Arvadının ölümünü hamıdan gizlədi...

Arvadının ölümünü hamıdan gizlədi...
8 iyul 2014
# 13:13

1979-cu ildə bizim Rasim Ocaqov onu ilk dəfə “İstintaq” filminə çəkdi - müstəntiq Seyfi roluna. Hüquq işçisi, qanun keşikçisi, həm də evdar, qadınının hikkəsindən çəkinən, onun bütün dediklərini həyata keçirməyə məcbur, ailəsinə-uşağına bağlı azərbaycanlı kişi... Ocaqov aktyoru həmin obrazda o qədər daxilində bişirmişdi ki, rola çəkilməsi üçün onun bütün şərtlərinə razı oldu. Şərtlərə görə filmin həmin aktyor çəkilməli olan hissələri hamısı bir-neçə günün içində çəkilib başa çatdı. Özü də sınaq çəkilişləri olmadan. O, daha çox Bakıya deyil, Bakı daha çox onun ayağına getdi, filmin əksər kadrları Moskva Qorki adına kinostudiyanın pavilyonunda lentə alındı. Əsasən də gecələr, çünki Kalyagin gündüzlər tamaşalarda oynayır, başqa filmlər çəkilirdi.

“Səndən soruşuram, oduuu?!”

Söhbət SSRİ xalq artisti Aleksandr Kalyagindən gedir. Aktyor “İstintaq” filmindən sonra Rasim Ocaqovun “Özgə ömür” filminə çəkilməyə məmnuniyyətlə razılıq verib. Niyə? Bu barədə yazacam, amma bir az sonra.

Bu filmdə Kalyaginin oynadığı müstəntiq obrazını Hamlet Xanızadə oynamalı idi, sınaq çəkilişləri də yaxşı alınmışdı, amma Rasim Ocaqov bir gecənin içində fikrini dəyişib və Moskvaya Kalyaginin arxasınca uçub. Rəhmətlik Xanızadə bundan incik qalsa da üzə vurmamışdı.

Rasim Ocaqovda xarici aktyorlara meyl vardı. Kalyaginə daha çox qonorar vermək, sınaqsız çəkmək, bütün şərtlərinə boyun əymək – bunların hamısını yalnız rejissor inadı dəf edə bilərdi! “Nə olur olsun bu aktyoru çəkəcəm” - inadı.

Çəkilişlər az müddətə başa çatdı... Kalyaginin olduğu hissələr yəni... Rasim Ocaqov tez-tələsik çəkilişlərdən nigaran olduğundan çəkiliş prosesində Kalyaginə bir az inamsız yanaşıb, daha çox rolu ona izah edir, həyəcan keçirirmiş. Bunu hiss edən aktyor – narahat olmayın –deyib - mən bu rolu çox yaxşı mənimsəmişəm.

Təbii ki, ən maraqlı və həyəcanlı səhnə istintaq səhnəsi idi. Kalyagin əsl cinayətkarın fotoşəklini Həsən Məmmədovun qarşısına qoyub qışqırır: “Oduuur?!” Sual bir-neçə dəfə təkrar olunur, kadr yaxşı alınır, amma qışqırmaqdan Kalyaginin boğaz damarları zədələnir, ağzından qan gəlir.

1987-ci ildə “Özgə ömür” filmində Fariz Rzaev roluna Kalyagin qeyd-şərtsiz razılıq verir, çünki “Bakının havası, dənizi, dəniz kənarındakı kabab qonaqlığı, insanların istiliyi, plovun, dolmanın dadı damağımda qalmışdı. Gözləyirdim ki, Rasim Ocaqov - gözəl rejissorum məni bir də filmə nə zaman dəvət edəcək”.

Uşaqlığı

Aleksandr Aleksandroviç Kalyagin, yəni Aleksandr Aleksandr oğlu Kalyagin. Elə bil ki, Məmməd Məmməd oğlu. Bizdə buna görə adamı daşqalaq eləyərlər. Necə yəni Məmməd Məmməd oğlu? Ruslarda bu təbiət hadisəsi qədər təbiidir. Həm də maraqlı bir tarixçəsi var adaşlığın.

1942-ci ildə Kirov diyarında Saşa dünyaya gələndə müharibə gedirdi, anasının 40 yaşı vardı. 40 dünyaya uşaq gətirmək üçün çətin yaşdır, amma həkim məsləhət görmüşdü ki, uşaq dünyaya gətirsin. Üstəlik o, doğulanda əhali Vyatka çayı boyu evakuasiya olunurdu. Beləcə mayın 25-də Saşa çay kənarında fövqəladə halda doğuldu. Atası isə onlardan uzaqlarda idi – canı ilə əlləşirdi xəstəxanada. Oğlunun dünyaya gəldiyini eşidəndə xanımına yazır ki, gəl ona mənim adımı verək: “Dərin tarixi, qəhrəman keçmişi olan addır.”

Oğluna adını verəndən cəmi bir ay sonra ata Aleksandr ürək tutmasından dünyasını dəyişir.

Saşanın uşaqlığı Moskvada professor qadınlardan ibarət ana qohumlarının əhatəsində keçdi.

Uşağın yaxşı musiqi qavrayışı vardı. Anası qərar aldı ki, ona skripka müəllimi tutsun. Bu cəhd sonda Saşanın skripkanı ayaqları altına salıb qırması ilə nəticələndi. Ona heç vaxt heç nəyi zorla etdirmək olmurdu. Nəhayət, ana bunu anladı.

5 yaşlı Aleksandr aktyor olacağına qərar vermişdi. Onu əzizləyən qadın qohumları Saşanın çıxartdığı oyunları elə şişirdilər ki, elə bilirdi yaranışdan aktyordur və bu çox asan işdir.

1955-ci ildə 13 yaşlı Aleksandr Arkadi Raykinə məktub yazır: “Mən qərar vermişəm, aktyor olacam, amma siz mənə gülməyin...”

Raykin onun məktubuna cavab yazır: “Aktyorluq qərardan, istedaddan çox, gərgin əmək deməkdir. Çalış...”

İllər sonra Raykin qürurla onu özünün yetirməsi adlandıracaqdı. O məktub isə Kalyaginin kitab rəfində hələ də qorunub saxlanır.

Təcili yaradım həkimi

Aktyor olsa da evdəki qadınlar ona əvvəlcə normal təhsil almağı məsləhət gördülər. Aleksandr Tibb məktəbini bitirdi və təcili yardımda feldşer kimi işə başladı. İki il işləyəndən sonra uşaqlıq arzusunun arxasınca düşdü.

Şukşin adına teatr məktəbinə onu elə ilk baxışda qəbul etdilər. İkinci kursda isə heç bir ampluaya uyğun gəlməyən bu tələbəni məktəbdən xaric etmək istəyirdilər. Nə romantik qəhrəman idi, nə sosial, nə kəndçi görkəmi vardı, nə də şəhərli. “Qəribə tipajdır” - deyirdilər. Heç bir qız da onun tərəf müqabili olmaq istəmirdi.

Kalyagin həmişə ovaxtkı birinci kurs tələbəsi Lyuba Korenevanı məhəbbətlə xatırlayır. Qız onunla bir səhnəni bölüşməyə razılıq verdi. Çexovun əsərində sevgililəri oynadılar. Premyeradan sonra onu məktəbdən xaric etmək istəyənlər məyusluğa düçar oldular.

Rektor Boris Zaxavoy həmin səhnəciyi kursun ən yaxşı tamaşası adlandırdı: “Kalyagin elə bil Çexovun personajlarını yaratmaq üçün dünyaya gəlib”.

Həmin məktəbdə də Kalyagin ilk məhəbbətini - Tatyana Korunovanı tapdı. Onların sevgisini heç kim hiss etməmişdi, ikinci kursda gizlicə kəbin kəsdirib bir yerdə yaşamağa başlamışdılar.

Taqanka, sevimli qadın və xərçəng xəstəliyi

Teatr məktəbini qurtarıb Taqanka teatrında işləməyə başladılar. Ailədə əsas Kalyagin idi, Tatyana daha çox onun arxasında durardı. Bir dəfə Kalyagin teatrın rejissoru ilə dalaşdı. “O, teatrdan getdiyi halda Tatyana da işdən çıxarılacaq” hökmünü eşidən Tatyana teatrı könüllü tərk etdi və o vaxtdan özünü yalnız ailəsinə və qızı Ksenyaya həsr etdi. Aleksandr isə daha çox səhnəyə...

İllərlə bir çox teatrlarda çalışdı, müxtəlif obrazlar yaratdı.

Oynadığı rolları və işlədiyi teatrların adlarını sadalamayacağam, çünki oxucu üçün bu çox uzun ola bilər.

Çəkildiyi filmlər daha çox maraq kəsb edir. 70-ci ildə Aleksandr Kalyagin “Nikolay Bauman”, “Qara şahzadə” kimi filmlərə çəkildi. Ən maraqlı rolu isə elə həmin illərdə “Özgələr içində özününkü, özününkülər içində özgə” filmində oldu. “Salam, mən sizin xalanızam” filmi ilə Kalyaginin ekran həyatı başladı.

Kalyagin artıq ulduz idi, hamı onu küçədə barmaqla göstərirdi. Kim halını xəbər alırdısa “Əla!” - deyə cavab verirdi, amma heç kim bilmirdi ki...

Hətta teatrda da bilmirdilər ki, bir ildir onun sevimli Tatyanası xərçəngdən dünyasını dəyişib, Ksenyanın 4 yaşı var. Bir il sonra isə anası beyin xərçəngindən öldü. Aleksandr tamam tək qaldı.

O, o qədər qapalı adam idi ki, heç kim onun qəlbindəki fırtınalardan xəbər tuta bilmirdi. Evdə tənha ata rolunda oynayır - Ksenya üçün yemək hazırlayır, onu bağçaya aparıb gətirir, qayğısına qalırdı. Qızını o qədər çox sevirdi ki, təzə ana seçimini qızın ixtiyarına buraxmışdı. Qız isə namizədləri keyfiyyətsiz çıxardıb imtina edirdi.

Nəhayət, filmlərin birinin çəkilişindən Kalyaginlə birlikdə onun evinə gələn Yevgeniya Qluşenko Ksenyanın da ürəyini Aleksandrınkı qədər fəth edə bildi. Çox böyük sevginin başlanğıcı belə oldu və indiyə qədər də davam edir.

Rejissorluq

“Mənim rəfiqəm” filmi Kalyaginin ilk rejissor işidir. Ondan sonra çox filmlər çəkib. Nəhayət, 80-ci illərdə Amerikada onun rejissorluğu ilə Qoqolun “Müfəttiş” əsəri özünün ekran həllini tapdı.

1993-cü ildə isə Kalyagoin özünün teatrını yartdı.

Öz teatrında da Kalyagin sevimli Çexovuna və onun qəhrəmanlarına sadiqdir.

İndi də teatrda çalışır, filmlərə çəkilir. Qızı Ksenya Amerikada təhsil alıb, orda da yaşayır. Matvey adlı bir nəvəsi var və özünün dediyinə görə bu Kalyaginin həyatında əvəzolunmaz sevinc və xoşbəxtlikdir.

Qluşenkodan olan oğlu Denis də Amerikada təhsil alır. Xanımı Yevgeniya tear və kinoda az görünür, Kalyagin üçün Yevgeniya arxa cəbhədir.

Aleksandr Kalyagin sağlam adamdır. Axı, həm də həkimdir. Artıq bir ürək çatlaması keçirsə də həyata sağlam düşüncə ilə yanaşır, optimistdir.

Bakını, Azərbaycanı çox sevir. Rasim Ocaqovun vəfatını böyük dost itkisi adlandırıb. Sonuncu dəfə Bakıya yalnız onun dəfninə gəlib.

# 7567 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #