Kulis.az gənc yazar Məhəmməd Tanhunun “Balaca evlərin ikindisi” adlı yeni hekayəsini təqdim edir.
***
Kimlərsə qatı qaranlıqda, ulduzsuz göy üzünün hərzamankı nəhəngliyi altında oraqşəkilli ay işığının yansımasını kürəyində ləngər vura-vura oynadan Xəzər dənizinə yönələn, xırda-para otları pişik tumarlayarcasına lap astaca sığallayan sazaqlı küləyin anidən güclənməsini duydu, başqa bir bölgədə külək ev sahibinin bostana basdırdığı qarğaqorxudan sapından çıxarıb gözləri alov parıltılı tüklülərin arabir yem axtarışında veylləndiyi soyuq, boş çöllərə tolazladı. Ertəsi gün sakinlərin ağ yağış adlandırdığı yağıntı özünü darıxdırmadı. Damcılarının nizətək töküldüyü soyuq, boş çöldə sahibi qarğaqorxudanın islaq pencəyini sivirib taxtasından soyundurdu. Yağış qəfil dayandı, şiddətli külək yeknəsəq istedadla əsməyə başladı, qarğaqorxudanın yüngül taxtası havaya yüksəldi, yaydan çıxan ox kimi fəzada süzüb yel dəyirmanının pərinə ilişdi, fırlanıb intəhasız sürətlə Araz çayına sancıldı. Güclü külək... Yol qırağında yetişən dik yetim qanqallar xətkeşə dönüb ayaqqabıların burnuna sürtüşmüşdü. Güclü külək... Aşağı vadilərdə, xəndəklərdə gizlənqaç oynayan məktəblilərin günbatımından əvvəl evə qayıtması asanlaşdı. Güclü külək.
Digər bir bölgədə isə ertəsi günün səmasını nəhəng buludlar o baş-bu baş gizlədib. Buludlar macal vermir nəhayətsiz tər-təmiz ənginliyi, mavi sonsuzluğu seyr edəsən. Bulud topasının dəlmə-deşiklərindən göy üzü görünür. Bayırda səmanı tabloya köçürmək üçün çabalayan həvəskar rəssamın şansı yoxdur, bu işi təxəyyülünün ixtiyarına buraxmalıdır. Dilxorçuluqdan yayınmaq məqsədiylə siqaret alışdırır rəssam, halqa-halqa yüksələn tüstü dumanları buludların yamaya bilmədiyi oyuq-yırtıqları müvəqqəti qapadır. Eyni səmanı uzaq bir məhəllədə yaşayan, həyət-bacanı, şabalıd ağacının dibinə tökülən tək-tük yarpaqları süpürmək üçün həyətə enən qarı da gördü. Bir ovuc, boyları bir metrə güc-bəla çatan uşaqlar şortlarını dizlərinəcən siyirdilər, pülükdən azad olmuş tənasül alətlərini qarıya tuşlayıb gülüşdülər, qarının qaşları xəfifcə çatılasa da reaksiya vermədi, tifillər qaçıb gözdən itdilər. Süpürgəni həyətə tolazlayıb qulaqbatırıcı səssizliyini qoruyaraq evə qayıtdı.
Qarı bir vaxtlar (gözəl vaxtlarmış o vaxtlar) ərinin ağlını başından alan indi isə yaşıl damarları zoğ-zoğ qabarmış ayaqlarını ağır-ağır sürüyərək üstü bir barmaq qalınlığında tozlanan komodun üzərindən dərman qutusunu titrəyən əliylə ovucladı. İllər onu zövqsüzcə qocaltmışdı. Gəncliyində dindar atasının tökdüklərini yığışdıra-yığışdıra dini təmayüllərə artıqlamasıyla meyillənsə də (o vaxtdan uzun illər keçib), indi qarı allahdan, peyğəmbər vəhylərindən daha çox latın adları verilən bəyaz düzbucaqlı qutulara inanır; “Vaylopin”, “Kardiomin”, “Finlepsin”, pişikotu tərkibli dərmanlar... Dərmanlar səhər yeməyindən sonra orqanizmə yeridilməli, nahardan əvvəl və axşam yeməkdən sonra, bu qədər, vəssalam.
Qarının sir-sifəti arıqdır, almacıq sümüyü artıqlamasyıla sezilir və gözləri oyuğundan dərindədir, sanki, çuxurdan boylanan ərəbdovşanı bəbəkləri sənə tuşlanır. Tavan künclərinə hörümçək toru sarmaşan “ağsaqqal” evin şərti qonaq-mətbəx və yataq otağı deyə bölə biləcəyimiz hüznlü iki otağı var, övladları olmadığı üçün (hər ikisi sonsuz imiş) bu evə ayda-ildə bircə dəfə yolu düşüb qapısını taqqıldadanlar daxmanı bürüyən lax yumurta qoxusundan hayıl-mayıl olur. Cırıltılı çarpayılarının böyründəki aynası alın qırışları təki çatlamış və zil-qara bir möhürü andıran “yadplanetli” bir ləkənin düşdüyü güzgülü şkafın üzərinə evin kişisinin gəncliyində “Polaroid”la çəkilib-çap etdiyi, kotletşəkilli bakenbard saxladığı günlərin fotoşəkillərini düzüblər.
Xarakterləri, sayıqlamaları, axmaqlıqları, keçmişi xatırlamaq biçimləri, çayı açıq ya tünd xoşlamaları, hansı fəsildə xəstələnmələri kimi sırf ikisinin bildiyi həqiqətləri və gizli tərəflərini məcburiyyətdən o qədər açıb-tökmüşdülər ki, ertəsi günə “yaşamağa”, “baxmağa” maraqlı heç nə buraxmamışdılar. İnsanın özünün və kənar şəxslərin daxil olması qadağan tərəfi var, bir damın altında qaldıqları illər uzunu o qadağan qapını döymək bir yana, o “ev” büsbütün uçub-dağılmışdı.
Alatoran çağıdır. Bayırda gözlərin zorla saf-çürük etdiyi künc-bucaqlarda cırcıramaların küyü istər-istəməz eşidilir. Dumana, qaranlığa gömülmüş ev alman nağıllarına çəkilmiş illüstrasiyalardakı xanəgahları xatırladır. Pəncərədən gecənin dumanlı işığı içəri axışanda axşam yeməyinin yağlı qab-qacağını bükülə-bükülə, belini donqarlaşdırıb addım ataraq mətbəxə daşıyır qarı, bir damcı şampunla qab-qacağı yuyub-qurulayır, mətbəxin işığını söndürür və zorla qonaq otağına qayıdır. Axşam yeməyinin saatı ərinin iştahasının açılmasına görə tənzimlənir; neçədə süfrə açılıb-yığışdırılırdısa, titrəyən əlləriylə həbi də o zaman ağzına atıb udurdu. Süfrəni ilkgünkü o ifadə edilə bilməyən məsum sevinciylə, yeməyinin duzlu olub-olmamasına dair keçirdiyi həyəcanla açmaqdan hələ də yaxasını qırağa çəkməmişdi qarı. Biş-düş işlərində ilkgünkü kimi yaxşı imiş; qarının bişirdiyi dovğa da, dolma da, şorba da, bozartma da, qızartma da dünyanın digər təamlarının tayı ola bilməz imiş. Ancaq bütün bu “axşama nə yeyəcəyik”lər, “axşama nə bişirim”lər bu evdə daha səslənmir.
Kresloya əyləşir, rezini qaçmış corablarının boğazıyla oynayaraq dərmanların kara gəlmədiyindən əsnəyə-əsnəyə giley-güzar edir, başqa həkimin qəbuluna yazılmaq lazımmış. Ərinin şalvarının balağındakı qurumuş palçığa gözləri sataşır, tənələrini gecikdirmir, ərinin say hesabıyla ağ tüklərə uduzan qara tüklü əlləri pulta uzanır, televizorun səsini artırır. Əri susur, ardınca qadın da kiriyir. Hər ikisinin altı torbalı xumarlanmış gözləri müticəsinə rəngləri qarışan televizora fokuslanıb. Aparıcının səsindəki soyuqqanlılıq olduqca cəzbedicidir. Qadın, aparıcının kəlmələrini bir-bir öz-özünə təkrarlayır. Sanki, qadının həndəvərindəki həyat boğulmaq üzrədir və qadın var gücüylə ovsunlu ifadələrini təkrarlayaraq həyatı ayıldıb onu özünə gətirməyə niyyətlənib. Bol makiyajlı aparıcı sözarası sabah güclü yağış yağacağını xəbər verir. Səhəri gün göy deşilmişcəsinə leysan tökəcək. Bayırda avqust ayının planına dürtülən yağışlı külək də meydan sulayacaq. Şəhərin çatlamış səkiləriylə o yan-bu yana yeriyənlər gur damcılardan yayına bilməyəcək. Təzə ayaqqabı alanlar zəncir çeynəyəcək. Xırda gölməçələrə ayağını salmadan yeriyənlərə qeyri-bərabər döyüşdən sağ qurtulmuşcasına həsədlə baxılacaq.
Nəysə, haradasa bulud yığını yenə də şişuclu dağların başına üşüşəcək və bu şablon görüntüdə poetikliyi sağmal-subay etmə əziyyətinə qatlaşan şair yenə də o misranı tamamlaya bilməyəcək və qarğış yağdıracaq: lənət sənə, katarakta (bəbəyin arxasında məskunlaşan göz büllurcuğunun şəffaflığını tərk edəndən sonra görmənin bulanlıqlaşmasıyla yaranan göz xəstəliyi) düçar olmuş şeytan. Şair duyğularının özünə ən çox əl qatanıyla, ən qabağa düşəniylə poetik təfəkkürünə zərbələr endirməklə məşğuldur. Şair ən sevdiyi qaravəllini təkrarlamağa cəhdlər edir: “Bir gün ova çıxdım. Qarşımdan bir dovşan qaçdı. Gördüm ki, ayaqları yoxdur. Əlimdə yayım vardı, oxum vardı, bir gün ova çıxdım. Qarşımdan bir dovşan qaçdı. Gördüm ki, ayaqları yoxdur. Əlimdə yayım vardı, oxum yoxdu. Oxu atıb dovşanı yerə sərdim. Dəstəyi olan, amma tiyəsi kütləşmiş bir bıçağım vardı. Onu cibimdən çıxarıb dovşanın dərisini soydum. Dibsiz bir qazan tapdım. Dovşanı onda bişirdim. 7777 ovçu dostum vardı, hamsını çağırdım. Dovşanı yeyib-qurtara bilmədik. Artıq qalanını qurşağımıza bağlamaq istədik. Bir də gördük ki, dovşanın qalan hissəsi dönüb xoruz oldu. Xoruza minib yollara düşdük. Qabağımıza bir çay çıxdı. Çayda bir palan tapdıq. Palanı sökdük, sökdük. İçindən bir kitab çıxdı. Oxuduq, gördük, һamısı yalandır”.
Şair poetik təfəkkürünə həmlələr etməklə məşğul ikən qarı ömür boyunca baş sındırmadığı bir həqiqət haqqında düşünmə əziyyətinə qatlaşır: insandakı inancın və inancsızlığın onun xoşbəxtliyi üzərindəki ağalığında bir qarış az, bir qarış çox olan burunsoxmalarını götür-qoy etmək..
Bir əri, bir də özü daxmanın sarı divarlarıyla birgə yaşlanmışdılar. İkisinin də yeganə qarşılıqlı qorxusu o birinin daha tez ölməsidir artıq. İnsanın canında gəzişən ibtidai və əzəli-əbədi qorxu; tək qalmaq, yəni kütlədən kənarda unudulub ölmək qorxusudur, hətta ölüm ayağında can almağa gələn Əzrail obrazı da bu tənhalıq vicvicəsindən doğulan mifdir, bəlkə. Yəni ölüm özünü təngnəfəs çatdıranda yalnız olmayacaqsan, yol yoldaşın olacaq, toxtaq ol.
Mətbəxdə at oynadan tarakanlara, mətbəxqurdlarına illər ötdükcə daha az fikir verir qarı. Əri də, həmçinin. Evin kişisinin görkəmi, sir-sifəti Kusturitsanın “Bir möcüzədir yaşamaq” filmindəki Vuyanı xatırladır. Sutka boyunca mürgülərkən belə daxmalarının qapısı açıq qoyduğunu məhəllə sakinlərindən gizlətməyən, sovet çağında qatar stansiyası nəzarətçisi olan təqaüdçü, tolstoyqamətli dostoyevskisaqqal əriylə nə vaxt, harada tanış olduqları haqda qarının fikirləri hələ də yaddaşında qaralama halındadır. Ayaqlarını ağır-ağır sürüyərək yeriyir. Qadının ayaqlarındakı simmetriklik qövsvariliyə uduzub.
İyirmi dörd saat heç nə etmədən gündoğanı günbatana calayaraq yaşadıqları bu ev, damları boz şiferli minlərlə yan-yana, sıx tikilmiş evlərdən biridir. Uzaqdan baxdıqda bu saysız evlər qaşınıb tökülmüş balıq pulcuqlarına bənzəyir.
SSRİ-nin yenidənqurma siyasəti çağlarında qatar stansiyası nəzarətçisi ikən valideyn xahişi ilgəyinə başını keçirib evlənmişdi bu qadınla. Hazırda istifadədən qalmış, qırmızı imperiya - SSRİ sənayesinin, sanki, iridırnaqlı nağıl divlərinin qaşıya-qaşıya qopardıqları yaşıl fabrik boyası tökülmüş, nəmişlik və üfunət qoxulu qatar vaqonlarının hərəkət cədvəlinə nəzarət etdiyi o keçmiş günlərdə özü də etiraf edər ki, bu qadını sevmək istəyib. Dəfələrlə vaqonların uzaqdan ilkin işıqlarını gözləyə-gözləyə, reyslərin “tatak-tatak” əks-sədasına qulaq asaraq bir də ayılmışdı ki, qocalıb. İçmə qabiliyyətini itirmədiyi günlərdə (qonaqlıq tamamlananda gicəllənən başının əlində girinc qalırdı, aşa-aşa yeriyirdi) məclislərin birində çəkilmə tut arağını həzm-rabedən keçirəndə darmacalda xatirələşən keyfqaldırıcı acılığına aldanıb “böyük” rəislərdən oğrun gecəyarısı min bir şirin dillə yola gətirib stansiyaya çağırdığı sarışın rus qızlarıyla macəralarını danışıb. Əri bu qadına xəyanət etmişdimi?
Bir zamanlar çox içdiyində dair qarı tez-tez mövzu açırdı. İçkinin daşını atmağının özgə bir tarixçəsi də var ki, az adam bilir. Yarıqaranlıq məkanda rəngarəng işıqlar içəridəki qatı tüstüdə sayrışanda, yüngül gülüş sədaları eşidiləndə arxa tərəfdə tez-tez laqqırtı vuran boşboğaz kütlənin əks-sədası cərgəylə düzülmüş içki butulkalarına toxunub havada uçuşanda və bütün bu yöndəmsiz mütənasibliyə yad olan qoca nəhayət boğazından içəri aşırdığı rumkaların sayını itirir, taqəti tükənərək bir qədər səntirləyir, diyircəkli oturacaqdan yıxılaraq döşəməyə sərilir. Huşu özünə gələndə döş qəfəsindəki ağrı yorğun vücudunu gizildədir, anidən sərxoş gözləri ona dikilən müştərilərin kefi durulmuş gözlərində özünün Əzrayılla qeyri-bərabər döyüşdən sağ çıxmaq məziyyətinə heyrətamiz baxış sezir; qoca hələ də nəfəs alır. Oturacaqdan yapışıb doğrulur və yenidən yerini rahatlayıb oturur, kənardan kimsə ona yaxınlaşmır. Hövsələsizcəsinə bütün ciblərini qurcalayır, tüstülətmək üçün bircə siqaretinin belə olmadığını yəqin edib ayaqlanır, dönüb çıxışa sarı yönəlir. İçkinin bihuşedici təsiri ilə bərabər ağır janrlı “dəlixana” musiqilərinin də təsiri qocadan yan ötüşmür, bütün guppaguplu ritmlər qulaqlarında gah artır, gah da azalır. Səhərəcən içib, küçədə aşa-aşa yeridiyi bir çox gecələrdə o zaman səkidə görünən tək-tük adamlarla əlbəyaxa da olub. Sonra qocalıq ömrün sahilinə lövbər atmağa yaxın, həm də, həkim xəbərdarlığını diqqətə almağın gərəkliyi haqda düşünüb-daşındıqdan sonra içməyin daşını birdəfəlik atıb. Ər qocalıqla belə-belə könüllü əl sıxışıb.
Qarının qocalmağı isə dörd divar arasında dustaq qalmağa başlamasıyla və saçlarını daha az daramasıyla özünü yetirib; yeganə xeyir-şər məclisləri vaxtı həyətdən o tərəfə çıxır bu qarı. Sanki, dişinlə-dırnağınla tikdiyin bu ev çoxlu əl-ayağı olan dəniz canlısı kimi səni tutub saxlayır. İkinci işartı büstqalter taxmama rahatlığından qaynaqlanıb. Sinəsi süzülüb tuluğa bənzəyən qarı büstqalter taxmır daha. Beyindən bədənin digər nöqtələrinə fasiləsiz siqnallar axır, bu siqnallarda səsgücləndirici olsa, hər kəs ambulans maşınları kimi səs-səsə verib səs-küy və qəzəb içində bir-birinin yanında ötər. Qarıyla əri bu haqda baş sındırmırdılar daha; insan ət və sümük parçasıdır və bəzən insan, sanki, ancaq ət və sümükdən ibarət olur, ruhdan, qan və damar sistemindən, daxili orqanlarından yoxsun bir bütün olur, onlar tez-tez belə bir duyğu selində islanırdılar.
Qarının həyatında baş qəhrəman da, epizodik obraz da əridir. Onlar hər ikisinin gözlərindəki öləziyən parlaqlığı min yerə yozduqlarını sezdirmədən bir-birini oxuyurlar. Qarının yan-yörəsindəki əşyalara; darağa, ləkəli güzgüyə, qaşalana, mətbəx bıçağına, ət taxtasına, aşsüzənə, çəngələ, dərin boşqaba, çini kasaya... sir-sifətini, üzünü turşutmağının, nifrətinin səbəbi qaranlıqdır. Kişinin bir qəpik qiymət biçilməz istiqrazları, komsomol bileti, veteranlıq vəsiqəsi, ovçuluq vəsiqəsi, qoşa lülə tüfəng gəzdirmək üçün icazə vərəqi, hərbi bileti, bir neçə ədəd fərqli yaşlarda çəkdirdiyi 3x4 fotoları, diplomu, “3” qiymətiylə dolub-daşan attestatı, qəhvə rəngli kostyum, haradan bu evə gəlib düşdüyü bilinməyən vişnərəng “Cinayət məcəlləsi” qarının gözündə batil inancların əşyaları kimi əsəbdoğuran və qəzəbdoğuran nəsnələr atmosferinə bürünüb. Həyatın ümidli və nikbin auraya bürünməyin çətinləşdiyi zamanlarda ağırlığını daşımağa əlavə çiyin verən xəyalları və həyacanları iki əks cinsin arasında adı gələndə sir-sifət turşudulan zəhlətökən bir qonağa çevrilmişdi. Bir neçə cümləsindən həzz alaraq oxuduğumuz bir hekayə bizə onun uğurlu bir hekayə olduğu təəssüratını qazandırdığı kimi, bir neçə xoşbəxt anın olduğu bir həyat da həmin ömrü xoşbəxt adlandırma yanılğısını bizdə yaradır.
Gecəyarıdan keçsə də heç birini yuxu tutmayıb. Lax yumurta qoxusu gələn qonaq otağındakı künclərinə çəkilib lal-dinməz oturublar. Böyük bir həqiqəti gizlədirmişcəsinə bir-birilərinə mənalı-mənalı baxıb gözlərinin yönünü dəyişirlər. Qarı rezini qaçmış corablarının boğazıyla oynayaraq əsnəyə-əsnəyə başını yırğalayır. Əri ürək açıqlığıyla içindəkiləri sözə tökə bilsə, nələri deyərdi? Qadını anlaya bilərdimi? Əri qatar stansiyası nəzarətçisi ikən üç-beş kitab oxuduğunu xatırlayaraq dünya və həyat haqqında danışmağa haqqı olduğu qənaətini bir çox situasiyalarda səfərbər etmişdi, indi də eynisini etdi.
Bu dünyada yaşamadığımız nələr qaldı, qadınım, pulumuzun az-çox vaxtları oldu bu damın altında hiss etdirmədim sənə, eyni paltarı dəfələrlə geyinmə dözülməzliyindən xəbərdaram, mıqq da edib səsini çıxarmadın, qadınım, atan səni qoymamışdı ali təhsil almağa, rəhmətlik müəllimim hey deyərdi ki, ali təhsili olmayan qız ya təzə paltar eşqində, ya bər-bəzək, qır-qızıl eşqində olacaq, ya da dedi-qodu dalınca qaçacaq, hansı birini səndə gördüm ki, qadınım, sənə içimdə qadınım demək belə məni ürküdür, bir oyuncağı ilk dəfə görən bir uşağın heyrətiylə baxdım özümə, ayaqların necə yaşlanıb, ilahi, qadınım!
İlk və son dəfə özümə etiraf edirəm ki, mən səni sevməmişəm, bu damın altında nəyə dözüb-durmuşam onu da bilmirəm, deməli belə insanlar da varmış bu geniş yer üzündə, bu, yəqin, fəlsəfə və psixologiya üçün də maraqlı predmet olardı, həə, insan yaşaya bilirmiş demək, yaşamışıq, yaşayacağıq da, qadınım. Səni xoşbəxt edə bilmişəm bilirəm, bunlarla yanaşı bütün varlığımla söyləyirəm ki, bir neçə dəfə əməlli-başlı xoşbəxt olmağa layiqsən. Düşüncələr zehnimin içində pazlın hissələri kimi hansısa zaman kəsiyində xəbər-ətərsiz əskik yanlarını tapıb tamlaşıblar demək, qadınım. Hər gecə nəfəs alıb-almadığına qulaq asıram, elə qorxuram ki, səni itirməkdən, hansı birini deyim biləsən axı. Atamdan öyrəndiyim bu oldu qadınım, kişi çox şeyi deməz arvadına, bildirməz, illərdir bunu unutmadım, atam yoxdur yer üzündə fəqət dedikləri qalıb qulağımda, qadınım. Ayaqları ömrün qəzasına uğramış qadınım, kaş ki, ayaqların yaşlanmazdı, görəsən, nə vaxt mənimlə bir yerdə son nəfəsini verəcək kişiliyim?!..