Psixatriya xəstəxanasına aparan yeraltı yol - Onun arvadını niyə oğurlamışdılar?

Psixatriya xəstəxanasına aparan yeraltı yol - Onun arvadını niyə oğurlamışdılar?
18 oktyabr 2024
# 12:00


Kulis.az Stalinin dostu, sıravi şaxtaçı Aleksey Staxanovun kədərli həyat hekayəsini təqdim edir.

Sovet dövründə yüksək ranqlı dövlət məmurları - Siyasi Büro üzvləri, Mərkəzi Komitə katibləri ilə yanaşı çox az sayda ayrı-ayrı sahələrdə çalışan simalar da olub ki, onları da bütün ölkə tanıyıb.

Bu sırada kosmonavtların, mədəniyyət və incəsənət sahəsində fərqlənənlərin, yüksək göstəricilər əldə edən idmançıların adlarını çəkmək olar. Bununla yanaşı kommunist ideologiyası fəhlə və kəndli sinfindən də "qəhrəman”lar yaradıb. Bu şəxslərə həmişə dövlət qayğısı göstərilib, eyni zamanda, bu məşhurlara qeyri-rəsmi toxunulmazlıq statusu da verilib.

Belə şəxslərdən biri də sıravi şaxtaçı Aleksey Staxanov olub. Müasirlərinin qənaətinə görə, onun SSRİ-də populyarlığını yalnız Stalinlə müqayisə etmək olardı. Bir iş günündə planı 14 dəfə artıq yerinə yetirməklə məşhurlaşan, bütün SSRİ ərazisində Staxanov hərəkatının yaradılmasına səbəbkar olan bu şaxtaçı Stalinin sevimlisinə çevrilib, heç bir ali təhsili olmayan Staxanov Donbasdan Moskvaya dəvət alıb, məşhur "sahildəki bina”dan ona mənzil verilib və o, Kömür Sənayesi nazirliyində şöbə müdiri vəzifəsinə təyinat alıb.

Sovet rəhbərliyi Staxanova bu qədər imtiyaz, güzəşt versə də, onun sinəsinə Qızıl Ulduz, "Lenin” ordeni taxsa da, ondan nümunəvi sovet fəhləsi obrazı yarada bilməyib. Karyerası Staxanovu o qədər çaşdırıb ki, o, keçirdiyi çoxsaylı görüşlərdə böyük siyasi səhvlərə yol verib, hər yerdə özünü birinci sayaraq kobudluq nümayiş etdirib, restoranlarda, ziyafətlərdə dava salıb, yeri gələndə Vasili Stalinlə birgə (Staxanovla Stalinin oğlunun dostluq münasibətləri olub) sərxoş vəziyyətdə istədikləri adamları əzişdiriblər. Sözsüz ki, bu cür davranış və əməllər Stalinin vəfatından sonra onun karyerasına son qoyub.

SSRİ-nin "baş fəhləsi”nin şəxsi həyatı isə heç də xoş notlarla müşayiət olunmayıb. Staxanov birinci həyat yoldaşından ayrıldıqdan sonra ikinci dəfə 14 yaşlı məktəbli ilə ailə həyatı qurub. O, öz gələcək həyat yoldaşı ilə Xarkovda, şaxtaçıar üçün təşkil olunmuş konsertdə tanış olub. Konsertdə məktəbli Qalina İvanovnanın ifası Staxanovun xoşuna gəlib. Tədbirdən sonra onlar tanış olublar. Bir il keçməmiş isə ailə həyatı qurublar. Qalina İvanovnanın yaşı nikaha düşmədiyindən onun şəxsiyyətini təsdiq edən sənəddə doğum ili dəyişdirilib. Aralarındakı yaş fərqinə baxmayaraq Qalina evlilik təklifinə razılıq verib, yoxsul bir ailədə böyüyən qız Staxanova ərə getməklə ailəsinə kömək edə biləcəyi haqda da düşünüb.

Qısa müddətdə Qalina İvanovnanın həyatı tamamilə dəyişib. Moskvanın mərkəzində dövlət məmurları üçün inşa edilmiş məşhur "sahildəki bina”da yaşayan Staxanovlar ailəsinə iki xidməti avtomobil ayırıblar. Qalina bütün rəsmi tədbirlərdə həyat yoldaşını müşayiət edib, ziyafətlərdə onun yanında əyləşib və "böyük”lərin yığışdığı bu məclislərdə o, rəqsi, ifası ilə çoxlarının ürəyinə xal salıb. Sözsüz ki, onsuz da çılğın olan Staxanov həyat yoldaşının bu performanslarından qıcıqlanıb, onu qısqanıb. Bu qısqanclıq ailədə mütəmadi olaraq söz-söhbətlərə səbəb olub. Ancaq Qalina İvanovna söz-söhbətlərə, həyat yoldaşının qoyduğu qadağalara baxmayaraq öz dəbdəbəli həyatından əl çəkməyib. Sonluq isə xoşagəlməz hadisə ilə yekunlaşıb. Əsas səbəbkar isə Lavrenti Beriya olub.

Lavrenti Beriyanın qadınlara olan sonsuz "marağı” hələ vəzifədə işlədiyi illərdən hamıya məlum olub. Çoxları onu da yaxşı bilib ki, Beriya Moskva küçələrində avtomillə hərəkət edərkən küçədə gördüyü və xoşuna gəldiyi xanımları nəyin bahasına olursa-olsun özünə ram edib. Bəli, kimliyindən asılı olmayaraq "hər şeyə qadir narkom” istədiyinə nail olub. Qadınların oğurlanmasını və ya xoş dillə onun iqamətgahına gətirilməsini, yaxud da məcburi tabe edilməsi məsələlərini Beriya milliyətcə erməni olan köməkçisi Sarkisova həvalə edib. Sarkisov da öz növbəsində hiyləgərliyi sayəsində "ara düzəldən” funksiyasını yüksək səviyyədə icra edib.

Onun növbəti qadın hədəfi isə Qalina İvanovna olub. Beriyanın tapşırığı ilə Sarkisov "əməliyyat”a başlayıb. Qalina İvanovna mərkəzi univermaqdan alış-veriş etdikdən sonra xidməti avtomobilə minmək istəyəndə, kimsə sakitcə onun ağzına dəsmal tutaraq digər avtomobilə əyləşdirib. Staxanovlar ailəsinin sürücüsü Sarkisovu tanıyıb və dərhal hadisə haqqında Staxanova məlumat verib.


"Mən o yaramazı məhv edəcəyəm” deyən Staxanov özü də yaxşı anlayıb ki, Beriyanı məhv etmək onun gücü daxilində olan məsələ deyil. Staxanov fərqli çıxış yolu seçib. O, təcili olaraq himayədarı Stalinlə əlaqə yarada bilib, hadisəni ona danışıb. Stalin isə ona sakitləşməyi tövsiyə edib.

Qalina İvanovnanı aparan maşın isə artıq mənzil başına, Beriyanın iqamətgahına çatıb. O, içəri girən kimi özünü Beriyaya təqdim edib:

- Məni buraxın, mən Staxanovun həyat yoldaşıyam.

Mahir ovçu Beriya isə ona gülümsəyərək cavab verib:

- Siz elə hamınız Staxanovun həyat yoldaşısınız. Bəs yerdə qalanlar kişi deyil?

Bu məqamda Beriyanın köməkşisi ona bildirib ki, təcili Stalinə zəng vurmalıdır, Kremldən belə tapşırıq gəlib.

Qonşu otağa keçən Beriya Stalinə zəng vurub. Telefon danışığı Stalinin sərt səslə ifadə etdiyi bir cümlə ilə yekunlaşıb:

- Lavrenti, Staxanovun arvadını burax!!!

Axşam saatlarında evə dönən Qalina İvanovna əsəbi həyat yoldaşını sakitləşdirmək üçün eyni cümləni bir neçə dəfə təkrar etmək məcburiyyətində qalıb: "O alçaqla mənim aramda heç nə olmayıb...”

Staxanovla Qalina İvanovnanın münasibətləri uzun sürməyib. Xruşov hakimiyyətə gəldikdən sonra Staxanov mifinə son qoyub, ölkənin "baş fəhləsi” Donetskə göndərilib. Bundan istifadə edən Qalina İvanovna əyalətə getməkdən imtina edərək Moskvada qalıb.

İçki düşkünü olan Staxanov hər dəfə sərxoş olduqdan sonra həmin hadisəni yada salaraq Beriyanı öldürəcəyini söyləyib. Elə ömrünün son günlərini psixatriya xəstəxanasında keçirəndə də, son dəqiqələrini yaşayanda da yumruqlarını divara çırparaq Beriyanı hədələyib. Hansı ki, həmin vaxtlar Beriya artıq həyatdan çoxdan köçmüş olub.

Qeyd edək ki, Aleksey Staxanov 1977-ci ildə, 71 yaşında psixatriya xəstəxanasında vəfat edib.

İlham Cəmiloğlu

# 3389 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #