Elza Seyidcahan: “Nizami kimi mən də unudulmayacam”

Elza Seyidcahan: “Nizami kimi mən də unudulmayacam”
16 fevral 2015
# 15:20

Kulis.Az müğənni Elza Seyidcahanla müsahibəni təqdim edir.

- Bir həftədir sizinlə müsahibənin vaxtını təyin etməyə çalışsaq da heç cür alınmır. Əksər müğənnilərlə belədir. Yəni bu qədər gərgin həyatınız olur?

- Bizə 24 saat çatmır. Həm də sözün düzü jurnalistlərdən qaçıram. Gəlib sənlə danışırlar, sonra sən dediyini dəyişib başqa cür yazırlar. Ona görə də nəinki jurnalistlərdən, verilişlərdən də qaçıram.

- Amma sizə jurnalistlər ilin şairəsi mükafatını verdilər, qəbul elədiniz.

- Heç xəbərim olmadı. Bir də zəng gəldi ki, sizə mükafat verəcəyik. Əslində, mənə mükafat veriləndə qorxuram, öz-özümə fikirləşirəm ki, görəsən buna layiqəm?! Məsuliyyətim artır. Bu mükafat üçün də zəng vuranda ləngidirdim. Əvvəl ciddiyə almırdım. Sonra birdən sanki ayıldım. Elə bil mənim şeirlərimi ələ salanlara bu cavab kimi Allahdan gəldi.

- Yəni şeirlərinizi bəyənməyənlərə?

- Bəyənməyənlərə yox e, paxıllara. Bəyənməyinə hamı bəyənir. Məni qınayanlar şeirlərimi hamıdan çox bəyənirlər. Sadəcə qorxurlar, qarşımı almaqdan ötrü, məni həvəsdən salmaqdan ötrü paxıllıq edirlər.

- Bəyəm paxıllıq edənlər müğənni yoldaşlarınız deyil?

- Deməzdim müğənni yoldaşlarımdı, yazarlar, bəzi yazarlardı. İllərlə yazırlar. Yüzlərlə, minlərlə yazıları var. Özləri demiş, neçə ildi yazdıqlarını sandıqda saxlayırlar, məni ittiham edirlər ki, niyə yazdıqlarımı evdə saxlamıram.

- Siz yazarları ittiham edirsiz, amma mən tədbirdə görmüşdüm: bir müğənni telefonu çıxarıb sizin şeiriniz olan videonu o birinə göstərdi, gülüşdülər.

- Müğənnilər bilirsiz niyə gülə bilərlər? Mənim “Tək” şeirimi anekdotlaşdırmışdılar. Müğənnilər ona baxıb gülürdülər.

- Yox “Seviyorum” şeirinizdən danışıram.

- Hə, orda “Kokuyorsun sən” misrasına gülürdülər. Hələ əsrin əvvəllərində Hüseyn Cavid, Cəfər Cabbarlı, Rəfiq Zəka Xəndan da türk sözləri işlədirdilər. Son zamanlarda bunu Qənirə Paşayevada görmüşəm. Hələ bundan əvvəl “Həyata küsmə” adlı mahnı bəstələmişdim. Hamı mənə sual verirdi ki, həyata küsmə niyə, həyatdan küsmə olmalıdır. Dedim, vallah, Qənirə xanım belə yazıb, oxumuşam. Heç mən də Qənirə xanıma irad tutmadım. Başa düşdüm də, anladım da. Bu söz girdi də beynimə. Yəni, həyata küsmə, həyatdan küsmə deməkdir. Cəfər Cabbarlı deyir ki, bütün əski tanrıları buraxdım. Cəfər Cabbarlı özü əski sözünü işlədir də.

- Köhnə deməkdir.

- Hə, bizim köhnə dilimizdə var. Türklər indi işlədir. Əslində biz elə əsl türkük. Mən də şeirdə bu “kokumsun” sözünü işlətmişdim. Gördüm o sözü götürüb anekdot ediblər. Hərə bir cür yozurdu. Karın könlündəki. Biri var gülü koklayasan... Onlar bəlkə başqa şey kokluyurlar? Mən nə deyim? Bir də şeirimdəki “verdi” sözü ilə məzələniblər; mənə verdi, sənə verdi, ona verdi... Mənim haqqımda kimlərsə həmin o “Verdi” videosunu hazırladı. Müğənnilər də lağa qoydular. Bunu bəlkə heç müğənnilər eləməyib.

- Nə bilirsiz müğənnilər elətdirməyib?

- Bilmirəm. Bu video Türkiyənin məşhur kanalına da çıxdı. Nəsiminin şeirini İnstagramda paylaşmışam. Elə bilirlər mənimdi, girib yazırlar ki, bu nə şeirdi. Tay demirlər ki, Nəsimi yazıb bunu, mən yox. Nəsimi deyir ki, məndə sığar iki cahan. Mən də yazmışam ki, təkdə sığar iki bədən. Bunu başa düşmürlər. Yəni uşaqda atası ilə anasının bədəni sığır. Bunu demişəm o şeirdə. Onlar da öz bildikləri kimi yozublar. Mən onlara qadağa qoya bilmərəm.

- Hərə öz əxlaqı çərçivəsində anlayır.

- Kimsə deyir ki, sən burda Allah fəlsəfəsini açmısan - təkdə sığar iki bədən ata, oğul, müqəddəs ruh deməkdi.

- Üç üqnum...

- Hə. Amma mən o şeiri yazanda ata, ana və övladı nəzərdə tutmuşam. Yəni, Allah təki verib, təkdən tək yaranır, təklərdə də cütlər yaşadır.

- Onda gərək hər şeirinizin şərhini verəsiz.

- Əslində, heç bir yaradıcı öz əsərinin şərhini vermir ki.

- Niyə? Edqar Allan Po yazdığı şeirin şərhini də verib.

- Şərhi yazmağa da vaxt lazımdır. Mənim vaxtım yoxdur e. İnanırsan? Bayaq sənə caz mahnıları çaldım. Onları hələ 90-cı illərdə yazmışam. Hələ də onlardan albom hazırlamamışam. Üzə çıxarmaq üçün vaxt lazımdır. Bir dəfə xaricdə dekada keçirilibmiş. Qısa danışıram. Səttar Bəhlulzadə də gedibmiş. Xaricilər Səttarın əsərlərini görüb deyiblər ki, siz çox böyük xalqsız. Ona görə ki, belə bir dahi rəssamı dünyadan gizlədə bilmisiz.

Yəni ki, Elza hələ heyvanlara konsert verəndə, dəmir paltar geyib səhnəyə çıxanda onu ələ salırdılar, gülüş obyektinə çevirirdilər. Əslində, mənim sənətimdə gülüş olmayıb. Mənim 90-cı illərdə yazdığım əsərlər hələ də səslənməyib. Halbuki onlar o vaxt çıxsaydı Azərbaycan Elzanın simasında bir daha “Ginnesin Rekordlar kitabı”na nəsə yazacaqdı. Bu gün də səslənsə, o kitaba düşərəm. Yəni bunlar mənim üçün deyil ki... Mən Azərbaycanın sərvətiyəm. Necə ki, Azərbaycanın nefti, pambığı var, mən də balaca bir sərvətiyəm. Nolsun ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli o vaxt yaşayıblar. Yenə də unudulmayıblar ki? Mən də unudulmayacam.

- Heyvanlara konsert vermək ideyası hardan yaranmışdı?

- Bu konsert heyvanlara həsr olunduğu üçün demişdim heç kəs heyvansız gəlməsin.

- Səhnəyə çıxıb dediniz, əziz heyvanlar, salam!

- Məni səhnəyə heyvanlar çıxartdı. Özüm də meşə ilahəsi paltarında idim.

- Yəqin şuba-zad geyinməzsiz.

- Geyinirəm, niyə geyinməyim. Daş dövründən bu yana insanlar heyvanların dərisindən paltar düzəltməsəydilər, sümüyündən nizə, silah düzəltməsəydilər, ətini yeməsəydilər bəşəriyyət necə var olardı? Belə çıxır ki, qınından çıxdın, qınını bəyənmədin? Onda gərək mən qoyun əti də yeməyim, mal əti də yeməyim. Culia Roberts guya indiyə qədər çəkildiyi filmlərdə təbii dəridən heç nə geyinməyib, hamısı “iskustivinni” olub. Mən də süni dəri geyinə bilmirəm. Onu geyəndə məndə allergiya olur, tüküm ürpəşir, asqırıram, kefim pozulur. Əgər heyvan ölürsə onun dərisini geyinirsənsə, deməli, onu yaşadırsan, onu necə ata bilərsən.

- Bəs konserti niyə keçirtdiniz?

- Deyim. Quranda da yazılıb ki, Allah mələklərə şəhvət verməyib. Amma insanlara şüur da verib, şəhvət də. Heyvanlara isə şüur verməyib. Deməli, insan ucalıb mələk də ola bilər, alçalıb heyvan da. İndi gəl belə deyək. İnsan o şüurdan ağıllı istifadə etməsə necə olur?

- Olacaq heyvandan aşağı.

- Ay sağ ol, mənim Ceylamdan (pişiyini nəzərdə tutur - red.) aşağı. Ceylam ayaqyoluna özü gedir. Adam var heç o şeyləri dərk eləmir. Onda olur heyvandan aşağı. Amma insan şüurundan yaxşı istifadə edəndə mələkdən yuxarı olur. Quranda mən belə oxumuşam. Avropada heyvan qadından əvvəldi; qocalar, uşaqlar, heyvanlar, qadınlar, velosipedlər və ən axırda kişilər.

- Kişiləri niyə axıra salıblar?

- Kişilər güclüdür ona görə. Avropada heyvan qadından irəlidi. Heyvanı öldürsən sənə 7 il iş verirlər. Amma insanı öldürürsən o qədər iş vermirlər. Mən bunları nəzərdə tutub konsert vermişəm. Yoxsa gic-gic durum deyim ki, heyvan dərisi geyinmirəm. Bu özünə diqqət çəkməkdir. Onda mən gərək balıq əti də yeməyim, toyuq əti də yeməyim, qoyun əti də yeməyim. Allah axı bunu mənim üçün yeməyə yaradıb. Niyə yeməyim ki. Geydiyimiz ayaqqabılar, çantalar da dəridəndi də. Onda geyinməyək. Kamançanın yayından tutmuş hansı heyvan mənşəlidir. Onda kamançadan da imtina edək. Mən imtina eləmirəm. Çünki dəli deyiləm, gic deyiləm, fanat deyiləm.

- Avropada heyvanları müdafiə təşkilatları şuba satan mağazaların, butiklərin qabağında gəlib soyunurlar, aksiya keçirirlər.

- Avropada bunu toxluqdan edirlər. “Delat neçevo”. Onların problemi yoxdur, bekarçılıqdandı.

- Belə çıxır siz heyvanları müdafiə eləməmisiz.

- Heyvanları elə mən müdafiə eləmişəm.

- O soyunanlardan siz səmimisiz?

- Gəl o soyunanları 100 gün otaqda saxlayaq, onda heyvan əti yeməzlər? Onları da meşəyə burax, məni də. Onlar o dəqiqə heyvan ovlayıb yeyərlər, amma mən yemərəm. Çünki mənim heyvan ovlamağa ürəyim gəlmir. Heç balıq tuta bilmərəm.

- İnstagramda yeni şeirinizi “Cızma-qara” adıyla paylaşmısız. Bunu ürəkdən deyirsiz, yoxsa təvazökarlıq edirsiz?

- Hə. Özüm bilirəm şeir nədi, cızma-qara nədir. Və bilirəm ki, o cızma-qaranın içində nə var. Bəzi şeir yazanlara deyirəm. Əgər bu cızma-qaradırsa gör sizin şeirləriniz nə gündədir? Mən şairlərin yanında cızma-qara yazıram. Amma, bəzi şairlərin yanında mən şairəm.

- Məsələn, hansı şairlərin?

- Bəzi özünə şair deyənlərin yanında elə şairlər şairəsiyəm.

- Kimi nəzərdə tutursuz axı?

- Mənə paxıllıq eləyənləri.

- Qadın şairləri də nəzərdə tutursuz?

- Mən onları görmürəm, onlar məni yaxşı görürlər. Mən bilmirəm onlar kimdir. Onlar məni yaxşı tanıyır. Mən heç kəsə pis demirəm. Mənə kimlər ki, istehza edirlər onlara deyirəm.

- Özünüz gələcəyin böyük şairəsi görürsüz?

- Mən heç vaxt istəməmişəm ki, şairə adı qazanım.

- İstəməsiniz də artıq veriblər.

- Verdilər də... Bilirsən niyə istəməmişəm? Şairə xanımlara dərdli baxmışam həmişə, çarəsiz baxmışam. Yəni heç kəsləri olmayıb, qələmə-kağıza sarılıb dərdlərini deyiblər. İndi özümə sual verirəm ki, yəqin mən də onların sırasına qoşuldum.

- Bu şeirləri dərddən yazırsız?

- Yazdıqlarımın hamısı öz həyatımdan deyil axı. Heç vaxt şairə olmaq istəməmişəm. Şairliyi kişilərə yaraşdırmışam. Amma tale elə gətirdi ki, şairə adı aldım. 2014-2015-ci ilin şairəsi oldum; medalıyla, vəsiqəsi ilə.

- Sevinirsiz?

- Niyə sevinməyim ki? Deməli bəyənib təqdim ediblər.

- Bəstəkarla İttifaqının üzvüsüz.

- Bəli.

- Bəs Yazıçılar Birliyinin necə, üzvü olmaq istəyirsiz?

- 2000-ci ildə mən “Afrodita” restoranında işləyəndə Anar müəllim yoldaşı ilə gəlmişdi. O, mənə dedi ki, sən cavan qızsan, amma mənim xoşladığım şeirlərə mahnılar oxuyursan. Onda hələ pianinoda çalırdım. Nəsiminin bir qəzəli var, kəkələyə-kələyə oxunur; Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən Məhi-Çini / Za, za, za, zar olubam mən çə, çə, çə, çənd nişini... 20 ildir bu qəzələ mahnı yazmaq istəyirəm, hələ də baş tutmayıb. Bloknotumun arasına da o şeiri yazıb qoymuşdum. Dayan bloknotumu sənə göstərim (köhnə bir bloknot gətirir).

- Axtarsan, bunun içindən sevgi məktubları da çıxar.

- Mən elə qız olmamışam. Amma sənə bir şeir göstərəcəm. Onu mənə 94-cü ildə avtobusda Ramiz Heydər yazıb. “Şahanə gözəl” adlı şeirdir. Allaha məktub da var bu bloknotda. O vaxtı da mən Allaha məktublar yazmışam. Bu bloknotun qiyməti yoxdur.

- Nəsimin o qəzəlindən və Anar müəllimdən danışırdız.

- Hə, onu deyirəm axı. Anar müəllim dedi ki, sən cavan qız uşağı, bu qəzəlləri necə başa düşürsən. Belə şeyləri anlamaq üçün gərək yaşayasan.

- Bəs nə əcəb Anar müəllimə AYB-yə üzv olmaq üçün müraciət eləmirsiz?

- Yox, elə şey eləmərəm.

- Niyə? Rəşad Məciddən xahiş edək....

- Məndə Rəşad Məcidin kitabı var. Onun sözlərinə mahnı yazmaq istəyirdim. Xumardan da, Tünzalədən də əvvəl onun sözlərinə mahnı bəstələmək istəmişəm. Alınmır. Yaza bilməmişəm. Qismətdə yoxdu da.

- Kitab oxuyrsuz?

- Çarpayımın yanında Ramiz Rövşənin kitabı var. Gecə gələndən sonra istəyirəm bir az oxuyum. Amma inan ki, konsertdən, şou-proqramdan gəlirsən, sonra da jurnalistlərin suallarına cavab vermək lazım gəlir. Vaxt olmur.

- Heç kitab mağazasına gedib kitab almırsız?

- Mənim vaxtım yoxdu axı. Vaxtım olanda da qaçıram problemlərin dalınca.

- Maşallah, şeir yazırsız, bəs roman necə? Həyatınız barədə yazmaq istəmirsiz?

- Mən uşaq vaxtından yaradıcılığa şeirlə başlamışam. “Nuri və Seyidcahan” adlı roman yazmışam. Atamla anamın adıdır. Özümü dərk edəndən atamla anamın münasibətini, atamın çörək dalınca Rusiyaya getməyini, anamın bizi saxlamağını, yemək bişirməyini, qayğımıza qalmağını – hər şeyini yazmışam.

- Gündəlik idi?

- Yox. Əməlli-başlı roman idi.

- Qalır o roman?

- Dəqiq bilmirəm. Bəlkə də bacımgildə qalır.

- Yəqin, o kitabda müğənni olmaq arzularınızı da yazmısız.

- Müğənni olmaq arzum olmayıb. Konservatoriyanın bəstəkarlığını bitirib müəllimə işləmək istəmişəm. Evdar xanım olmaq olub mənim arzum. Çox heyf olsun, indi bir çox qadınlar karyera qurmaq üçün ailələrini dağıdırlar: “Karyera qurub sonra ərə gedəcəm. Elza Seyidcahanın yerində olmaq istəyirəm, başqa böyük adamın yerində olmaq istəyirəm”.

- Siz də onların yerində olmaq istəyirsiz?

- Yox. Mən elə şeyləri yaşamışam. Mən elə onların yerindəyəm. Mən elə evdar xanımam. Mən öz cızığımdan heç vaxt çıxmamışam.

# 2383 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #