#

Hıçqırıq səsidi Qəzza uşaqlarının kölgəsi - Aydın Uluxanlıdan yeni şeirlər

Hıçqırıq səsidi Qəzza uşaqlarının kölgəsi - Aydın Uluxanlıdan yeni şeirlər
22 noyabr 2023
# 17:00

Kulis.az Aydın Uluxanlının yeni şeirlərini təqdim edir.

Ürəyin səsi

(Kazax tenoru Dimaşa)

Ürəkdənmi gəlir sabahların səsi,
üfüqlərin qırmızısı ürəkdənmi gəlir?
Ürəkdənmi ucalır ucalıq, Dimaş,
dənizlərin işıltısı,
zəmilərin pıçıltısı ürəkdənmi gəlir?
Ürəkdənmi doğulur,
ürəkdənmi ölür insan?
Ürəkmi aparır sabahları axşamlara,
ürəkmi qaçırdır xəyallarımızı,
ürəyin səsimi yaşadır bizi, Dimaş?
Küləklərmi sovurur səsimizi,
səsimizmi sovurur küləkləri?
Səsimizə sovrulaqmı,
səsimizə qovrulaqmı?
Ürəkqarışıq səsimizləmi uçaq,
uçuşlara yoğrulaqmı, Dimaş?
Qıvrılaqmı səsimizdə,
səsimizdə yandıraqmı özümüzü?

Qəsdimizəmi duraq,
ürəkmi parçalayaq,
tonqalmı qalayaq səsimizdə?
Səsimizi başımızamı keçirək,
sinəmizəmi çəkək,
bağrımızamı basaq səsimizi?
Səsimizi udaqmı, Dimaş?
Lap aşağı enəkmi,
ayaq altınamı düşək,
tapaqmı, tapdayaqmı səsimizi?
Səsimizi axtaraqmı,
səs havarınamı çıxaq, cavan oğlan?

16. 10. 2023

Saat 10:57

Bayrağım

Sənə qurban olum, bayrağım,
üç rəngli, üç cəngli bayrağım.
Harda idin indiyəcən,
niyə gəlib qurtarmırdın bizi?
Sənə qurban olum, bayrağım,
niyə silib-süpürmürdün qara üzləri,
qara baxışları niyə baltalamırdın?
Niyə kəsmirdin düşmənin qara yolunu,
səsimizi niyə ucaltmırdin?
Ayağının altında olum, bayrağım,
bir də belə eləmə,
gizlətmə bir də üzünü,
bir də otuz il gözlətmə.

otuz il gizlətmə bizi.
Ayağının altında ölüm, bayrağım,
ayağının altında ölüm,
başqa bayraqlara da xəbər elə
otuz il gözləməsinlər,
otuz il sızlamasınlar,

otuz il qan ağlamasınlar.
Sənə qurban olum, bayrağım,
mənə də bayraq olmağı öyrət.

17. 10. 2023
Saat: 01:23

Göz yaşı kimi

O baxışlar göz yaşı kimi,
mətbəxin nəmli pəncərəsi göz yaşı kimi,
qədəhlər göz yaşı, çörək göz yaşı kimi.
Pəncərənin o üzü göz yaşı kimi,
nəlbəkilər, tavalar göz yaşı.
O səslər göz yaşı,
o duyğular göz yaşı kimi.
Həsrətlər, üzüntülər,
ayrılıqlar göz yaşı kimi.
O yanğı, o atəş, o nəfəs,
o ürək dağlayan haraylar göz yaşı.
Göz yaşı kimi yanaqlar,
görüşlər, öpüşlər göz yaşı kimi.
Əzablar, sıxıntılar göz yaşı,
göz yaşı kimi sözlər.
Hayqırtılar göz yaşı kimi,
göz yaşı kimi sellər, sular,
yaşantılar göz yaşı.
Arzular, ümidlər, sevgilər,

axşamlar, sabahlar göz yaşı kimi.


15. 10. 2023
Saat: 19:24

Mən qaçıram

Mən qaçıram, ağaclar qaçır,
yamaclar, biçənəklər uzaqlaşır məndən.
Güneylər qaçdı-tutdu oynayır,
quzeylər qopur məndən.
Mən qaçıram meşələr qaçır,
bulaqlar, çeşmələr yan ötür məndən.
Kəpənəklər, uç-uçlar gəlib əlimə qonmur,
qarışqalar barınır məndən.
Mən qaçıram, tarlalar qaçır,
örüşlər əlimdən sürüşür.
Ətəyimdən axır kəhrizlər,
şəlalələr qollarımdan tökülür.
Mən qaçıram, əllərim qaçır,
fikirlərim aralanır məndən,
addımlarım xoflanır tappıltımdan.
Mən qaçıram, ümidlərim qaçır,
ümidlərim qurtara bilmir əlimdən.
Qaçır, qaçır məndən ümidlərim,
öləcəklərim ölmək istəmir.

Bitib tükənmir çırpıntılarım,
sıxıntılarım məni tək qoymur.

23. 10. 2023
Saat: 10:42

Təklənmək

Olası ağır şeydi təklənmək,
yüklənmək, dolub-daşmaq ağır şeydi.
Dağlar, daşlar tərəfindən təklənmək,
Sellər, sular axdığından təklənmək,
insan selində təklənmək ağır şeydi.
Ağır şeydi üzmək insan selində,
baxışlarda üzmək, dildə-ağızda üzmək,
xəyallarda üzmək ağır məsələdi.
Ağır oturub batman gəlmək ağırdan ağırdı,
əslində, pis deyil, süfrə acısıdı,
çörək acısıdı, göz görətidi.
Olası ağır vəzifədi təklənmək,
dərininə boylandıqca təklənmək,
dərininə quylandıqca təklənmək.
Tək əl olmaq tale barışığıdı,
tale bataqlığıdı köklənmək.
Olası ağır şeydi, Tanrım,
sənin adına üzmək,
sənin adına yazmaq,

Sənin adına dözmək ağır savaşdı.
Təklənmək, təklənmək ağır görəvdi Tanrım,
necə dözürsən?
Necə oxuyursan üzləri,
fikirləri necə çözürsən,
necə qəbul edirsən göz yaşlarını?
Olası ağır şeydi təklənmək
yaşıl yarpaqlar arasında.
Yaşıl gözlərdə, yaşıl xəyallarda,
yaşıl sevgilərdə dolaşmaq cansıxıcıdı.
Olası ağır şeydi, Tanrım,
üzməyi öyrənmək.

08. 10. 2023

Saat: 07:54

Zalım illər

İllər nə tez keçdi, zalım illər,
zalım sözlər, zalım üzlər, zalım əllər.
Nə tez keçdi zalım sevgilər,
zalım gözləntilər, zalım əzgilər.
Həstəklər, köstəklər nə tez keçdi,
nə tez zay oldu göstərilər,
diləklər, istəklər nə tez zay oldu.
Ömür nə yaman uçdu,
günlər nə tez ay oldu.
Saatlar nə tez keçdi, zalım saatlar,
zalım sabahlar, zalım axşamlar,
zalım dəqiqələr nə tez apardı bizi?..
Nə tez alacalandı baxışlar,
gözlər nə dərin çuxura düşdü.
Ümidlər nə tez-tələs küyə döndü,
Xəyallar nə yeyin suya düşdü.
Ayrılıqlar necə hərəkətləndi, zalım ayrılıqlar,
yetirdilər gözlə-qaş arasında.
Zalım gözlər, zalım qaşlar,

Zalım ürkək baxışlar.
Acılar nə tez ayaq açdı,
nə tez unuduldu ağrılar,
çağrılar nə tez uduldu.
Nə sevincək uzaqlaşdı yaxınlar,
axınlar nə qarğış yiyəsi oldu, zalım axınlar.
Uzandı, uzandı sabahlar,
üfüqlər nə çatmaz oldu.
Axşamlar nə yetməz,
gecələr nə bitməz oldu.
Gələnlər nə gəlməz oldu,
zalım gələnlər.

13. 08. 2023
Saat: 13:41

Şəkilləndir

Gəl ətəyindən tök illəri,
sözləri, baxışları ətəyindən ələ.
Ələ götürməyə çalışma
ağrıları, acıları.
İşgəncələri ətəyinə toplama,
umu-küsünü qəsd eləmə.
Qulaq batıran səssizliyi,
uğursuzluğu, hissizliyi
yolumuzdan süpür,
süpürgə çəkməyi unutma.
Gəl ətəyini şəkilləndir,
dağı, daşı, dərələri şəkilləndir.
Ətrini, nəfəsini, səsini,
hıçqırıqlarını şəkilləndir.
Təlaşlarını, savaşlarını,
göz yaşlarını şəkilləndir.
Şəkilləndir axşamları, sabahları,
ahları, ufları şəkilləndir.
Fərəhsizliyi ətəyindən çırp.

Şillələ, dəhmərrə talesizliyi,
naxışını ətəyindən sil.
Boğma çıxart qədərimizə,
qismətimizi küləklərə ver.
Qoy küləklər aparsın
ağırrığımızı, uğurruğumuzu.
Umacağımızı şəkilləndir,
itirəcəyimizi şəkilləndirmə.
Acılara söykənib,
sabahlarımızı ətəyindən tökmə,
şəkilləndir, şəkilləndir sabahlarımızı.
Şəkilsiz havaları,
şəkilsiz nəğmələri şəkilləndir.

23. 07. 2023
Saat: 09:55

Şam ağacı

(Nizamiyə baş əyən şam ağacına)

Ucalığı kimsə düşünmədi,
kimsə uzanmadı ucalığın dalınca,
kimsə sürünmədi ucalığa,
təkcə sənmi süründün, şam ağacı?
Sənmi tapdın, sənmi cavabladın
ucalığın kirli yolunu?
Sənmi süründün Nizaminin ayaqları altına,
sənmi sevdin haqq sözü bu çuxurda?
Bu enişdə sənmi ucaldın yüksəkliyə,
enişlərin ucalığına,
çöküşlərin fövqünə,
acıların sevincinə
sənmi qaldırdın Nizamini?
Yarı adam, yarı ağac çam ağacı.
Əyilmək çətin şeydi, şam ağacı,
illahım da ucalığa əyiləsən.
Döyüləsən, söyüləsən, qovulasan
yenə də əyilməkdən əl çəkməyəsən.

Böyük adamsan, böyük ağacsan, şam ağacı,
icazə ver öpüm alnından,
alnını göstər mənə, ustad.
Bilmirəm əyilməkdə nə var,
bilmirəm bəlkə mən də əyilim.
Ancaq bu təkcə əyilmək deyil,
təkcə sevmək, təkcə oxşamaq deyil,
təkcə anlamaq deyil bu, şam ağacı.
Bu nədi axı, şam ağacı,
Bəlkə bu bir şam ömrüdü,
bəlkə bir şam höcətidi.
İncimə, şam ağacı,
heç kim səni düşünməyəcək bu çuxurda.
Heç kim səni görməyəcək,
heç kim səni ağac hesab etməyəcək.
Ağaclar güləcək sənə,
adamlar güləcək sənə.
Kimsə əyilib yerdən qaldırmayacaq səni,
kimsə qoluna girməyəcək.
Beləmi olur sevgi , şam ağacı,

beləmi olur vurulmaq,
beləmi olur sovrulmaq?
Ucalmaq beləmi olur, bədbəxt ağac?
Halal elə, yanında qalan deyiləm,
mən də gedirəm daha,
mən də səninçün ağac olan deyiləm.

10. 07. 2023
Saat: 14:00

Qəzza uşaqları böyüməz

Qəzza uşaqları böyüməz,
Qəzza yanğıları keçməz.
Üzü gülməz Qəzza üfüqlərinin,
Qəzza gecələri uyumaz.
Şərbətini içməz, dadını çıxarmaz
Qəzza axşamları.
Mərmilərə qucaq açar,
uçar, uçar Qəzza damları.
Soyuğu dondurar adamları,
Qəzza ocaqları isinməz.
Qəzza laylaları bitməz,
Qəzza eyvanları sevinməz.
Boy atmaz, yeriməz
Qəzza məhəllələri.
Qəzza ağacları
qol qaldırıb oynamaz.
Deyinməz qismətinə
Qəzza göyərçinləri.
Sevməz, sevməz göyüzünü

Qəzzanın barışsız göyərçinləri.
Qəzza bulaqları ovunmaz,
Qəzza küçələri küsməz.
Qəzza anaları döşündən sağar
Qəzza uşaqlarının göz yaşlarını.
Mərmi səsiylə oyanar,
mərmi səsiylə yuyunar,
mərmi səsinə boyanar
Qəzzanın böyüməyən uşaqları.
Arzuları, istəkləri böyüməz
dünyanın gözü önündə.
Xəyal qurmaz, xəyal uçurmaz
nisgil geyimli körpələr.
Hıçqırıq səsidi, qırıq səsidi
Qəzza uşaqlarının kölgəsi.
Qırılır, qırılır burada
fərəhsiz uşaqların kölgəsi.
Mərmi qovar,
mərmi ovar ovcunda,
uçar, uçar Qəzza uşaqları,

ovunmayan Qəzza hıçqırıqları.

27. 10. 2023
Saat: 09:35

Səssizlik qorxusu

(Mehdiabad bağlarında)

Burada zaman yerimir,
ayaq açmır, böyümür,
dindirirsən dinmir zaman burada.
Saatlar dingildəmir,
dəqiqələr çiçəklərin tozunda gizlənir,
günlər gözdən yayınır burada.
Axşamlar zənbildən sallanır,
səhərlər gec uzanır göyüzünə.
Ağaclar üzgün-üzgün
saçlarını darayır,
qızılgüllər yuynur burada.
Meynələr güzgülənir,
yasəmənlər soyunur burada.
Üfüqlər qırmızı sürtür,
alatoran kirşanlanır burada.
Enir, enir göyüzü,
yerüzünə nişanlanır burada.
Səssizliyin nəbzinə qulaq asıram,

iç-içəyəm, göz-gözəyəm səssizliklə,
içində bir içim var
qulaq batıran səssizliyin.
Tale yazan, tale pozan,
qələmləri sındıran səssizliyin.
Kimin kimsəsidi görən andır,
səssizliyi dinləyirəm,
səssizlik məni.
Səssizlik səssizliyi çağırır burada.
Hara baxsam səssizlik görürəm,
hardan qaçsam səssizlik qaçırdıram.
Hər otun şaxında, hər yarpağın canında
hər kolun dibində səssizlik qorxusu var,
səssizliklə oturub-dururam burada,
içimə çəkirəm, ürəyimə buraxıram səssizliyi.

01. 11. 2023
Saat:10:45

Vətən

Yarpaq, yarpaq, yarpaq,
torpaq, torpaq, torpaq,
bayraq, bayraq, bayraq,
vətən. vətən, vətən.

Ayxan

Gözəl, gözəl, gözəl,
qızıl, qızıl, qızıl,
mərcan, mərcan, mərcan,
can, can, can,
Ayxan, Ayxan, Ayxan.

Adam

Corab, corab, corab,
köynək, köynək, köynək,
şalvar, şalvar, şalvar,
üzüntü, üzüntü, üzüntü,
adam, adam, adam.

24. 01. 2022
Saat: 09:40

# 1176 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #