda oxumuşdum. Ömür boyu o hisslərlə yaşamışam, özümü həmişə Səlimənin yerinə qoyurdum. Mən də müəllimə olmaq istəyirdim. Heyf, instituta daxil ola bilmədim”.

O kitabı hələ də saxlayır.

Əslində məqsədimiz Raya xalanın ilk məhəbbəti və bir sevginin tarixçəsi barədə danışmaq idi. Yaxşı oldu, görüşdük, söhbətləşdik, şirin xatirələrə daldıq, insan həyatını zənginləşdirən o xoşbəxt, şirin günlərin dadını çıxartdıq. Amma indi onu sevgi, məhəbbət düşündürmür. Daha o günlər keçdi. İndi onun bircə dərdi var, o da qız nəvəsinin xəstəliyidi. Bu balaca uşaq ürək qüsurludu. Həkimlər deyiblər ki, hər an ölə bilər: “Bir dəfə Heydər Əliyev Fondunun yardımı ilə əməliyyat olunub, ürək damarı dəyişdirilib, ikinci dəfə yenə əməliyyat olunmalıdı. Bizim isə bu əməliyyata heç cür imkanımız yoxdu. Gül kimi uşaq gözümüzün qabağında solur”.

Raya xala şənbə-bazar günləri bu bazarda alver edir, qalan günləri isə evdə olur, xəstə nəvəsinə baxır, onun qayğısına qalır: “Hansısa yazıçının əsərində oxumuşam, deyir, yazın o pöhrələyən vaxtında bir də görürsən bir ağacın başında sarı yarpaq var. Bu sarı yarpaq düşür yerə. Sonra külək o yarpağı ora çırpır, bura çırpır, axırda da məhv olur. Mən də özümü bax, həmişə o sarı yarpağa bənzətmişəm. Mən həyatda tez saraldım, tez soldum, gəncliyim olmadı, gözümü açdım, yetim saxladım, iki dənə öz uşağımı, üç dənə onun uşağını, indi də nəvəmi saxlayıram...”

# 6515 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #