Kulis yeni “TərsBucaq” adlı layihəyə başlayır.
Bu layihədə iki yazar iştirak edir: Ramilə Qurbanlı və Mirmehdi Ağaoğlu.
|
Açıq-saçıqlıq şou ədəbiyyatıdır
Ramilə QURBANLI
Yeni layihəmizin ilk mövzusunu ədəbiyyatla bağlı götürməklə özümü intellektual qələmə vermək fikrim yoxdur, hərçənd intellektual olmaq jurnalistin yazılmamış peşə qanununun bəndlərindən biridir, amma bunu “mən beləyəm” deyə gözə soxmaq da qəbuledilməzdir. Necə ki, ədəbiyyatda, teatr tamaşalarında yer gəldi-gəlmədi açıq-saçıqlıq adamı itələyir, kitabı əlindən qoymağa, tamaşadan durub çıxmağa sövq edir, məqalədə də lovğalıq təsiri bağışlamaq oxucunu elə qaçıra bilər.
Sadəcə son vaxtlar yeni nəsil yazarlarından bir neçəsini oxuyandan sonra mənə elə gəldi ki, deyəsən, ədəbiyyatda şou dövrü başlayıb. Niyə belə qənaətə gəldim? Oxudum və gördüm ki, bu əsərlərdə açıq-saçıq yataq səhnələri, nə bilim qadın bədənini detallarına qədər təsvir etmək mətnin məğzinə xidmət etmir, nə isə başqa məqsəd var. Bu başqa məqsədin də oxucunu yazılan əsərin mahiyyəti, keyfiyyəti ilə deyil, məhz ordakı yataq səhnəsi ilə cəlb etmək olduğu hər kafanın anlaya biləcəyi bir nəsnədir. Adətən belə əsərlərin də elə mahiyyətsiz olduğunu görürsən. Maraqlı bir süjet xəttinin arasında yersiz yataq səhnəsinin daxil edilməsi və onun uzun-uzadı təsviri dərhal oxucuda, normal, yəni o səhnəni oxumağa deyil, əsər oxumağa köklənən oxucuda ürəkbulanma yaradır.
Bilirəm, indi kiminsə dərhal ağlından keçəcək ki, ürəkbulanma yarananın özündə problem var. Xeyir, elə deyil, hər şey yerində, qədərində olanda gözəldir, ifrata varanda istənilən gözəllik hədəqəsindən çıxır və ürək bulandırır.
Xüsusən də əgər həmin oxucu Salam Qədirzadədən, Vidadi Babanlıdan, İlyas Əfəndiyevdən tutmuş Anara, Elçinə, Seyran Səxavətə, İsa Hüseynova, Sabir Əhmədliyə qədər hələ mütaliənin həyat tərzi olduğu gözəl vaxtlarda oxuyubsa. Sonralar Çingiz Aytmatovdan yeni bir dövrə qədəm qoyub Dostoyevskidən sonra bir az nəfəs alıbsa.
Drayzeri, Viktor Hüqonu sevərək oxuyub Markesə çatanda onu bəyənməyibsə, həmin oxucu Şərif Ağayarın “Haramı” əsərində ağrılı mövzunun ortasında estetikadan bixəbər bir yataq səhnəsini necə oxuya bilər!? Bax həmin yerin əsərə məqsədyönlü salınması şou deyil bəs nədir? Eyni tendensiya şeirdə də özünü göstərir, iyrənc bir açıq-erotik ifadə ilə sevgilini vəsf etmək iyrənc porno filmlərə bənzəyir. Eləcədə ədəbiyyatda ifrat iyrənc təsvirlər yolverilməzdir.
Murakaminin “Norveç meşəsi” ilə məsələ aydındır, gənc qızla oğlanın münasibətlərindən bəhs olunursa orda istənilən açıq-saçıq səhnə məqbuldur, hətta Murakamı belə o səhnələri lazımi qədər estetik verə bilməyib. Bəzən bir prosesi bir cümlə ilə də gözəl vermək olar, təfsilatına varmadan sadəcə nədən bəhs edildiyinə eyhamla. Necə ki, buna Sovet ədəbiyyatından kifayət qədər misal gətirmək ola. Şoloxovdan, Ostrovskidən, hətta ingilis Voyniç öz dövründə Ovodun sevgi səhnələrini elə zövqlə verib ki, oxuyanda sevmək istəyirsən. Yəni sevgi saf, mübhəm, gözəl hisslər aşılayır, intim münasibətlər səviyyəsinə endirilmir.
Ədəbiyyat özü zəriflik, estetika, mədəniyyət deməkdir. Sözün özü təsəvvürdə bunu yaradır. Gəlin, onu şouya çevirməklə təsəvvürlərdə bayağılaşdırmayaq.
Mən demirəm ki, ədəbiyyatda, kinoda, teatrda belə səhnələr olmasın. Olsun, amma yerində, qədərində və estetik, heyvani vəhşət kimi deyil. Ondansa iki dovşanın sevişməsi daha maraqlı olar, çünki bu onlarda digər heyvanlardan daha estetikdir.
|
Həyatı olduğu kimi təsvir etmək gərəkdir! Mirmehdi AĞAOĞLU
Yazıçılara ən çox verilən suallardan biri məhz budur: Ədəbiyyatda açıq-saçıq səhnələrin təsviri lazımdırmı? Son illər yazılmış əsərləri ən çox məhz bu xüsusiyyətlərinə görə tənqid edirlər.
Ədəbiyyatın klassik tərifində deyildiyi kimi o həyatı və təbiəti bədii boyalarla əks etdirən söz sənəti olduğuna görə həyatın bütün tərəflərini əks etdirməlidir. Ədəbiyyat həyatın özüdür. Yazıçı həyatın hər üzünü təsvir etməkdə sərbəstdir. Onun buna haqqı var. Əgər bədii əsər bu qədər çirkindirsə bunun günahı yazıçıda deyil, məhz həyatdadır.
Bu səhnələrin yazılmasının qaçılmaz olduğunu dedikdə isə belə cavab verirlər: açıq-saçıq səhnələri də elə yazmaq olar ki, göz oxşasın, üstüörtülü olsun, ütülü olsun. Sonra da klassik mətnləri nümunə göstərirlər. Bu nümunələri göstərənlər isə nədənsə avtomatla qılınc, “Mersedes”lə fayton arasında seçim edərkən həmişə birinciyə üstünlük verirlər, söhbət ədəbiyyatdan gedəndə klassik mətnləri nümunə göstərirlər.
Axı niyə Pyer Pazolinin “Salo və ya Sadomun 120 günü”ndə açıq-saçıq, iyrənc, zorakılıqla, sado-mazoxizmlə dolu səhnələri göstərmək məqbuldur, amma bədii əsərdə təsvir etmək qəbulolunan deyil? Nədən ətir firmalarının reklamlarında açıq-saçıq səhnələrin olması yol veriləndi, amma ədəbiyyatda yola verilməzdi?
Bədii əsərdə erotik səhnə təsvir olunursa bu onları erotik ədəbiyyat nümunəsi hesab etmək demək deyil. Erotik ədəbiyyatın kifayət qədər nümunəsi var. İnternetdə “erotik hekayə” yazıb axtarışa vermək kifayətdir ki, yüz minlərlə nümunəyə rast gələk. Heç kim bu hekayələrin müəlliflərini tanımır. Çünki bu mətnlərinin yalnız bir missiyası var. O da insanların seksual ehtiyaclarını ödəmək.
Açıq-saçıq səhnələr yer alan mətnlərdə isə yalnız bu açıq saçıqlıqdan əsəri daha qüvvətli, təsir edici etmək üçün istifadə edilir. Həyatı olduğu kimi təsvir etmək lazımdır. Ona süni don geyindirmək olmaz.
Lap tutalım mental dəyərləri əsas götürüb bu cür əsərlərin yazılmasının qarşısını aldıq. Bəs onda dünya ədəbiyyatı ilə nə edəcəyik? Mişel Uelbekin “Elementar hissəciklər”ini, F. Beqbederin əsərlərini, V. Sorokinin əsərlərini dilimizə çevirəndə nə edəcəyik? İxtisar edəcəyik? “Elementar hissəcikləri” ixtisar etsən o əsərdən iki səhifə ancaq qalar.
XIX əsrdə Lev Tolstoy Anna Karenina əsərində Anna ilə qraf Vronskinin yataq səhnəsini bir cümlə ilə təsvir edə bilərdi. Üstündən yüz əlli il keçəndən sonra yazıçılardan yenə Tolstoysayağı yazmağı tələb etmək nə qədər ədalətlidir?
Axı o zamandan günümüzə dünya tamamilə dəyişilib. Qadınlar abortla, azad sekslə bağlı imtiyazlara nail olublar. Qərbdə seksual inqilab baş verib. Bütün bu dəyişikliklərdən sonra yenə də keçmişə sadiq qalmaq, ədəbi mətnləri köhnə qaydalarla yazmaq, sadəcə tarix hissini unutmaq deməkdir.
Ceyms Coys “Uliss” romanını yazanda açıq-saçıq olduğuna görə onu ABŞ və başqa dövlətlərdə qadağan edilməsi faktını oxuyanda adamı lap vahimə basır: Doğurdanmı inkişaf edən dünyadan 100 il arxadayıq biz?
|