Türk dilindən niyə tərcümə edirik? - MÜZAKİRƏ

Türk dilindən niyə tərcümə edirik? - MÜZAKİRƏ
9 yanvar 2015
# 13:58

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq.

“Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Hər həftə kulis.az saytında bir mövzu üzrə 4 məruzə və müzakirə dərd olunacaq. 6 paneldə 24 tərcüməçi iştirak edir, hər mövzunu 4 tərcüməçi müzakirə aparır. Məruzələr və müzakirələr layihənin sonunda toplu şəklində çap edilib tərcüməçilərə və bu sahə üzrə təhsil alan tələbələrə, universitet kitabxanalarına paylanacaq. Layihənin rəhbəri kulis.az saytının baş redaktoru, yazıçı Qan Turalıdır.

İlk panelimiz “Türk dilindən tərcümə lazımdırmı?” mövzusundadır. Mövzu üzrə məruzəçilər yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, yazıçı Şərif Ağayar, filoloqlar Qəmər Alxanova Kəmalə Ələkbərovadır. Onların məruzələri kulis.az saytında dərc olunub. Onlar eyni mövzuda məruzələri çap edildikdən sonra dəyirmi masa ətrafında toplaşdılar. Layihənin ilk panelini Mərkəzin aparat rəhbəri, “Aydın yol” qəzetinin baş redaktoru yazıçı-tərcüməçi Yaşar açdı, o, tərcüməçilərə uğurlar arzuladı. Daha sonra Qan Turalı layihə haqqında danışdı.

Kulis.az “Türkiyə türkcəsindən tərcümə lazımdırmı?” mövzusunda keçirilən müzakirəni oxuculara təqdim edir.

Nəriman Əbdüləhmanlı: “Türk dilindən tərcümə lazımdırmı?” adlı müzakirə bir vaxtlar kulis.az saytında keçirilmişdi. Məni də həmin müzakirəyə dəvət etmişdilər. Çoxları Sabirin bir sözünə istinad edir ki, “Osmanlıcadan tərcümə türkə nə deməkdir”. Amma o vaxt vəziyyət başqa cür idi. XIX əsrin sonları, XX əsrin əvvələrində ortaq türkcə vardı, bu dil həm Osmanlıda, həm də türkdilli xalqlar yaşayan regionlarda anlaşılırdı. İndi isə vəziyyət başqa cürdür, Türkiyə türkcəsi də, Azərbaycan türkcəsi də çox dəyişib, hər biri müstəqil dildir, buna görə də Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə və əksinə tərcümə nəinki lazımdır, hətta vacibdir

Şərif Ağayar: Tamamilə doğrudur. O zaman dil hər iki tərəf üçün anlaşılan səviyyədə idi. Orta Asiyada, Tatarıstanda yaşayıb-yaradanların ortaq türkcəsi vardı və həmin ortaq dil anlaşılırdı. Ona görə də tərcümə lazım olmurdu. Məhəmməd Hadini osmanlılar bizdən daha yaxşı başa düşərdilər.

N.Əbdülrəhmanlı: Hər halda, bütün türkdilli xalqlar üçün anlaşılan bir türkcə var idi və İsmayıl bəy Qaspıralının çap etdiyi “Tərcüman” qəzetini bütün türklər anlayırdı. Yetmiş ildə Azərbaycan dilində xeyli təmizlənmə oldu, dilimiz səlisləşdi, Osmanlı, ərəb-fars tərkiblərindən təmizləndi, saflaşdı. Ona görə tərcümə vacib bir amilə çevrildi. Türk dili və qohum dillərdən tərcümə üzrə görkəmli mütəxəssis, filologiya elmləri doktoru, Professor Əsgər Rəsulovun Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümə problemləri ilə bağlı gözəl bir monoqrafiyası var. Orada sovet dövründə tərcümə edilmiş türk müəlliflərinin əsərlərindəki nə qədər ağlagəlməz səhvlər olduğu nümunələrlə göstərilir. Qohum dillərdən tərcümə çox böyük problemdir. Başqa dildən tərcümə edəndə daha rahat olursan. Amma Türkiyə türkcəsindən tərcümə edəndə Əsgər Rəsulovun “saxta ekvivalentlər” adlandırdığı sözlər tərcümə prosesinə mane olur. Həmin sözlərin yazılışı eynidir, amma bir qədər fərqli, yaxud da mənası tamamilə başqadır. Məsələn, türklər “merdiven” pilləkənə deyir, bizdə isə həmin sözü bəzən “nərdivan” kimi tərcümə edirlər.

Ş.Ağayar: Qohum dildən tərcümə edəndə cümlə quruluşunun, stixiyanın təsirindən çıxmaq çətin olur.

N.Əbdülrəhmanlı: Bu fikirlə şərikəm. “Leylak” Türkiyə türkcəsində yasəmənə deyilir, bizim tərcüməçilərin bəziləri “leylək” kimi çevirirlər. Bu cür misalları sonsuz sayda gətirmək olar.

K.Ələkbərova: Məsələn, bizim “lalə” dediyimizə, türklər də “lale” deyirlər. Amma Türkiyə türkcəsində bu “zanbaq” mənasındadır. Eləcə də “çelik”, “daire”, “koca”, “kocaman” kimi dilimizdə fərqli mənalarda işlədilən sözlərin siyahısını uzada bilərik. Bunun kimi çox sayda nümunələr vardır ki, bu gün türk dilindən tərcüməyə ehtiyac olmadığını iddia edənlərin özlərinin də bəzi mətləbləri bilmədiyindən əminəm.

Ş.Ağayar: Atatürk inqilabında dilə süni şəkildə sözlər də daxil oldu, fransızca, ingiliscə sözlər gəldi.

N.Əbdülrəhmanlı. Həmin dil islahatlarını həyata keçirən də bir erməni olub.

Qan Turalı: Bəli, bu layihəni həyata keçirən Akop Dilaçar olub.

Ş.Ağayar: Bəlkə də, dil inqilabının təsirindən İstanbul türkcəsi bizim dilə baxanda xeyli inkişaf etdi. Alınma sözlərdən əlavə feildən yeni isimlər düzəldildi. Bir dəfə aktyor Kadir İnanır müsahibələrinin birində maraqlı bir cümlə işlətdi: “İrakda, Bağdatda çekim vardı. Savaş olduğu için Bağdatda çekim yapa bilmedik. Çekimleri Bağdatdır diye İzmirde yaptık”. Bir “deye” uzun bir cümləni ifadə edə bildi. Bir misal da Nazim Hikmətdən çəkmək istəyirəm. Nazimin belə bir misrası var: “Kapatarak kafasını eski düşüncelere”. Mən bütün türk dili mütəxəssislərini bu misranı tərcümə etməyə dəvət edirəm. Bizdə “kafasını kapatmak” deyəndə ağlımıza başını nəyəsə bürümək gəlir. Rəsul Rza belə tərcümə edib: “Keçmişlərdən nələrsə düşünür”. Amma bu ifadə tam mənada həmin mənanı və həmin enerjini vermir. Sadəcə, Rəsul Rza əlacsız qalaraq belə tərcümə edib. Başqa variant tapmayıb.

N.Əbdülrəhmanlı: Nəsrdə məna təhrifləri dilə bələdsizliklə bağlıdır. Amma poeziyada vəziyyət daha çətindir.

Ş.Ağayar: Bizim dilimiz feil yüklüdür. Ona görə də dildə bəzi sözlərin feil variantlarını tapmaq olur.

Ş.Ağayar: Azərbaycan dilində ən çətin nitq hissəsi feildir. Çox mürəkkəbdir. Hansı sözü feil kimi işlədə biliriksə, bizimdir.

K.Ələkbərova: Dilimizi qəzetlərdə, saytlarda çox pozurlar. “E”ləri “ə” eləməklə tərcüməçi olmağa çalışanlar da var. Bu günlərdə gördüm ki, saytların birində Türkiyə türkcəsindəki “enişte” sözünü “əniştə” kimi tərcümə ediblər.

N.Əbdülrəhmanlı: Bəzi sözləri işləndiyi kontekstə görə orijinaldakı kimi saxlamaq olar. Məsələn, mən Orxan Pamukun “Mənim adım Qırmızı” romanını tərcümə edəndə buna məcbur oldum. Çünki romanda “enişte” sözü ləqəb kimi işlənmişdi. Mən də məcburən həmin sözü saxlamalı oldum. Amma həmin söz mətnin içində olsa, “yeznə” kimi tərcümə edilməlidir.

K.Ələkbərova: Bizdə bir aya bütöv romanı tərcümə edənlər var. Mən Türkiyədə universitet bitirmişəm, türk dili üzrə elmi iş müdafiə etmişəm. Amma mən belə iddia edə bilmərəm ki, türk dilini tam bilirəm. Bunu deyənlərə də şübhə ilə yanaşıram. Dili bilmək daha çox təcrübə ilə bağlıdır. Bu gün türk dilində 190 mindən çox termin var. Bu qədər termini dil daşıyıcılarının bilməsi belə inandırıcı deyil. Bir vaxt 3 qitədə hökm etmiş bir millətin dili olan türk dili çox zəngin bir dildir. Bu dildə yüzlərlə alınma terminlər var. Azərbaycan dili ilə hər nə qədər də eyni dil ailəsinə aid olsa da, orfoqrafiyasında, qrammatikasında fərqlər var. Həm də dil canlı varlıqdır, xüsusən də türk dili – hər gün demək olar ki, dilə yeni sözlər girir. Dilin incəliklərini bilməyən biri necə bu dildən tərcümə ilə məşğul ola bilər?!

Qəmər Alxanova: Türkiyə türkcəsində 570 000 söz var. Bizdə işlək olan 45-50 mindir. Ona görə də dillər tərcümədə bir-birinə adekvat ola bilmir. 2009-cu ildə 4000 səhifəlik, 570.000 sözdən ibarət “Türk dili sözlüyü” hazırlanıb. Bu vəziyyətdə həmin dildən tərcümənin nə qədər mühüm olmasını görməmək olar? Ola bilər ki, Türkiyə türkcəsində danışanlarla şifahi ünsiyyətdə cüzi problemlərimiz çıxır. Ancaq tərcümə zamanı problem daha ciddi olur. Mütəxəssislərin bildiyi kimi, Türk dilindəki orfoqrafik qayda, durğu işarələri, yer, şəxs adları, xarici dillərdən tərcümə olunan adlar ana dilimizdəkindən çox fərqlənir və oxunduqda çətinlik törədir. Türk dilində mötərizədəki nida işarəsi cümlənin sonunda istifadə ediləndə qeyd edilən fikirdəki istehzanın göstəricisidir. Xırda bir durğu işarəsi belə fikrin mənasının dəyişilməsinə səbəb olur. Oxucu mətni tam anlamaq üçün bu cür işarələrin əhəmiyyətini bilməlidir. Bir dili başa düşmək, o dildə ünsiyyət qurmaq hələ həmin dili bilmək, o dildən tərcümə etmək demək deyil. Məişət leksikasını orta səviyyədə bilmək dili bilmək deyil. Qohum dillərdən tərcümə xüsusi diqqət tələb edir.

K.Ələkbərova: 30-cu illərdə Türkiyədə “özləşmə” adlanan dil prosesi gedib, türk dilində çoxlu sözlər yaranıb. Yeni söz yaratmaqdan başqa bir də tarixi sözlər dilə qazandırılmışdır. Məsələn Yunus Əmrənin dilindən alınmış “anmak” (xatırlamaq), “arı” (təmiz, pak), “tanık” (şahid), “donatmak”(təchiz etmək, döşəmək, doldurmaq), “kamu” (bütün, hamı, ictimaiyyət), “tutsak” (əsir), “güvən” (etibar, inam) kimi sözlər türk ədəbi dilinə qazandırılmışdır. Biz isə yeni sözə aqressiv yanaşır, qəbul edə bilmirik.

Q.Alxanova: Dilə söz gətirəndə də diqqətli olmaq lazımdır. “Vertolyot” sözü ola-ola, “helikopter” sözünü dilə gətirməyə nə ehtiyac var? Onsuz da ikisi də alınma sözdür. Bir var dildə boşluq ola, bir də var ki buna ehtiyac duyula.

N.Əbdülrəhmanlı: Türkiyə türkcəsindən Azərbaycan dilinə tərcümənin çətinlikləri həm də bu işlə məşğul olanları öz dillərinin imkanlarını yetərincə bilməmələri ilə bağlıdır. Tutaq ki, Türkiyə türkcəsində başa düşmədiyin hər hansı sözü soruşub öyrənməklə, ya da sözlük vasitəsilə tapa bilərsən. Amma öz dilini mükəmməl bilmirsənsə, etdiyin tərcümələr həmişə qüsurlu olacaq.

Ş.Ağayar: Bəzən elə türk filmləri olub ki, baxanda bir çox sözün və fikrin qarşılığını tapa bilməmişəm.

K.Ələkbərova: Türkiyədə bütün ziyalılar, texniki sahənin mütəxəssisləri türk dili üçün yeni söz yaradıblar. Eləcə də İsrailin keçmiş baş nazirlərindən biri yəhudi dili üçün 2000 söz yaradıb. Atatürk “üçgen”, “dörtgen”, “yatay”, “dikey” kimi sözləri özü yaradıb. Söz yaradıcılığında aktiv iştirak edən siyasətçi kimi dövrün baş naziri olmuş İsmət İnönünün adını çəkmək lazımdır. Onun yaratdığı onlarla söz çox sevilmiş və bu gün türk ədəbi dili tərəfindən mənimsənilmişdir. Söz yaratmaq sadəcə dilçilərin vəzifəsi deyil. Bizim də dilimizə keçmiş “bilgisayar” sözü informasiya texnologiyaları ilə məşğul olan bir professor tərəfindən yaradılmışdır. Demək ki, bu gün dilimizdə olmayan sözlərin qarşılığını tapmaq cəmiyyətin hər bir ziyalısının vəzifəsidir.

Q.Alxanova: Xalq da beyninə, alt şüuruna yeridib ki, dilimiz Türkiyə türkcəsinin müəyyən bir şivəsidir. Ancaq hər iki dil müstəqil dildir, aralarında çox ciddi fərqlər, eyni sözlərin belə fərqli mənaları var. Misal üçün don, kişi, qıç, düşmək, subay, sümük, yengə, bekar və s. kimi sözləri götürək.

Ş.Ağayar: Biz Türkiyə türkcəsi ilə dilimizin münasibətlərini peşəkar səviyyədə qura bilməsək, yaxın onilliklərdə Azərbaycan dili Türkiyə türkcəsinin ləhcəsinə çevriləcək.

N.Əbdülrəhmanlı: Buna görə də hər bir ziyalının dil təəssübü olmalı, öz dilinin heysiyyatını qorumalıdır. Anadolu türkcəsi xalq dili, İstanbulda istifadə olunan dil isə modern türkcədir. Anadolu türkcəsi ilə İstanbul türkcəsi arasında belə ciddi fərqlər var. Üstəlik, tərcümə milli mədəniyyətin əlamətlərindən biridir, qohum dillərdən də olsa, onun vacibliyini danmaq mümkün deyil.

K.Ələkbərova: Əli Bəy Hüseynzadə Hötenin “Faust”unu Türkiyəyə köçməmişdən əvvəl tərcümə edib “Füyuzat”da çap etdirib. Türkiyəyə köçəndən sonra həmin əsəri yenidən osmanlıcaya uyğun formada tərcümə edib. İki tərcümə arasında çox fərq var. Burada tərcümə etdiyi variant daha osmanlıcadır. Məmməd Əmin Rəsulzadə də İstanbula gedəndən sonra deyib ki, biz osmanlıcanı çətin hesab edirdik. Türkiyədə aparılmış islahatlardan sonra türkcədə xeyli dəyişiklik olub, bu da qardaş ölkədə yaranan əsərlərin dilimizə tərcüməsini zərurətə çevirib.

Qan Turalı: Qərar qəbul olunub ki, heç bir xarici serial yayımlanmasın. Bununla belə, hamı peyk antenaları vasitəsi ilə Türkiyə kanallarındakı seriallara baxır. Belə çıxır ki, biz o əsərləri evdə oturan adamlar üçün tərcümə etmirik. Onda Pamukun kitabını niyə tərcümə etməliyik? Elə alıb oxuya bilərik.

Ş.Ağayar: Elədirsə, rusca oxuyub anlayanlar, daha niyə tərcümə edir? Həm də Pamukun kitabları mağazalarımızda rusca daha çox satılır.

Qan Turalı: Maraqlıdır, görəsən Nəriman müəllimin Pamukdan etdiyi tərcümələr çox satılır, yoxsa əsərin orijinalı?

Q.Alxanova: Mən Türk dili, ədəbiyyatı təhsili alan tələbələrə dərs deyirdim. Onların əksəriyyəti Nəriman müəllimin tərcüməsini oxuyur.

N.Əbdülrəhmanlı: Burada oxucuların intellektual səviyyəsini, Türkiyə türkcəsinə bələdlik səviyyəsini nəzərə almaq lazımdır. Biz əsərləri təkcə kiminsə oxuyub başa düşməsi üçün tərcümə etmirik, həm də bu işi mədəniyyətimizin daha da zənginləşməsi üçün görürük.

Ş.Ağayar: Hər halda orijinal tərcümədən yaxşıdır. Amma orijinalı hamı oxuya və dərk edə bilmir. Ona görə də tərcümə qaçılmazdır.

K.Ələkbərova: Savadlı tərcüməyə və tərcüməçiyə hər zaman ehtiyac vardır. Ədəbi dilimizin inkişafı və qorunması üçün vacibdir. Bu həm də bir dil təəssübkeşliyidir.

N.Əbdülrəhmanlı: Bizim dil təfəkkür quruluşumuz Türkiyə türkcəsindən çox fərqlənir. Bu məsələ uzun müddət nəzarətsiz buraxılsa, böyük bir problem yaranacaq. Yetmiş illik sovet dövründə cəmiyyətin böyük bir qismi az qala rus dilində düşünüb-danışdığı kimi, indi də Türkiyə türkcəsində düşünüb-danışacaq. Məhz buna görə də hesab edirəm ki, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümə, hətta çox vacibdir.

# 1832 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #