Türk dilindən tərcümə lazımdırmı? - Nəriman Əbdülrəhmanlı

Türk dilindən tərcümə lazımdırmı? - <span style="color:red;">Nəriman Əbdülrəhmanlı
7 yanvar 2015
# 15:43

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı ilə kulis.az saytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verir. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Müqayisəli tərcümə”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri”, “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Hər həftə kulis.az saytında bir mövzu üzrə 4 məruzə və müzakirə yayımlanacaq. İlk panelimiz “Türk dilindən tərcümə lazımdırmı?” mövzusundadır. Mövzu üzrə məruzəçilər Nəriman Əbdülrəhmanlı, Şərif Ağayar, Qəmər Alxanova, Kəmalə Ələkbərovadır. Nəriman Əbdülrəhmanlının məruzəsini təqdim edirik.

Türk dilindən tərcümə lazımdırmı?

Nəriman Əbdülrəhmanlı

Təxminən 25 ildən bəri türk, rus, gürcü dillərindən elədiyim tərcümələr vaxtı ən çox türkcədən çevirmələrdən əziyyət çəkdiyimi qələm dostlarıma deyəndə çoxları inanmırdı, sübutları da bu olurdu ki, qohum dildi, heç tərcümə də lazım deyil, sadəcə, bəzi sözlərin mənasını tapırsan, vəssalam. Lap son illərəcən türk yazıçılarının əsərlərini dilimizə “çevirənlər” də elə bu düşüncəylə “yaşayıb-yaradıblar”, nəticədə ortaya şikəst tərcümələr çıxıb.

Mirzə Ələkbər Sabir təqribən yüz il əvvəl Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcümənin lazım olmadığını "Osmanlıdan tərcümə türkə, bunu bilməm" misrası ilə ifadə edirdi. Amma bir məsələ də var ki, o vaxt Osmanlıda və digər türkdilli regionlarda az qala orta türkcədə danışırdılar, ona görə bir-birini başa düşmək çətin deyildi. Ötən yüz ildəsə hər iki dilin lüğət tərkibi xeyli dəyişdiyindən artıq Sabirin fikrilə razılaşmaq olmaz.

Əlbəttə, hər bir dilin qorunması və zənginləşdirilməsi uzun çəkən və ağrılı prosesdir. Bu proses dövlətin gördüyü tədbirlərlə məhdudlaşmır, həmin prosesdə müxtəlif qurumlar və fərdlər də iştirak edir. Məsələn, bir neçə il əvvəl Azərbaycan teleefirində Türkiyə türkcəsində nümayiş etdirilən filmlərin, teleserialların yayımı qadağan edildi, türk dilinə xarici dil statusu verildi.
Amma həmin qadağa daha bir ağrılı vəziyyəti – Türkiyə türkcəsinidən Azərbaycan türkcəsinə tərcümənin ümumi mənzərəsini də ortaya qoydu. Məlum oldu ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.

Düzdü, həmin qadağadan əvvəl də, sonra da türk dilindən dilimizə müxtəlif əsərlər çevrilirdi. Hətta Kulis.az saytı “Türk dilindən tərcümə etmək doğrudurmı və bu dildən edilən tərcümələr nə qədər uğurludur?” mövzusunda müzakirə də açmışdı. Müzakirədə iştirak edənlərin əksəriyyəti yaranmış vəziyyətdən haqlı narahatlığını bildirsə də, bir çoxları hətta Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcüməyə ehtiyac olmadığını iddia edirdi.

İndiyədək Türkiyə türkcəsinin dil qatlarını kifayət qədər gözəl ifadə edən əsərləri – Nəcib Fazil Qısakürəyin hekayə və pyeslərini, Ahmet Hamdi Tanpınarın “Saatları qurma institutu”, Orxan Pamukun "Mənim adım Qırmızı", "Qara kitab", Elif Şafakın "Eşq", “Qara süd”, “Ustam və mən”, İskəndər Palanın "Şah və Sultan", "Od", Ahmet Ümitin “İstanbul xatirəsi”, Gül İrepoğlunun “Cariyə” romanlarını və bir sıra başqa əsərləri dilimizə çevirmişəm. Həmişə də Azərbaycan ədəbi mühitində Anadolu türkcəsindən dilimizə tərcümənin zəruriliyinə ehtiyac olmadığı barədə fikirlərin formalaşmasından narahatlığımı ifadə etmişəm. Adını "uyğulama" qoyub əndrəbadi mətnləri oxuculara sırıyanlar kifayət qədərdir. Bu da Azərbaycan türkcəsinin korlanmasına gətirib çıxarır. Çünki Anadolu türkcəsində aldadıcı – formaca dilimizdəkilərə oxşar, mənaca tamam fərqli sözlər istənilən qədərdir. Nəticədə, məsələn, "merdiven" (pilləkən) "nərdivan", "leylak" (yasəmən) "leylək" kimi təqdim olunur, gülməli-ağlamalı məna təhrifləri meydana çıxır.

Əlbəttə, bu cür düşünənlərə ən tutarlı cavab görkəmli türkoloq-alim, filologiya elmləri doktoru professor Əsgər Rəsulovun bir neçə il əvvəl nəşr etdirdiyi “Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili” monoqrafiyasıdır. Həmin monoqrafiya belə “tərcümələr”lə bağlı həm ciddi həyəcan siqnalı, həm nəzəri araşdırma, həm də mükəmməl praktik köməkdir.

Tərcüməşünaslığın ən yeni sahələrindən olan qohum dillərdən tərcüməylə bağlı biz çox uzun və qiymətli zaman itirmişik. Bir çox xalqlarda qohum dillərdən tərcümə nəzəriyyəsi və təcrübəsi formalaşdığı halda (məsələn, rus-bolqar, rus-belarus, rus-ukrayna və s.) biz Türkiyədə və türkdilli respublikalarda yaranan əsərləri dilimizə əsasən ruscadan çevirmişik, nəticədə “suyunun suyu” alınıb, indi də Türkiyə türkcəsindən əlimizə keçəni, qohum dillərdən tərcümənin çox spesifik, ilk baxışda nəzərə çarpmayan, amma dərində kök salmış xüsusiyyətlərini nəzərə almadan “tərcümə” edirik. Bu yaxınlaradək bu ağrılı, həm də təhlükəli prosesin nə qarşısını alacaq bir səlahiyyətli qurum, bu cür “tərcüməylə” məşğul olanlarda isə insaf yox idi. İndi isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yaradılması Türkiyə türkcəsindən dilimizi tərcümə sahəsində də müsbət dəyişikliklərin olacağına ümidimizi artırır.

Bir daha qeyd edim ki, professor Əsgər Rəsulovun monoqrafiyası Türkiyə türkcəsindən “tərcümələrlə” məşğul olanlara həm həqiqəti anlatmaq, həm də onlara praktiki yardım göstərmək baxımından son dərəcə faydalıdır. Mənə görə, bu kitabı oxumadan, daha doğrusu, əxz eləmədən Türkiyə türkcəsindən mükəmməl tərcümə eləmək səmərəsiz olacaq. Şəxsən mən monoqrafiyanı oxuyandan sonra Türkiyə türkcəsindən həmin vaxtadək etdiyim tərcümələrimdəki bir sıra yanlışlıqları çox aydın gördüm.

Əslində, iki il əvvəl Nobel mükafatı laureatı Orxan Pamukun “Qar” romanının və “Bir yarpaq. Türkiyə qadın şer antologiyası” toplusunun, bu yaxınlarda isə Elif Şafakın “İskəndər” nəşrindən sonra Türkiyə türkcəsindən tərcüməyə münasibətin səviyyəsi bəlli oldu. Bu barədə mətbuatda ətraflı yazılar dərc olunub. Bəla burasındadır ki, bəzən haqlı tənqidi ya qərəz kimi qəbul eləyirlər, ya keçid dövrü üçün normal sayırlar, ya da (ən pisi də budu) deyilənləri qulaqardına vururlar. Nəticədə həmin kitablar binəva, orijinaldan xəbərsiz oxucunun əlinə düşür, onda konkret yazıçı və əsər barədə yanlış təəssürat oyadır – bu isə artıq günahdır.

"Tərcümə nəzəriyyəsində Türkiyə türkcəsi və Azərbaycan dili" monoqrafiyasında dilimizə çevrilmiş əsərlərdən çoxlu bu cür misallar gətirilib. Belə təhriflər son vaxtlar daha geniş miqyas alıb, bu da Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə barmaqarası münasibətlə bağlıdır. Əslində, qohum dillərdən tərcümə tanış və aldadıcı sözlərlə əlaqədar daha çətindir və təbii ki, daha artıq məsuliyyət tələb edir. Başa düşənlər qoy Türkiyə türkcəsində oxusunlar, amma Azərbaycan türkcəsinə çevirmə nəinki lazımdır, hətta zəruridir. Amma bəzi tərcüməçilər bu işə barmaqarası, "uyğulama" kimi baxırlar.

Professor Əsgər Rəsulovun tədqiqatının başlıca obyekti olan qohum dillərdən tərcümə nəzəriyyəsilə bağlı indi ədəbi təsərrüfatımızda mövcud olan vəziyyəti çox dəqiq ifadə eləyən digər fikriylə də tamamilə razıyıq: “...Türkcədən azəricəyə tərcümədə “oxucu nəzarəti xofu”, görünür, bəzən o qədər güclü olur ki, mütərcimlər “eyni dil” (aldadıcı oxşarlıq) stereotip düşüncə səbəbiylə əməklərinin istehza ilə qarşılanacağı ehtimalına görə, yaxud da öz səhvlərini əvvəlcədən sığortalamaq naminə, türkcədən etdikləri tərcümələrin altına “azəricələşdirən”, “Azərbaycan dilinə uyğunlaşdıran”, “dilimizə nəql edən”, “azəricəyə işləyən”, “dilimizə uyğulayan” və s. yazırlar...”. Doğrudan da, adı nə olursa-olsun, ortaya çıxan məhsul tərcümədi və söhbət yalnız onun səviyyəsindən gedə bilər.

Şübhəsiz, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcüməni ümumiyyətlə, qəbul eləməyənlər də var. Bunu yalnız şəxsi mülahizə sayırıq, çünki onda belə çıxır ki, Türkiyə türkcəsində hər hansı bir əsəri oxuyanın əlinin altında mütləq türkcə-azərbaycanca lüğət də olmalıdır ki, demək olar, hər cümlədə rast gəldiyi anlaşılmayan sözləri başa düşmək üçün o lüğətə baxsın. Bunun da nə qədər cansıxıcı, zəhlətökən iş olduğunu təsəvvür eləmək çətin deyil. Görkəmli dilçi-ədəbiyyatşünas, yazıçı Kamal Abdullanın “...ən çətin tərcümə, əslində, yaxın dillərdən tərcümədir” fikri güman edirik ki, bu sənətə ciddi münasibət bəsləyən hər kəs üçün həqiqətdir. Vaxtilə bənzərsiz və peşəkar tərcüməçi, mərhum Natiq Səfərovla bu barədə ətraflı söhbətimiz olmuşdu.

Professor Əsgər Rəsulovun monoqrafiyasının “Türkcədən nəsr əsərlərinin tərcüməsində təhriflər” “Türkcədən şeir tərcümələrində təhriflər” bölmələrindəki faktiki materiallarla tanış olanlar gətirilən misallardan xarakterik tərcümə səhvlərini aydın görə bilərlər. Oxucu təkzibolunmaz faktlardan türk yazıçılarının indiyədək dilimizdə oxuduğu bir çox əsərlərində hansı məna təhriflərinə yol verildiyini aydın başa düşür. Hələ sovet dönəmində tərcümə olunmuş “Xəz paltolu madonna” (Səbahəddin Ali), “Çalıquşu”, “Dodaqdan qəlbə” (Rəşad Nuri Güntəkin), “Fosforlu Cevriyyə” (Suat Dərviş), eləcə də bir neçə il əvvəl işıq üzü görmüş “Qar” (Orxan Pamuk) romanlarında, Tofiq Fikrət, Mehmet Akif Ersoy, Faruk Nafiz Çamlıbel, Yunus İmrənin şeirlərinin tərcüməsində yol verilmiş məna təhriflərini, qohum dildən tərcümənin ağrılı cəhətlərini ortaya qoyur. Doğrudan da “Polis askerlik yapan torununu görmek için Trabzondan geldigini belirleyemedigi ve ufak tefekligi şüphe çekdigi için göstəriyerdi onu” cümləsini oxucuya “Polis cəsədi (?) əsgərlikdə olan nəvəsini görmək üçün Trabzondan gəldiyini öyrənə bilmədiyi (?) və onun (?) şübhə doğurduğu üçün Kaya göstərdi” kimi çatdıran tərcüməçinin bütövlükdə romanda hansı təhriflərə yol verdiyini təsəvvür eləmək çətindimi? Müəllifin onlarla bu cür “tərcümədən” misal gətirməsi, həqiqətən də, vəziyyətin ciddiliyindən xəbər verir.

Şübhəsiz, tərcüməçi müraciət elədiyi müəllifin və əsərin üslubunu yaxşı qavramasa, daha doğrusu, “tutmasa”, yaxşı tərcümənin ortaya çıxacağından danışmaq olmaz. Yəni professor Əsgər Rəsulovun qeyd etdiyi kimi, “...mütərcimin rolu orijinal mətni, onun mündəricə və mahiyyətini qavramaq, başqa sözlə, müəllifi mətndə “kəşf etməkdir”. Üstəlik, müəllifin fərdi yaradıcılıq texnikasını, əsərin ruhunu duymadan tərcümə eləmək mexaniki çevirmədən başqa bir şey deyil, hədər çəkilən zəhmətdir və tərcümə sənətinə, bütövlükdə mədəniyyətimizə başdansovdu, hörmətsiz münasibətin təzahürüdür.

Əlbəttə, Türkiyə türkcəsindən tərcüməni türkcənin qatlarına, gizlinlərinə bələd olanlar etməlidirlər. Şəxsən mən həmişə özümənəzarəti saxlamağa çalışıram. Əlimin altında bircildlik “Türkcə sözlük” və beşcildlik "Böyük türk sözlüyü" var, dəqiqliyinə şübhə etdiyim sözləri, ifadələri axtarıram. Ümumiyyətlə, bədii tərcüməylə məşğul olan kəsin kifayət qədər yazı təcrübəsi olmalıdır, öz dilini mükəmməl bilməlidir. Türk dilini Facebookda yazdığı statuslar səviyyəsində bilən kəslərdən mükəmməl tərcümə gözləmək çətindir. Ola bilsin ki, bu "kütləvi tərcümə" gələcəkdə bir neçə peşəkarın yetişməsində müəyyən rol oynayacaq.

Qohum dillərdən tərcümənin çətinliyinisə gərək tərcüməçilər, xüsusilə də gənc tərcüməçilər heç vaxt unutmasınlar.

# 2070 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #