Kulis.az Samirə Əşrəfin "Divanın altı" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.
Cavanşir Yusifli:
"Samirə Əşrəfin “Divanın altı” hekayəsini onun uzun müddətdən sonra daha bir uğuru hesab etmək olarmı? Hər halda hekayə, bədii mətn bir daha, bir daha oxunmağı tələb edir. Və artıq bu bir məziyyətdir – mətnin oxunmaq, incələnmək tələbi ciddi mətləblərdən ən birincisidir. Vaxt var idi, müəllif hekayəsini ad-sanlı bir redaktora verib onu “yaxşılaşdırmaq” istəyirdi və elə güman edilirdi ki, bu komponent - dil mətnin ən azından səksən faiz uğuru demək idi. Ancaq unudulurdu ki, həmin komponent – dil elə yazı prosesində yaranır. Başqası gəlib sənin yaratdığın cismə can verə bilməz. İndi bu təsəvvür arxada qalıb.
Samirənin hekayəsi və müəllif kimi məziyyəti görünən “məsafədədir”, Samirə bəhs etdiyi reallığın əşyaları, him-cimi, bir sözlə enerjisi ilə yaxşı oyun qura bilir. Əşyaları bir-birinə maneəsiz, az qala, müəllif sözü, replikası olmadan tanıda bilir. Nəsrdə texniki problemlər bildiyinizə görə, çox olur, bir əsrdə onların hamısının öhdəsindən gəlmək mümkün deyildir. Bu səbəbdən daha çox mətnin ifadə etdiyi, ortaya qoyduğu məziyyətlərdən bəhs etmək daha perspektivli görünür. Nəsr mətni, ümumən bədii mətnin bütün komponentlərin ideal gözəllikdə, düzmdə olduğu bir aləm deyildir, əksinə, burda həmişə “işıqla qaranlığın/kölgənin” dilləşməsi gedir. Samirənin hekayəsində hər şey qaranlıq, gözlə zəif görünən bir məkandan gün üzünə çıxır və ora əl çatmır, istədiyin şeyi nəyinsə “uzantısıyla” çıxara bilərsən. Samirə nə yazırsa, uşaqlığının, yeniyetmə çağlarının yaraları olan illərə, o illərin alt qatlarına gedir.
Məlum olur ki, divanın altı da elə nələrinsə altıdır. Ordan çıxmaq, ordan, o sehrli hənirlərdən qurtulmaq mümkün deyildir. Hekayə semantik təhlillərə geniş meydan açır..."
Şərif Ağayar:
"Hekayə çox yaxşı başlayır, yaxşı da gedir, amma, məncə, Xudafərin mitinqlərində həm ahəng, həm mövzu dəyişir. Boyunbağının hər rəngində bir aləm görmək, bir aləm xatırlamaq maraqlı formadır, lakin sarı maşının itməsi ilə başlanan ər-qadın-uşaq üçbucağına yaddır. Yəni başqa bir hekayədir. Ümumilikdə isə Samirə Əşrəf adi ev-məişət detallarını təmiz nəsrə çevirməyi bacarır. Onun içində evə və məişətə aid bütün əşyalarla, hətta öz doğma övladlarına aid olsa belə, gizli bir qovğa var və bu qovğada o, yazıçı kimi çox haqlıdır. Yaradıcı Azərbaycan qadınının ömrünü bu mənasız əşyalar və onlarla işləmək yeyib-bitirir. Çıxış yolu nədir? Hər birini ədəbiyyat materialına çevirmək... Beləliklə, həm oxucu qazanır, həm müəllif, həm də o əşyaların özü: oxucu yaxşı mətn oxuyur, müəllif yeyilib-bitirilən ömrünün içində təsəlli tapır, əşyalar isə bir küncə atılmalı ikən ədəbiyyat tarixinə düşüb əbədiləşir".
Mirmehdi Ağaoğlu:
"Samirə Əşrəfin hekayəsini xəyali bir xətlə iki hissəyə bölmək olar: Divanın altında və divanın üstündə olanlar, şüurda və altşüurda baş verənlər. Baş personajın əri ilə münaqişəsi divanın üstündə, yaxud şüurda baş verənlərə aiddir. Personajın anası ilə yaşantısı, qaçqınlıq dövründəki qayğıları isə altşüurda baş verənlərdir, yaxud altşüurda yığılmış tozdur, çirkdir, ağrıdır. Qəhrəman altda, yaxud üstdə, altşüurda, yaxud şüurda gizləndiyini bilmədiyi oyuncaq maşını tapmaq ümidi ilə əyilir və öz keçmişini, ağrı və sarsıntılarını görür. Sonda maşının divanın altından deyil, pəncərənin qırağından tapılması isə nikbinlikdən xəbər verir, deməli, baş personajın ailəsi dağılmayacaq. Baxmayaraq ki, hekayə bədbin sonluqla bitir: “Anam öldü”.
Xatırlayaq ki, Alber Kamyunun “Yad” povesti də bu cümlə ilə başlayır: “Anam öldü”. Bu tərs-avand intertekstuallıqdan sui-istifadə edib Samirənin personajı ilə Merso arasında paralellər aparası olsaq, görərik ki, onlardan biri ötən əsrin birinci yarısında anasının ölümünə laqeyd yanaşan, ailə bağlarından qopmuş yadlaşmış, təklənmiş laqeyd varlıqdırsa, digəri XXI əsrin birinci yarısında anasının ölümünün travmalarını canında gəzdirən, ailəsiz qala bilməyən, yadlaşmaqdan, təklənməkdən qorxan varlıqdır.
Hekayənin ədəbiyyat dünyasında yeni olmayan, geniş yayılmış bədii tapıntısı da yaxşı idi: divanın altı. Samirənin buna oxşar başqa bir hekayəsi də var. Təəssüf ki, indi adını unutmuşam, deyəsən, həmin hekayədə əsas personaj köhnə paltarların içində nəsə axtarır və xatırlayır.
Bir qeydi də deyim, bəlkə, müəllif özü hiss etməyib, amma personajın qaçqınlıqla bağlı “xatırlamaları” oxucunu yorur. Yaxşı ki, sonluq hekayəni düşdüyü bu çətinlikdən xilas edir. Məncə, müəllifin də mövzu baxımından artıq öz bədii divanının altında sil-süpür aparmasının vaxtı çatıb".
Sevinc Elsevər:
"Yaxşı qurmuşdu hekayəni. Divanın altına süpürülmüş, basdırılmış, gizlədilmiş xatirələrin, hisslərin bir təsadüf nəticəsində ortaya çıxması maraqlı idi. Bundan başqa, adi məişət əhvalatıyla başlayan hekayədə Qarabağ faciələrinin əks olunması da öz yerində".
İlham Əziz:
"Hekayənin texnika və strukturu bəllidi. Belə hekayələr dünya ədəbiyyatında da çoxdu. Əşyalardan insan taleyinə keçidlər, əşyaların taleyindən xatirələr düzəltmək yazıçıların çoxdankı adətidir.
Müasir hekayəni xatiratdan iraq hesab edirəm. Samirə bu mərəzdən qurtulmalıdır. Buna onun potensialı çatır. Hekayədə heç bir problem görmürəm. İstər struktur olsun, istər texnika. Samirənin təhkiyəsi də özünəməxsusdu, axıcıdı. Bizim son dövr hekayələrimizin obrazın xarakterini dolğun işləmək dərdi var. Adamlar hekayədə göydəndüşmə görünür. Böyük yazıçılar obrazın xarakterini onun xırda əməllərində gizlədirlər. Bizsə xarakteri obrazın dili ilə çılpaq yazırıq. Bu, sənətkarlıq defisitidir.
Bir də zaman problemi yaşayırıq. Heç birimiz 70-80 ci illər estetikasından çıxa bilmirik. Müasir mətnləri az mütaliə edirik. Klassikanı yaxşı oxuyuruq, müasir mətnlər qalır. Hekayələrimiz düzxətli və sosrealistdir. Hadisələr, əhvalatlar tərs dönmür.
Deyilənlər bir tərəfə, Samirə xeyli yol qət edib, püxtələşir. Ona ancaq uğur arzu edirəm".
Qismət Rüstəmov:
"Bir neçə il qabaq, gecəni səhərə qovuşdurmaq üçün əlləşdiyim yuxusuz günlərdən birində Gertruda Staynın “bapbalaca boyu, dam dolusu toyu” olan bir kitabını oxumuşdum: “Həssas düymələr: Əşyalar. Qida. Otaqlar”. Xanım Stayn bu eksperimental, avanqard, elə də asan oxunmayan kitabında müəllifin kamera gözlərini bir evin otaqlarında gəzdirir, qarşısına çıxan əşyaların həm xatirəsini, həm də mövcudluqları barəsində öz fəlsəfi mülahizələrini yazır. Şübhəsiz, bu bir az da “Yeni roman” anlayışı ilə ədəbiyyatda özünə yer tapan Alen Rob Qriyenin, Natali Sarratoun, Mişel Byutorun əşyalar ilə insan arasındakı münasibətlərə fokuslandığı avanqard mətnlərlə qohumdur. Samirənin yenicə çap olunan “Divanın altı” hekayəsi adlarını çəkdiyim müəlliflərin dildə və formada etdikləri radikal eksperimentallığa getməsə də, manerası, quruluşu baxımından onları yada salır.
“Divanın altı” hekayəsi, adının da sezdirdiyi kimi, təhtəlşüurun Məlikməmməd quyusunda, yaddaşın Əlibaba mağarasında gizlənən travmalar haqqındadır. Hekayədə birbaşa, çılpaq şəkildə ifadə edilməyən, ancaq dərinlərdə, ümumi quruluşun maqmasında gəzişən “Yusif-Züleyxa” əhvalatı da var.
Züleyxa 10 il evli qaldığı Orxandan boşanıb, çünki qaynanası evlərini öz boşanmış qızına verib onlara köçəndən sonra hər şey baş-ayaq olub. Züleyxa ali təhsilli tərcüməçi olsa, qaynanası Gövhərin “ədəbiyyatı”nı ailə səadətinə çevirə bilməyib. Züleyxan oğlu Muradla tək yaşayır, uşaq atası alan sarı, balaca maşınını itirib. Hekayə ağlayıb-kiriyəndən sonra yuxuya gedən oğlunun maşınını axtararkən Züleyxanın divanın altında tapdığı müxtəlif əşyaların yaddaşın tozlu rəflərindən salıb düşürtdüyü xatirələrlə bağlıdır. Samirə bu hekayədə insanın eviylə özü arasında metaforik, semiotik əlaqə qurur. Bayramdan bayrama təmizlənən divanın altı travmalarımızı depoladığımız, komputerimizdə istifadəsiz qalmış faylların yaratdığı ağırlıq kimi həyatımızı çətinləşdirən, yaddaşda yer tutduqca oranı zədələyən ağrıların metaforasına çevrilir. Divanın altından çıxan taykeş başmaq Züleyxanın boşanmaq (taykeş qalmaq!) üstə anasıyla dava-dalaşlarını, stolüstü saatın sınmış əqrəbi itirilmiş cənnəti - qaçqın düşməyi, yarpaq formalı rəngbərəng medalyon ömrün müxtəlif çalarlarını özündə birləşdirən simvolik əşyalara çevrilir. Samirənin hekayəsi böyük Ramiz Rövşənin “Göz yaşları süzüldükcə/ adamın quru üzünə; içimizdə batan dərdlər/ bir-bir çıxar su üzünə” şeiriylə qohumdur.
Məncə, “Divanın altı” hekayəsi çağdaş psixologiyanın qənaətlərini özünəməxsus ustalıqla təsdiqləyir: Divanın üstündə yatan uşaqların səadəti üçün "divanın altı"nı təmizləməli!"
Orxan Həsəni:
"Samirənin hekayəsini bəyəndim. Müharibə, məişət faciəsi, köçkünlüyün detalları, bunların fonunda insan taleləri, faciələri sənətkarcasına əks olunub. Mətn özünü oxutdurur, qəhramanın faciəsinə laqeyd qala bilmirsən. O, uşağının oyuncağını axtarmağa çalışdıqca öz məşum keçmişində səyahətə çıxır, baş verənləri götür-qoy edir və nəhayət bizi də bu hesab-kitab oyununa salır.
Azərbaycan ədəbiyyatında insan faciəsindən yazan müəlliflər, əsasən, emosiaları istismar etməklə məşğuldurlar, onlar bu yolla oxucuda təsir oyatmağa çalışırlar. Qəhramanın beş (rəqəm şərtidir) manata görə əzazilin qabağında boyun əyməsi və bundan doğan acıma hissinə ədəbiyyat demək olmaz. Samirənin qəhramanı isə canlıdır, həqiqidir. Çünki bütün daxili narahatlığı məntiqlidir. Belə uzun hekayədə məntiqi zəmini qura bilmək müəllifin uğurudur. Züleyxa əvvəl öz vətənini, sonra öz ailəsini itirib, indi isə oğlunun oyuncaq maşınını axtarır və o maşının timsalında itirdiyi hər şey gözlərinin qabağından keçir.
Qarabağ müharibəsi ilə bağlı detallar, erməni kəndlərinin qarəti və Yusifin velosipedi hekayəyə xüsusi rəng qatır, onun təsir çəkisinin atırır.
Samirəni təbrik edirəm".
Narıngül Nadir:
"Samirə Əşrəfin “Divanın altı” hekayəsi ənənəvi üslubda yazılmış hekayədir. Samirə istedadlı nasirdir və hekayənin öhdəsindən gələ bilib. Müəllif hekayənin əvvəlində verilən ailə-məişət kontekstindəki gerçəkdən qoparaq keçmiş zamana qayıtmaqla bir neçə hekayəni mətnə daxil edib. Divanın altından tapılan hər əşya bir xatirə-bir hekayədir. Başqa nəsr əsərlərindən də göründüyü kimi Qarabağ mövzusu Samirənin ən çox müraciət etdiyi mövzudur. Züleyxanın dili ilə yenidən o hadisələrə, işğal illərinə qayıdır. Qayğılardan bezmiş, yorulmuş Züleyxa, bəlkə də, darıxdığından keçmiş xatirələrə baş vurur və oxucuya da “tənəffüs” verir.
“Divanın altı” bütün hekayələri bir-birinə bağlayır, hekayələr uzandıqca uzanır və az qala, “nə olsun” demək istəyirsən. Və bu anda qapanma baş verir. Həm də uğurlu qapanma. Sonluq gözlənilməzdir və deyərdim ki, son cümlə hekayəni xilas edir.
“Orxandan mesaj gəlmişdi. “Anam öldü...” Bu cümlə ilə artıq yeni bir hekayə başlanır və gerisini düşünmək isə oxucunun ixtiyarındanır.
Samirə Əşrəfə uğurlar arzulayıram".
Rəvan Cavid:
"Samirə Əşrəfin "Mənim üçün qızılgül" hekayələr kitabında yer alan on iki hekayə ilə bu hekayə arasında həm üslub, həm peşəkarlıq fərqi var. Müəllif son hekayəsində özünü başqa bir cəbhədə sınamaq istəyib və bu onda uğurlu alınıb. Təxminən, iki il qabaq Samirənin hekayələr kitabı haqqında yazım belə bitir:
"...Samirə Əşrəf dekadansdır. Bunun inkarı isə öz hekayələridir. Qayıdaq əvvəl dediyim nüansa. Nəyi yazmaq probleminə. Müəllif bu problemi çözə bilməyib. Onun mövzuları ənənəvidir. Yazıçı üçün yaşadığı coğrafiya qədər olduğu üçün Samirəni bu mövzuda qınamaq olmur. Yüz il əvvəlin mətnləri hələ də aktualdısa, deməli, kütləvi mətnlərin mənbəyi və mənsəbi dəyişmir".
Bu baxımdan "Divanın altı" onun yaradıcılığında yeni mərhələ ola bilər. Kolxoz ədəbiyyatının diqtə etdiyi "istedad hər şeydən önəmlidir, saf ədəbiyyat daha uğurludur" cəfəngiyatına bu hekayədə inanmayıb. Daha texnik, daha ağır, eyni zamanda daha bişmiş bir mətn yazıb. İki il əvvəl dediyim nəyi yazmaq məsələsini də, dekadanslığı da, ənənəviliyi də Samirə müsbət mənada həll edib artıq. Başqa bir məsələ hekayənin alt qatında olan ictimai mesajdır.
Məişət, siyasət, sosial problemlər. Amma mətnin özülündə onu hamının edən nəsə varmı? Bu, Samirənin yox, bütün Azərbaycan ədəbiyyatının həll edə bilmədiyi problemdir. Çünki Azərbaycan yazıçısının intellektual bazası yoxdur. Mətnin özülünü bəşəri olan düşüncə, səthini isə milli olan düşüncə təşkil etməlidir. Təəssüf ki, biz hələ də, sadəcə, bizi maraqlandıran şeyləri yazırıq. Ona görə də, bu çatışmazlığı təkcə Samirənin ayağına yazmıram.
Samirəni digər qadın müəlliflərdən fərqləndirən əsas şey mətnə qarşı, yazdıqlarına qarşı soyuqluğudur. Bu soyuqluq müəllifin hər şeyə obyektiv yanaşması üçün vacibdir. Hekayənin axsadığı tərəflər dialoqlardır. Samirə dialoqları yazıçı kimi yox, jurnalist kimi yazıb. Mətn ənənəvi təhkiyəyə iddialıdırsa, bu, arzuolunmazdır. Yox, əgər tamamilə texnik bir mətn kimi baxmalıyıqsa, onda hekayədə bu, problem kimi görünmür. Müəllifi təbrik edirəm. Uğurlu hekayədir".
Vüqar Van:
"Samirənin hekayəsini bəyəndim. İstər dil, istər mövzu, istərsə də üslub baxımından ürəkaçan mətndir. Samirəni oxuyanda qadın yazıçı oxuduğumu hiss edirəm. Bu mənada ki, qadın nəsrində dramatizm və emosionallıq çox olur.
Hekayədə təsvir edilənlərin tanış görüntüsü fonunda qaldırılan problem əsaslı problemdir. Mətn boyu səpələnmiş detallar, incə nüanslar, bu nüanslar vasitəsilə ötürülməsi nəzərdə tutulan informasiyalar, həssas nöqtələr müəllifin bir qadının taleyi, qəbul edə bilmədiyi gerçəkliyi ilə bağlı qəhrəmanın içindəki ağrılarını ifadə etməsinə və ötürə bilməsinə imkan yaradır.
Məncə, bəzi texniki qüsurlarına baxmayaraq, bu hekayə uğurlu hekayədir. Müəllifi təbrik edirəm".