Şair olmaq azaddır – Əyyub Türkayın uşaq şeirləri

Əyyub Türkay, şair

Əyyub Türkay, şair

16 iyul 2022
# 16:00

Kulis.az şair Əyyub Türkayın uşaq şeirlərini təqdim edir.

Günayın səhvi

Bir payız səhərində,
Günay durdu yuxudan.
Şimşəyin bərk səsindən
Gözün qırpdı qorxudan.

Baxdı pəncərəsindən,
Gördü küləkdir yaman.
Dedi: -dərsə getməyə,
Soyuq verərmi aman?

Anası qulaq asıb,
Bəhanəni anladı.
Qucaqlayıb qızını,
Bir balaca danladı.

Söylədi qızcığaza
Boran-çovğun olsa da,
Məktəbi heçə sayıb
Dərsi verməzlər bada.

Günay səhvin anladı,
Keçdi əsas mətləbə.
Çantasını götürüb,
Yola düşdü məktəbə.

Dəmirağac


Müəllim uşaqlara,
Təbiətdən danışdı.
Bildirdi bir ağac var,
Hamınıza tanışdı.

Suya atsan batacaq,
Oduncağı möhkəmdir.
Sanki, dəmir kimidir
Çox qəribə görkəmdir.

Uşaqlar çaşbaş qaldı,
Çoxu dedi vələsdi.
Düşünmədi heç biri,
Yəqin hamı tələsdi.

Gözlərini döyərək,
Baxdılar müəllimə.
Arxa sıradan qalxdı,
Hazırcavab Həlimə.

Dedi:-dəmirağacdır
Oxumuşam jurnaldan.
Məlumatım var mənim,
Verilən bu sualdan.


Aslanın dərdi

Xəlil ilk dəfə,
Zooparka getdi.
Gördü aslanı,
Arzuya yetdi.

Söylədi ana,
Kaş çıxa geri.
Burda aslanın,
Çətindir yeri.

Anası dedi,
Əzizim Xəlil.
Onların yurdu,
Meşələrdir, bil.

Əlbəttə, qəfəs,
Çətindir ona.
Bunu uşaqlar,
Gərəkdir, qana.

Xəlil düşündü,
Azadlıq qədrin.
İndi anladı,
Heyvanın dərdin.


Mənim babam şairdir

Əhməd babam şairdir,
Gözəl şeirlər yazır.
Mən səs edəndə deyir,
Sakit ol, fikrim azır.

Sual etdim, babacan,
Niyə şeir yazırsan?
Axı, sən bir ustasan,
Bünövrələr qazırsan.

Söylədi ki, can balam,
Şeir yazmaq azaddır.
Şair olmaq insanda,
Xüsusi istedaddır.


İnsan gözəl fikiri,
Yazır öz sözlərində.
Ürəyindən keçəni,
Görürsən gözlərində.

Şairliyin ayrıca,
Məgər məktəbi olur?
Sözə dəyər verəndə,
Qəlbə gözəllik dolur.


“Vətən tarixi”

Sevirəm vətənimin,
Hər obasın, hər yurdun.
Burda nişanı qalıb,
Ulu dədəm Qorqudun.

Oxuyub öyrənirəm,
Tarixin salnaməsin.
Azərbaycanım haqda,
Bəstələnən nəğməsin.

Torpağına baş qoydum,
O mənə beşik, nənni.
Ən çox sevdiyim dərsdir,
“Vətən tarixi” fənni

“Ağ qızıl” ustası

Fermer əmim tarlada
Pambıq əkib-becərir.
Yerə düşən hər toxum,
Öz vaxtında cücərir.

Pambıq sahələrində
Hər il məhsul bol olur.
“Ağ qızıl” anbarlara,
Rahat, itkisiz dolur.

Əməksevər əmimin,
Burda var alın təri.
Zəhmətli halal işin,
Yoxdur, tayı-bənzəri.


Durnalar

Durnalar qatar-qatar,
Köç eyləyib uçurlar.
Havanın soyuğundan,
Baş götürüb qaçırlar.

Artıq payız fəslidir
Xəzan gəlib çöllərə.
Durnalar qayıdarmı,
Bir də bizim ellərə?

Tələsməyin, a dostlar,
Qış bitər, bahar gələr.
Quşlar da geri dönər,
Günəş nur yerə ələr.

# 2675 dəfə oxunub

Oxşar xəbərlər

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

Hekayələrini yaşayan adamla müsahibə - "Mən balaca bir hekayəçiyəm..."

15:37 17 sentyabr 2024
Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

Bir-birinə dırmaşa-dırmaşa qabağa gedənlər - Rahid Ulusel

11:00 17 sentyabr 2024
“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

“Əlini tutsa sevgidir... buraxmasa taleyin” - Aqşin Evrənin yeni şeirləri

17:00 16 sentyabr 2024
Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

Laçına hamıdan qabaq kim getmişdi? - Əsgər forması geyinən səslər

12:00 16 sentyabr 2024
Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

Türkün tökülən qanları bihudə gedərmi? - 15 sentyabr mətnləri

14:08 15 sentyabr 2024
Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

Barmaqlığın o üzündə qalan atam - Manana Dumbadze

12:00 14 sentyabr 2024
# # #