Kriminal avtoritetləri nə etməli?

Kriminal avtoritetləri nə etməli?
4 fevral 2015
# 13:18

LAYİHƏ: ALT QAT

Televiziya kanalları, KİV istisnasız olaraq hər gün zorakılıqla dolu kadrlar, kriminal hadisələrdən süjetlər təqdim edir. Bunlar yalnız məlumatlandırma funksiyası daşıyırmı?

Biz haradan bilək ki, kriminal hadisələri təfərrüatı ilə təqdim edən televiziya kanalları elə bu hadisələrə stimul vermir? Axı təsir əks təsirə bərabərdir.

Televiziyalar rahatlıqla qəza, cinayət, qətl, edam kadrlarını efirə verir və bunun üçün narahatlıq keçirmirlər. Media üzrə ekspert Zeynal Məmmədlinin fikrincə, bu qeyri-peşəkarlığın, etikasızlığın nəticəsidir ki, fəsadları bizim düşündüyümüzdən də artıqdır:

“Azacıq qeyri-peşəkarlıq və diqqətsizlik nəticə etibarilə kriminala qarşı dayanıqlı ictimai rəy yaradılmasına, qarşısının alınmasına yox, onun cazibəli görünməsinə, həyatımızın bir parçası olması təsəvvürü yaratmasına xidmət edir. Tamaşaçılar arasında müxtəlif insanlar var ki,- özəlliklə yaşlılar, azyaşlılar və ya yeniyetmələr- gerçəkliyi qavrama, yozma dərəcəsi fərqlidir.

Zorakılıq planları birbaşa verilir. Halbuki zorakılıq səhnələrini yalnız sızdırmaq olar. Yalnız o halda hansısa kadr verilməlidir ki, bunsuz heç cür olayı başa düşmək olmaz. Maksimal şəkildə qanlı səhnələrin, zorakılıq alətlərinin göstərilməsindən çəkinmək lazımdır. Ya da məsələn, hadisənin detektiv kimi göstərilməsini götürək. Belə olanda sonluğu öyrənmək marağı yaranır. Bu izləmə prosesi isə şəxsi intiqam hisslərini alovlandıra bilər.

Bu tipli materiallar ciddi redaktor nəzarəti ilə verilməlidir. Çünki olay insanın diqqətini cəlb edə bilər. Cinayətin texnikası, texnologiyasının göstərilməsindən, təfərrüatların açıqlanmasından birmənalı olaraq qaçmaq lazımdır. Önəmli olan bunun ictimai tərəfini yozmaq, nədən qaynaqlandığını araşdırmaqdır. Cinayətin süjeti yox, cinayətin nədən qaynaqlanması ciddi jurnalistikanın predmetidir. Bir caninin üstündə durmaq yox, zəmini, səbəbləri araşdırmaq, hansı qurumların fəaliyyətində boşluq varsa, onu nəzərə çatdırmaq. Bax bu vacibdir.

Bu elə bir məsələdir ki, bu məqamda daha çox tamaşaçı cəlb etmək, auditoriya yığmaq fikri bir kənara atılmalıdır. Bunun hesabına tamaşaçı cəlb etmək lazım deyil. Özünü ciddi hesab edən teleşirkət rəqib medialardan fərqli olaraq bu xəbərlərə hansı rakursdan yanaşması ilə özünü sübut etməlidir.

Eləcə də xəbər proqramlarındakı kadrlar. Məsələn İŞİD-lə bağlı videoların göstərilməsini götürək. İnsanlığın keçdiyi cəza yolu var ki, intiqamdan ruh məcəllələrinə kimi gəlib çıxıb, heç olmasa onlara ekskurs etmək olar. Hadisədəki dəhşəti göstərmək üçün kəsilən başı yox, cəsədi yox, qətlə yetirilən insandan qalmış gözlüyü, ya papağındakı qan ləkəsini göstərərək baş vermiş dəhşəti sızdırırsan.

Bilirsiniz, terrorçuların edam kadrlarını çəkməkdə də məqsədi insanlar arasında xof yaratmaqdır. Media bunu yaymaqla onlara kömək edir, onların təbliğatçısına, informasiya vasitəsinə çevrilir. Bunu unutmaq lazım deyil.

Bu məsələlər peşəkarlığın öhdəsinə buraxılır, amma qanunla zorakılığın təbliğatı qadağandır. Bir vətəndaş bu tipli verilişdə cinayətin aşılanması, zorakılığın təbliği kimi məqamlar hiss edirsə, telekanalı məhkəməyə verə bilər. Yəni, bu məsələlər yalnız etika ilə tənzimlənmir. Jurnalistikanın özündə isə təbii ki, etika ilə tənzimlənməlidir. Qurum olaraq bu məsələlərə görə, Milli Televiziya və Radio Şurası yayım qurumunu cərimə edə, xəbərdarlıq verə, fəaliyyətini dayandıra bilər.

Bu baxımdan Azərbaycan mediası son dərəcə hazırlıqsız vəziyyətdədir. Ümumiyyətlə, dünyada bu məsələ ilə bağlı ciddi narahatlıqlar var. Bizdə də min cür özəl xəbər portalları var. Hamı bir birinə baxır, “onlar verib, biz də verək” deyib, belə məsələləri təfərrüatı ilə təqdim edirlər.

Məncə hər hansı bir media qurumu rəhbər kimi bununla bağlı əlavə öhdəliklər götürməlidir”.

Zorakılıq epizodlarının, kriminal təfərrüatların və ya intihar xəbərlərinin detallarla təqdim olunmasının insan psixologiyasında mənfi təsiri bəlli məsələdir. Bəs bu verilişlərə tamaşaçı marağı haradan qaynaqlanır? Psixiatr Orxan Fərəcli effektiv olan və olmayan üsulları qeyd etdi:

“Biz müayinə vaxtı xəstələrə deyirik ki, kriminal verilişlərdən, “əsəbi zəif olanlar baxmasın” bildirişi ilə verilən xəbərlərdən uzaq dursunlar. Amma əsəbi zəif olanların baxmaması haqda verilən elanlar yetərli deyil. İnsanın psixologiyası belədir: “əsəbi zəif olanlar” təyini verilən kimi, insan əsəbinin zəif olmadığını sübut etmək üçün ona baxır. Hətta özü üçün bilmək istəyir ki, onun əsəbi bu qədərmi zəifdir?

Qısa desək, bu kadrlara diqqətlə yanaşılmalı, zorakı element varsa xüsusi vasitələrlə gizlədilməli, çox baxılan saatlarda verilməməlidir. Bu tip xəbərləri bir küncdən vermək də mümkündür, manşet kimi təqdim etmək elə də vacib deyil. Hadisəni təqlid etməyə gəlincə bunu təqlid edənlər kriminala meyli adamlar olur. Ya da bəziləri efirə baxıb öz işlərini təkmilləşdirir, cinayətlərində daha peşəkar olmağa çalışırlar.

Bir də, insanlarda kriminal avtoritet olmaq psixologiyası var. Bu fərqlənmək istəyindən yaranır. Təcrübə göstərir ki, yeniyetmələrin 70-80 faizi fərqlənmə duyğusu ilə yaşayır. 15-17 yaşlarında olan bu insanları düzgün istiqamətləndirmə olmasa onlar kriminal həyata meyllənirlər. Efirdən “nüfuzlu kriminal avtoritet” deyiləndə “nüfuzlu” sözü onları cəlb edir. Deməli, kriminal şəxs nüfuz sahibidir. Onlara elə gəlir ki, kriminal aləm idealdır. Bizim kanallar bu mövzuda xoşagəlməz haldadır”.

# 1683 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #