Məşhur tərcüməçi: “Rüşvət verənin kitabını qabağa salırdılar”

Məşhur tərcüməçi: “Rüşvət verənin kitabını qabağa salırdılar”
22 yanvar 2015
# 15:58

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə Kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?” və “İkinci dildən tərcümə problemi” mövzularının müzakirəsi ilə tanış olmusuz.

Üçüncü müzakirə mövzusu “Tərcümə mətinlərinin müqayisəli təhlili” adlanır. Mövzu üzrə məruzəçilər Qismət, Hamlet Qoca, Şahin Ələsgərov, Fərid Hüseyndir. Hamlet Qocanın məruzəsini təqdim edirik.

Tərcümə mətinlərinin müqayisəli təhlili

Fransız ədəbiyyatı nümunələrini dilimizə çevirmək fikri elə fransız dilini institutda əsaslı şəkildə öyrənməyə başladığım ilk vaxtlardan yaranıb.

İlk öncə qiraət dərslilərindəki lətifə və xırda hekayələri fransızca oxuyub həzz alır, onların məntiqi və məzmunu haqda yaxınlarımla söhbət edirdim. Sonra isə maraqlı fransız lətifələrini dilimizə tərcümə edib gənclər üçün mətbuata verirdim və onlar çap olunurdular. Yazıların birbaşa fransızcadan tərcümə olunması haqda məlumat hamını təəccübləndirir, əsl ziyalıları sevindirirdi.

Çünki yarım əsrə yaxın bir vaxtda hər cür tərcümənin ancaq rus dili vasitəsi ilə mümkün olması fikri kök salmışdı. Düzdür, sosialist rejimindən əvvəl fransız mədəniyyətinə və ədəbiyyatına bələd olan və fransız dilindən tərcümələr edən ziyalılarımız çox olub. Amma başqa ziyalılar kimi onların da rejim tərəfindən məhvi, təqibi və əzilməsi keçən əsrin ortasına qədər davam edib. 60-cı illərin əvvəlindən isə ölkənin mədəni həyatında yeni bir intibah dövrünün başlanğıcı duyulurdu. Xarici dillərdən eynilə də fransız dilindən Azərbaycan dilinə birbaşa tərcümə fikri də elə həmin dövrdə formalaşırdı. Mopassanın hekayələri məni heyran eləmişdi və onlardan aldığım zövqü, xoş ovqatı həmvətənlərimlə bölüşə bilmək üçün hekayələrin tərcüməsinə başlamışdım.

Fransız ədəbiyyatının istər seçilib Moskvada çap olunmuş, istərsə də gizli yolla ölkəyə gətirilmiş hər nümunəsini oxuduqca aydın duyurdum ki, bu ədəbiyyat tükənməz, sərin və şəfalı bir çeşmədir, onun hər nümunəsini oxumaq isə bu çeşmədən bir qurtumun içilməsi təsirini bağışlayır. Mən isə bu qurtumları içməyə böyük ehtiyac duyur, əlimə düşən fransız ədəbiyyatı nümunələrini acgözlüklə oxuyur, onların içindən dilimizə tərcümə ediləsi əsərləri seçirdim. Amma tərcümə etdiyim əsərlərin nəşri ciddi problemlərdən keçirdi. Azərbaycanda 4-5 nəşriyyat vardı və hamısı dövlətə məxsus idi. Dövlətin və senzuranın icazəsi olmadan heç bir vərəq də çap oluna bilməzdi. Misal üçün, onu yada salım ki, toyum üçün bir cümləlik kiçik dəvətnaməni çap etdirmək üçün senzuradan və bir neçə idarələrdən bir yığın icazə kağızı toplamalı olmuşdum.

Çap olunası hər bir bədii əsər dövlət və senzura tərəfindən ciddi yoxlanıldıqdan sonra nəşriyyatın illik çap planına salınmalı idi. Yazanların və kitabların sayı artırdı. Siyasətin diktəsi ilə əsərlər yazıb dövlətdən rütbə və pul qoparanlarla yanaşı, ciddi əsərlər yazıb ad çıxaranlar da artırdı. Çox vaxt “xaricin təsirinə düşmüş” adlandırılan yazarların əsərləri kimi xarici dillərdən tərcümə olunan əsərlərin çap planına salınması da müşkül məsələ idi. Rus dilindən tərcümə isə əvvəllərdəki kimi dünya ədəbiyyatına açılan tək pəncərə olaraq qalırdı.

Amma bəzən bəxtim də gətirirdi. Mən “Gənclik” nəşriyyatına işə gələndə öyrəndim ki, nəşriyyatın çap planına rus dilindən tərcümə üçün iki fransız müəllifin əsəri var: Andre Moruann seçilmiş hekayələri və Ann Filipin “Bir göz qırpımı” əsəri. Hər iki əsərin fransızca nəşrini tapıb onların birbaşa tərcüməsini nəşriyyat direktoru ilə razılaşdırdım və böyük həvəslə işə başladım. Amma kitabların tərcüməsindən sonra məlum oldu ki, onların orijinala uyğun olmasını fransız dili mütəxəssisləri yoxlayıb zəmanət verməlidirlər. Bunun üçün Xarici Dillər İnstitutunun müəllimlərinə müraciət olundu. Müəllim dostlarım isə az vaxtda tərcümənin dəqiqliyini yoxlayıb mətnləri geri qaytardılar, adları da “xüsusi redaktor” kimi kitablara salındı.

Mopassanın seçilmiş hekayələrini hələ tələb vaxtı 1964-cü ildə tərcümə etsəm də, onların kitab halında çapı 10 ildən çox uzandı. Kitabın çap planına salınıb hazırlandığı vaxt isə nəşriyyat redaktoru mətnlərin ruscaya tərcümələrlə yoxlanacağını bildirdi. Yoxladılar, amma iki hekayənin ruscaya tərcüməsini tapa bilmədilər və onları kitabdan çıxartmaq istəyirdilər. Mən təkid etdim ki, Mopassanın bütün hekayələri rus dilinə çevrilib və onları tapmaq redaktorun işidir. Xülasə, bu kitab da çap olundu və böyük rəğbətlə qarşılandı.

Beləliklə, Anri Truayanın hekayələr kitabı, Jorj Simenonun “Meqrenin qəlyanı” əsəri, Mari Luiz-Verin “Peretin nağılları” adlı çox şirin uşaq nağılları, müasir fransız hekayələri kitabı azərbaycancaya çap olunub müəlliflərə rəğbət, mənə hörmət qazandırdı. Ölkənin ədəbi mühitində mənə qarşı xüsusi bir münasibət yaranmışdı və bir çox ziyalılar məni fransız ədəbiyyatının və mədəniyyətinin bilicisi sayıb müxtəlif suallarla müraciət edirdilər. Həmin dövrə qədər, yəni keçən əsrin 60-70-ci illərinə qədər fransız ədəbiyyatının Viktor Hüqo, Jül Vern, Balzak, Aleksandr Düma və başqa məşhur nümayəndələrinin bir sıra əsərləri rus dili vasitəsilə dilimizə çevrilmişdirlər və həvəslə oxunurdular. Amma 60-70-ci illərin canlanma dövründə xarici ədəbiyyatın xarici dildən tərcüməsi, fransız ədəbiyyatının birbaşa fransızcadan tərcüməsi bu qiraətdən həzz almaqdan başqa yeni duyğular, yeni ümidlər yaradırdı, dünya ilə, dünya mədəniyyəti ilə birbaşa əlaqələr və nəhayət, sərbəstlik, müstəqillik ümidlərini oyadırdı.

Özüm məktəbli ikən satirik şeirlər, tələbəlik illərində isə əsasən yumora meylli hekayələr yazırdım. Hekayələrin bir neçəsi çap da olunmuşdu. Bəzən məndən soruşurdular: “Nə üçün öz yaradıcılığını kənara qoyub ancaq fransız ədəbiyyatının tərcüməsi ilə məşğul olursan?” Çox vaxt konkret cavab verməli olurdum: “Mən hekayələr, yaxud roman yazıb sayı artmaqda olan Azərbaycan yazıçılarının sırasına düşə bilərəm, amma fransız ədəbiyyatının gözəl nümunələrini seçib dilimizə tərcümə etməklə oxucularımıza və mədəniyyətimizə daha artıq xidmət göstərmiş olaram”.

Harada yaşamağım və işləməyimdən asılı olmayaraq fransız ədəbiyyatı nümunələrini axtarıb tapır, oxuyur, tərcümə üçün əsərlər seçirdim. Belə seçilmişlərdən biri də Jorj Simenonun “Malular ailəsi” romanı idi. Afrikaya ezamiyyətlər vaxtı Simenonun onlarla detektiv romanını oxumuşdum. Amma Moskvada çap olunmuş bu romanın süjetini bir neçə il unuda bilmədim və onu tərcümə etmək qərarımı təsdiqlədim. Əsər müəllifin detektiv mövzudan kənara çıxıb sosial mövzuda yazdığı nadir əsərlərdəndir. Məşhur fransız yazıçılarının cəmiyyət və şəxsiyyət mövzusunun davamı kimi adamı düşündürür. Elə buna görə də Azərbaycan dilində də yaxşı oxundu.

Fransuaza Saqana gənc yaşlarında şöhrət qazandırmış və az vaxtda dünyanın bir çox dillərinə tərcümə olunmuş “Salam qüssə” romanını gec də olsa dilimizə çevirdim. Daha sonra onun “Çəmənlikdə piano” əsərini tərcümə etdim. Saqanın həyat və yaradıcılığı haqda “Fransız ədəbiyyatının antologiyası”nda məlumat vermişəm. Amma onun öldüm xəbərini Fransada ezamiyyətdə olarkən eşitdim. Tteleviziyada nekroloqsayağı hazırlanmış verilişin onun həyatının son illərinə və anlarına aid bəzi məqamları məni çox kədərləndirdi.

Alber Kamünün “Taun” romanının tərcüməsinə ciddi hazırlıq və həyəcanla başladım. Çünki bu dərin və psixoloji romandır. Ölüm qorxusu qarşısında insanların dəyişməsini, əsl sifətini almasını, hörmətinin hörmətsizə, adi birinin mərdlik nümunəsinə çevrilməsi prosesini təsvir edə bilmək ancaq Kamü kimi yazıçılara nəsib olur. Marsel Emenin “Vuivr” romanı da tərcümə üçün asan sayılan əsərlərdən deyil. İlk baxışda bu roman fransızlar üçün yazılmış sırf fransız romanı təsirini bağışlayır. Qədim fransız əfsanəsinin sirli və cazibədar nümayəndəsi müasir fransız kəndində dolaşır. Əslində hər bir xalqın qədim əfsanəsi də, müasir kəndi də var. Amma bunların əsasında gözəl süjet qurub hamı üçün maraqlı olan əsər yarada bilən yazıçılar çox deyil.

Əslən azərbaycanlı olan Baninin (Ümel Banin) mövcudluğu haqda məlumat 80-ci illərin ortalarında onunla görüşmüş həmyerlilərimiz tərəfindən yayıldı. İki Azərbaycan milyonçusunun Musa Nağıyevlə Şəmsi Əsədullayevin nəvəsi olan bu xanımın yaradıcılığı haqda məlumatı və onun “Qafqaz günləri” romanını da mənə bir həmyerlimiz verdi. Əsərin bəzi təsvirləri milli qüruruma toxunsa da 1918-ci il və 20-ci illərin hadisələri erməni dəstələrinin azərbaycanlıları qırması, bolşevizmin ölkəyə gətirdiyi bəlalar haqda məlumatlar bir tapıntı idi. Çünki sovet rejimi həmin dövrün tarixini öz mənafeyinə uyğun yazmışdı, həqiqətləri aramaq isə qorxulu idi. Kitabın tərcüməsinə başlayanda Baninə məktub yazıb senzuranı və oxucu qınağını nəzərə alaraq bir-iki məqamın ixtisarı üçün icazə istədim. O təəssüflənsə də, razılıq verdi və əsərin davamı olan “Paris günləri” romanını da xoş bir avtoqrafla mənə göndərdi. Mən kitabı 1988-ci ildə, iki-üç aya həvəslə və asanlıqla tərcümə edib çap planına salındığı “Yazıçı” nəşriyyatına vermişdim və bildiyimə görə, nəşriyyat da onu çap üçün dövlət mətbəəsinə göndərmişdi.

Sonrakı illər inflyasiya ucundan nəşriyyatlar az qala öz fəaliyyətini dayandırmışdılar, mətbəə isə öz planı ilə, yəni rüşvət verən müəlliflərin kitablarını irəli salmaqla məşğul imiş. Mən orada heç kimi tanımırdım və ləngimənin səbəbini gec anlamışdım. Baninə də heç nə yaza bilmirdim. 1992-ci ildə kitab çap olunanda isə Banin rəhmətə getmişdi və mənim kədərim ikiqat idi. Əlimdən gələn bu oldu ki, onun vəfatı haqda “Ədəbiyyat” qəzetinə kədərli bir məqalə verdim. Amma durğunluq illərində Baninin “Paris günləri” romanını da tərcümə eləmişdim. Sonralar hər iki roman bir beynəlxalq cəmiyyətin maliyyəsi hesabına çap olundu. Mən isə tərcüməçi kimi bir neçə nüsxə hədiyyə aldım.

Ümumiyyətlə, illər boyu həvəslə fransızcadan tərcümə etdiyim 14 kitab üçün aldığım əmək haqqını hesablasam, bir avropalı tərcüməçinin bir kitabın tərcüməsi üçün aldığı qonorara bərabər ola bilməz. Çünki mən təmənnasız və xoş məqsədlə bu işə başlamış, davam etmiş, uğur qazanmışam. Uğur isə ən böyük qazancdır.

Zəruri qeyd: Hamlet müəllim, mövzuyla bağlı məruzə hazırlamaq üçün vaxtı olmadığına görə, biz onun istəyi ilə tərcümələriylə bağlı yazdığı məqaləni dərc edirik.

# 1146 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #